Bahar Milano: Bu tarixdə karantin rejiminin bitəcəyi gözlənilir - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Bahar Milano: Bu tarixdə karantin rejiminin bitəcəyi gözlənilir - MÜSAHİBƏ

3 may tarixindən etibarən İtaliyada karantin rejimi ləğv oluna bilər.

Bu sözləri Publika.az-a İtaliyanın Milan şəhərində yaşayıb fəaliyyət göstərən soydaşımız, həkim-kardioloq Bahar Milano bildirib.

- Bildiyiniz kimi, Milan İtaliyanın ən varlı ərazisi olan Lombardiya regionunun mühüm iqtisadi və moda mərkəzidir. Odur ki, Çindən gəlib burada çalışan işçilərin sayı çoxdur. Onlar isə öz Yeni illərini qeyd etmək üçün ölkələrinə getmişdilər. İtaliyaya geri dönəndən sonra bir çoxu virusa yoluxsa da, susub heç nə demədilər. Çünki işlərini itirməkdən qorxurdular. Beləcə virus Lombardiya regionunda çox yayılmağa başladı. Bir müddət sonra isə COVID-19 virusunun qarşısını almaq məqsədilə karantin elan olundu. Lombardiyada çalışan cənubi italiyalılar da məcbur olub öz regionlarına döndülər. Bu yolla virus bütün İtaliyaya yayıldı. Həmçinin xatırlatmaq istəyirəm ki, İtaliya yaşlı əhalinin sayına görə Yaponiyadan sonra ikinci yerdədir. Bildiyiniz kimi, yaşlıların da müxtəlif xroniki xəstəlikləri var. Odur ki, virusa tab gətirə bilməyənlər də oldu.

- Bəs hazırda İtaliyada vəziyyət necədir?

- Artıq Pasxa bayramı geridə qaldı. Bu gündən bir sıra mağazalar və iş yerlərinin açılacağı gözlənilir. Təbii ki, cüzi sayda məkanlardan söhbət gedir. Xəstəxanalarda da vəziyyət stabilləşir. Artıq süni nəfəs cihazları xəstələrə bəs edir. Mayın 3-də karantin rejiminin bitəcəyi gözlənilir. Lakin virusun sovuşacağına heç kim dəqiq cavab verə bilməz. İtaliya turistik ölkə olduğu üçün böyük iqtisadi çətinlik yaşandı. Ümidimizi itirməyək.

- Bahar xanım, İtaliyada qalıb, geri dönə bilməyən tələbələrimizin durumu haqda da bizə məlumat verin, lütfən.

- Bir sıra tələbələrimiz İtaliyada qalmaq məcburiyyətində idilər. Çoxu burada əlavə işdə çalışıb maddi güzəranını təmin edirdi. Amma təəssüf ki, kafe və restoranlar da bağlandı. İndi ev kirayəsini ödəməyə belə pulları yoxdur. Odur ki, ölkəmizə müraciət edib tələbələrimizin adına hesab kartı açılmasını və müəyyən məbləğdə pul köçürülməsini rica etdik. Hazırda cavab gözləyirik və çox ümidliyik. Əminəm ki, hər şey yoluna düşəcək. Hər gün tələbələrlə əlaqə saxlayıram, ehtiyacları ilə maraqlanıram. Bu çətin dövrü birgə geridə qoyacağıq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm