Yəhudi alimdən ÇAĞIRIŞ: "Koronavirus bizim xilaskarımızdır" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Yəhudi alimdən ÇAĞIRIŞ: "Koronavirus bizim xilaskarımızdır" - MÜSAHİBƏ

II HİSSƏ

Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz.

- Cənab Laytman, istərdim, mənə sevginin formulunu izah edəsiniz...

- Baxın, ana ilə döl arasında fasiləsiz dövr edən ünsiyyət, duyğu çarxı fırlanır. Yaradanın içindəki yaranan dəyişdikcə, inkişaf etdikcə bətnin ona münasibətini duymağa başlayır.

- Və bu məqamdan etibarən qarşılıqlı mühafizə və nəhəng sevgi formalaşır?

- Döllə ananın bir-birinin qeydinə qalmağından təbii heç nə ola bilməz. Bir-birindən asılı olan iki canlı orqanizm düşünün. Döl bütün imkanlarını səfərbər edir ki, ana onun zəifliyini, eyni zamanda fədakarlığını hiss etsin. Bu gerçəyi qəbul edib, övladının tale yükünü öz boynuna götürsün. Digər tərəfdən isə həm ana, həm də döl var olduqları mühitin harmoniyasını, sonsuz sevgilərini bir-birinə siqnal vasitəsilə ötürür. Məhz bu durmadan güclənən duyğular, bağlılıq dölün saniyəbəsaniyə irəliləyən inkişafına xidmət edir.

Döl anaya böyük məsuliyyətlə, itirmək qorxusu ilə, "ona bir şey olsa, mənim də orqanizmim məhv olar" təlaşı ilə yanaşı, səmavi güc bəxş edir. Ana özünü Yaradan, körpəsini isə şah əsəri kimi hiss etməyə başlayır.

- Yəni Yaradanımız bizi həm də öz məhvindən qorxduğu üçün qoruyur?

- Biz özümüzü Yaradanımıza tam təslim etdiyimiz müddətcə onu özümüzdən çox hiss edirik. Bu təslimiyyət bizi addım-addım ona yaxınlaşdırır.

- Bu təslimiyyət ruhumuzu zəncirləmir?

- Mənəviyyatımızın zirvəsinə çatmağın başqa yolu yoxdur. Bu baxımdan koronavirus xilaskarımızdır. Cəmiyyət qarşısında "mən" epidemiyasından qurtulub, ətrafımızdakıları düşünməsək, bu virusa qalib gələ bilməyəcəyik. Təsəvvür edin, Yer üzünün bütün sakinləri özünü, əhatəsini, şəhərini, ölkəsini, ən əsası dünyanı qurtarmaq üçün var qüvvəsini sərf edir. Ruhunu sağaltmayan cəmiyyət dünyəvi xəstəliklər qarşısında çox acizdir.

- Bəs döl (biz) özünü bətnindəki anasına (Yaradana) tabe etmək istəmirsə?

- Ta qədimdən yaxın keçmişədək aborta cəhd edən qadınları və onlara bu yolda kömək edən həkimləri qanun qarşısında ağır cəza gözləyirdi. Məsələn, İrlandiyada bətnindəki körpəni tələf edən qadın 14 il azadlıqdan məhrum edilirdi. Bəli, yaxın keçmişə qədər bu, çox sərt cəza sayılırdı. Getdikcə irland milli referendumunda abortun leqallaşmasına səs verənlərin sayı günbəgün artırdı. İrlandiyanın da baş nazirinin dediyi kimi, bu "səssiz inqilab" çağdaş dünyamızın formalaşmasına öz töhfələrini verdi. Bəli, tədricən insanlar öz qəliblərini qırmağa başladılar. Monarxiya, ən qəddar hakimiyyətlər və diktatorların idarəçiliyindən bugünkü qəribə demokratiyaya qədər uzun yol gəlmişik. İnsan artıq öz bədəni, ailəsi, pulu, davranışı ilə bağlı qərarları daha müstəqil verir. Bu gedişlə gələcəyin sakinləri azadlığı maksimum dadacaqlar. İnsanlıq əsrlər boyu azadlığa qovuşmaq üçün çox qurban verib. Lakin həqiqi azadlığın ləzzətindən, iradə azadlığının tamından hələ də xəbərsizik. Və bu məqamın kökünə çatmaq istədikcə, onu tamam itirəcəyik. Çünki ən vacib məqamı unuduruq. Azadlıq, sərbəstlik, rahatlıq tərbiyə ilə müşayiət olunmalıdır. İnsan qadağalarından qurtulduqca, özündə İNSAN tərbiyə etməlidir. Odur ki, cəmiyyətdə hansısa dəyişikliyə cəhd etmədən öncə özümüzdən soruşmalıyıq: Özülü qoyulan münasibətlər sağlam olacaqmı? Ətrafıma qarşı hansı öhdəliklərim olacaq? Mənim həqiqətim başqalarına zərər verəcəkmi?

- Cavablar hava proqnozu kimi ehtimal nəzəriyyəsinə dayanacaq axı?

- Bu sualların cavabını nə kilsədə, nə məsciddə, nə konstitusiyada, nə də cinayət məcəlləsində axtarın. Təkrarlayıram, cavablarınızı aydınlandıqca, özünüzdə tapacaqsınız. Sualların yaranması üçünsə daim dövr edən tərbiyə prosesi vacibdir.

- Yəni, döl və ana formulu...

- Bəli. İnsan artıq öz təbiətini, Yaradanla qarşılıqlı münasibətini uzlaşdırıb doğru qərar verməyə, dünyanı qorumağa, özünü bu yolda fəda etməyə başlayacaq ki, ötürdüyü sevgi özünə dönsün. Həmin günə qədər isə dünyamızda azadlıq, demokratiya adı ilə zorakılıq, terror hökm sürəcək. Mən azadam, varlıyam, qarşımdakı kasıbdır, əsarətdədir. Onu xilas etmirəmsə, hansı insanlıqdan danışırıq?!

- Elə bu xaosun mərkəzində bizi “Tanrı” adlı sehrlə susdurmağa çalışırlar...

- Tanrı materiyanın bütün qatlarını özündə cəmləşdirən qüvvədir. Kainatın bu ümumi gücü də Yaradan adlanır. Biz Yaradanı özümüzə olan münasibəti, mərhəmətinə görə dəyərləndiririk. Digər işlərinə qarışmırıq. Bizdən başqa hansı öhdəlikləri var, başqa dünyada onu necə adlandırırlar, hansı zirvəyə qoyurlar - bu haqda heç nə bilmirik. Yaradan kainatdakı bütün yaradılışın düşüncə gücüdür. Biz də o düşüncənin zərrəsiyik. Bəzən kortəbii şəkildə bu gücə tabe oluruq, sırf onun iradəsindən çıxmamaq üçün düşünülməmiş addımlar atırıq. Qısası belə deyim, Yaradanı dərk gücümüz, həyat istiqamətimiz müəyyən edir. Yəni, Yaradan bütün həyatımızı proqramlaşdırıb idarə edən düşüncədir. O, hər şeydir, hamıdır. Ömür boyu şüuraltı çatmaq istədiyimiz ən böyük zirvədir. Həyatımızın ali məqsədi Yaradana yetişməkdir. Kabbalada "Tanrı" və "Təbiət" eyni anlayışdır. Bizim üçün O, bizi hər yerdə, hər şeydə sevən, bətnində gəzdirəndir. Biz onun sevgisinin təzahürüyük. Zahirini görmürük. Amma bəxş etdiyi maddi, mənəvi nə varsa, hamısına görə məhəbbət borcunu özünə qaytarırıq. İndi siz deyin, hansı din, hansı müqəddəs bizə onu olduğu kimi xarakterizə edə, çərçivələyə, qorxu yarada bilər?!

Onunla bütövləşən ali insan Yaradanının yaratdıqlarını da sevəcək, qoruyacaq, özündən sayacaq. Xırda sevgilərdən ən nəhənginə doğru iləliləməyə can atacaq. Odur ki, Tanrının fotorobotunu elmi araşdırmalarla deyil, içinizdəki məhəbbətlə, mərhəmətlə çizin. Biz onu dinlərdə, mistikada, təbiətdə, elmdə, hətta ondan üz çevirənlərdə axtarırıq. Bir şeyi unuduruq. O, bizim ən mükəmməl halımızdır.

Tanrıya təmas etmək üçünsə dərk etməli olduğumuz əsas həqiqət var. Nə var-dövlətdə, nə də hakimiyyətdə axtarın gücü... Yalnız düzgün tərbiyədən əlac umun.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm