Feysbuku yalnız bu amil darmadağın edə bilər - Şirkətin mühəndisi SİRLƏRİ AÇDI
Bizi izləyin

Xüsusi

Feysbuku yalnız bu amil darmadağın edə bilər - Şirkətin mühəndisi SİRLƏRİ AÇDI

Dünyaca məşhur, iki milyarddan çox istifadəçiyə malik Feysbuk şirkətində çalışan azərbaycanlı Emil Məmmədov Publika.az-ın qonağı oldu. Hazırda Danimarkada yaşayan həmyerlimiz Feysbuk şirkəti və oradakı mövqeyi ilə bağlı sualları cavablandırdı.

Müsahibənin ikinci hissəsini təqdim edirik:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

- Emil bəy, Feysbuk istifadəçilərinin şəxsi hesablarına, mesaj qutularına dövlət və ya təhlükəsizlik xidməti orqanları tərəfindən nəzarət edilirmi?

- Şirkət tərəfindən saxta və istifadəsiz qalan hesablar bir müddətdən sonra silinir. Hətta dostluğunuzda minlərlə insan varsa belə, saxta hesab olduğundan şübhələnirsə, sistem avtomatik olaraq sizə suallar verir. Lakin dövlətin hesablara nəzarət etməsi üçün icazə yoxdur. Çünki Feysbuk özəl şirkətdir və onun təhlükəsizliyi tamamilə qapalıdır. Özəl şirkət olduğu üçün heç kimin səlahiyyəti yoxdur ki, istifadəçilərin məlumatlarına hər hansı müdaxilə etsin.

Ona qalsa, Feysbukun baş ofisi Amerikada yerləşir, Amerika dövləti də siyasətlə məşğul olan şəxslərin hesabını alıb oxusun da. Buna qəti şəkildə izn verilmir. Hansı səbəbdən olur-olsun, şirkət işçiləri və dövlət kimsənin şəxsi bilgilərinə, hesablarına qarışa bilməz.

- Ümumiyyətlə, son zamanlarda Feysbukun təhlükəsizliyi istifadəçilərini qane etmir. Bəs şirkətin özünü necə?

- Sözsüz ki. Hətta bir müddət bütün dünya mediası bu məsələyə Feysbukun üstünə düşmüşdü. Lakin şirkət özü də bunu etiraf etdi ki, təhlükəsizlik məsələsində problemləri var. Hansı dataların oğurlanması, bunun necə baş verməsini belə açıqlayırlar. Bu oğurlanan datalar isə istifadəçilərin ən primitiv məlumatları – evli olub-olmaması, yaşı, poçt hesabı olur. Sıfırdan yığılan və 15 ildir fəaliyyət göstərən bir sistemdə belə kiçik çatışmazlıqların olması isə təbiidir.

Hətta sizə deyim ki, Feysbuk işçilərini səhv etməyə həvəsləndirir. Feysbukun şirkət olaraq missiyaları var. Bu missiyalardan biri də “cəsarətli ol” şüarı altında fəaliyyət göstərməkdir. Bu missiya çərçivəsində öz işçilərini risk etməyə təşviq edirlər. Səhv etməkdən qorxmamağa çalışırlar. Feysbuk deyir: “Səhv edərək itirdiyiniz pul bizi narahat etmir. Ancaq risk etməyib bizə hər hansı innovasiyanın gətirməməyiniz bizi narahat edir”. Yəni ki, siz risk etməyə qorxarsınız, o yeniliyi bizə gətirməzsiniz. Sonradan başqa bir şirkət bunu edər. Bu məsələdə Feysbuk çox açıqfikirlidir.

- Bir şirkət kimi Feysbukun fəlsəfəsi nədir?

- Müxtəlif missiyalar var: risk etmək, özün olmaq. Yəni nə olursansa ol, amma özün ol. Hətta işə qəbul zamanı intervyularda ən çox fikir verilən məsələlərdən biri də insanın səmimiyyətidir. Feysbuk istəyir ki, sən öz “qabında” olasan. Məsələn, nəzarət mütəxəssisi kimi işə başladın. Üç-beş ol işlədin və gördün ki, bu pozisiyaya uyğun deyilsən. Özünü xoşbəxt hiss etmirsən. Çox rahatlıqla başqa bir departamentə keçə bilərsən. Tamamilə sənə əlaqəsi olmayan bir işlə məşğul ola bilərsən. Çünki şirkət işini sevənlərin onlara daha çox fayda verdiyini düşünür.

- Bəs dünya miqyasında nəyi hədəfləyir?

- İndi televiziya məsələləri üzərində layihələr qurulur. Canlı yayımlar vermək üçün. Artıq futbol matçları Feysbuk vasitəsilə canlı izlənilir. Çox güman, bir neçə ilə sonra televiziyalar da tarixə qovuşacaq. Artıq heç kimə sirr deyil ki, televiziyalara tələb azalıb, hər kəs internetdən istifadə edir. Televizor istehsalçılar innovativ dəyişikliklər axtarışındadır. Şirkətlər artıq bilmirlər ki, nə yenilik gətirsinlər. Amma tez-gec onun da sonu gələcək. İnsanlar ancaq kompüterlərlə, internet yaşayacaqlar. Bundan başqa, Feysbuk virtual eynəklər üzərində işləyir. O eynəklər ki, insan onu gözlərinə taxıb özünü tamamilə başqa bir mühitdə, məkanda hiss edir. Bu eynəklər 360 dərəcədir. Yəni insan başını çevirdikcə görüntü daha da genişlənir. Artıq Feysbuk bu eynəyin iki versiyasını hazırlayıb. Paralel olaraq bu eynəkləri telefon zəngləri ilə sinxronlaşdırmaq istəyirlər. Yəni sənə kim zəng edibsə, sən özünü həmin şəxslə eyni mühitdə, məkanda, hətta eyni masa arxasında hiss edəcəksən. Sanki yanaşı oturub söhbət edirsənmiş kimi. Bu texnologiya bəzi böyük şirkətlərdə var. Şöbələri başqa məkanlarda yerləşən şirkətlər bu yolla işçilərinin sanki eyni otaqda imiş kimi konfransa keçirməsini təmin edir. Yəni hər kəs həmin eynəkləri gözünə taxır, masanın ona aid olan hissəsində əyləşir. Hamı öz yerini tutduqdan sonra eyni otaqdaymış kimi söhbət edirlər.

- Yəni elmi-fantastik filmlər gerçək olur, deyirsiniz...

- Bir gün o tamamilə elə olacaq. Gələcəkdə yalnız bunun üzərində qurulacaq. Mühəndislik, texnologiya, şəbəkə - dünya yalnız bunlardan ibarət olacaq.

- Müəyyən müddət sonra istifadəçi öz hesabını deaktiv edir. Həmin hesabların geri qaytarılması nə dərəcədə realdır?

- Sistem hesabın tamamilə silinməsi üçün müəyyən müddət tanıyır. Təxminən, bir aya yaxın hesaba giriş olsa, geri qaytarılır. Qaytarılmadısa, tamamilə sistemdən silinib gedir.

- Bəs dataları arxivdə qalır?

- Yox. Hesabların dataları bərk disklərə bənzər şeylərə yazılır. Onlar sistemdən çıxarılır və xüsusi aparatlar vasitəsilə məhv edilir. Kiçik hissələrə ayrılıb istifadəsiz hala gətirildikdən sonra yenidən emala göndərilir.

- Hazırda Feysbukun rəqibi hansı şəbəkə ola bilər?

- Yəqin ki, tvitterdir. İnstaqram və Vatsap şirkətə daxil olduğuna görə onlar ola bilməz. Lakin Feysbuk özü hazırda Quql ilə rəqabət aparır. Hədəfi çox yüksək qoyub. Feysbukun işçiləri Quqldan daha çox xoşbəxtdir. Bu şirkətin təklifləri daha yüksəkdir. Ona görə Quqlun işçiləri Feysbuka doğru axın etməyə başlayıb.

- Feysbuku nə çökdürə bilər? Ümumiyyətlə, belə bir ehtimal var?

- Məncə, siyasi amillər. Ancaq bu ola bilər.

- Bəs texnoloji baxımdan?

- Bu baxımdan düşünmürəm. Çünki həqiqətən, çox keyfiyyətli mühəndisləri var. Elə bir şərait yaradılıb ki, bütün yaxşı mühəndislər Feysbukda işləmək arzusu ilə yaşayırlar. Oranın hər pozisiyası üçün iş müraciəti edən insanların sayını bilsəniz, dəhşətə düşərsiniz. Bir işə minlərlə insan müraciət edir.

- Şirkət istifadəçilərin irad və təkliflərinə diqqət yetirib nəzərə alırmı?

- Əlbəttə. Hər zaman. Hər hansı bir yenilik olanda şirkətdaxili hesablarda istifadəyə verilir. Danışılır, müzakirə edilir. Daha sonra ictimaiyyətə açılır. Və insanların verdiyi bütün reaksiyaların hamısı nəzərə alınır. Hətta onun üçün ayrıca bir komanda ayrılıb.

- Bəs Feysbukda elə bir funksiya varmı ki, sırf istifadəçilərin istəyi əsasında yaradılsın?

- Onu dəqiq deyə bilmərəm. Ancaq hazırda edilən bütün yeniliklər insanların tələbatından irəli gəlir. Feysbukun işçiləri həm də bir istifadəçidirlər. Onların verdiyi ideyalar insanların tələbatına uyğun şəkildə funksiya formasına salınır.

Bir də, bizim bütün istifadəçilərdən fərqli olaraq, iki hesabımız var. Biri şirkətdaxilidir. Ancaq işlə əlaqədar istifadə edirik. Digəri isə hər kəsdəki hesab kimidir.

- Bir şey xüsusi diqqətimi çəkdi: Feysbuk hesabınız bu ilin aprel ayında açılıb. Niyə?

- Ona görə ki, mənim daha əvvəl feysbuk hesabım yox idi. 4 ilə yaxın idi, istifadə etmirdim. Sonra iş üçün müraciət etdim. Son mərhələyə gəlib çatanda mənə dedilər özün üçün telefon və kompüter sifariş verməlisən. Link göndərdilər ki, filan yerdən sifariş verə bilərsən. Mən də daxil oldum. Sifariş edəndə məndən feysbuk hesabımı tələb etdilər. Ona görə məcbur hesab açmalı oldum.

- Bir çox mütəxəssis, eyni zamanda, istifadəçi Feysbuku yeni bir dövlət kimi qəbul edir. O mənada ki, artıq milyardlarla istifadəçisi var. Bütün pozisiyadan olan insanlar ondan istifadə edir. Feysbuk bu iddianı dəyərləndirib bir virtual dövlət layihəsi üzərinə işləyə bilərmi?

- Düşünmürəm ki, bu iddia ciddi əhəmiyyət daşısın. O qədər məntiqli və tutuzdurula biləcək fikir deyil. Ümumiyyətlə, elə bir söhbət yoxdur.

- Feysbukun təhlükəli cəhətləri və yaxud zərərləri nələrdir?

- Hər bir şeyin üstünlüyü olduğu ki, çatışmazlıqları da var, sözsüz ki. Fikrimcə, mənfi tərəfi o ola bilər ki, yetkinlik dövrünə çatmayanların, ağlı bir qarış havada olanların Feysbuk vasitəsilə yanlış insanlara “ilişməsi” ola bilər. Və yaxud yanlış ideologiyanın təbliğatçılarının təsirinə düşmək ola bilər. Bunun üçün artıq həmin şəxslər üzərində nəzarət olmalıdır.

- Bizim tip mühafizəkar cəmiyyətlərdə sosial şəbəkədən istifadə edənlərə hələ də “birtəhər” baxılır. Bəs Avropa necə? Virtual aləmə üstünlük verirmi?

- Avropada Feysbukdan sırf ailəvi məqsədlə istifadə edilir. Qohumlar, dostlar üçün. Şəxsi hər şey feysbukda bölüşülür. Onlar şad xəbərlərini, gündəlik məşğuliyyətlərini filan bölüşmək üçün sadəcə feysbukda paylaşırlar. Və bundan bütün qohumlar, dostlar tezliklə xəbər tutur.

Ümumilikdə, insanlar arasında ünsiyyət bağları qurmaq anlamında Feysbuk çox böyük fayda verdi. Məsələn, 20 il əvvəl bir yerdə oxuduğunuz sinif yoldaşınızı bir ad-soyadını yazmaqla rahatlıqla axtarıb tapa bilərsiniz. Yəni ona bir mesaj qədər uzaqda olursunuz.

Lakin Feysbukdan istifadə, aktiv istifadə fəxr olunası bir şeydirmi? Deyil. Bu məsələnin müzakirəsi belə ucuzudur. Bu mövzuda insanları rahat buraxmaq lazımdır. Kimsə bundan istifadə etmək istəyirsə, rahatlıqla işlədə bilər. Kimsə istəmirsə, öz seçimidir. Feysbukdan səviyyəli, vəzifəli insanların və yaxud səviyyəsiz insanların istifadə etməsini müzakirə etmək saqqal saxlayıb-saxlamamaq, şortik geyinib-geyinməmək mövzuları qədər ucuz, lazımsızdır. Bu həyatda görüləcək daha ciddi işlər var.

İstəyirəm ki, insanlarımız, xüsusilə, gənc təbəqə həyata fokus nöqtələrini dəyişsinlər. Daha ciddi məsələlərə fokuslansınlar. Ümumiyyətlə, bizdə ictimai şüur qəribə şəkildə formalaşıb. Tutaq ki, bir nəfər “saqqal saxlamaq olarmı?” kimi bir mövzu atır ortalığa. Cəmiyyət də o dəqiqə iki yerə bölünür. Bəziləri bunun əleyhinə çıxır, bəziləri isə müdafiə edir. Mənim üçün hətta saqqal saxlayanları müdafiə edənlər belə boş işlə məşğul olanlar kimi görünür. Çünki mövzuya dəstək çıxanlar artıq müzakirənin bir parçası olur. Mənə bir dəfə yolda gedəndə sual vermişdilər ki, boşanmış qadınla ailə qurardınız? Bu və bu tipdə olan mövzular mənə o qədər əhəmiyyətsiz, ucuz görünür ki. Boşanmış qadınla ailə qurardınız, yaxud da şortik geyinən oğlanlara necə baxırsınız? Mənim şortik geyinənə pis baxmağım, boşanmış qadınla ailə qurmağım bu dünyaya nə xeyir verə bilər? Bax, bu təfəkkürü dəyişmək lazımdır.

- Emil bəy, dəyərli və maraqlı fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edir və sizin kimi bir həmyerlimiz olduğu üçün qürur duyuruq. “Face Book”unuz hər zaman, hər yerdə açıq olsun. İşləriniz “like” kimi getsin!

Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm