• USD 1,7000 0,00% EUR 1,8876 0,00%
    • GBP 2,0559 0,00% RUB 0,0257 0,00%

Kral ailəsinin geyimlərini hazırlayan azərbaycanlı: "Erməniləri elə qıcıqlandırdı ki..." - MÜSAHİBƏ

  • Xüsusi
  • 10 Aprel 2019 14:03
  • 3 385 Baxış
Kral ailəsinin geyimlərini hazırlayan azərbaycanlı: "Erməniləri elə qıcıqlandırdı ki..." - MÜSAHİBƏ

Publika.az-ın müsahibi Norveçdə yaşayan modelyer həmvətənimiz, dəfələrlə kral ailəsinin geyimlərini hazırlayan Şervin Nəcəfpurdur.

- Avropada doğulub böyüyən həmvətənimiz Şervin Nəcəfpur...

- Əslən Güney Azərbaycanın Urmu şəhərindənik. Amma Azərbaycanı güneyə və quzeyə bölməyi sevmirəm. Bütöv Azərbaycançıyam. Atam 17 yaşında ikən İran adlı ölkənin işğalı altında olan Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Sonradan isə Norveçdə məskunlaşıb. Mən də orada dünyaya gəlmişəm.

- Doğrudur, ölkəmizi sözdə olsa belə parçalamağı heç birimiz sevmirik. Şervin xanım, sizdə məni ən çox cəlb edən vətənpərvərliyiniz oldu. Dilimizdə də çox gözəl danışırsınız.

- Hər zaman deyirəm ki, təməl valideynlərdir. İstər vətən sevgisi, istər ana dili, istərsə də milli mədəniyyəti Norveç kimi ölkədə qorumaq çox çətindir. Valideynlərim həmişə çalışıblar ki, Azərbaycan dilində filmlər izləyim, mahnılar dinləyim, kitab oxuyum. Çox səyahət edən ailəyik. Dünyanın çox yerində olmuşuq. Çünki atam həmişə istəyib ki, başqa mədəniyyətlərlə tanış olum, öz dilimi, irsimi dünyaya tanıdım.

- Maraqlı mövzuya toxundunuz. Əədbiyyatımızdan kimləri oxuyurdunuz?

- Uşaqlıqdan xalq nağıllarımızı oxumuşam. Böyüdükcə Nizaminin, Bəxtiyar Vahabzadənin əsərlərinə çox bağlandım.

- Peşə seçiminə necə qərar verdiniz? İrsidir, yoxsa uşaqlıq arzusu?

- Bizim ailədə yaradıcı insan anam olub. Xalçalar toxuyardı, geyimlər tikərdi. Amma modaya marağım atamdan gəlir. Geyimə qarşı çox həssasdır. Hər zaman gözəl və zövqlü dəstlər geyinir. Atam uşaqlıqdan mənə deyirdi ki, insanın geyimi xüsusi olaraq yalnız onun üçün hazırlanmalıdır. İnsan hər gün yeni bir geyim almadan da kifayət qədər zövqlü və keyfiyyətli seçim edə bilər. Hələ 5 yaşımda çəkdiyim eskizləri saxlayıram. Düşünürəm ki, uşaqlıq arzularımın ardınca getmişəm.

- Müşahidələrimdən deyə bilərəm ki, Avropa insanı sadə, idman tərzli, bəzən də zövqsüz geyimlərə üstünlük verir. Bizim kimi hər libasda estetika axtarmırlar...

- Çox gözəl buyurdunuz. Şəxsi fikrimi bildirəcəm, Norveç insanı bəzən hətta eybəcər geyinir. Azərbaycan xalqı gözəlliyə çox önəm verir. Türkiyədə isə bu tərzlərin ortaq məxrəcini tapıblar. Bu baxımdan Türkiyəni çox sevirəm. Yəni eyni anda idman və qlamur tərzləri birləşdirmək mümkündür. Son vaxtlar Azərbaycanda da eyni tendensiyanın şahidi oluram. Bu məni sevindirir. Amma təəssüflə etiraf edirəm ki, Norveçdə insanlar həddən artıq minimalistik və idman tərzli geyimlərə üstünlük verirlər. Bəzən bu hal istər-istəməz məni həvəsdən salır. Onların qadınları həddən artıq kölə kimi, bizim xanımlarsa kraliça kimi gəzirlər.

- Şervin xanım, adətən insan yaşadığı cəmiyyətə bənzəyir. Bəs nə yaxşı siz Norveç kimi ölkədə dəbi təbliğ etmək qərarına gəldiniz?

- Norveçlə Azərbaycan geyim tərzlərinin qızıl ortasını tapmaq lazımdır. Qarşıma qoyduğum əsas məqsəd də budur. Modelyer kimi hər zaman çalışıram ki, türk dünyasından ilhamlanıb Norveç minimalizm cizgiləri ilə xarakerimi uyğunlaşdıraraq kolleksiyalar hazırlayım. Son işlərimdə də buna nail olduğumu düşünürəm. İnsan mütləq yaşadığı ölkəyə uyğunlaşmağı bacarmalıdır. Amma gərək özünə də sadiq qalsın. Xüsusən də xarici ölkələrdə daha çox olduğum üçün özümü sırf Norveçə aid edə bilmirəm. Həyatımın böyük hissəsi təyyarədə keçir. Ona görə zarafatla deyirəm ki, göylərdə yaşayıram. Gəzdiyim ölkələrdən ruhuma nələrsə hopur. Məsələn, rənglərdən, cizgilərdən qorxmuram. Dəri materialdan olan geyimləri, aksessuarları çox sevirəm, bu isə Norveç kimi ölkədə böyük cəsarət tələb edir. Bundan başqa ən azı bir aksessuarımda fərqlilik etməyi sevirəm ki, seçilə bilim.

- Sizcə qadına şarm verən, onu digərlərindən fərqləndirən əsas cəhət hansıdır: siması, çəkisi, yoxsa intellekti?

- Məncə insanın gözəlliyini ortaya qoyan xarakteri, istiqanlılığı, aurasıdır. Məsələn, mən özüm arıq qadın deyiləm. Dünya standartlarına nəzərən kilolu sayılıram. Çünki 44 bədən ölçüsü geyinmirəm. Hətta bəziləri mənə irad bildirir ki, sən modelyersən, arıq olmalısan. Amma bu kilolar mənim dəbli görünməyimə əngəl deyil. Məni də gözəlləşdirəm auramdır. Makiyajım da, saçım da bu istiliyin sadəcə bəzəyidir. Olmasa da mənim ruhum gözəldir.

- Koko Şanel deyirdi: "Qadın makiyaj etmirsə, özünə çox əmindir". Belə çıxır ki, Avropa qadını Şərq xanımlarına nisbətən özünə daha çox güvənir və daxili gücünü artıq tapıb...

- Madam Koko mənim ilham qaynaqlarımdandır. Çünki qadınlar üçün xəzinəyə bərabər gözəl geyimlər hazırlayıb. Bu gün biz xanımlar şalvar geyinə biliriksə, bu Şanel sayəsindədir. Düşünürəm ki, Avropa qadınının baxımsızlığı vaxt çatışmazlığı ilə bağlıdır. Məsələn, Şərq qadını üçün gözəllik salonuna getmək adı bir şeydir. Hər addımda gözəllik mərkəzləri var. Rəqabət güclü olduğu üçün oradakı qiymətlər də cibə uyğundur. Avropada isə saç, makiyaj xidməti olduqca bahadır. İnsanlar bunu çox vaxt özəl günlərdə edə bilir. Azərbaycan qadını hər gün gözəllik salonuna gedə bilir. Amma Şanellə razılaşmıram. Çünki bəzi qadınlar tanıyıram ki, özlərini onsuz da gözəl saymır, odur ki, makiyaj etməklə heç nəyin dəyişəcəyinə inanmır. Yaxud da əksinə daha fərqli görünmək üçün o qədər bəzənir, amma yenə də komplekslidir. Yəni insandan insana dəyişən cəhətdir. Misal üçün bu yaxınlarda Bakıya səfər etmişdim. 27 saat yolda olmuşdum. Hətta gün ərzində bəzən 4 saat yatırdım. Bununla da bərabər yerli telekanallar məni verilişlərə dəvət edirdilər. Özündən razı görünməmək üçün təklifləri geri çevirmirdim, amma makiyaj edib kifayət qədər baxımlı olmağa da zamanım yox idi. Bu dəfə də məni tənqid etməyə başladılar ki, gündəlik geyimdə, baxımsız efirə çıxır. Təbii ki, mən də hər şeyin mükəmməl olmasını istərdim. Sadəcə dediyim kimi yuxusuzluq və vaxt məhdudiyyəti...

- Çoxlarının qibtə edəcəyi həyata sahibsiniz. Dünyanı gəzirsiniz. Amma düşünürəm ki, bu səfərlərin heç biri Urmuya ayaq basmağın həzzini verə bilməz...

- Çox yaralı mövzudur. Əlbəttə, yenidən o torpağa qayıtmaq istərdim. Son dəfə Urmuda 2007-ci ildə olmuşam. İran hakimiyyəti tərəfindən o qədər problem yaşadım ki, həmin bölgələrimizdə Azərbaycanın bayrağı dalğalanadək ayaq basmayacağıma söz verdim. Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdik. Anladım ki, bizim vətən həsrətimiz qarabağlıların yurd acısı ilə çox doğmadır.

- Şervin xanım, Norveç kral ailəsi üçün dəfələrlə geyim hazırlamısınız. Bu haqda danışaq?

- Əslində geyim hazırladığım simaların adlarından ibarət siyahının üzə çıxmasını sevmirəm. Çünki bu, özəl məlumatdır. Amma bir halda ki, hər kəsə aşkardır, gizlətməyə də gərək yoxdur. Bir modelyer kimi özüm üçün çox böyük qurur sayıram ki, Norveçin kral ailəsinin üzvləri üçün dəfələrlə geyim hazırlamışam. Çox məşhur moda evləri ilə çalışırdım. Bunun üçün öncə başqa brendlərin adı altında öz dizaynlarımdan istifadə etmişəm, sonra isə brendimi yaradıb iş birliyinə davam etmişəm.

- “Mən ulduzam” adlı möhtəşəm layihəniz barədə özünüzün danışmağınızı istərdim. Libasların hamısının ağ rəngdə olması isə xüsusilə marağımı çəkdi. Bu, sülhün simvolu idi?

- Əslində, mənim üçün çox böyük önəmi olan kolleksiya idi. 7 aydan çox idi ki, üzərində çalışırdım. Bilirsiniz, mən ağ rəngi çox sevirəm. Həmçinin bu rəng istənilən dildə, mədəniyyətdə ana rəngdir, sülhün, dostluğun rəmzidir. Oktyabr ayında xalam dünyasını dəyişdi. O, mənim qaranlıq gecədə parlayan ulduzumdur. İran adlı ölkənin əsarətində olan Urmu şəhərində dəfn edildiyi üçün gedib ziyarət edə bilmədim. Odur ki, kolleksiyamı həm də xalama, məzarına baş çəkə bilmədiyim bütün doğmalarıma həsr etdim. Zəhmət çəkən hər bir insan sonunda ulduz kimi parlayacaq. Çətinliklərdən keçməsək, mükafatımızı almayacağıq. İngilislərin çox gözəl atalar sözü var: ”Hədəfin hər zaman ay olsun. Aya da qovuşa bilməsən, bil ki, ulduzların arasındasan”. Bunun kimi bir çox anlamlardan yola çıxaraq kolleksiyamı tamamladım. Özümü çox xoşbəxt sayıram ki, daim yanımda olan ailəm, dostlarım var. Onların da əldə etdikləri uğurların ardında yuxusuz gecələr var. Ona görə kolleksiyanın adı “Mən bir ulduzam” oldu. Azərbaycan şəhərlərinin adlarının getməsinin əsas səbəbi isə mənim beynəlxalq platformada ana vətənimizi tanıtmaq arzum idi. Xüsusən də Xocalı faciəsinin 27-ci il dönümü ərəfəsində Ermənistan baş nazirinin İrana səfərini görüb, karyeramla bağlı böyük riskə getməyə qəti qərar verdim.

- Son vaxtlar ölkəmiz adına atılan ən cəsarətli addımlardan idi ki, bununla da vətən sevginizi sübut etdiniz. Nümayiş Antalyada baş tutdu. Bəs bu layihəni Avropanın digər şəhərlərində davam etdirməyi düşünürsünüz?

- Kolleksiyam Antalya Moda həftələrində təqdim olundu. Ən böyük arzularımdan biri Avropada silsilə nümayişlər təşkil etməkdir. Amma moda nümayişi keçirmək olduqca baha başa gəlir. Maliyyə cəhətdən qazanc yox, itki olur. Layihəmi dəstəkləyən dəyərli insan Hüseyn Cavadzadəyə minnətdarlığımı bildirmək istəyirəm. Amma sponsor dəstəyi artmalıdır ki, vətənimizi digər ölkələrdə də təmsil edim.

Yəqin bilirsiniz, kolleksiyam erməniləri və farsları elə qıcıqlandırdı ki, sosial hesablarım bloklandı, videolarım, şəkillərim internetdən silindi. Çox ağır, çirkin ifadələr eşitdim. Təzadlı hal odur ki, bəzi həmyerlilərimdən də acı ismarışlar aldım.

- Layihənizlə bağlı acı reaksiya aldığınız həmvətənlərimizin olmağı məni çox təəccübləndirdi..

- Bəziləri hətta dedilər ki, bu qız iranlıdır. Özü də deyir ki, Qarabağ ermənilərin və farslarındır. Bu məni çox təəssüfləndirir ki, insanlar niyə araşdırmadan rəy bildirirlər. Axı mənim kolleksiyamın əsas məqsədi Qarabağın Azərbaycan torpağı olduğu mesajını yollamaq idi.

- Məyus oldum...

- Daha çox pozitiv məktublar alırdım. Sevinən insanların varlığı mənasız iradları kompensasiya edir. Çox istərdim ki, insanlar mənim atdığım kiçik addımdan ilhamlanıb vətən adına faydalı iş görsünlər. İnsan hansı sahədə çalışırsa-çalışsın, torpağı naminə gözəl addım ata bilər. Onsuz da dünyada biz türklərə qarşı davamlı qara kampaniyalar keçirilir. Birləşib vətən sevgimizi daha da müdrikləşdirməliyik.

Leyla Sarabi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR