Xüsusi
Hindistanın sehrli şəhərində olan azərbaycanlı maraqlı faktları açdı: İnsanlar o qədər xoşbəxtdilər ki, bir-biri ilə...
Yuxu aclığınız susmur? Həyat bumbuz soyuq, bomboş puçdur? Bəlkə də bu burulğan kainatın sizə ötürdüyü dirçəliş siqnalıdır. Tanınmış yoq Elşad Rəhimovla söhbətimizi oxuyun, dəyişin, gücünüzə güc, enerjinizə sevgi qatın.
Publika.az Elşad Rəhimovla müsahibənin ikinci hissəsini təqdim edir.
İlk hissəni buradan oxuya bilərsiniz:
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
- İlk səfərim Hindistanın Rişkeş şəhərinə oldu. Himalayın ətəyində yerləşən bu şəhər müqəddəs sayılır. Çünki yoqanın paytaxtıdır. Orada insanlar zərərli sayılan qidalardan uzaq dururlar. Restoran və kafelərdə ət, spirtli içki satılmır. Amma hər şey o qədər ləzzətli və doyumludur ki, dadından doymaq olmur. 3 həftə Rişkeşdə yaşadım. Bu səfər həyatımı kökündən dəyişdi. Ora dünyanın hər yanından səyyahlar və yoqlar gəlir. İnsanlar bir-biri ilə həyat təcrübələrini bölüşürlər. Həddən çox məbəd var. Hamısında olmağa çalışdım. Müqəddəs Qanq çayının sahilində yaşadım. Qışda isə Taillandda idim. İnsanları çox maraqlıdır. Ümumiyyətlə, bilirsiniz Asiyanı niyə sevirəm? Fərqi yoxdur varlıdır, yaxud kasıb - hamının üzündə təbəssüm var. Daim xoşbəxtdirlər. Orada gerçəkləşən meditasiyanın ləzzəti də bir başqadır. Əsasən müsbət enerji toplamaq üçün səfər edirəm. İndi əsas arzum Cənubi Amerikaya, əsasən də Perudakı şamanların yanına getməkdir.- İndi gəlin, meditasiyadan danışaq.
- Meditasiya şüurumuzun məşqidir. Xoşbəxtliyi yad obyektlərdə deyil, beynimizin içində tapmaqdır. Meditasiya ilə hətta bank növbəsində məşğul ola bilərsiniz. Bütün diqqətimizi nəfəsimizə yönəldirik. Mantra səsləri ilə beynimizi artıq fikirlərdən təmizləyirik. Şüurumuz orqanizmin lap dərinliyinə enib rahatlığa qovuşur.
- Amma dərinə enmə prosesində beynimizdən yüzlərlə fikir ötüb keçir.
- Öncə beyninizə gərəksiz düşüncələr gələcək. Onları qovmaq olmaz. Sanki buludların üstünə çıxıb düşüncələrinizə baxırsınız. Sadəcə şahidsiniz. Bu hərəkətləri tıxacda olanda da gerçəkləşdirə bilərsiniz. Bəzən hətta şəhərin tozlu tıxacında meditasiya zamanı elə dincəlirəm ki, hətta maşını işə salmaq istəmirəm. Çünki meditasiyadan sonra mənfi düşüncələr müsbətlə əvəzlənir. İnsan orqanizmi elə qurulub ki, daim xoşbəxtlik axtarışında olur. Enerjinizi daxili xoşbəxtliyinizi tapmağa sərf edin. Ayfon, bahalı maşın arzusu ilə üzülməyə yox. Axı Yer üzünə gəlmiş, keçmiş bütün peyğəmbərlər, işıqlı insanlar da yalnız bunu deyir. İnsan daxili işığını yandırmalıdır, sevincini öz içində tapmalıdır. Sizdən tələb olunan beyninizdən zəhər kimi axan düşüncə selini qurudub, xoşbəxt olmaqdır.
- Etiraf edək ki, hamımızın işi sizin kimi “həppi” deyil. Ofisdəki yorğunluq, əsəb, stress gün ərzində yaxamızdan əl çəkmir.
- Artıq Avropanın bir sıra ölkələrində ofislərdə qanun çərçivəsində meditasiya icra olunur. Əslində Azərbaycanda da bu sistemə keçid etmək lazımdır. Amma sizə sadə məşq nümunəsi deyəcəm. İşdə nahar vaxtı bir kənara keçin. Onurğa sütununuzu dik saxlayıb gözlərinizi yumun, bütün diqqətinizi nəfəsinizə cəmləyin. Getdikcə körpə kimi rahatlaşacaqsınız. Hətta elə harmoniyaya qovuşacaqsınız ki, yüngül salat yeyib doyacaqsınız. Məhsuldarlığınız da artacaq.
- Yəqin ki, müsbət enerjini həyat yolumuza səpməyin bir açarı var və siz mütləq bunu bilirsiniz.
- Düşünürəm ki, sevmək lazımdır. Təmənnasız sevmək, qarşı tərəfdən heç nə gözləməmək. Həyatın əsas motivasiyası budur. Özünüzü bütünlükdə sevdiyiniz insana bəxş edin. Amma hər şeydən öncə özünüzdən zövq almağı öyrənin. Öz məni ilə harmoniyada olmayan, təkcə səyahət etməkdən zövq almayan insan başqalarına da sakitlik, xoşbəxtlik gətirə bilməz.
- Yoqların yuxuları da sehrli olur?
- Yuxu iki növə bölünür - keyfiyyətli və keyfiyyətsiz. Dərin yuxu keyfiyyətli sayılır. Yatmadan bir neçə saat öncədən yuxu dövrünə hazırlaşmaq lazımdır. Bilirəm, çox çətindir, amma həmin müddətdə telefondan, internetdən, qidadan uzaq olub yuxuya köklənmək lazımdır. Bir faktı unutmayın ki, istənilən addıma hazırlaşmaq şərtdir. Dostluğa, sevgiyə, valideyn olmağa, hətta yuxuya... Yuxu müddəti önəmli deyil, əsas odur, dərin yuxuya hazırsan, ya yox. Hətta bəzən 15 dəqiqə yatmaq da kifayət edir ki, enerji çəlləyimiz yenidən dolsun. Həm mənəvi, həm də fiziki yoqa ilə məşğul olduğum üçün intuisiyam güclü inkişaf edib. Çox rəngarəng yuxular görürəm.
- Ümumiyyətlə həssas, yaradıcı insanlarda intuisiya güclü olur. Hər zamanmı dinləməliyik 6-cı hissimizi?
- İntuisiya hamımızda var. Sadəcə çoxları gücü ağıla verib qəlbin səsini dinləmir. Sonra da işləri yolunda getməyəndə məyus olurlar ki, bilirdim, belə olacağını. Hiss edirdim axı. Ağıl əslində intuisiyamızın səsini batıran kömpüterdir. Ağılla intuisiya arasında çıxılmaz vəziyyətdə qalanda, öz-özünüzə deyin: Qoy, bu qərarı sabah verim. Artıq beyin də diqqətini başqa məsələlərə cəmləyir. Yükünü azaldır, bir müddət sonra daha rahat düşünməyə başlayır. Yəni bütün işıq fazalarını gərəksiz yerlərə yaymadan, orqanizmdə toplayıb, işıqlanırsan.
- Nirvana zahiri aləmdən təcrid olub hüdudsuz rahatlığa qovuşmaqdır. Bəs siz necə hesab edirsiniz?
- Yalan danışmayacam. Mənim nirvana təcrübəm yoxdur. Bu həzz ən aydın qurulara, ustadlara xas ali məqamdır. Çünki daha çox mağaralarda, insanlardan uzaq ərazilərdə yaşayırlar. Özləri ilə, təbiətlə tək qalmaq imkanları daha çox olur. Kimsə yoqanı mənəvi gücünü tapmağa, kimi isə biliklərini öyrətməyə həsr edir. Mən hələ ki, öyrədirəm. Odur ki, nirvanaya uzağam.
- Ölüm anını nirvana hesab edə bilərik?
(gülür)
- Bilmirəm, ikisini də dadmamışam.
- Mən də dadmamışam, amma qoxusunu bilmək istərdim.
- Nirvanaya çatmış qurularla bu haqda söhbətlərim olub. Yəqin Sadhqurunu tanımayan yoxdur. Onunla dəfələrlə ünsiyyətdə olmuşam. O, nirvana halında olub, bu da bütün həyatına təsir edib.
- Bəs xüsusi musiqi, melodiyadan ibarət yoqa necə adlanır?
- Bu mantra yoqadır. Düzdür, mən mantra yoqa dərsləri vermirəm. Amma qısa məlumat verim. “Aum” deyilən səslər var. “A” səsi aşağı, “u” orta , “m” isə yuxarı çakraların vibrasiyalarıdır. Bu vibrasiyalar çakraların açılmasına kömək edir.
- Mütaliə ilə yola gedirsiniz?
- Kitab oxumağı çox sevirəm. Co Dispenza, Sadhquru, Oşonun kitablarını həvəslə oxuyuram.
- Oşoya peyğəmbər kimi itaət edən insanlar olub, hələ də var. Buna münasibətiniz necədir?
- Yoqa din deyil. Bizi təmiz, sağlam dünyaya səsləyən alətdir, həyat tərzidir. O da bunun tərəfdarı idi. İstəmirdi, insanlar ona kult kimi baxsınlar. Ümumiyyətlə kult asılılığı, bəşəri asılılıq olmamalıdır. Hətta yoqlar deyirlər ki, gördünüz yoqa aslılığınız yaranıb, bu yoldan da uzaqlaşın. Çünki sizi zəiflədir.
- Belə çıxır ki, dindarlar zəif insanlardır.
- Dünyanı idarə edən bir enerji var. Bu enerjinin adına nə istəyirsiniz deyin. Elmi cəhətdən inanıram. Amma kult məsələsini qabartmaq doğru deyil. Vaxtaşırı “Quran” da oxuyuram. Müqəddəs kitabların ötürdüyü mesajları düzgün dərk edəndə, həyat da asanlaşır. Əsl sevgini də tapırıq. Yeməyinizi yüngülləşdirin, içinizdəki neqativi qovun. Özünüzü üzməyin, incitməyin ki, digərlərinə də qıya bilməyəsiniz. Qızılgülü dərib soldurmayın. Qulluq edin, sulayın ki, ətrindən zövq alasınız. Mərhəmət duyğunuzu ətrafınıza yayın. Hər şey düzələcək.
- Ümumiyyətlə sakitləşdirici ətir hansıdır?
- Lavandanın ən böyük enerjiyə malik ətri var.
- Hamıya eyni məhəbbətlə yanaşmalıyıq?
- Bütün dünyaya məhəbbət bəxş etmək lazımdır. Bir şərtlə ki, özümüzü üzməyək. Münasibət qarşılıqlı olmalıdır. Birtərəfli olanda, tez haldan düşəcəksiniz. Enerjiniz də qorxunc duyğuya çevriləcək. Qarşındakı səni dinləmir, anlamırsa, sadəcə ondan uzaq dur. Küsmə, incimə, anla ki, onun yolu başqadır. Yoqa sizə yeni heç nə verməyəcək, qəlbinizi sıxan lazımsız vərdiş və cəhətlərdən qurtaracaq. Daş parçası xəyal edin. O daşı rəndələyib sənət əsəri də yarada bilərsən. Eynilə yonulmamış vəziyyətdə də saxlaya bilərsən. Seçim sənindir.
Leyla Sarabi,
Foto: Pərviz Həşimi
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO