Xüsusi
Ayaz Salayev: "İstənilən kişidən soruşsanız, deyəcək ki, çılpaq qadın..."
90-cı illərdə böyüyən uşaqlar üçün “Retro” adı yaxşı tanışdır. İnternetin filmləri qarşımıza menyu şəklində təklif etmədiyi o dövrdə, yeganə televiziya kanalından nümayiş olunan filmləri uşaqlı- böyüklü hamı həvəslə gözləyərdi. Ayaz Salayev imzası da çoxumuz üçün həmin illərin xatirəsidir.
Publika.az məşhur kinoşünas, kinorejissor Ayaz Salayevlə maraqlı söhbəti təqdim edir.
- İllər sonra təklif olunsaydı, “Retro” layihəsinə yenidən dönərdiniz?
- Təklif etsələr, bəlkə də gedərəm.... Çətin... Bu addımı ilk növbədə maddi gəlir naminə atardım. Amma həyat mənə öyrədib ki, nəyisə ilk növbədə sənət deyil, pul üçün edəndə bir qayda olaraq uğursuzluqla nəticələnir. O vaxtlar verilişi aparanda maddi rifah güdmürdüm. Hətta deyərdim o veriliş məni xilas etmişdi. Moskva Kinematoqrafiya İnstitutunu yenicə bitirmişdim. O mühitlə vidalaşmaq mənim üçün çox ağır idi. Dəhşətli dərəcədə darıxırdım. “Retro” məni dərin üzüntüdən qorudu, yenidən kino aləminə qaytardı, mənəvi dayaq oldu. İndi isə dediyim kimi bunu maddi gəlir xatirinə edərdim.
- Bəs həmin gənc, enerjili Ayazın çıxışlarını dinləyib təqib edirsinizmi? Kaş ki, burada bu ifadəni işlətməzdim, belə şərh etməzdim deyirsiniz?
- Əlbəttə. Bu, təbii haldır. Bəzən hətta o mətnlər mənə çox bayağı təsir bağışlayır. Bu gün olsaydı, nəinki bir az, tamamilə başqa cür mətn yazardım. Fikir verin, həmin dövrdə 23 yaşım vardı, indi isə 59-u haqlayıram. Təbii ki, dəyişirəm, püxtələşirəm.
- Yəqin razılaşarsınız ki, o vaxt bizə tənqid etdiyiniz filmlərlə indi çəkilənlər bir-birinə tamamilə ziddir.
- Təəssüf ki, 21-ci əsr dünya kinosunda şah əsərlə qarşılaşmamışam. Kino bir tərəfdən simasını dəyişir, yenilənir. Digər tərəfdən isə tələbələrimə haqqında qürurla danışdığım dahilər artıq yoxdur. Kurasava, Pazolini, Fellini, Viskonti, Çaplin kimi dühaların yerinə heç kim yetişmir. Çox ümid edirəm ki, bu dahilər həmişəlik getməyib və yenidən doğulacaqlar. Çünki dünya kinosu bayağılaşıb.
- Bu təkanın, inqilabın baş verməsi üçün nə tələb olunur?
- Cəmiyyət özü dəyişməlidir. Sovet vaxtı fəhlə, kəndli və onların içərisindən çıxan ziyalı sinfi vardı. İndi isə dünyada yeni və ən önəmli sinif yaranıb. Mən şərti olaraq onları xidmət sinfi adlandırıram. Sürücülər, ofisiantlar, satıcılar və sair. Hətta bu sinfin nümayəndələri də öz aralarında təbəqələrə bölünürlər. Onlar öz əlləri ilə heç nə yaratmırlar. Məsələn mən film çəkirəm, müəllim öyrədir, həkim sağaldır, kəndli məhsul becərir. Onlar isə öz əlləri ilə heç nə yaratmırlar, xidmət edirlər. Tutaq ki, bir supermarketin müdiri məndən qat-qat varlı ola bilər, amma yenə də o mənə xidmət edir, mən ona yox. İndiki incəsənət də, kino da bu adamların əlindədir. Həmçinin heç bir bacarığı ilə fərqlənməyən, ümidsiz sıravi insanları da bu mühit yaradıb. Bu hal dünyada eynidir. Artıq ailə məfhumu dağılır, insanlar ömürlərini bir nəfərlə başa vurmaq istəmirlər. Buna ehtiyac duymurlar, təkliyə meyl edirlər. Bu vaxta qədər belə qlobal problem olmayıb. Kino da bu halı əks etdirir. Bu haqda ciddi düşünmək lazımdır. Amma əminəm ki yetişən nəsil bu çatışmazlığın qarşısını alacaq. Bu barədə ciddi düşünmək lazımdır.
- Tələbələrinizdə bu mənəvi potensialı duyursunuz?
- Gələcəyinə çox böyük ümid bəslədiyim tələbələr var. Təbii ki, hər qrupda bir-iki nəfərdilər. Amma bu dünya cəmiyyətlərində də belədir axı. Dünyanın xilaskarları tək-tək yetişməlidir. Əfsuslar olsun ki, çox yaxşı uşaqlar da var ki, orta məktəb bilikləri sıfır dərəcəsindədir. Çalışırıq, bu boşluğu qismən də olsa dolduraq.
- Sıfır deyəndə, əsasən hansı sferanı nəzərdə tutursunuz?
- Bura ədəbiyyat, incəsənət, tarix, demək olar ki, bütün sahələr aiddir. Bir şeiri əzbər bilmirlər. Bəziləri ümumiyyətlə ədəbi əsər oxumayıblar, Azərbaycan yazıçılarını tanımırlar. Hətta tələbələrdən biri yatanda nə görürük sualının cavabını bilmirdi. Belə acınacaqlı vəziyyətdir. Amma kifayət qədər intellektli, savadlı tələbələr də var. Onların gözəl şeylər yaradacağına, quracağına tam əminəm. Onların sənət boyalarını duya bilirəm. Bilirsiniz, biz SSRİ-nin içində, tam başqa mühitdə formalaşmışıq. Onlar tam başqa dünyada doğulub böyüyürlər. Müstəqil, mədəniyyətdə, ölkədə formalaşıblar. Nəzərə alın ki, bir ölkənin görkəmli elm, incəsənət xadimləri yoxdursa, torpaqlarını da geri qaytara bilməz. Çünki ölkənin, xalqın inkişafı bilavasitə elmdən, incəsənətdən asılıdır.
- Necə düşünürsünüz, müharibə şəraitində yaşayan ölkənin prioriteti savaş filmlərinə verməsi mütləqdirmi?
- Yox. Kino sənət əsəridir, mədəniyyətdir, rəngbərəng olmalıdır. Sadəcə vətənpərvərlik cizgiləri duyulmalıdır. İnsanlar, ailə arasında münasibət, məhəbbət, psixoloji mövzular önə çəkilməlidir. Vətənpərvərlik mövzusunda çəkilən filmlər iki istiqamətə bölünməlidir. Birinci Qarabağ ağrımızı dünyaya çıxarmaqdır. Bu isə çox çətindir. Çünki dünyada pasifizm təbliğ olunur. Bunun bir yolu var. Öz mövqeyimizi ortaya qoyaraq yüksək bədii səviyyədə ekran əsərləri istehsal etmək. İkincisi isə ölkəmizin ruhani mənasını açan, çatdıran filmlər olmalıdır. Məsələn mənim bir yəhudi dostum var. Uzun illərdir ki, Kanadada yaşayır. O ölkənin çörəyini yeyir. Özü də müğənnidir. Lakin İsrailin himnini elə böyük ürəklə oxuyur ki, səsindən sevgi qopur. Yəni İsrail onun üçün o qədər doğma, ruhani bir məfhumdur ki, Kanada vətəndaşı olmağı da bu məhəbbətə xələl gətirə bilməz. Azərbaycanın bu sevgiyə ehtiyacı var. Hətta hiss edirsən ki, bəzi incəsənət xadimlərinə azərbaycanlı olmaları əziyyət verir. Bu, çox acınacaqlı haldır. Əsərlərində də, çəkdikləri filmlərdə də bu ağırlıq hiss olunur.
- Ayaz bəy, sizcə kinonun ixtirası teatrı ikinci planda qoydu?
- Fikir verin, kinodan sonra televiziya ixtira olundu. Bu gün televiziya can verir. Hətta deyə bilərəm ki, ölüb. Amma kinoteatrlar yenidən dirçəlib. Çünki insanlar film aclığı duyurlar. Sizə deyim ki, mən heç vaxt kompüterdə, televizorda filmə baxmıram. Yalnız böyük monitordan seyr edirəm, özü də tələbələrimlə birgə...
- Nə gözəl.
- Teatrın bacardıqlarını isə kino ötürə bilmir. Teatr birbaşa ünsiyyətdir. Aktyorlarla canlı enerji mübadiləsidir. Sən eyni tamaşaya bir neçə dəfə gedib baxa bilərsən. Hər dəfə də fərqli ifa, yeni jestlərin şahidi olursan. Amma film eynidir, dəyişmir. Heç bir xalqın mədəni həyatını teatrsız təsəvvür etmək mümkün deyil. Ümumiyyətlə incəsənət növləri bir-birinə nə mane ola, nə də digərinin yerini tuta bilər. Televiziya isə sadəcə informasiya vasitəsidir.
- Danılmaz faktdır ki, incəsənətin əsas növü kinodur. Yəni bir xalq özünü ən çox kino sənəti ilə tanıdır. Müasir kinomuzla özümüzü dünyada nə dərəcədə tanıda bilirik?
- Bəli mən bu faktla tam razıyam. Çəkilən filmlərin əksəriyyəti ürəyimcə deyil. Lakin mən gələcəyə baxıram. Bilirsiniz, rejissor, aktyor, ümumiyyətlə sənətkar öz missiyasını dərk etməlidir. Anlamalıdır ki, əsas vəzifəsi zamanı, dövrü hadisələri, ürəyinin süzgəcindən keçirib ekrana gətirməlidir. Yalnız o zaman kinomuz dünya səviyyəsinə çıxa biləcək.
- Çağdaş insana müsbət yöndən təsir etmək üçün hansı səpkidə filmlər çəkilməlidir?
- Düşünürəm ki, psixoloji mövzuda... İnsanlar arasında psixoloji münasibətlər, sağlam təfəkkür, psixologiya, ümumiyyətlə insan həyatı ilə bağlı filmlərə gərək var. İnsanın taleyini, həyatını, ailə münasibətlərini görməliyik. Seriallarda təqdim edilənləri deyil, içimizi görməliyik.
- Amma son vaxtlar dünya seriallara meyl edir. Ən çox reytinq qazanan “Taxt oyunları”, “Kağız ev” yaxud elə adlarını sadalamadığım onlarla digər seriallar...
- Həyatım boyu heç bir seriala bir seriyadan artıq baxa bilməmişəm. İzləməyə zamanım da olmayıb. Çünki istəmirəm ki, seriallar beynimi, fikrimi, düşüncələrimi məşğul etsin. Bu gün Azərbaycanda yüksək bədii səviyyədə çəkiləcək tarixi seriallara çox böyük ehtiyac var. Lakin sözün əsl mənasında tarixin, keçmişin ab- havası duyulmalıdır. Təəssüf ki, bir çox kino yaradıcılarında zaman hissiyatı yoxdur. Adicə geyimlərdə, aksessuarlarda zamanın ruhu hiss olunmalıdır, amma bir çox yanlışlara yol verirlər.
- İnsan taleyindən bəhs etdik. Ayaz Salayev öz taleyini hansı filmə bənzədir?
- Maraqlı sualdır... Yəqin ki, “Kabiriyanın gecələri” filminə bənzədərdim. Çünki o filmin qəhrəmanı ilə taleyimizdə ortaq məqamlar çoxdur.
- Hansı ölkənin istehsalı olan filmlərə mənəvi aclıq duyursunuz?
- Təbii ki, İtaliya, Fransa, ümumilikdə Avropa filmləri. Təəssüf ki, son illər gözləntilərim məni məyus edir.
- Coni Dep son müsahibələrinin birində vurğuladı ki, kino girdabında olmasa idi, Hollivudu da, filmlərini də həyatından silərdi.
- Hollivudu bu qədər sərt qınamaq da doğru olmaz. Məsələn mən Mel Gibsonun filmlərini çox bəyənirəm. Doğrudur, Avropa rejissorları Amerika filmlərinə nifrət edirlər. Amma dünya kinosuna ən böyük tövfəni Hollivud verir.
- Rus tənqidçiləri də deyir ki, ən gözəl sovet filmini gözdən salmaq istəyirsənsə, ikinci hissəsini çək...
- Şərhsiz razıyam. Çünki sovet kinolarının davamı olaraq çəkilən bütün filmlər çox uğursuzdur. Eyni suya iki dəfə girmək nəyə lazımdır axı?! Müəllifləri nə vadar edə bilərdi ki, “Taleyin ironiyası” kimi ekran əsərinə ikinci hissə çəksinlər. Elə götürək ikinci dəfə ekranlaşdırılan “Arşın mal alan” filmini. Bu hal arabanın beşinci çarxını xatırladır. Eyni ədəbi klassik əsərə müxtəlif dövrlərdə müraciət olunması tam başqa şeydir. Amma orijinal ssenari əsasında çəkilən filmi yenidən təkrarlamaq düzgün deyil.
- Bəs sizin məmnuniyyətlə filmə çevirə biləcəyiniz toxunulmamış orijinal ssenariləriniz var?
- Ssenari yazmaq o qədər böyük problemdir ki... İdeyalarım çoxdur, amma istədiyim kimi yazacaq müəllif yoxdur. Yoxsa hazır ssenarim ola, onu filmə çevirməyəm, bu, qeyri- mümkündür.
- Ümumiyyətlə zaman çarxınız olsaydı, hansı dövrdə və aktyorlarla film çəkmək istərdiniz?
- Düşünürəm ki, mənə qədər artıq bütün gərəkli filmlər çəkilib. Elə müasir dövrün filmlərini çəkərdim. Amma xaricdən aktyorlar dəvət etmək şərti ilə. Sevdiyim mərhum aktyorlar sırasında Maçello Mastroyani, Donatas Banionis, həsrət qaldığım Solomon Mixolas var. Mixolas Yəhudi teatrının baş aktyoru olub. 1946-cı ildə öldürülüb. Amma Rusiyada həmin ənənə davam edir. Rusiyanın aktyorluq məktəbi hər zaman güclü olub. Xüsusən də ikinci dünya müharibəsindən sonrakı dövrdən bu günədək.
- Bəs milli kinomuzda o epoxa hansı dövrü əhatə etdi?
- Heç bir dövrü.
- Yəni heç bir dövrdə bizdə güclü aktyor məktəbi olmadı.
- Güclü aktyorlar var. Amma Azərbaycan kinosunda elə bir aktyor olmayıb ki, xalq baxıb, o mənəm, məni əks etdirir desin. Belə bir qüdrətli şəxsiyyət görməmişəm.
- Cənubi Qafqaz xalqları arasında ən güclü filmlər kimə aiddir?
- Əvvəl gürcülər çəkirdilər, indi demək olar ki, yoxdur.
- Gözəl film mütləq “happy end”lə bitməlidir?
- Mən xoşbəxt sonluqla bitən gözəl film görməmişəm. Sənətin ən başlıca mövzusu, dünyəvi dinlərin əsasını təşkil edən məqam Adəmlə Həvvanın cənnətdən qovulmasıdır. Dünya incəsənəti itirilmiş cənnətin həsrəti ilə yaşayır və bu ideal gerçəkləşmir. Ona görə həpi-end ola bilməz. Ümumiyyətlə böyük əsərlərdə ideal gerçəkləşmir. Hamlet kral olmur, Romeo və Culyetta qovuşmur və s. Uşaq doğulanda, anasından qopub başqa dünyaya düşdüyü üçün ağlayır. İncəsənətin növləri də belədir. Dünya cənnət olmadığı üçün hər biri ağlayır. Sənət bunu təbliğ edir.
- Baxıb ağladığınız filmlər çoxdur?
- Çaplinin “Böyük şəhərin işıqları” filmi hamı üçün orijinal ekran əsəridir. Uşaqlıqdan bu günədək həmin filmə hər baxanda gözlərim dolur. Amma təəssüfləndiyim kinolar da var. Bu yaxınlarda “Ulduz” filminə baxdım. Guya xalq tərəfindən çox sevilən filmdir. Yaxud “Nəsimi” filmi. Tarixdən, ölümə gedən şəxsiyyətdən əsər-əlamət yoxdur. Artıq müstəqil xalqa müstəqil kinolar vermək lazımdır.
- 90-cı illərin qismən romantik və erotik filmi “Təhminə”...
- Mən o dövrdə daha erotik sayılan “Yarasa” filmini çəkmişdim. Əslində “Təhminə”, Fellininin “Yol” və digər dünya filmlərindəki mövzudan qidalanır. Qadın iki kişi arasında bölünüb. Bədəni Zaura, ruhu Muxtar adlı rejissora aiddir. Əksinə “Təhminə”nin problemi erotikanın olmaması idi.
- Azərbaycan kino bazarının erotik filmlərə ehtiyacı var?
- Erotik deyil, sənət əsəri olan filmlərdə erotik səhnələr mütləqdir. Çünki kinoda canlandırılmayan intim səhnələr artıq gündəlik həyatımızda geniş vüsət alıb. Bu görüntülər hər an göz önündə ola bilər. Elə mövzular var ki, kişi və qadın bu haqda yalnız çarpayıda danışır. Çarpayıda isə kostyumla, qalstukla uzanmırsan. Həyatın elə anları var ki, olduğu kimi filmdə təqdim etmək lazımdır. Ümumiyyətlə, dünya incəsənətinin ən başlıca mövzularından biri, elə təsviri sənətin özündə də çılpaq qadın təsviridir. Buna həm Qobustan qaya daşlarında, həm şərq minatürlərində rast gəlinir. İstənilən kişidən soruşsanız, deyəcək ki, dünyanın ən gözəl təsviri çılpaq qadındır.
Leyla Sarabi,
Fotolar: Pərviz Həşimi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...