Aysel yeni layihələrindən danışdı: “Verilişə çıxırsansa, öz dilində ifa etməlisən”
Bizi izləyin

Xüsusi

Aysel yeni layihələrindən danışdı: “Verilişə çıxırsansa, öz dilində ifa etməlisən”

Müğənnilərin bir kənara çəkilib karantinin bitməsini və toyların başlamasını gözlədiyi bir ərəfədə Aysel Məmmədova bir-birinin ardınca yeni mahnılarını təqdim etməklə məşğuldur. Əsasən rus və ingilis dilində mahnılar oxuyan sənətçi bu dəfə azərbaycan dilində yazdığı “Sevirəm”, “Demə mənə neyləyim” kompozisiyaları ilə qəlbləri fəth edib.

Aysel Məmmədova Publika.az-a müsahibəsində bildirib ki, karantin müddətində həm yaradıcılıqla məşğul olub, həm istirahət etmək imkanı qazanıb.

- Mahnı bəstələyəndə kimin yoxluğundan və ya varlığından daha çox ilham alırsınız?

- Mahnının melodiyası emosional durumdan asılıdır. Ovqatım şəndirsə, təbii olaraq nikbin kompozisiyalar yazıram, daha melonxolikdirsə, melodiyalar da ona uyğun olacaq.

- Sənət naminə, özünüz, ya dinləyicilər üçün oxuyursunuz? Bunlardan hansı sizə sevinc bəxş edir?

- İndi tamaşaçıların zövq və tələblərini daha ciddi nəzərə alıram. Bundan əvvəlsə özüm üçün oxuduğumu və mahnı bəstələdiyimi desək, daha doğru olar. Eksperimental musiqiyə böyük marağım var idi, auditoriya bunu başa düşmədi. Təəssüf ki, spesefik janrları çox adam sevə və dərindən qavraya bilmir. Odur ki, son zamanlarda auditoriyanın tələb və zövqləri ilə yaradıcılığım arasında ahəng tapmağa çalışıram ki, ortaya çıxan işlər hər iki tərəfin də ürəyincə olsun.

- Xoşbəxtlik və rahatlığı musiqidə nə zaman tapmağa başladınız?

- Elə uşaqlıqdan! Musiqiçi ailəsində doğulmuşam, evimizdə piano və digər musiqi alətləri var idi. Hələ kiçik yaşlarından onları öyrənməyə həvəsim olub, valideynlərim potenisalımı sezib və bu yolda mənə düzgün yol göstəriblər. Uşaqlıqdan bəri musiqi mənim üçün daxili harmoniyaya nail olmağın ən gözəl yolu olaraq qalır.

- “Sevirəm” kompozisiyasını kimə həsr etmisiniz?

- Sevməyi bacaran bütün cütlüklərə, ümumiyyətlə bu hissi yaşayan böyük sevgilərə... Hamının həyatında bu hiss olur, drammatik və emosional mahnıdır. Beynimdə xüsusi bir obraz canlandırmamışdım, burda sırf hisslərin dərinliyindən, sevən insanın daxili sarsıntılarından, hayqırışlarından söhbət gedir, konkret bir insandan yox.

- Sizcə, niyə biz ömür boyu həyatımızı məhv edən insanların yolunu gözləməyə davam edirik?

- Kainat qanunları elə qurulub ki, iki nəfərdən biri daha çox sevir, enerji sərf edir, digəri isə özünü sevməyə icazə verir. Həmişə bir adam daha çox fədakarlıq edir, bəzən könüllü, bəzən şüurlu, bəzən də şüursuz şəkildə kiminsə qurbanı oluruq. Nəinki özümün, dostlarımın da həyat təcrübəsindən çıxış edərək danışıram. Münasibətlərdə həmişə bir adam daha çox enerji, güc və səy sərf edir.

Çox nadir hallarda bu hiss iki tərəfdə də eyni dərəcədə güclü olur. Əsl sevgi və münasibət bax budur. Fədakarlıq hər zaman rahatlıq və xoşbəxtlik gətirmir, sonu pis qutarır. Odur ki, sizə layiq olan insanı gözləmək lazımdır və gözləməyə dəyər.

- Siz kimin və nəyin yolunu gözləyirsiniz?

- Sözün düzü, heç kimi və heç nəyi gözləmirəm. Artıq həyat təcrübəm o yerə çatıb ki, indi ilə yaşayıram. İndi yaşadığım anı maraqlı etməyin yollarını düşünüb tapıram, gələcəyə çox köklənmirəm, bu günü yaşayır və yaşadığım andan zövq almağı öyrənmişəm. Yaşım da icazə vermir ki, xəyəllar və arzularda ilişib qalım.

- Ümumiyyətlə qadın nə zaman öz emosiyalarının əsiri olur?

- İnsan daxilən nə qədər inkişaf edirsə, belə situasiyalardan bir o qədər uzaq ola bilir, öz dəyərini anlayır və icazə vermir ki, duyğuları onu idarə etsin. Özünü həm emosional səviyyədə, həm də intellektual baxımdan inkişaf etdirən insan vəziyyəti düzgün və öz xeyrinə analiz edə bilir. Qadınlar xüsusən daha erkən yaşlarda emosionallığa və çılğınlığa meylli olur. Təbii ki, həytada hər bir şeyi nəzarətdə saxlamaq olmur, yetkin yaşında da sevgi tələsinə düşmək olar. Hər halda özünü inkişaf etdirən insan belə vəziyyətlərdən, stress gətirən münasibətlərdən vaxtında xilas ola və sağala bilir.

- Aysel xanım, Eurovision hər müğənninin yaşamalı olduğu təcrübədir? Sizə nələr qazandırdı?

- Müsabiqənin miqyasını hesablasaq, əlbəttə ki, istənilən müğənninin karyerasında mühüm rol oynayır. Geniş auditoriya qarşısında çıxış etmək imkanı qazanırsan, əgər yaradıcı kimliyin onlar üçün maraqlıdırsa, bu auditoriya səninlə qalır. Bu müsabiqədə qazandığım dinləyicilərim indiyə qədər aktivdir, həm izləyirlər, həm dinləyirlər, həm dəstək olur, həm də xoş sözlər yazırlar. Böyük auditoriyanın diqqətini çəkmək və yadda qalmaq imkanı qazanırsan. Bunun üçün səninlə peşəkar müəllim heyəti və rəqqaslarla birlikdə çıxış edirsən, bu muüddət ərzində həm musiqiçi, həm də artist kimi çox inkişaf edirsən.

- Bildiyim qədər toylarda çıxış etmirsiniz. Maddi baxımdan özünüzü necə təmin edirsiniz? Dəstəkçiniz kimdir?

- Toylara nadir hallarda gedirdim, çünki repertuarım uyğun deyildi. İndiyə qədər ingilis və rus dilin mahnılar ifa edirdim. Toylarda qonaqlar adətən öz dillərində mahnılar eşitmək istəyirlər, millilik bir çox cəhətdən ön planda olur.

Tədbirlərə isə dəvət edilirəm, musiqi qrupumla birlikdə iştirak edirik.

- Sizcə, xoşbəxtlik karma sayəsində qazanılır, ya bəxt məsələsidir?

- Çox maraqlı və cavabını hələ də tapa bilmədiyim suallardandır. Həyat heç kimi boşuna mükafalandırmır və cəzalandırmır. Bu mənada karma qanunlarına sığınsam da, gücün insanın öz əlində olduğuna da inanıram. Karma oyunlarının həmişə ədalət prinsipləri üzərində rəqs etdiyinə və ondan kənara çıxmadığına dair heç kim zəmanət verə bilməz. Yetər ki, insan özü xoşbəxt olmaq istəsin, onun uğrunda mübarizə aparsın.

- Müğənnilər sosial şəbəkədə izləyicilərin aqressivliyindən çox zaman şikayət edir. Sizdə vəziyyət necədir?

- İzləyicilərimdən şikayətim yoxdur, bəlkə də auditoriyam o qədər də böyük deyil. Auditoriyan artdıqca, iradların da sayı artır.

- Karantin günlərini necə keçirirsiniz? Musiqiçilər neçə aydır səhnə və konsert salonlarına həsrət qalıb. Siz ən çox nə üçün darıxırsınız?

- Qaydalara əlbəttə ki, əməl edirdim, amma ilkin mərhələdə koronavirusa inanmırdım, vəziyyətin ciddiliyini sonradan anladım. Bu günlər mənim üçün əla keçdi, həm mənəvi, həm də fikizi baxımdan rahatlaşdım və dincəldim. Həyatın sürətinə yetişməyə çalışmırdım, bu mərhələdən həzz alırdım, belə bir məzuniyyətə ehtiyacım var idi. İndi də həmçinin, mahnılar yazıram, buna iş kimi baxmıram, həm də istirahət edirəm və qətiyyən sıxılmıram.

- Sizi niyə tv efirlərində görmürük?

- Aktiv konsert fəaliyyətim yox idi, hazırlıq mərhələsindəyik. Boş yerə efirə çıxmağa ehtiyac görmürəm, repertuarımı bir konseptdə toplayıb canlı çıxışlar etmək istəyirəm. Konseptə uyğun olmayan verilişə çıxmaq, rus və ingilis dilində mahnılar oxumaq məhsuldarlıq deyil. Verilişə çıxırsansa, öz dilində ifa etməlisən. İnsanlar yalnız bundan sonra səni qəbul edəcək.

Artıq azərbaycan dilində iki mahnım hazırdır, növbəti kompozisiyanın da hazır olmasına az qalıb. Bu repertuarımla verilişlərdə qonaq olmağı daha məqsədəuyğun görürəm. İnşallah tezliklə efirlərdə görüşərik.

- Aysel xanım, həyatınızın hansı mərhələsini yaşayırsınız və hansı mərhələsini silmək istərdiniz?

- Şəxiyyət kimi tam formalaşmışam, həyatımın yetkinlik mərhələsini yaşayıram. Silmək istədiyin səhifələrim yoxdur, yaşadığım hər hadisə yetişmədiyim vacib rol oynayıb. Yaşananlardan düzgün dərslər çıxa bilmişəm. Nəyisə silmək qazandığım təcrübəni itirmək deməkdir, bu təcrübələr həyat yolunda hələ çox lazımım olacaq. Əlbəttə ki, acı məqamlar hər birimizin həyatında olur, o ağrıları yaşamaq istəməzdim. Buna baxmayaraq, fəlsəfi tərəfdən yanaşıram, hər çətinlikdə bir məna tapa bilirəm.

- Sevilən və dəyər verilən qadın olmağın şərtləri nələrdir?

- Burda hər hansı şərt yoxdur, qadının səmimiyyəti əsasdır, qadınlığını, qadın təbiətini və energetikasını qorusa, hər zaman seviləcək. İstənilən halda biz incə, həssas bəndələrik, bütün bunlar sevilmək üçün bəs edir.

- Aysel xanım, sizcə, seksuallığın sənət və populyarlıqla bir əlaqəsi varmı?

- Populyarlıqla sözsüz ki, bir əlaqəsi var. Dünya şou-biznesində nələr baş verdiyi hamımıza məlumdur, ulduzluq açıq-saçıqlıqla ölçülür. Sənət isə daha böyük dəyərdir, onun məna yükü də ağırdır. Seksuallığın da bir neçə tərəfi var. Bu, daxildən də gələ, çox estetik bir formada özünü göstərə, xarakterin və obrazın ayrılmaz hissəsinə çevrilə bilər. Bu zaman əlbəttə ki, artist və personaj kimi səni cəlbedici edəcək.

- Xoş söhbət üçün minnətdaram, daha böyük yaradıcılıq uğurlarınızı görmək diləyi ilə.

- Təşəkkür edirəm.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm