Şəki dağlarında çəkdiyi filmlə dünyaya səs salan azərbaycanlı rejissor SİRLƏRİNİ AÇDI - MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Xüsusi

Şəki dağlarında çəkdiyi filmlə dünyaya səs salan azərbaycanlı rejissor SİRLƏRİNİ AÇDI - MÜSAHİBƏ/VİDEO

Azərbaycanlı rejissor, ssenarist və operator Rec Rəvan “Aporia: Kiyamet deneyi” adlı filmi ilə dünyaya səs salmağa iddialıdır. Həmyerlimizin sözlərinə görə, çəkdiyi filmin "Amazon" və "Netflix" kimi dünyanın ən böyük transmilli şirkətlərində nümayiş olunması üçün danışıqlar aparılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rec ləqəbli rejissor - Cabbarov Rəvan Publika.az-a verdiyi müsahibəsində qeyd edib ki, filmi Türkiyə, Amerika və MDB kinoteatrlarında vizyona daxil olacaq.

- Rəvan bəy, əvvəlcə sizi yaxından tanıyaq.

- 1989-cu ild Şəki şəhərində anadan olmuşam. Rejissorluğa, operator və qrafika işinə uşaqlıqdan həvəsim olub. Memarlıq və İnşaat Universitetini bitrsəm də, 15-16 yaşından sevdiyim işlə məşğulam.

- “Aporia: Kiyamet deneyi” filmi sayəsində qısa müddətdə ölkədə populyarlıq qazana bilmisiniz. Treyleri tamaşaçılara möhtəşəm bir film vəd edir. Gözləntilər ümidləri doğruldacaq?

- Treyler yayımlandığı gündən bəri səs-küy salıb. Telefonum indiyə kimi susmur. Zənglərin və bildirimlərin ardı-arası kəsilmir. Bəli, fraqmandan göründüyü kimi izləyiciyə gözəl bir film vəd edirik. Ümidləri doğruldacağımıza inanıram. Çünki onun üzərinə böyük əziyyət çəkilib, bəhrəsi mütləq ki, şirin və dadlı olmalıdır. Zəif film olsaydı, bu qədər səs-küy salmazdı.

- Bu, sizin ilk filminizdir?

- “Aporia: Kiyamet deneyi” ilk filmim deyil. 2013-cü ildə “Kölgəsiz” adlı filmin çəkilişlərinə başlamışdıq. O dönəmdə Azərbaycanda kino sahəsində durğunluq yaşanırdı, ancaq xarici filmlər izləyirdik. Maliyyə dəstəyi olmadı deyə, yarımçıq qaldı.

- “Aporia: Kiyamet deneyi” Azərbaycanda bu günə qədər çəkilən filmlərdən kəskin şəkildə fərqlənir. Sözsüz ki, son dövrlərdən söhbət gedir. Bunu necə bacardınız?

- Həm rəng korreksiyasına, həm çəkiliş tərzinə, həm üslub, həm janr, həm də ssenarisinə görə digər filmlərdən seçilir. Azərbaycanda indiyə qədər bu janrda film çəkilməyib, bu dərəcədə real effektlərlə işlənməyib. Bəlkə də olub, hər halda mən görməmişəm. Bu səbəbdən də “Aporia: Kiyamet deneyi” sosial şəbəkələrdə bomba effekti yaradıb.

Ssenarinin üzərində iki ildən çox işləmişəm, bütün var gücümü və enerjimi bu film üçün səfərbər etmişdim. Çətin də olsa, filmi tamamlaya bildim.

- Filmin həm ssenaristi, həm də rejissorusunuz. İki işi eyni anda yürütmək ağır deyil ki?

- Sözsüz ki, iki işin yükü daha ağırdır, üstəlik operatorluğunu da özüm etmişəm və bütün hazırlanma proseslərdə iştirak etmişəm. Azərbaycan dilində olan versiyanın dublyaj rejissorluğu da mənə aiddir. Bir sözlə, hər kadr nəzarətim altında baş tutub.

Odur ki, iddialarımız böyükdür. Layihə 12 iyuldan etibarən Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Azərbaycana gəlməsi oktyabr-noyabr aylarına nəzərdə tutulur. Filmin hətta "Netflix" və "Amazon"da yayımlanması haqqında danışıqlar gedir. Amerikada isə sentyabrdan etibarən vizyona girəcək. Filmin yaxın aylarda MDB ölkələrində də təqdim olunması gözlənilir. İnşallah bu, ilk azərbaycanlı rejissorun və ssenaristin Türkiyə, Avropa və Amerikada nümayiş edilən filmi olacaq.

- Ekran işi 3 ölkənin istehsalı olmasına baxmayaraq, aktyorlar azərbaycanlı heyətdən ibarətdir. Əslində bu, məni potensial tamaşaçı kimi sevindirdi. İstərdim ki, aktyor seçimi haqqında danışasınız. Aktyorlarımız obrazlarını istədiyiniz kimi canlandıra bildi?

- Layihədə hər kəsin görməyə alışdığı, müəyyən mənada gözlərimizi yoran aktyorlar çəkilməyib. Xalq teatrının və dram teartının aktyorları arasında kastinq elan etdik. Kastinq nəticəsində obrazlara uyğun aktyor heyəti toplaya bildik. Əsas rolları Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları ifa edib. Seçdiyimiz heyət çox istedadlı aktyorlardan ibarətdir, odur ki, problem yaşamadıq. Hər biri öz rolunu kifayət qədər təsirli və inandırıcı oynaya bilib.

- Ssenari müəllifi kimi fikriniz maraqlıdır. Sizcə, müasir tamaşaçı bu gün onu düşündürən, ya təəccübləndirən filmlərə ehtiyac duyur?

- Ssenaridə tamaşaçıları təəccübləndirən və düşündürən gözlənilməz məqamlar və sürprizlər var. Treyler bir qədər fantastik təsir yaratsa da, dövrümüzün reallağına yaxın bir ekran işidir. İzləyənlər daha ətraflı şahidi ola biləcəklər.

Filmdə ölüm, şiddət və qiyamət kimi açıq və qorxulu səhnələr var. Bu səhnələrdə heç nə gizlədilməyib, hər biri canlı və effektli alınıb. Fraqmanda bunları verə bilmərik, çünki gizli tərəfləri qalmalıdır. Fraqmanda qorxu və döyüş səhnələrinin ancaq 10 faizi göstərilib.

- Filmin treyleri cəlbedici və bir o qədər müəmmalıdır. Ssenari nədən bəhs edir?

- Əslində ssenari haqqında çox danışıb ləzzətini qaçırmaq istəmirəm. Qoy, tamaşaçılar intizarda qalsın və filmin nədən danışdığını kinoteatra gedib öyrənsin. Qısaca onu deyə bilərəm ki, ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir alınaraq dəhşətli inşəngəcələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır, lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq bir dağın başına aparılıb güllələnir. Əsas hadisələr də bundan sonra başlayır...

- Çəkilişlər harada baş tutdu və qarşılaşdığınız çətinliklər və maraqlı hadisələr oldumu?

- Çəkiliş meydançası Şəki dağlarında idi, yaşayış məntəqələrindən çox uzaq ərazidə yerləşirdi. Əsas çətinliklər hava şəraiti ilə bağlı idi. Çəkilişlərimizin əsas hissəsi avqustun ayında, 45 dərəcə istidə qeydə alınıb. İsti hava su təlabatını artırırdı. Daha sonra yağışlı havada bir çox maneələrlə üzləşdik, maşınlar dağlardan enə bilmirdi, yer sürüşkən və palçıqlı olurdu deyə, gecə orada qalmağa məcbur olurduq və gözləyirdik ki, yer qurusun.

Həmçinin, su səhnələrində böyük əziyyət çəkdik. Bu səhnələrin lentə alınması oktyabr aylarına təsadüf etdi. Hava soyuq olduğu üçün aktyorlarla bərabər bütün texniki heyət də çox əziyyət çəkdi. Xeyli adam soyuqlamışdı, odur ki, çəkilişlərə bir neçə gün fasilə verməli olduq, xəstələnən var idi. Ümumiyyətlə, pavilyondan fərqli olaraq açıq hava şəratində çəkiliş aparmaq asan deyil. Hər an günəş bata və ya çıxa bilər. Lazım olsa da, yağış yağmır, lazım olmayanda isə yağır. Bütün bunlar çəkiliş prosesinə təsirsiz ötüşmür.

- Sizcə, kinoteatrlarda tamaşaçı toplaya biləcəksiniz?

- Film sektoru çox acımasızdır, odur ki, əvvəlcədən dəqiq proqnoz vermək olmur. Bəzən yaxşı filmlər böyük partlayış yarada bilir, bəzən isə istənilən və gözlənilən nəticəni vermir. Yaxud da film yaradıcı heyətə böyük uğur gətirə, amma tamaşaçı sayı az toplaya bilər. Bəzən də bərbad bir film gözlənilməz reytinq qazandıra bilər. Belə hallar tez-tez baş verir, bu da kinonun acı gerçəklərindən biridir.

- Niyə qorxu və döyüş kino janrına müraciət etmisiniz?

- Sırf qorxu filmi deyil, burada döyüş, həyəcan, mübarizə, əzmkarlıq və dram var. Başlıcası odur ki, ssenari sıxıcı deyil, mənasız uzadılan səhnələr yoxdur, həyəcan səni ekrana bağlayır, mübarizə əzmi maraq oyadır, dram isə təsirləndirir. Bir sözlə, ekran işi dolğundur. Bütün janrlara toxunmuşuq və birləşdirmişik, odur ki, filmi bu janrların bütün pərəstişkarları izləyə bilər.

- Rejissor kimi dünyaya çatdımaq istədiyiniz mesaj nədən ibarətdir?

- Çəkdiyim ekran əsəri yaxın aylarda Türkiyə, Amerika və MDB ölkələrində kinoteatrlara daxil olursa, təbii ki, bu, Azərbaycanın və mədəniyyətinin təmsil olunması deməkdir. Bu günə qədər xarici rejissorların filmlərini izləmişik, istərdim ki, bundan sonra azərbaycanlı rejissorların da filmləri xarici ölkələrdə nümayiş olunsun və izlənsin. Bizdə böyük potensiala malik gənc istedadlar var və onları üzə çıxartmaq lazımdır. Film çəkilişlərində bir daha şahidi oldum ki, güvənə biləcəyimiz gənclərimiz çoxdur. Sadəcə onlara dəstək olmaq lazımdır. Paxıllıq lazım deyil, nəticə etibarilə Amerika və Avropada Azərbyacan filmi izləyəcəklər. Yeri gəlmişkən, Azərbaycanda bu filmin böyük bir qala gecəsinin keçirilməsi planlaşdırılır.

- Müsahibə üçün təşəkkür edir və daha böyük peşə uğurları arzu edirəm.

- Dəstəyiniz üçün minnətdaram. Hər birinizin dəstəyi mənim üçün qürurvericidir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm