Tanınmış bioloq COVID-19 və dərman istehsalında baş verənlər haqqında: “20 il çəkə bilər”
Bizi izləyin

Xüsusi

Tanınmış bioloq COVID-19 və dərman istehsalında baş verənlər haqqında: “20 il çəkə bilər”

İlya Meçnikov adına Peyvənd və Zərdab İnstitutunun Eksperimental Viroloji Laboratoriyasının rəhbəri, rusiyalı bioloq İrina Leneva peyvəndlər və antiviral dərmanların effektivliyindən söz açıb.

Publika.az ekspertin Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir:

- Koronavirusa qarşı antiviral dərmanlar inkişaf etdirilsə də, niyə çoxu sınaqlardan keçmir, gözləntiləri doğrultmur?

- İndi heç bir dərman mövcud məlumatlara əsaslanaraq tamamilə təsirli və təhlükəsiz olaraq tanına bilməz, ancaq virusun yeni yarandığını və onun haqqında çox az məlumat olduğunu anlamaq lazımdır. Terapiya isə sübut olunmuş bazanın müqayisəsinə əsaslanmalıdır. Klinik tədqiqatların nəticələri görünənə qədər doğru müalicə yalnız praktik təcrübələr əsasında əldə edilə bilər. Ancaq burada da hər şey o qədər də sadə deyil. Epidemiyanın başlanğıcında Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq həmrəylik tədqiqatı elan etmişdi, lakin indiyədək araşdırılan dərmanların heç biri ürəkaçan nəticələr göstərməyib, bunlar antimalarial klorokinlər, HİV üçün istifadə olunan antiviral dərman lopinavir/ritonavir və başqalarıdır.

- İlkin tədqiqatların müsbət nəticələri var, amma klinik nəticələr əksinədir. Bunu nə ilə əlaqələndirmək olar?

- Koronavirus infeksiyası əslində iki xəstəlikdir - birincisi kəskin tənəffüs yoluxucu viral infeksiya. İkincisi isə bakterial sətəlcəm və sitokinlərin nəzarətsiz şəkildə artması ilə əlaqəli ağciyərlərin daha çox immunopatologiyasıdır. Bunlar “sitokin fırtınası” adlanan iltihab faktorlarıdır ki, nəticədə ağ ciyərlərin məhvinə və ölümə səbəb olur. Bu vəziyyətdə vücuddakı virus immunitetin kəskin reaksiyası səbəbiylə çox sürətlə ölür. Bədənin iltihabönləyici mexanizmlər səbəbindən inkişaf edən immun cavabını dayandıra bilməyəcəyi vəziyyətdə “sitokin fırtınası” baş verir və bu, artıq xəstəxanaya yerləşdirilməli olan ciddi vəziyyətdir.

Asimptomatik gedişat və ya çox yüngül simptomlar, həmçinin virusun çoxalma müddətinin qısa olması antiviral dərman istehsalçılarının qarşılaşdıqları çətinliklərə səbəb olur. Xəstə ilk simptomları hiss etməyə başladıqda immunitet reaksiyası virusu məğlub edir, terapiya gec başladığı üçün antiviral dərmanlar təsirsiz görünür. Bununla birlikdə, xəstəliyin daha da inkişafı müalicənin nə qədər erkən başladığına və insanın immun sisteminin vəziyyətinə bağlıdır.

- “Sitokin fırtınası” və ya bakterial sətəlcəm inkişaf edərsə, antiviral dərmanlar kömək edəcəkmi?

- Əlbəttə ki, bu vəziyyətlərin hər biri tamamilə fərqli üsullarla müalicə olunur və ikinci, immunopatoloji mərhələ artıq virusla birbaşa əlaqəli deyil. Odur ki, simptomlar ortaya çıxdıqdan sonra ilk saatlarda xəstəni mümkün qədər erkən klinik araşdırmalara daxil etmək lazımdır. Bəzi tədqiqatlarda süni nəfəs cihazına bağlı olan ağır xəstələri antiviral dərmanlarla müalicə etməyə çalışdıqlarını görürük, lakin bu, onlara kömək etməyəcək. Bu xəstələrin terapiyası fərqli aparılmalıdır.

Yuxarıda göstərilən səbəblərə görə müalicəyə mümkün qədər erkən başlanmalı və virusa yoluxmuş şəxslə təmasda olduqdan dərhal sonra virus infeksiyalarının profilaktikası üçün göstərilən dərmanlardan istifadə etmək lazımdır. Həm digər ölkələrin müalicə standartlarında mövcud olan antiviral dərmanları, həm də digər göstəricilər üçün əvvəllər qeydiyyatdan keçmiş yerli antiviral və immunomodulyatorları istifadə etmək olar. Bunlar Arbidol kimi tanınan interferonlar, interferon induktorları, polioksidonium, galavit və umifenovirdir. Qeyd etmək lazımdır ki, bu dərmanlardan arbidol Çindəki müalicə standartlarına da daxildir, dünyanın bir neçə laboratoriyasında effektivliyinə dair eksperimental məlumatlar əldə edilib.

- Arbidol qripin müalicəsində istifadə edilən dərman kimi tanınır, COVID-19-un müalicəsi üçün də uyğundurmu?

- Tamamilə belə deyil, Arbidolun aktiv komponenti – umifenovir virusun səthindəki xüsusi zülala yapışaraq insanın hüceyrəsi ilə birləşməsi prosesinə maneə törədir. Beləliklə, səth zülalına bənzər quruluşa sahib olan bütün viruslarda umifenovir molekulu hüceyrəyə nüfuzetmə prosesinə maneə törədə bilər. Odur ki, yeni növ koronavirusda bu S-zülalı adlanır, qrip virusunda hemagglutinindir. Buna görə Arbidol geniş spektrli antiviral dərmanlar qrupuna aiddir.

- Koronavirusun müalicəsində digər antiviral dərmanların perspektivləri nədir?

- COVID-19 müalicəsi üçün mövcud antiviral dərmanların istifadəsi daha çoxdur. Məsələn, Rusiyada qeydiyyata alınan yapon favipiraviri əvvəlcə qripin müalicəsi üçün hazırlanmışdı. Onun simptomatik terapiya ilə müqayisədə müəyyən bir effektivlik göstərən klinik tədqiqatlar aparılıb.

Hazırda bir neçə dərman klinik sınaqdan keçir. Əsasən bunlar immunoloji dərmanlardır - sitokinlərin təsirini bloklayan və bununla da “sitokin fırtınası”nın təsirlərini azaldan monoklonal antikorlardır. Remdesivir və immunomodulyatorlar, polioksidonium kimi antiviral dərmanlar da klinik sınaqlardan da keçib. Ancaq bu tədqiqatların nəticələri və tədqiqat protokolları ictimaiyyətə açıq deyil, buna görə perspektivləri barədə daha ətraflı danışa bilmərəm.

- COVID-19-un müalicəsi üçün xüsusi dərman nə zaman ortaya çıxacaq?

- Düşünmürəm ki, yaxın gələcəkdə görünməyəcək. Bir neçə səbəb var, birincisi, yeni SARS-CoV-2-yə təsir edən yüksək spesifik dərmanın inkişaf etdirilməsi 5-20 il çəkə bilər. Belə layihə yüzlərlə potensial birləşmənin sintezini, onların antivirus fəallığının qiymətləndirilməsini, ən aktivinin seçimini və kliniki tədqiqatların tam silsiləsini əhatə edəcək. Ancaq həqiqətən spesifik vasitə peyvənddir.

- Vaksinin geniş tətbiqindən sonra antiviral dərmanlara ehtiyac yox olacaqmı?

- Qripə qarşı mübarizə təcrübəsi göstərir ki, peyvənd spesifik profilaktik vasitə olsa da, immunitet reaksiyası əsasən bədənin vəziyyətindən asılıdır. Zəif immuniteti, xroniki xəstəlikləri olan və ya obez insanlarda peyvənd sağlam insanlara nisbətən daha zəif cavab verir. Bu insanlar daha şiddətli koronavirus infeksiyasının inkişafı ilə əlaqəli risk qruplarına daxildir. Odur ki, antiviral profilaktika və terapiyanın peyvənddən sonra da aktual olaraq qalacağını düşünürəm.

Risk qrupuna daxil olan xəstələr dərman və ya peyvənd sınaqlarına daxil edilmir və onların təsiri kütləvi istifadəyə başladıqdan sonra qiymətləndirilə bilər. Bu səbəbdən də epidemioloji tədqiqatlar nəzarət edilən və sərt tənzimlənmiş şəraitdə deyil, real praktikada nələrin baş verdiyini göstərmək üçün vacibdir.

Epidemiyanın başladığı Çində koronavirus xəstələrinin necə müalicə olunduğu, istifadə edilən dərmanlar və bu dərmanların effektivliyindən bəhs edən onlarla epidemioloji tədqiqat yayımlandı. Rusiyada bu cür tədqiqatlar hələ də azdır.

- Niyə digər ölkələrin təcrübəsini tamamilə təkrarlamaq mümkün deyil?

- Səhiyyə sisteminin xüsusiyyətləri, antiviral dərmanların mövcudluğu və coğrafi xüsusiyyətləri nəzərə almaq lazımdır, bu səbəbdən epidemioloji tədqiqatların nəticələri başqa ölkələr tərəfindən təkrar edilə bilməz, öz milli tədqiqatlarımızın aparılması tələb olunur.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm