Koronavirusa yoluxan diaspor rəhbəri: "Tibb bacılarına deyirdim ki, məni gölə buraxın" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Koronavirusa yoluxan diaspor rəhbəri: "Tibb bacılarına deyirdim ki, məni gölə buraxın" - MÜSAHİBƏ

COVİD-19-a yoluxduğum müddətdə düz 30 kiloqram arıqladım, ayaqlarım tutuldu.

Bu sözləri Publika.az-a müsahibəsində Fransadakı türk diasporunun rəhbəri Engin Akgürbüz deyib.

- Engin bəy, keçmiş olsun. 4 aya yaxındır ki, həyat uğrunda mübarizə aparırsınız. Bəs necə oldu ki, virusa yoluxdunuz?

-11 martda anladım ki, xəstəyəm, və evi karantinə aldım. Qorxdum ki, başqalarını da yoluxduraram. Həkim dostuma zəng vurdum. O da tez-tez qızdırmam olub-olmadığını, halsızlıq və öskürəyi soruşurdu. Bütün bu simptomlara yox cavabı eşitdikcə, Engin abi, sən xəstə deyilsən, evdə qala bilərsən deyirdi. Bu durum bir həftə davam etdi. Ayın 17-si özümü çox halsız hiss etdim. Yataqdan qalxa bilmirdim. Bu xəstəlik bəzən o qədər bərbad durum yaradır ki, insanı daxildən məhv edir. Lion şəhərindən dostlarım zəng etdilər ki, mütləq təcili yardım çağır. Etiraf etməliyəm ki, Fransa xəstəliyə çox naşı yaxalandı. Nə maskalar, nə əlcəklər vardı. Tibb işçilərini qorumaq üçün xüsusi önlük çatışmırdı. Buna görə də ölənlərin çoxu tibbi personal idi. Mən də məcbur olub, dedim ki, qızdırmam 40 dərəcəyə çatır, tez gəlin. Ölümün yaxasından qurtulmağım da şans məsələsi idi.

- Fransa xəstəxanalarında ümumi vəziyyət necə idi?

- Tutaq ki, Fransa xəstəxanansının reanimasiya şöbəsində 20 süni nəfəs aparatı var. Aparata bağlı 20 nəfər içərisində qocalar çoxluq təşkil edir. Arxadan 21, 22-ci daha gənc xəstə gəlirdisə, yaşlıları nəfəs cihazından ayırıb, gənclərin həyatını qurtarırdılar. Çətinliklə də olsa həkimlər bunu mənə etiraf etdilər. Düşünürəm ki, bu məsələ ilə bağlı bir çox ailə bundan sonra həkimləri məhkəməyə verəcək. Çünki yaşlıların ölümünə ən çox səbəb olan faktlardan biri də aparatdan ayrılmaları oldu.

- Vəhşət... Demək bu durumda, hətta tibb belə mərhəməti deyil, təbiətin tarazlığını düşünür. Məncə, bu ibtidai və mühakimə edə bilməyəcəyimiz addımdır.

- 59 yaşım var. Bu təhlükə mənim üçün də aktual idi. Xüsusən də simtomların çoxu özünü göstərmirdi. Amma sağ olsunlar ki, halımın pis olduğunu görüb, məni Kolmar xəstəxanasına apardılar. Orada oksigen aparatına bağlayıb yatırdıblar. Məhz bu prosedurdan sonra koronavirusun ən yaxşı müalicə olunduğu Strazburq xəstəxanasına çatdırıblar. Xəstəlik məni daxilən çökdürüb sən demə. Ciyərlərim qanla dolub. Qan qalıb sərtləşdikcə, insan boğulub ölür. Məni bundan qurtarıblar. 15 gün sonra komadan ayıldıb, görüblər ki, ağlım başlımda deyil, yenə bir həftə yatırdıblar. Yenidən oyadanda, bütün suallara məntiqli və doğru cavablar vermişəm.Sonra yaşadığım Müluz şəhərinin xəstəxanasına gətiriblər.

- Koronavirusu Fransaya yayan məşhur şəhər...

- Eynən. Burada insanlar elə ağır yoluxurdular ki, vertolyotla Almaniya və Belçika xəstəxanalarına aparaırdılar. Mən də Strazburq şəhərində tam müalicə olunub sağaldım. Amma bu müddətdə 120 kq-dan 90-kq qədər arıqladım. İtirdiyim yalnız piy qatı deyildi. Əzələlərim də yunşalmışdı. Müluz xəstəxanasına çatdırılanda gəzə bilmirdim. Odur ki, fizioterapiya almaq mütləq idi. Təsəvvür edin ki, körpə kimi gəzməyi də yenidən öyrəndim.

- Məni bir məsələ düşündürür. Qızdırma, öskürək, burunaxma olmadan sadəcə dəhşətli halsızlığa koronavirus diaqnozu qoymaq mümkündür?

- Xəstəxanaya çatan kimi məni test etdilər. COVİD-19 pozitiv çıxdı. Həmçinin bildirdilər ki, virus bəzi hallarda xarici simptomlar olmadan, təkcə halsızlıqla da müşaiyət olunur.

- Bəs siz kimdən yoluxdunuz? Və kimləri yoluxdurdunuz?

- Fransada yeni virus fərziyələri yayılan kimi maşkadan istifadə etməyə başladım. Hətta küçədə insanlar mənə marslı kimi baxıb təəccüblənirdilər. Özüm tək yaşayıram. Mən oğlumun evinə gedəndə gəlinimdən yoluxmuşam. Şükür ki, o gənc olduğu üçün çox yüngül keçirdi. Yaxşı ki, elə mən də xəstə olduğumun fərqinə varıb özümü təcrid etdim ki, heç kimi yoluxdurmayım.

- Bəs bu koma müddətində qəribə yuxular görürdünüz?

- Əlbəttə görürdüm.(gülürük)

Hətta insan bəzi yuxularını gerçəklə qarışdırır. Məsələn görürdüm ki, qayığım var. İngiltərə sahillərində ton balığı ovlayıram. Amma ingilislər bizi oradan qovur. Fransaya qayıdırıq. Hətta oyanan kimi oğlumdan soruşdum ki, biz qayığı harada qoyub qayıtmışıq. Bir neçə gün isə özümü İsveçdə hiss edirdim. Sanki İsveç xəstəxanasında müalicə olunuram. Terimək bacarığımı da itirdikcə özümü Türkiyənin Salda gölü sahilində hiss edirdim. Tibb bacılarına deyirdim ki, gəzə bilmirəm, gölə buraxın məni. Orada hərəkət etmək daha rahat olacaq. Onlar da yaxşı, yaxşı apararıq deyirdilər. Çox üzülürdüm ki, nə çətin şeydir axı, məni suya buraxmaq. Qısası içimdə çox böyük boşluq qalıb. Hələ də bir çox şeyi tam dərk etməmişəm. Amma həyatda olduğum üçün çox şükür edirəm.

- Engin bəy, 30 kq çəki itirmisiniz. Bəs indi qidalanma probleminiz var?

-Fizioterapiya klinikasında artıq yeriməyə başlayırdım, yemək verirdilər. Amma o qədər dadsız idi ki, heç nə yeyə bilmirdim. Təkid edirdim ki, məni evimə yollayın. Yeməyimi də yeyəcəm, özümə də qulluq edəcəm. Amma daha tez özümə gələcəm. Artıq evimdəyəm, 4 kq çəki almışam. Özümü çox yaxşı hiss edirəm. Hətta kastilsiz gəzirəm. İndi tək istəyim var ki, hər 3 xəstəxanaya lokum aparıb, hamısına təşəkkür edim.

- Düşünürəm ki, ikinci həyatınızı birincidən daha mükəmməl, dolu yaşamağa niyyətlisiniz.

- Xəstəliyə yoluxmadan oncə çox sürətli yaşayırdım. Artıq sürətli azaltmaq zamanıdır. İş hsəyahətlərimin sayını azaldacam. Özümü jurnalistika sahəsinə təslim edəcəm. Qazandıqlarım ölənədək mənə bəsdir. Canım sağ olsun, başqa heç nə istəmirəm. 2 yaşlı nəvəm var. Bağçamda ona tərəvəz əkəcəm ki, təmiz qidalansın. Əgər ikinci həyata layiq olmuşamsa, demək, daha gözəl yaşamalıyam.

- Uğurlar arzulayıram sizə. Sonda Fransada hazırkı vəziyyət haqda da məlumat verin.

- Fransada həyat axarına geri döndü. Fransızlar qayda-qanun sevən xalqdırlar. Türkiyədəki kimi deyil. Türkiyədə karantin şərtləri yumşaldılan kimi hamı qolqola girib, halay çəkir. Toy-düyünə gedirlər. Beləcə yoluxma sayı fantastik sürətlə artır. Avropa insanı isə maskadan istifadə edir, sosial məsafə saxlayır. Odur ki, yavaş-yavaş normal həyata geri dönürük.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm