Xüsusi
“Məni pozitiv saxlayan mələyim var” - Faiq Ağayevlə MÜSAHİBƏ
Bu günlərdə “Küsmə” adlı mahnısının yeni versiyası ilə dinləyiciləri sevindirən Xalq artisti Faiq Ağayev səhnə və tamaşaçılardan canlı ötürülən enerji və sevgi seli üçün darıxdığını deyib.
Publika.az-a müsahibə verən ulduz karantində təxirə saldığı işlərlə məşğul olduğunu bildirib.
- Karantin günlərini yaradıcılıq və ya mütaliə ilə məşğul olmaq üçün fürsət kimi dəyərləndirmək olar? Ümumiyyətlə, bu günləri necə keçirirsiniz?
- Karantin zamanında yeni mahnım çıxdı, 1993-cü ildə ifa etdiyim “Küsmə” kompozisiyasının yeni versiyasını dinləyicilərin ixtiyarına buraxdıq. Fotoqraf Niko Abbasovla yeni fotosessiya etdik. Təbii ki, hamı kimi mən də karantində darıxıram, ancaq bu, xəstələnməmək üçün qaçılmaz bir tədbirdir. Azərbaycanda vəziyyətin gərginləşməməsi üçün qoyulan tələblərə riayət etməliyik. Odur ki, çalışıram vaxtımı səmərəli keçirim. 31 illik arxivim var, onu sistemləşdirmək lazım idi, bu arxivə düzəlişlər etməklə məşğul oldum. Özümü darıxmağa qoymuram.

- Köhnə, xüsusilə 90-cı illərdə yazılan mahnılara bu gün də tələbat var. “Küsmə”yə yenidən müraciət etməyiniz də təsadüfi deyil. Repertuarınızda belə nəğmələr çoxdur. Sizcə, mahnının ölməzliyinə kim qərar verir, müəllif, ya auditoriya?
- Yeni nəsil 90-cı illərdə və ondan əvvəl yazılan gözəl mahnılarımızdan xəbərsizdir. Onlar bugünkü mahnı və rənglərlə yaşayırlar. Mən və həmkarlarım zaman-zaman köhnə mahnılara qayıdır ki, yeni nəsli onlarla tanış etsin. Bizdə də əsas fikir bu idi. Mahnının əbədiləşməsimə isə tamaşaçılarımız səbəb olur. Onların yaratdıqlarımıza sevgisi.
- Pandemiya kabusu hansı qayğılarınızı artırdı?
- İş ondadır ki, bütün ölkələrdə pandemiya səbəbilə kütləvi tədbirlərin keçirilməsi qadağan olundu. İdman, incəsənət tədbirləri müvəqqəti olaraq dayandırıldı. Ən sonuncu bu sferalar fəaliyyətini bərpa edəcək. Odur ki, səhnə, çıxışlarım, tamaşaçılar və əvvəlki isti ünsiyyət üçün darıxıram. Bu kimi sıxıntılarım var.
- Yəqin ki, tamaşaçı alqışı üçün də darıxırsınız. Sizcə, alqış üçün darıxmaq şöhrət əlamətidir, ya sənətçinin əsas tələbatını ödəyən bir vasitə?
- Həqiqi sənət nümayəndələri sırf tamaşaçı alqışı, səs-küy üçün çalışmır. Sənət kiminsə kədərini azaltmaq, kiməsə təsəlli vermək, sevincinə səbəb olmaq missiyasını daşıyır. Sevənlərimlə səmimi münasibət və ünsiyyət üçün darıxıram...
- Sonuncu dəfə nə zaman səhnə həsrəti yaşamışdınız?
- 31 ildir sənətdəyəm, şükürlər olsun ki, heç vaxt səhnə aclığı çəkməmişəm. Nə edə bilərik ki, 2020-ci il belə nəhs gətirdi...
- İlham mənbəyiniz nədir? Ümumiyyətlə yaradıcı insanı yaratmağa motivasiya edən başlıca qüvvə və emosiya hansıdır?
- Əminəm ki, hər şey yaxşı olacaq. Buna tam əminliyim var və bu əminlik mənim ən yaxşı motivasiyamdır.
- İnsanın öz təkliyindən ilhamlanması mümkündür?
- Əlbəttə. Xüsusilə yaradıcı insanlar kənara çəkilib rəsm çəkməli, şeir yazmalı və ya musiqi bəstələməlidir. Sənət adamı fantaziyası ilə təkbətək qalmalıdır. Bir çox sənət nümunələri təkliyin məhsuludur. Təklikdə meydana gələn sənət əsərlərinin daha güclü təsir qüvvəsinə malik olduğunu demək olar. Amma təkliyi yalnızlıqla qarışdırmayaq.

- Faiq Ağayevin nikbinliyinin hər hansı formulu varmı?
- Nikbinliyimin sirri sənətə olan sevgimdir, oxumaq üçün dünyaya gəlmişəm. İkincisi, fərdi mələyim var, o da anamdır. Məni pozitiv saxlayan odur.
- Həyatınızın hansı mərhələsindəsiniz?
- Onu mərhələlərə bölməmişəm. Bu yaşımının pozisiyasından geriyə baxıb anlayıram ki, tanıtım, şan-şöhrət qazandıqdan sonra ona layiq olma mərhələm olub. Düşünürəm ki, indi də tamaşaçı və dinləyicilərimizin rəğbətini, inamını qoruyub saxlamaq və onlar üçün aktual olmaq mərhələsini yaşayıram. Çalışıram ki, mənlə bağlı gözləntiləri doğruldum.
- Faiq bəy, uzaqgörən sənətçi və cəmiyyətdə söz çəkisi olan ictimai xadim olduğunuzu bilirik. Sizcə, pandemiya cəmiyyətimizdə hansı izləri qoyacaq?
- Həmişə gigiyenaya fikir verən toplum olmuşuq, çox təmizkar xalqıq. Karantinin tətbiq etdiyi bəzi məqamlara bundan sonra da əməl edəcəyik. Daha ehtiyatlı davranacaq, yaxınlarımıza və əzizlərimizə göstərdiyimiz diqqəti daha da artıracağıq. Biz həyatda tək özümüz üçün məsuliyyət daşımırıq, ətrafımız üçün də cavabdehik. Bu, bizə ictimai və sosial öhdəliklər qazandıracaq.
- Çoxları iddia edir ki, pandemiya unudulmuş dəyərləri geri qazandırdı. Niyə biz əsl dəyərlərin mahiyyətinə daha gec varırıq?
- Gündəlik və rutin adlandırdığımız həyat bəzən dayanıb “Nə edirəm?” və ya “Necə edirəm?”, “Nəyin qədrini bilməliyəm” sualları ətrafında düşünməyə imkan vermir. Gündəlik həyatda bizi sadəcə “indi və burada” qarşılaşdığımız problemlərin həlli düşündürür. Ekstremal şərait insanı daha çox, daha qlobal və daha dərindən düşünməyə məcbur edir.
- Pandemiyadan hər kəs özünə bir dərs çıxardı. Faiq Ağayev bu qəziyyədən hansı ibrəti aldı?
- Anladım ki, bəşəriyyət çox xəfifdir, zərbəyə meyllidir. Uzaq bir ölkədə bir nəfər xəstələnir, sonra o xəstəlik ölkənin sərhədlərini aşaraq bütün dünyaya yayılır. Bir nəfərin xəstəliyi bəşəriyyətin faciəsinə gətirib çıxardı. Pandemiya mənə isbat etdi ki, özümüzü qorumaqla dünyanı ağ günə çıxarmaq olar.
- Hansı planlarınız təxirə düşdü?
- Yalnız sənətimlə bağlı planlarım ertələndi. Bir neçə mahnı məni studiyada gözləyir, hazır olması üçün iştirakım lazımdır.
Aytən Məftun
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı























.png)













