• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

Gülay Hüseynova: "Hər səhər gözümü açanda ona təşəkkür edirəm"

  • Xüsusi
  • 14 İyun 2020 15:40
  • 1 770 Baxış
Gülay Hüseynova: "Hər səhər gözümü açanda ona təşəkkür edirəm"

Sərt karantin günlərini yupyumşaq keçirmək istəyirsiniz? Elə isə Türkiyədə yaşayıb fəaliyyət göstərən bestseller əsərlərin müəllifi, aktrisa Gülay Hüseynova ilə Publika.az-ın müsahibəsini oxuyun:

- Əziz Gülay, ən dərin həqiqəti hansı əsərin hansı cümləsində tapmısan? O cümlənin baş qəhrəmanı olmusan?

- Həqiqət axtarışı - sonu olmayan bir yoldur; önəmli olan da o yola çıxmaqdır..

Qəhrəmanlıq məsələsində isə maraqlı bir yaradıcı dəyişim yaşadım. Yazmağa başlamadan əvvəl sevdiyim əsərlərdə özümü görürdüm. Yazmağa başlayandan sonra isə bütün kitab qəhrəmanları mənim xəyali dostlarıma, tanışlarıma çevrildi. İndi həm filmlərdə, həm də ədəbiyyatda öz qəhrəmanlarımı və gerçəklərimi yaratmağa çalışıram.

- Niyə dünyadan köçənləri xüsusi sayğı ilə anırıq? Dirilərə haqsızlıq deyilmi?

- Boşluğu görmədən nəyi itirdiyimizi hiss edə bilmirik çünki. Bu təkcə insanlara da aid deyil. Məsələn, hər gün keçdiyimiz küçədə bir gün bir ağac kəsilirsə, o ağacın əslində bu küçəyə qatdığı gözəlliyin fərqinə yalnız həmin an varırıq. Və hər dəfə ordan keçəndə gözümüz məhz o ağacı axtarır; öyrəşənə kimi. Demək ki, yoxluq - varlıqdan daha çox fərqindəlik yaradır.

- Allahın sehirli gücünə inanırsan?

- Allaha inanmaq mənə güc verir. Üstəlik, bu həyatdakı missiyamı da ən yaxşı o bildiyi üçün aramızda daimi bağ var. Hər səhər gözümü açanda, ona gülümsəyib məni oyatdığı üçün təşəkkür edirəm.

- Kastalar və dinlər süqut etsə, dünya gözəlləşəcəkmi?

- Gözəllik görənə aiddir. Gözümüzə gözəl görünən hər şey - ya sahib olduqlarımızdır, ya da bizdə olmağını istədiyimiz. Daxilən gözəlləşmədiyimiz müddət boyu, başqa planetə də köçsək, heç nə dəyişməyəcək.

- İnsanın boyundan hündür eqosu süqutun əlamətidir yoxsa yüksəlişin?

- Həyat balans üzərində qurulduğu üçün ehtiyacı aşıb, ifrata varan hər şey zəhərlidir. Aydın cəmiyyətlərdə neqativ eqolu insanların yüksəlişindən söhbət gedə bilməz.

- İçindəki şeytanı oyatmaq üçün hansı doğrunu tapdamaq lazımdır?

- Anton Çexovun sevdiyim bir cümləsi var: "İnsan təbiətinə dair yaxşı və pis nə varsa, hamısını özümdən öyrəndim". Düşünürəm ki, içimizdəki şeytan daim oyaqdır, əksinə mümkün olduğu qədər onu yuxuya verib zərərsizləşdirməkdə fayda var.

-Kamilliyə qovuşmaq mümkün deyilsə, niyə ömür boyu ona can atırıq?

- Bütünlüklə olmasa belə, əhəmiyyətli dərəcədə kamilliyə çatmağın mümkün olduğuna inanıram.

- Məqsədsiz sükunət insanı xoşbəxt edə bilər?

- Yorğun ruh üçün qısa müddətli xoşbəxtlik ola bilər. Uzun müddətdə isə monoton olan heç nə xoşbəxt edə bilməz, məncə.

- Qadının ilahi peşəsi ilham pərisinə çevrilməkdir?

- "Gözəllik" kəlməsi- adətən, qadın fiquru ile simvolizə edildiyi üçün belə qəbul olunur. Amma yaradıcı proses - mənə görə, ruhun fəzadakı səyahətidir, qarşına çıxan hər şeydən və hər kəsdən ilhamlanmaq mümkündür.

-Virus olsan, dünyanı hansı duyğuya yoluxdurardın?

- Mərhəmət...

Leyla Sarabi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR