Kitabının adından xəbəri olmayan 71 yaşlı türk professorun iranpərəst Nizami "həqiqətləri" - Heç yerdə rast gəlməyəcəyiniz tarixi detallar - REPORTAJ
Bizi izləyin

Xüsusi

Kitabının adından xəbəri olmayan 71 yaşlı türk professorun iranpərəst Nizami "həqiqətləri" - Heç yerdə rast gəlməyəcəyiniz tarixi detallar - REPORTAJ

Bir neçə gündür ki, Türkiyənin dünyaca məşhur tarixçi-alimi, professor İlbər Ortaylı doğma Bakının qonağıdır.

Bir neçə gündür ki, ölkənin ədəbi və elmi mühitində görülməmiş canlılıq və canfəşanlıq hiss olunur. Qonağın getdiyi salonlarda, kitab mağazalarının havasında, sanasan, güllər açır. Elə bil, bahar Azərbaycana indilərdə gəlib.

Yüzlərlə insan “meşəyə insan gəlmiş” (bu bənzətməyə görə məni qınaya bilərsiniz. Ancaq o situasiyanı poetik bir dillə, yumşaq bir tərzdə təsvir etmək mənim üçün olduqca çətindir. Nəzərə alsaq ki, mütaliə və elm əhli illərdir, belə görüşlərin aclığındadırlar) situasiyasında o mağazadan bu kitabxanaya, o rəfdən bu dolaba qaçır. Hər kəs İlbər Ortaylının kitablarından axtarır. Hamı bir nəfər kimi qulaqlarını şəkləyib professorun dodaqları arasından sözlərlə birgə çıxan havanın xışıltısını belə eşitmək tamahkarlığı ilə qulaq asır.

Uzun müddətdir, ölkəmizdə bir elm adamının bu qədər maraq, sevinc və həvəslə qarşılandığının şahidi olmamışam. Bəlkə də heç vaxt olmamışam.

Sonuncu dəfə universitetdə oxuyanda hansısa mədəniyyət nümayəndəsinin və ya elm adamının (bu məqamda yaddaşıma şübhə edirəm) görüşündə iştirak etmişəm. Hərçənd, bizim mühitdə dişədəyən bir mühazirə ustası nadir tapılır və o tapılanlar da tapılmamaq üçün hər vəchlə özünü kütlədən gizləməyə çalışır və ya öz kütləsini axtarıb-tapmaqda “Sizif zülmü” çəkir.

Boş və boz səhrada Leyliyə olan sevgisini özünə bələdçi edib dolaşan Məcnun kimi İlbər Ortaylı arxasınca düşən kütləni və ümumilikdə elmimizin başına gələn bu nadir hadisəni öz gözlərimlə görmək üçün yollandım professorun görüş və imza gününə.

Sevinirəm. Ümidliyəm.

Tədbirin baş tutduğu kitab mağazasında məni səliqə ilə düzülmüş çeşidli və rəngli kitab rəfləri ilə yanaşı, professoru gözləyən qələbəlik qarşıladı. Saatlar əvvəl hər kəs imzaladacağı kitabları almış və öz yerini tutmuşdu. Hafizəmdə yanılmıramsa, bu hələ professorla üçüncü görüşdür (ilk görüşlərin nə qədər anşlaqla keçdiyini mətbuatdan izləmişdim).

Mağazanın bir guşəsi xüsusi canfəşanlıqla qorunurdu. Təxmin etdim ki, professor həmin guşədədir. Yanılmadım. Türkiyə və yerli mətbuat nümayəndələrinə müsahibə verirdi. Hündürboylu olduğunu bilirdim. Lakin bu qüdrətli kişinin duruşunda həm də bəşəriyyətin yarandığı gündən etibarən yaddaşında qoruyub saxladığı bütöv tarixin əzəməti var. Elə bil, tarix nəfəs alır. Kütlənin marağının səbəbini yavaş-yavaş anlamağa başlayıram. Elə bil, göz yaddaşım illərin keyindən açılır...

Professorun illərin yorğunu düşmüş səsini eşidirəm. Türklərin ortaq tarixi ilə bağlı verilən suallara zeytun yağının suda batdığı dərinlikdə cavab verməyə çalışır. Sanki harasa tələsir. Amma bu “harasa” oxucularının görüşü deyil – buna əminəm.

Mağazadakı kitablarla gözucu tanışlıqdan sonra kürsüyə doğru addımlayır. Arxasınca gedirəm. Professora tuşlanan kameraların, fotoaparatların, mobil telefonların işığı gözlərimi yandırır, çıqqıltıları qulaqlarıma zülm edir. Ancaq deyəsən, bu situasiya yalnız məni narahat edir. Professorun, elə özləri demişkən, bünyesi öyrəşib bu hoqqalara.

Əyləşir və ona nəhayətsiz maraqla zillənən gözlərə “xoş gördük” təbəssümü ilə qarşılıq verir: “Çok sevgili müəllimlər, allimler, sevgili məsləkdaşlarım, sevgili tələbələr. Burada olmaqdan çok məmnunam, xoşbəxtam. İftixar edirəm, gənclər tarix oxuyurlar”.

Nəfəs almadan yeni çap olunmuş kitabının təqdimatına keçir: “Kitabımın adı “Türklərin qızıl dövrü”dür. Altın dövrü yəni. Bu kitabın adını mənim naşirim qoyub. Məndən də soruşmadı. Mən qoymazdım. Mənə görə, heç bir millətin qızıl dövrü yoxdur. Amma parlaq dövrü var, hakim, sözünün keçdiyi dövr var. Bizim türklərin elə bir dövrü var ki, o dövrdə biz özümüzə möhür vurmuşuq. Bu da 15-16-cı əsrlərdir”.

Söhbəti dövri müharibələrdən keçirib gözlənilməz bir şəkildə Türk-İran mədəniyyətinin bağlantılarına gətirir:

“O dövrlərdə Osmanlı ilə İran ayrı cəbhələrdə mübarizə aparırdılar. Ancaq bu gerçəkdir ki, bizim mədəniyyətimizdə böyük birlik var. O birliyin içindəki ünsürlər də bunlardır: birincisi, oğuz türkcəsində danışırdıq. İkincisi, bizim üçün qaynaq dil farscadır. Biz İran mədəniyyətini təkamül etdirmiş millətik”.

Xoş-beşdən sonra əksəriyyəti gənc, hətta uşaq deyə biləcəyimiz qəbildən olan kütlənin sual aclığı baş qaldırır. Gənclər özlərini ədəblə professora təqdim edirlər. Sual vermək adı ilə qırıq nitqlə nə isə ifadə etməyə çalışır, çox vaxt bacarmırlar. Elə bil, əlinə mikrafon alanlar sual vermək adı ilə salondakıları aldadıb əslində olduqları yerdən əllərini uzadıb professoru qucaqlayacaqlar. Azərbaycan və türk dilində qarışıq cümlələr havada uçuşarkən və professor zəif eşitmə qabiliyyəti ilə bu sözləri tutub saxlamağa çalışarkən anladım ki, görmək istədiyim bu deyil. Əslində, kimsə bura bir elm adamını görmək üçün gəlməyib. Əslində, bu həngamə heç bir elmi amala, ədəbi məqsədə də xidmət etmir. Əslində o salonda olan kimsə illərdir oxuduğu, müşahidə etdiyi proseslərdən çıxan və üzərində baş sındırdığı sualların cavabını axtarmaq üçün oraya toplaşmayıb.

Sevincim yavaş-yavaş öləziyir. Ümidlərim qaçıb kitab rəflərində gizlənir.

Səsyazanımı professorun əyləşdiyi masaya ötürüb üzümü çevirirəm kitablara sarı. Diqqətimi ilk “Cənubi Azərbaycan antologiyası” çəkir. Çağdaş dövr. Kitaba uzanmaq üçün dabanlarımı azca yerdən qaldırıram. Havada bahar təravəti də yoxdu, çiçək qoxusu da. Kitabı açıram. Mündəricatla tanışlıqdan başlayıram. Kitabda yazıları yer alan insanların əksəriyyəti İran rejiminə qarşı müxtəlif amallarla mübarizə apardığı üçün yurdundan didərgin düşüb Avropa və Amerikanın müxtəlif bölgələrində yaşayan insanlardır. 100 ildir ki, təbiətinə tamamilə yad bir dilin mühakiməsi altında qalan ərazidə Azərbaycan dilinin öz təmizliyini, şirinliyini necə gözəl şəkildə qoruyub saxladığına heyrət edirəm. Halbuki, məndən iki addım o tərəfdə bığ yeri təzəcə tərləmiş bir tələbə hər vəchlə Azərbaycan dilinin qol-qanadı sındırıb professora sualını anlatmağa çalışır. Mişarı da türk dilidir...

Güneylilərin Təbriz sevgisi, ana dili həsrəti, vətən yanğısını ağlayan şeirləri fonunda professorun ağır tonnajlı səsini eşidirəm: “İran ədəbiyyatının bütün böyük şairləri bizdən çıxıb. Firdovsi, Hafiz, Sədinin dövründən sonra fars ədəbiyyatının böyük adamları bizdən çıxıb. Nizami Gəncəvidən (?!) üç dilin böyük şairi Füzuliyə qədər. Modern dövrlərdə Şəhriyar ustadımız var. İran və türk ədəbiyyatının böyük xadimidir. Nizaminin türk şairi olduğu deyilir, amma türkcə bir dənə də şeiri yoxdur”.

Elə bil, boynumun arxasında yaxşı bir şillə tutuzdurdular. Professorun halını pozmadan Nizami haqqında bu qədər həlim səslə belə mübahisəli mövzunu danışması diqqətimi Təbrizdən Bakıya gətirdi. Amma söhbət artıq bitmişdi. Mən hop deməmiş professor arxı keçib Rusiyaya adlamışdı.

“Biz çox dil bilən millətik. Rus dilini dünyada ən yaxşı bilən millət kimdir sualını versələr, “ruslar” demərəm. Kimdir, əcəba? Azərbaycan ziyalıları ilə qazaxlar. Qazaxıstan parlamentinin bir sessiyasını müşahidə etdim. Mən həyatımda belə gözəl rusca eşitməmişdim. Adamlar öz dillərində danışmırlar, amma ruscaları möhtəşəm. Siz bir də gedin Moskvada Dumanı izləyin. Nə ruscalar var orda... Təbii ki, Azərbaycan ziyalılarının, Elçinin, Anarın danışdığı rus dili möhtəşəmdir. Bu, bir zənginlikdir. Fəqət...”

Fəqət, bu yerdə qaşlarımın düyünü ilə professorun qulağıma dolan diletant yanaşmasını kəsir və belə bir sual verirəm: Nizami üç dildə danışıb, farsca yazanda türk olmur, amma Anar danışanda məsələ rus dilinin gözəlliyi olur??? Hocaa, başını alıb gedirsən sovetlərə doğru. Bu nəyin dilemmasıdır bu yaşda, bu savadla?

Bu sualı səsləndirmək istərdim. Amma fürsət tapmadım. Bəlkə də tapmaq istəmədim.

Bir tərəfdən təşkilatçıların jurnalistlərə düşməncə davranışı, digər tərəfdən almaq istədiyim kitabdan satıcı qızın gözümün içinə həyasızcasına baxaraq “yoxdur” deməsi, o yandan bayaqdan qaçıb kitabların arasında gizlənən ümidlərimin gün işığna çıxmaq istəməməsi, bir də ən sevdiyim fikir adamı olan Nizamini Gəncədən sürgün edib fars ədəbiyyatının danılmaz vətəndaşı etməkləri bayaqkı həvəsimin başına kitab rəfi boyda daş saldı.

Professorun hər mövzudan bir ovuc çıxarıb ortaya qoyması, bir mövzudan o birinə işıq sürətilə atılması zehnimi yordu. Düşündüm ki, bu qırıq bilgilər bu dəqiqədən sonra bəlkə heç tarixin özünə də lazım deyil. Ortada vahid bir müzakirə mövzusu ola bilərdi. Ən azı, professoru buraya adını bəyənmədiyi və yaxud da adqoydusundan xəbərinin olmadığı kitabının izi gətirib çıxarmışdı. Söz yox, əsas kitabın içindəkilərdir. Yaxşı, bəs görəsən professor kitabın içinə də üzündə yazılan yazı qədər laqeyd yanaşmışdı?

Əlbəttə, olduğum mühiti çox təqdir etdim. Sıra-sıra, boy-boy kitab rəfləri arasında gözlərindən oxumaq, axtarmaq, görmək, araşdırmaq şövqü tökülən, əlləri telefonla deyil, kitabla oynayan gəncləri, orta məktəb şagirdlərini görmək gələcəyə ümid verir, fərəhləndirir. Digər tərəfdən isə bu situasiyanın böyük bir populizmə, bir qırıq kommersiya məqsədlərinə və bir qaşıq qabağa getmək həvəsinə hesablandığını düşünüb kədərlənir və bu gözəl ortamın müvəqqəti olduğuna özümü güclə inandırıram. Professoru və onun pərəstişkarlarını adı bəyənilməyən kitabların üzərində uçuşan imzaların lazımsızlığı ilə baş-başa qoyur və ümidlərimin cinayət işlədiyi yerdən sürətlə uzaqlaşıram...

Zümrüd Kərimova

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm