Nigar Camal 2 aydan çoxdur qızlarını GÖRƏ BİLMİR: "Bütün hava yolları bağlandı və mən…"
Bizi izləyin

Xüsusi

Nigar Camal 2 aydan çoxdur qızlarını GÖRƏ BİLMİR: "Bütün hava yolları bağlandı və mən…"

Son aylarda özünü aparıcı kimi sınamağa başlayan müğənni Nigar Camal 2 aydan çoxdur ki, koronavirus pandemiyası səbəbilə sərhədlərin bağlanması nəticəsində qızlarından ayrı düşüb. Londonda yaşayan qızları üçün çox darıxdığını desə də, ulduz karantin müddətini Bakıda keçirdiyindən məmnun olduğunu bildirib. Bunu o, dostlarının, yaxınlarının Bakıda olması və vaxtını daha səmərəli keçirməsi ilə izah edib.

Nigar Camalın Publika.az-a müsahibəsini təqdim edirik:

- Nigar xanım, pandemiya maddi durumunuza necə təsir etdi?

- Maddi durumuma elə də təsir etmədi. Çünki çox pul xərcləyən və israfçılıq edən adam deyiləm. Ona görə də problem olmadı.

- Ümumiyyətlə, toylara ifaçı kimi tez-tez dəvət alırdınız?

- Hər gün toya gedirəm, desəm yalan olar. Həm də iki həftədən bir Londona getdiyim, ayın yarısını orada keçirdiyim üçün çox zaman vaxt uyğunluğu olmur deyə toylardan imtina etmək məcburiyyətində qalıram.

- Qızlarınız hazırda yanınızdadırmı?

- Qızlarım hazırda Londondadır. Onlar üçün darıxıram, amma yanlarında anam var. Təəssüf ki, mən burada olanda bütün hava yolları bağlandı və Bakıda qaldım.

- Hava limanı üçün bir gün bu qədər darıxacağınızı ağlınıza gətirə bilərdiniz?

- Ayda iki dəfə hava limanında olan adam kimi belə olacağını bilmirdim (gülür). İnşallah ki, hər şey yaxşı olacaq. Əsas sağlamlıqdır.

- Qızlarınız Londonda yaşayır, odur ki, tez-tez gedib-gəlmək məcburiyyətində olurdunuz. Maraqlıdır ki, karantin günlərini Bakıda yox, Londonda keçirmək istərdiniz?

- Qızlarım baxımından hə, bu, yaxşı olardı. Amma ümumilikdə ora mənim üçün darıxdırıcı olardı. Burada daha çox dostlarım var, qonaq gedib-gəlirik, hərdən görüşürük. AzTV-yə işə gedirəm və günlər beləcə keçir.

- Artıq bir neçə aydır ki, AzTV-də veriliş aparıcısısınız. Yəqin ki, yeni işiniz sizi bu günlərdə darıxmağa qoymadı. İzolyasiya müddətində darıxmamaq üçün başqa nələr edirdiniz?

- Yemək bişirirdim, qabları yuyurdum, yenə yemək bişirirdim, yenə qabları yuyurdum. Başqa bir məşğuliyyətim yox idi. Vaxt tapan kimi kitab oxuyurdum.

- Pandemiyadan dolayı hansı planlarınız təxirə düşdü?

- Yeni mahnı və klip üzərində çalışmaq istəyirdim, təəssüf ki, bu planlarım təxirə düşdü. Qismət olsa, sentyabrda yeni işlərlə qarşınıza çıxacam.

- Bu müddət ərzində özünüzdə hansı dəyişikliyi hiss etdiniz? Karantin sizə nələr öyrətdi və ya qazandırdı?

- Karantinə görə çox dəyişiklik olmadı. Nə yalan deyim. Amma insanın sevdiklərinin qədrini bilməsini bir daha yada saldı. Hər kiçik şeyə görə inciklik, küslük saxlamağın mənasız olduğunu da həmçinin.

- "Eurovision" müsabiqəsinin yeni formatda keçirilməsi və bu layihədə yenidən iştirak etmək sizə hansı hissləri yaşatdı?

- Bu, əslində festival idi və qalib yox idi. İsa Məlikovun dəvətilə biz "Eurovision Youtube" kanalı üçün nəzərdə tutulan layihədə "Running Scared" mahnısını akustik tərzdə ifa etdik. Bu tərz tədbirlərdə çox iştirak etdiyim üçün elə də həyəcanlı olmadım. Ən böyük həyəcanı 2011-ci ildə yaşamışdıq. Hələ ki bunu əvəzləyə biləcək bir tədbir filan görmürəm.

- Hər kəs Nigar Camalı əyləncəli insan kimi tanıyır. Bəs sizi nə özündən çıxara bilər?

- Mən ac olanda özümdən çıxa bilərəm. Bir də haqsızlığa dözümüm yoxdur.

- Aparıcılıq fəaliyyətiniz nə zamana kimi davam edəcək? Bu işdən zövq ala bilirsiniz?

- Bunu demək çətindir. Hələ ki işimizə davam edirik. AzTV-nin rəhbəri Rövşən müəllimin dəvətilə kanala gəlmişik. İşimizdən razıdırlar deyə hələ ki kanaldayıq. Bunu zaman göstərəcək.

- Azərbaycan dilində söz ehtiyatı zəif olan sənətçinin aparıcılıq etməsini bəzən tənqid edirlər. Buna münasibətiniz necədir?

- Bu, normaldır. Kimi tənqid etmirlər ki? Bizdə bunun üçün xüsusi səbəb lazım deyil. Hər nə etsən də, tənqid etməyə nəsə tapırlar. Həm də haqlı tənqid qəbulolunandır. Bununla insan inkişaf edir. Amma vay o günə səni haqsız tənqid edələr. Bu isə heç düzgün deyil. Allah hamının köməyi olsun, nə deyim...

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm