Məşhur professordan koronavirusa qalib gəlməyin REAL ÜSULLARI: “İmmunitet gücləndirici başqa bir yol yoxdur”
Bizi izləyin

Xüsusi

Məşhur professordan koronavirusa qalib gəlməyin REAL ÜSULLARI: “İmmunitet gücləndirici başqa bir yol yoxdur”

Bir neçə gün sonra yay mövsümü başa çatır, payızın sarı-qızılı möcüzəsi isə ilk qədəmləri atmağa hazırlaşır. Yayın başa çatması ilə birlikdə koronavirusun günəşin parlaq şüalarına dözməyəcəyi ümidi və isti havada yox olacağı ilə bağlı verilmiş proqnozları da buxarlanıb uçdu. Odur ki, mütəxəssislər havaların soyuması nəticəsində virusun yenidən şiddətlənə biləcəyindən narahatdır. Həkimlər payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin görülməsini tövsiyə edir.

Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov Publika.az-a müsahibəsində koronavirusla mübarizə aparmağın və qalib gəlməyin real yollarını açıqlayıb. O bildirib ki, yoluxmanın qarşısını almaq əslində çox sadədir. Sosial məsafə qaydalarının gözlənilməsi, əllərin yuyulması və maskadan istifadə infeksiyanın cəmiyyətdə kifayət qədər azalmasına, hətta minimallaşıb itməsinə səbəb ola bilər.

Qeyd edək ki, Əlizamin Sadıqov Azərbaycan Tibb Universitetinin, İ.P.Pavlov adına Sankt-Peterburq Birinci Dövlət Tibb Universitetinin, ABŞ-dakı Atlantik Beynəlxalq Universitetinin məzunu olmaqla yanaşı, Amerika Döş qəfəsi Xəstəlikləri üzrə Mütəxəssislər Kollegiyasının və Amerika Torakal Cəmiyyətinin ekspert üzvüdür. “Web of Science”də elmi pulmonologiyaya dair ən çox elmi məqalənin müəllifidir. Bundan başqa, həkim xəstəliyin pik dövründə sərhədlərin bağlanması səbəbindən İspaniyadan vətənə qayıda bilmədiyi üçün ispaniyalı xəstələrə yerli universitet klinikalarında könüllü kimi xidmət göstərib.

- Əlizamin doktor, karantin tədbirlərinin yumşaldılması virusun yayılmasına təsir göstərə bilərmi?

- Hər hansı cəmiyyətdə virusun yayılmasının birinci faktoru insanların gigiyena və sosial məsafə qaydalarına əməl etməməsidir. Virusun yayılma səbəbini axtarmamalıyıq, Operativ Qərargah tərəfindən qoyulan və bütün dünyada qəbul edilən qaydalara əməl etməliyik. Yoluxmanın qarşısını almaq üçün aparılan tədbirlərə əməl edilməsi infeksiyanın cəmiyyətdə kifayət qədər azalmasına, hətta minimallaşıb itməsinə səbəb ola bilər.

70 yaşlı insan sadəcə evdə qalmaqla özünü qoruya bilməz, övladları və ya nəvələri küçədə maskasız gəzib sonra evə qayıdacaqsa, bunun heç bir effekti olmayacaq. Aktivliyin məhdudlaşdırılması infeksiyanın qarşısının alınmasında ciddi rol oynamır, dəfələrlə demişəm. Cəmiyyət anlamalıdır ki, infeksiya sürətlə yayılır, bunun qarşısını almağın yeganə yolu – maskaların taxılması, sosial məsafənin gözlənilməsi və əllərin tez-tez yuyulmasıdır. Xəstəni izolyasiya etmək lazımdır, amma sağlam insanı izolyasiya edib aylarla evdə saxlamaq çıxış yolu deyil.

- Xəstəliyin şiddətlənməsində havaların soyumasının rolu olacaqmı?

- COVID-19-un hələlik vaksini yoxdur, tapılarsa əhaliyə mütləq tətbiq edilməlidir. Çünki onun zərərləri digər infeksiyalarla müqayisədə qat-qat çoxdur. Ən azı risk qrupunda olan insanların hamısı mövsümi qripə qarşı peyvənd olunmalıdır. Bu peyvəndi oktyabrın əvvəli, noyabrın sonuna qədər vurdurmaq olar. Koronavirus infeksiyası şiddətlənsə belə, qrip peyvəndi sayəsində onu azdırmaq mümkündür. Artıq bədənin müəyyən müdafiəsi olduğu üçün virusun qarşısının alınmasında təsirli ola bilər, yoluxsaq belə, ölümcül olmayacaq. Bunu tam əminliklə deyirəm. Qripə qarşı vaksin COVID-19-un ölümcül faktorunun qarşısını alacaq. Odur ki, qrip vaksinlərinin vurulmasını təbliğ etmək və buna çalışmaq lazımdır.

İngiltərədə risk qrupuna daxil olan insanlar - xroniki xəstəliyi olanlar, hamilə qadınlar, xərçəng patologiyası olan onkoloji xəstələrin hamısına mövsümi qripə qarşı qrip vaksini vurulub ki, ölüm faktı olmasın. Sadəcə koronavirusun deyil, qripin də üzərinə getmək lazımdır. Qrip də az ölümcül deyil.

- Deyirsiniz ki, immuniteti gücləndirməyin ən optimal yolu vaksinasiyadır?

- Bəli, yalnız vaksinasiya hesabına immuniteti gücləndirmək olar. İmmunitet gücləndirici başqa bir yol yoxdur. Xəstəlik və onun müalicəsi var. Bu gün xəstəliyə qarşı ən yaxşı profilaktika vaksinasiyadır. Cəmiyyətlərdə immunizasiya hər hansı istiqamətdə mütləq olmalıdır. Qripin qarşısını almaq lazımdır ki, ölüm faktları ikiqat olmasın.

- Bəs qrip və koronavirusa eyni anda yoluxmaq mümkündürmü?

- İmmun sisteminin iki eyni gərginlikdə çalışması və ya iki infeksiyaya eyni anda yoluxmaq mümkünsüzdür. COVID-19-un gərginliyi varsa, rinovirus, adenovirus və soyuqdəymə faktları o qədər də aktual olmayacaq. Əgər cəmiyyətdə koronavirus cərəyan edirsə, başlıca işimiz onunla mübarizəyə qarşı olmalıdır. Amma digərləri haqqında da unutmaq olmaz. O səbəbdən ki, zəifləmiş insana yeni infeksiyanın yoluxması vəziyyəti daha da pisləşdirə bilər.

- Pandemiyanın əvvəlindən bu günədək COVID-19-un müalicə protokollarında hansı dəyişikliklər nəzərə çarpır?

- Çox böyük dəyişikliklər var, müalicə protokollarının hamısı imperium protokollardır. Yəni situasiyadan asılı olaraq sabah yeni nanodərman, yeni nanotexnologiya çıxarsa, köhnə müalicə kənara qoyulur. Çünki effekti tapılmır. Çox təəssüf ki, Azərbaycan həkimləri hələ də "Azitromisin" istifadə edir. Ən azından ayıbdır. Dünya bundan altı ay əvvəl imtina edib, niyə Azərbaycan həkimləri köhnə iynələrə sadiq qalır? Niyə yeni protokol tətbiq olunmur? Xəstəliyin müalicəsində iki dərman öz təsdiqini tapıb, bunlardan biri "Remdesivir"dir və kifayət qədər yüksək effektə malikdir. Tənəffüs çatışmazlığı olan ağır xəstələrdə istifadə edilən digər dərman "Deksametazon"dur. Tam əminliklə demək olar ki, bu iki dərmanın təsiri böyükdür. Digər dərmanların effektivliyi hələ ki, sübut olunmayıb. Yeni dərman vasitəsinin effektivliyi sübut olunarsa, sənədlərdə qeyd olunacaq.

- COVID-19-u asimptomatik keçirən xəstələrin ağciyərlərində hansısa problemlər meydana gələ bilərmi?

- Ola bilər, adi rentgen bunu göstərməsə də, ağciyərlərin kompüter tomoqrafiya müayinəsi bir sıra xəstələrdə asimptomatik xəstələrdə buzlu şüşə simptomunu göstərə bilir. Heç bir əlamət olmasına baxmayaraq, hətta 15-25 faizə qədər zədələnmə ola bilər. Şəxsi təcrübəmdə yüzlərlə belə fakta rast gəlmişəm. Mindən çox koronavirus xəstəsi müalicə etmişəm, onların yüzdən çoxunda bu hadisəni izləmişəm. Bu, virus zədələnməsi ilə bağlıdır. Xüsusilə cavan və immun sistemi yaxşı işləyən insanlarda virus zədələnməsinin simptomları özünü göstərməyə bilir. Hətta 27 yaşlı insanda 30 faizə qədər ağciyər zədələnməsi olsa da, xəstə bunu hiss etməyə bilər. Bu gün nadir hallarda olsa da, ağciyər zədələnməsi 50-60 faiz olan asimptomatik xəstələr var ki, heç bir simptom yoxdur. Bu, immun sisteminin qabiliyyəti hesabına baş verir. Prosesi interstitial damar səviyyəsinə qədər lokallaşdırır, qazlar mübadiləsinin getdiyi obyekt və substansiya səviyyəsində alveolların zədələnməsi olmadığı üçün təngənəfəslik və öskürək kimi simptomlar baş vermir.

- Kütləvi immunitetin qazanılması barədə nə deyə bilərsiniz?

- Düşünmürəm ki, verilən rəqəmlər kütləvilik prinsipi baxımdan real göstəricidir. Məsələn, İngiltərədə və Amerikada 500 min xəstə varsa, ekspertlər düşünür ki, bu, 1 milyondur. Sereloji testlərdən alınan nəticə çox kiçikdir, verilən rəqəmlər və test nəticələri arasında uyğunsuzluqlar yarana bilər. Real göstəricilər nəzərə alınarsa və dəqiq hesablamalar aparılarsa, yüz minlərlə test nəticəsi pozitiv çıxacaq. Bu gün real situasiyanı nəzərə alsaq, Azərbaycanda koronavirus xəstələrinin sayı 38 min deyil, qat-qat çox olacaq.

- İkinci dalğa birincidən daha güclü ola bilərmi?

- Birinci dalğa bitməyib ki, ikinci gəlsin. COVID-19 cəmiyyətdə hələ də sirkulyasiya edir. Lakin birinci dalğanın yenidən güclənməsi mümkündür. Dalğa bilirsiniz nə zaman başa çatır? Sahilə gəlib yaxınlaşda. Birinci dalğa hələ sahilə çatmayıb, okean və dənizdədir. Bu dalğanın güclənməsi gözləniləndir. İkinci dalğadan yalnız o halda danışmaq olar ki, yoluxma sayı sıfırlansın. Xəstə sayı sıfıra enərsə, sonra yenisi yaranarsa, ikinci dalğadan danışmaq olar.

Aytən Məftun

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respblikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layhəsi çərçivəsində hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm