Fransanın məşhur cərrahı: "Azərbaycan əsgərinə xidmət etməyə hazıram" - ÖZƏL
Bizi izləyin

Xüsusi

Fransanın məşhur cərrahı: "Azərbaycan əsgərinə xidmət etməyə hazıram" - ÖZƏL

Xalqımızın səfərbər olduğu bu gərgin günlərdə xarici ölkələrdə yaşayan soydaşlarımız da birlik nümayiş etdirir.

Uzun illər Fransada fəaliyyət göstərən cərrah Aida Şahniyarova da Vətənin dar günündə əsgərlərimizə peşəsi ilə xidmət etməyə hazır olduğunu qeyd edir.

Publika.az xəbər verir ki, Aida xanım Fransanın paytaxtı Parisdə Kremlin Bicetre Universitetində ümumi cərrah vəzifəsində çalışır.

- Aida xanım, pandemiya dövründə də bir çox Azərbaycan vətəndaşına təmənnasız tibbi yardımlarınızdan xəbərdaram.

- Pandemiya dövründə koronavirusa yoluxanların sağalması üçün təcili yardım və reanimasiyada bir çox xəstənin, həm Fransada yaşayan azərbaycanlı soydaşlarımızın, həm də digər millətlərdən olan vətəndaşların virusla mubarizəsində həkim kimi köməklik etmişəm. Bir çox ağır koronaviruslu xəstələrin reanimasiya şəraitində ağır formada – komada ikən həyata sağlam dönməsi, xəstələrə verdiyim şəfa, həm də virusa qarşı mübarizə məni çox ruhlandırıb.

- Ölkəmizdə baş verən son hadisələrə münasibət bildirməyinizi istəyirəm.

- Bu günlərdə bir azərbaycanlı olaraq, Ermənistan hərbi qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində atəşkəsin pozulması ilə törətdiyi təxribat və Vətən uğrunda canından keçən şəhidlərimizin acı xəbəri məni çox üzdü. Azərbaycan torpaqlarının işğalı, xalqıma qarşı 30 ildən bəri davam edən bu haqsızlıq, Xocalı soyqırımı, qanlı 20 Yanvar günləri, 1 milyondan artıq əhalinin öz yurdundan didərgin düşməsi, verdiyimiz minlərlə gənc, yaşlı və azyaşlı şəhidlərimiz, 20% torpaqlarımızın işğal altında olması hələ xatirimizdən silinməyib. Bu günə qədər verdiyimiz haqsız itkilərlə yanaşı, erməni hərbi qüvvələri tərəfindən 12 iyul 2020-ci il tarixində törədilmiş təxribat bizim üçün dözülməz və hiddətləndirici oldu. Düşmənlərimizin etdiyi bütün bu haqsızlıqlar, eləcə də digər hadisələr Azərbaycan torpaqlarının bütövlüyü, şəhidlərimiz və itkilərimiz, ən son olaraq xalqımızın əmin-amanlığı üçün bizim prinsipial mövqedən qərar vermək günümüzün yetişdiyini göstərir. Bunun üçün Azərbaycan dövləti son qərarını verməli, şəhidlərimizin qanının yerdə qalmaması, işğal altında olan torpaqlarımızı azad etmək üçün düşmənlərin bu xainliklərinin həmişə davam etməsini yaddan çıxarmamalıdır. Bu dəfə torpaqlarımızın azad edilməsinin birdəfəlik, daimi və tam olması üçün mübarizə aparmalıyıq. Bu günlərdə ermənilərin xain atəşkəs təxribatında Azərbaycan xalqının şəhidləri – əsgərləri və zabitləri düşmən qüvvələri ilə mübarizə apararkən torpaqlarımızın bütövlüyünü, müstəqilliyini qoruduqlarını tam gücləri ilə cəsurcasına göstərdilər. Allahdan onlara rəhmət, ailələrinə səbir və bir daha belə itki verməməyimizi diləyirəm.

Əminəm ki, müstəqil dövlətimiz öz ərazi bütövlüyünü qorumaq, şəhidlərimizin qanını yerdə qoymamaq, işğal edilən torpaqlarımızı azad etmək, indiyədək məruz qaldığımız bütün haqsızlıqlara cavab olaraq xalqımızın digər dövlətlər qarşısında qürurunu və qeyrətini qorumaq üçün, lazımi diplomatik, milli təhlükəsizlik hədəflərinə çatmaq üçün bu dəfə güclü, strateji və birdəfəlik son qərarını verəcək.

Artıq dəfələrlə olduğu kimi, bu dəfə də sadəcə olaraq xarici ölkələrin bəyanatları ilə, ya da sadəcə atəşi kəsməklə kifayətlənməməliyik. Verdiyimiz itkilərin daha az olması üçün, daha çox şəhid itirməmək, daha çox haqsızlığa məruz qalmamaq üçün bu gün tam və son qərarın verilməsi, bütün imkanlardan istifadə edilməsi günüdür.

- Ermənilərin ən çox yayıldığı ölkədə - Fransada yaşayırsınız.

- Elədir. Bütün bu qarğaşalara səbəb olan düşmənlərimiz illərdən bəri öz yalanlarına xarici dövlətləri, eləcə də Fransanı alət edirlər. Əslində Azərbaycan xalqını genosidə məruz qoyub, onun özünü günahlandırmağa çalışan erməni siyasətinin haqsızlıqları cavabsız qalmamalıdır. Azərbaycan xalqına səbəbsiz basqınları hər yerdə, bütün dövlətlərdə, xüsusilə də Fransada ifşa edilməlidir.

Mən Azərbaycan vətəndaşı, eyni zamanda ümumi cərrah uzmanı olaraq Vətənimin hər qarışı üçün əlimdən gələni etməyə həmişə və hər an hazır olduğumu buradan, Fransadan Vətənimə səslənərək bildirirəm. AZƏRBAYCAN xalqım üçün, onun sağlığı üçün bir həkim kimi həmişə qulluq etməyə hazıram. Hər bir Azərbaycan vətəndaşı kimi mən də torpaqlarımızın işğal altından azad olunmasını, Vətənimdə sülhün, əmin-amanlığın olmasını cani-dildən bütün vətənpərvərlik hisslərimlə arzu edirəm. Azərbaycan xalqı və vətəni müstəqildir, tamdır, Vətənimizə xainlərin çirkin əməlləri, basqınları və haqsızlıqları bizim qürurumuzu, həvəsimizi əsla qırmayacaq, əksinə, mübarizəmizə daha güclü ilham verəcək.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm