Xüsusi
Heydər Əliyev Sevil Əliyevaya deyib ki, Tərlanı övladlığa götürmüşəm... - Eks-deputat SİRLƏRİ AÇDI
Torpaq insanı müdrik çağlarında özünə daha çox bağlayırmış. Əməyi ucan tutan zəhmətkeş insanlarda isə bu bağlılıq tamam başqa cür olur, Vətənə bağlılıq onları torpaqdan uzaqlaşdıra bilmir. O qədər bağlılıq yaranır ki, insan doğma yurduna gedəndə az qalır əyilib torpağı öpsün. Elə müsahibim kimi. O, torpaqdan uzaqlaşa bilmir, ondan ruh alır. Deyir, kabinet adamı deyiləm, torpaqdan nəfəs alıram.
Torpağa illərini verən, 23 yaşında ittifaqın ən gənc millət vəkili olan, SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, qabaqcıl pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva Publika.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Tərlan xanım, hazırda ölkəmiz Vətən müharibəsi aparır, torpaqlarımız işğaldan azad olunur. Ölkədə baş verən son hərbi-siyasi proseslərə münasibətinizi öyrənmək istərdim.
- Müstəqilliyimizi əldə edəndə bizi 160 ölkə tanıyırdısa, artıq bu müharibədən sonra bütün dünyanın diqqəti kiçik ölkə olmasına baxmayaraq, Azərbaycana cəmlənib. Müharibənin bizim böyük qələbəmizlə başa çatacağına şübhəm yoxdur. Bütün dünya haqqı və ədaləti görəcək. Biz müharibəni beynəlxalq qanunlar çərçivəsində aparırıq, öz ərazilərimizdə, 30 ildir həsrətini çəkdiyimiz öz torpağımız uğrunda döyüşürük. Bu savaşda iştirak edən çoxlu sayda könüllü döyüşçülərimiz var. Biz yaşlı nəsil bəlkə də ümidimizi üzmüşdük torpaqların alınmasında, ancaq yenə də ailələrdə valideynlər övladlarını vətənpərvərlik ruhunda böyüdüblər. Ona görə də 30 ildir bu torpaqların həsrətində olan övladlarımız bizdən daha çox istəyirlər ki, işğala son qoyulsun. Erməni işğalçıları artıq öz hədlərini aşdılar, sərhədlərimizdə təxribat həyata keçirdilər, dinc əhalinin üstünə mərmilər yağdırdılar. Bu da bütün xalqımızı ayağa qaldırdı və birləşdirdi. Tovuz döyüşləri zamanı xalq Qarabağ deyib küçələrə axışmışdı. Gənclərimizin necə vətənpərvər olduqları hiss olunurdu. Bu məni bir ana, qadın və Azərbaycan vətəndaşı kimi o qədər qürurlandırdı ki, baxıb çox sevinirdim. Bəzi təxribatçılar istisna olmaqla o gecə hər kəs Qarabağın azadlığı uğrunda nümayişə qoşuldu. İndi də Ali Baş Komandanımızın rəhbərliyi ilə haqq savaşımızı aparırıq. Böyük qələbəmiz çox yaxındadır.
"Ulu öndər rəhmətə gedəndə ümidim qırıldı, ancaq..."
- Son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytaran, tarixi ədaləti bərpa edən Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini necə qiymətləndirirsiniz?
- Cənab Prezidentin siyasətini çox bəyənirəm. O, 30 il sonranı görür. O vaxtlar İlham Əliyevin namizədliyi irəli sürüləndə əksəriyyət deyirdi ki, çox gəncdir. Ancaq mən dedim ki, o, Heydər Əliyevin ailəsində böyüyüb, o məktəbi keçib və dövlətimizi də çox yaxşı idarə edəcək. Mən Heydər Əliyevin adamlarından olmuşam. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Heydər Əliyev hakimiyyətdə olarkən etdiyi bütün çıxışlarda torpaqlarımızın bir qarışının belə işğalda qalmayacağını, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəmizin davam etdiriləcəyini deyirdi. Ulu öndər rəhmətə gedəndən sonra artıq ümidim qırıldı. Dedim ki, bu torpaqları biz çətin geri qaytararıq. Bir ümidsizlik var idi məndə. Ancaq bilirdim ki, İlham Əliyev elə bir ailədə böyüyüb, tərbiyə alıb ki, apardığı siyasət bu məsələni həll edəcək. Ulu öndərin öz varisinə necə inamı olduğu kimi mənim də İlham Əliyevə o cür inamım var idi. Amma həmişə müsahibələrimdə Qarabağa tezliklə gedəcəyimi deməyə çəkinirdim. Ancaq son vaxtlar dövlət başçısının apardığı siyasət məni yenidən ruhlandırdı və tezliklə nəsə olacağını hiss edirdim. Doğrudan da bu, gözlənilməz bir şey oldu. Ermənilər beynəlxalq hüquqa zidd hərəkətlər etdilər və biz əks-hücum əməliyyatlarına başladıq. 30 ildir fikirləşirdik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Ancaq bunu istəməyən qüvvələr var idi. Onlar əllərində bayraq tutub deyirdilər ki, torpaqlar bir daha alınmayacaq. Dövlət başçısı da istəyirdi ki, sülh olsun, heç bir sakinimiz həlak olmasın, şəhidlərimiz olmasın. Ancaq bu gün cəbhə bölgəsində yaşayan xalqımız o qədər mətin durub ki, göydən mərmilər yağır, yenə də qorxmurlar. İnsanlar öz təsərrüfatları ilə məşğuldurlar. Xalq Prezidentimizə, Ordumuza güvənir. Deyərdim ki, Qarabağ savaşı, İlham Əliyevin uğurlu siyasəti ölkənin bütün siyasətçilərini birləşdirdi. Ölkəmizdə indi hər kəs bir yumruq olub, haqq mübarizəsi aparır. Ancaq bəziləri xaricdə oturub, dövlətin əleyhinə danışır. Əslində, indiki dövrdə hər kəs həmrəy olmalıdır. Ancaq onlar bizim haqq mübarizəmizdə bizə dəstək olmaq əvəzinə düşmən dəyirmanına su tökürlər. Deyərdim ki, həmin şəxslər sadəcə dil öyrənmək üçün gediblər xaricə, ya da başqa məqsədlər üçün. Yaşadıqları ölkənin dilini öyrənib özlərini savadlı adlandırırlar. Dil bilmək məgər savadlılıqdırmı?! Gərək düşüncən, ağlın, dərrakən də yerində olsun. Vətəndaşlarımız İlham Əliyevin siyasətinə güvənir. Xalqımızın duaları Ali Baş Komandanı, hərbçilərimizi və haqq yolumuzda bizə dəstək olan hər kəsi qorusun.
"Nənəm dünyadan köçəndə dedi ki, Qarabağ torpağını gözümə tökün"
- Tərlan xanım, sizin doğma rayonunuz, eyni zamanda digər bölgələrimiz erməni işğalçıları tərəfindən atəşə tutulur, dinc sakinlərimiz öldürülür. O dövrlərdə ermənilərlə birgə yaşayış var idi. Onlar uşaq doğulanda türklərin düşmən olduğunu söyləyirlər. Özünüzə qarşı ermənilər tərəfindən hansısa neqativ addımların şahidi olmuşdunuz? Onlar bu çirkin xislətlərini o zamanlar da göstərirdilərmi, xalqımıza münasibətləri necə idi?
- Mən iki seçki SSRİ Ali Sovetinin deputatı olmuşam. Dağlıq Qarabağdan 2-3 erməni deputat həmişə seçilirdi. Onlar bizlə Azərbaycanda yaxın münasibətdə olurdular, həmişə xarici səfərlərə gedirdilər. Mən xidməti maşınımla onları Xankəndiyə, Ağdərəyə evlərinə aparırdım. Azərbaycanda olanda bizimlə dostcasına, mehriban olurdular. Amma biz xarici səfərlərə gedəndə, xüsusilə də Moskvaya səfər edəndə qaçırdılar, elə bil ki, heç bizi tanımırlar. Hoteldə Ermənistan deputatları ilə birləşib günlərini onlarla keçirirdilər, Azərbaycanın nümayəndə heyəti ilə qətiyyən yaxınlıq etmirdilər. Mən o zamandan onların bizə qarşı soyuqluğunu, məkrli planlar qurduqlarını hiss edirdim. Sonuncu dəfə 1989-cu ildə deputatlığa üçüncü namizədliyim veriləndə mən namizədliyimi geri götürdüm. Çünki son sessiyalarda Mixail Qorbaçov ermənilərin tərəfini tuturdu və bizi qəbul edəndə yenə də onların xeyrinə danışırdı. O zaman Qarabağa muxtariyyət məsələsi yeni başlamışdı. Artıq bizlə seçilən deputatlar xarici səfərə gedəndə bizimlə eyni reysdə belə getmirdilər, başqa təyyarə ilə səfər edirdilər. Hiss olunurdu ki, onlar gizli şəkildə plan hazırlayırlar. Parlamentdə Heydər Əliyevlə yanaşı otururduq. İclas zamanı mənimlə söhbət edirdi, deyirdi ki, Tərlan, bu məsələlər mən işləyən dövrdə də var idi. Onlar muxtariyyət məsələsini qaldırır, Dağlıq Qarabağı tələb edirdilər. Ulu öndər deyirdi ki, bu zaman mən onlarla görüşlər təşkil edirdim, Qarabağda xəstəxana, məktəblər tikdirirdim və onların açılışında iştirak edirdim. Çıxışlarımda deyirdim ki, siz Azərbaycan vətəndaşısınız, bizimlə birgə yaşayırsınız və bundan sonra da bizim qanunlarla yaşamalısınız. Ancaq Heydər Əliyev Moskvaya gedəndən sonra erməni lobbiləri fəallaşdı və Qarabağa olan iddiaları artdı, o dövrkü rəhbərlik bu proseslərin qarşısını ala bilmədi. O vaxtdan biz ermənilərin xalqımıza qarşı olan çirkin niyyətini hiss edirdik.
- Ermənilərlə yenidən birgə yaşayışı təsəvvür edirsiniz?
- Ali Baş Komandanımız hər çıxışında bu məsələyə toxunur. Beynəlxalq hüquqa görə bu olmalıdır. Bizim respublikamızda xeyli sayda azsaylı xalqlar yaşayır. Onlarla mehriban, dostluq şəraitində yaşayırıq. Ancaq mən bu qədər olanlardan sonra ermənilərlə dostcasına yaşamağı, mehriban münasibət qurmağı təsəvvür edə bilmirəm. Onlar çörəyi dizinin üstündə olan millətdir. Burda sənin çörəyini yeyib, arxada səni pisləyir. Yaltaqdırlar. Son günlərdə olan bir hadisəni danışım. Ermənilər yaşlı insanları döyüş bölgəsində qoyub qaçıblar. Bizim hərbçilərimiz humanistlik göstərərək onları götürüblər və qayğı göstərilib. Ancaq onlar Ermənistana qayıdan kimi dünya mətbuatına ac-susuz saxlandıqlarını deyirlər. Görün, bunlar nə qədər naxələf, vicdansız millətdirlər. Onlara yaxşı demək olmaz. Ancaq bizim qanunlarımız, Konstitusiyamız çərçivəsində Qarabağda yaşaya bilərlər. Ancaq 30 ildən sonra yenə muxtariyyət istəyəcəklər. Onlar tarix boyu bizdən torpaq qoparmağı qənimət biliblər. Necə ki, İrəvanı, Zəngəzuru götürüb özlərinə dövlət yaratdılar. Amma yaşasalar da ehtiyatı əldən verməməliyik. Qurdla dostluq et, amma çomağını əlindən qoyma. Çünki onlara da dəstək olanlar var. Dövlət başçısı hər xalqa müraciətində sual verir, bu qədər silah-sursat onlarda hardandır? Nə qədər məhv edilsə də bitmir, tükənmir. İllərlə yığıblar. Çökmüş, zəif, kasıb bir ölkə bu qədər silahı hardan ala bilər. Onlar silah da istehsal etmirlər. Hansı vəsaitlə alıblar? Bizdə Müdafiə Sənayesi Nazirliyi var, silah istehsal edirik. Onlarda bu yoxdur. Deməli onları dəstəkləyənlər var və silahlar hədiyyə edilir. Həmin qüvvələrə sərf edir ki, Qarabağ işğal altında qalsın. Mən Bərdədə doğulub böyüsəm də, anam laçınlı, atam Qubadlı rayonundandır. Mən qarabağlıyam. Dayılarım, əmilərim, xalalarım, bibilərim hamısı qaçqındır. 30 ildir mən bu qaçqın qohum-əqrəba ilə yaşayıram. Onların çoxu həyatdan köçüb. Mənim dayım Laçın deyə-deyə dünyadan köçdü. Qohumlarım torpaq həsrəti ilə can verdilər. Dayım vəsiyyətində Laçının suyunu istədi. Nənəm 110 yaşında rəhmətə getdi, deyirdi ki, Qarabağ torpağından kaş mənim gözümə tökərdin. Onlar torpaq deyə-deyə dünyadan köçdülər. Biz Qarabağı geri almasaq, bu mərhumların ruhu şad olmayacaq.
"İşləməyə məcbur idim, indi kolxozçu olmağımla fəxr edirəm"
- Tərlan xanım, SSRİ-də, müstəqillik dövründə deputat olmusunuz, ittifaqda tanınmış pambıqçı idiniz. Sizi həmin dövrün insanları çox yaxşı tanıyır. Keçmişdən, elə o dövrdən soruşmaq istəyirəm. Pambıqçı kimi işə başlamağınızdan, təhsilinizdən və nəhayət 23 yaşda ittifaqın ən gənc deputatı olmağınızdan. Deyərdim ki, tamam ayrı-ayrı sahələrdir pambıqçı və siyasətçi. Necə oldu, pambıqçılıqdan parlamentə gəldiniz?
- Kasıb bir ailədə doğulub böyüsəm də, Tərtər şəhər 1 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Əvvəllər heç vaxt ali təhsili fikirləşmirdim. Düzdür, həmişə yaxşı oxuduğumu deyirdilər. Məktəbin son ilində qərar verdim ki, əvvəl işləyəcəm, sonra isə oxuyacam. Çünki ailəmizin maddi durumu ali təhsil almağıma imkan vermirdi. Təhsil pulsuz idi, ancaq paytaxtda gəlib yaşamağa yerim, qohumum, ya da kirayədə qalıb ödəyəcək pulum yox idi. Bütün bunlar ailəmi çətinə salardı. Düşünürdüm ki, işləyə-işləyə qiyabi təhsil alaram. Arzum pambıqçı mexanizator olmaq idi. Bərdədə 1 illik peşə məktəbinə getdim və oranı qırmızı diplomla bitirdim. 1973-cü ildə kolxoza gələrək əmək fəaliyyətinə başladım. 1976-cı ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunu da qırmızı diplomla bitirdim. Daha sonra bu məni qane etmədi. Gördüm ki, tanınıram, seçilirəm və respublikadan kənarda da tanınırdım. Düşündüm ki, mütləq ali təhsil almalıyam. 23 yaşında deputat olan il sənədlərimi Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutuna verdim. Sonra mənim namizədliyim irəli sürüldü. Müəllimlər savadımı görüb dedilər ki, niyə əyani yox, qiyabi oxuyursan? Mən ailəmin maddi durumunu yaxşılaşdırmağı və öz ayaqlarımın üstündə durmaq istədiyimi dedim. İşləməyə məcbur idim. Nənəm məni 12 manat pulu ilə saxlayıb. Arzularım çox idi, amma maddi durumumuza görə onu nənəmə deyə bilmirdim. Biz məktəblərdə qəzetlərə abunə yazılırdıq. Ancaq 1 manat 20 qəpik imkanım olmurdu ki, o pulu ödəyim. Nənəmin 12 manat pulunu gözləyirdim. Ona görə də özüm çalışmaq, pul qazanmaq istəyirdim. O vaxtdan məndə prinsipiallıq var idi və bu məni arzuma çatdırırdı. Kolxozçu olmağımla fəxr edirdim. Alim olmaq istəmirdim. Alim olsam da deyirdim ki, tarlada çalışacam. Amma sonradan başa düşdüm ki, elmi dərəcə də lazım imiş. Təhsildən doymurdum. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarə edilməsi ixtisasını qırmızı diplomla bitirdim. Çox istəyirdilər ki, mən orada dərs deyim. Amma elmi dərəcəm olmadığı üçün məni universitetdə saxlaya bilmədilər. Siyasətin içində böyüdüm. Cəmiyyətdə tanınırdım, sözüm keçirdi, xalq üçün nələrsə edirdim. 9 rayon üçün mən hər şeyi etmişəm. Maaşla dolanan insan idim, qanunlara zidd hərəkətlər etmirdim. Xalq üçün dövlətin, nazirlərin qarşısında hansı tələbi qoyurdumsa, o məsələ mütləq həll edilirdi. O zaman səlahiyyətlərimiz də geniş idi.
"Heydər Əliyev kolxozumuzun rəhbərinə dedi ki, belə qadınlarımıza kömək edin"
- Dediniz pambıqçı mexanizator olmusunuz. Bildiyim qədərilə qadınlar az seçərdi o sahəni, çünki daha çox kişi əməyi tələb edirdi. Tərlan xanım, çətin deyildimi sizə, maraq necə yarandı?
- O zaman pambıqçılıq dövlət səviyyəsində birinci yerdə idi. Qara qızılla ağ qızıl bir yerdə tutulurdu. Pambığın maşınla yığılması çətin idi, ancaq mənim orta məktəbdə oxuyandan buna marağım var idi. Böyük şairimiz Nəbi Xəzrinin "Günəşin bacısı" poemasını böyük həvəslə oxudum, öyrəndim və o poemadan həmişə tədbirlərdə parçalar söyləyərdim. Bu poema ilk mexanizator qadın olan Sevil Qazıyevaya həsr edilib. O, gənc yaşında faciəli şəkildə dünyasını dəyişib. Həmişə qəzet və jurnallardan onun fotolarını kəsib toplayardım. Ondan sonra işləyən bütün qəhrəman qadınların şəkillərini toplayıb albom düzəltmişdim. O maraq məni peşə məktəbinə apardı. Çox ağır bir sahədir. Burda çalışan kişilər belə çətinliyə dözə bilmirlər. Dayım mexanizator idi və eşidəndə ki, mən də mexanizator olmaq istəyirəm, fikrimdən daşındırmaq istədi. Dedi ki, vaxtını itirmə, oxu, təhsil al, həkim, müəllim ol. Dayımgilin bir inəkləri var idi, dedi ki, onu sataq, səni Bakıya aparım, imtahan ver, universitetə gir. Dedim ki, yox, mexanizator olacam. Bu sahəni seçdiyimə görə də peşman deyiləm. Heç bilmirdim ki, sonralar mən bu peşə ilə tanınacam, dövlət mükafatlarına layiq görüləcəm, dövlətin birinci şəxsi mənimlə görüşəcək, işimlə maraqlanacaq. Mənə yerli əhali çox təzyiqlər etdi. Kişi iş yoldaşlarım mənə gülürdülər, kinayə ilə baxırdılar. Maşınımın mühərrikini sıradan çıxardılar ki, bezib gedim tarladan. Amma prinsipiallığım mənə kömək etdi. Ulu öndər də mənim əməyə hörmətimi, bu peşəyə məhəbbətimi ilk görüşdən gördü və mənə dəstək oldu. Kolxozumuzun rəhbərinə dedi ki, belə qadınlarımıza kömək edin. Həftənin hər günü demək olar ki, jurnalistlər rayona gəlib məndən müsahibə alırdılar.
- Tərlan xanım, ulu öndər siyasətinin davamçısı, Ali Baş Komandan İlham Əliyev hakimiyyətə gələndən sonra ölkəmiz daha da inkişaf etdi. İ.Əliyev də ulu öndər kimi pambıqçılığa diqqət yetirir. Son illərdə pambıqçı qadınlarla görüşdü, onların iş şəraiti ilə maraqlandı. Bu gün bu təsərrüfatın inkişafı yenidən gündəmdədir... Pambıqçılıqla bağlı indiki durumu necə qiymətləndirirsiniz?
- İlham Əliyev kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərir, pambıqçılarla görüşür, onların işi ilə maraqlanır. Bu da insanlarda ruh yüksəkliyi yaradır. Bir müddət pambıqçılığa diqqət olmadı və insanlar həvəsli deyildilər. Ancaq ölkə başçısı bu sahəyə xüsusi önəm verdi. Dövlət səviyyəsində bu iş nəzarətə götürüldü və insanların böyük həvəsi oldu. Bu məni çox sevindirdi. Bir pambıqçı kimi cənab Prezidentə minnətdaram. Ailə üzvlərimdən, qohumlarımızdan bu sahə ilə məşğul olanlar var. Dövlət bütün çəkilən xərclərə kömək edir. İndi ölkəyə müasir pambıqyığan maşınlar gətirilib. O vaxtlar çox nəhəng maşın idi. Mən o böyük maşınları idarə edirdim. Övladlarım filmlərimə baxanda deyirdilər ki, sən bu böyüklükdə maşını necə idarə etmisən? Ancaq indi hər şey müasirdir. Biz pambığı bir neçə dəfə yığırdıq. Amma bu gün müasir maşınlar birdəfəyə yığır. Bu, həm də yanacağa qənaət edir və insanlar əziyyət çəkmirlər. İnsan əməyindən demək olar ki, az istifadə edilir. İnsanlar ancaq pambığın yetişdirilməsində kömək edirlər. Müasir maşınları görürəm, yenidən gedib pambıq yığmaq istəyirəm.
"Ulu öndər əlimdən tutdu və dedi ki, biz bu zəhmətkeş əlin çörəyini yeyirik"
- "Kabinet adamı deyiləm, torpaqdan nəfəs alıram, torpaqdan ruh alıram", deyirsiniz əksər müsahibələrinizdə. Nədir sizi torpağa, əməyə bağlı edən?
- Keçmişim məni qane edir. Məni keçmişim tanıdıb, əmək adamı kimi hörmət sahibi edib. Çox böyük zəhmət çəkmişəm. Zəhmət, əməyim, fəaliyyətim məni ucaldıb. Mən tək ananın tək övladı olmuşam. Anamın yeganə qızıyam.
- Bəs atanızın necə?
- Ata qayğısı görməmişəm. Nənəmin himayəsində böyümüşəm. Ona görə də deyirəm ki, anamın tək qızıyam. Atamla anam mən 2 yaşında olanda ayrılıblar. Nənəm məni saxlayıb, böyüdüb. O, Böyük Vətən müharibəsində babamı, babamın 3 qardaşını itirib. Övladlarını çətinliklə böyüdüb. Həmişə deyirdi ki, mən çətinlikləri görə-görə gəlmişəm, amma Tərlan onları mənə unutdurdu. Mən onu ilk dəfə Bakıya gətirdim və Dənizkənarı Bulvarda gəzdirdim. Hamı nənəmə, onun geyiminə baxırdı. Onu ilk dəfə metroya bir stansiya mindirdim. Həmişə arzulayırdı, deyirdi ki, metroda özüyeriyən pilləkənləri görmək istəyirəm. Bu, 80 yaşlı kənd qadını üçün çox maraqlı idi. Mən istəyirdim ki, ona bütün borclarımı qaytarım, onu sevindirim. Həmişə deyirdi ki, Tərlan mənə hər şeyi verib, 110 yaşıma gəlməyimdə Tərlanın rolu var. Tərlan çətin günlərimi unutdurdu. Mən çəkdiyim əziyyətlərlə öyünürəm, halal zəhmətimlə yaşamışam, hər kəsin qarşısında da alnım açıqdır. Mən öz həyatımla fəxr etmişəm. Övladlarıma da nəsihətim bu olub: şan-şöhrət ikinci dərəcəli bir şeydir, insan birinci nəfsinə dur deməlidir, nəfsini boğmalıdır. Ömür boyu dövlətin mənim ovcuma qoyduqları - azı-az, çoxu-çox məni qane edib. Moskvadan gələnlər ilk yaşadığım evi görəndə dəhşətə gəldilər. Palçıqla suvanmış qarğı daxma idi. Sonradan əməyimlə mən orada ev tikdim. Arada yoldaşım deyir ki, gəl biz o evi sataq, çünki 25 ildir Bakıdayıq. Mən dedim ki, heç vaxt o evi satmaram, oranı quşlar üçün yuva edərəm. Heç vaxt əlim gəlməz satmağa. Övladlarıma da demişəm ki, o yurdu satmayın. Mənim vəsiyyətim budur. Ora mənim halal əməyimlə, alın tərimlə tikilib. İndi təmir etdirmişəm və ermənilərin dinc sakinlərə hücumundan zərər görən qohumlarım o evə gəliblər. Mən torpağı sevirəm, az qalıram əyilim öpüm torpağı. Torpaqdan nəfəs alıram sanki. Öz evimdə mənə soyuq divarlar da isti gəlir. İnsanlar deyirlər ki, sən o dövrə daha çox bağlısan, o illəri sevirsən. Əslində, bu dövrün də yaxşı cəhətləri var. Mən sevinirəm ki, bu gün millətim, dövlətim müstəqildir. O dövrdə bizim qazandıqlarımızın xeyirini sovetlər ittifaqı görürdü, ancaq indi öz dövlətimizin büdcəsinə gedir. O zaman 22 müxtəlif ölkə gəzmişəm. Övladlarım heç bir xarici ölkəyə getməyiblər. Ancaq bütün ölkələrdən məlumatlıdırlar. Ancaq biz hansısa ölkəyə getmək istəyəndə həmin ölkə haqqında bizə məlumatı yazılı şəkildə verirdilər. İndi isə hər şey asandır və internet bunları əlçatan edir.
- Tərlan xanım, ölkədə pambıqçı qadın kimi dillər əzbəri olmusunuz. Ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizlə şəxsən maraqlanıb. İstərdim, H.Əliyevlə ilk tanışlığınızdan danışasınız. Ulu öndər yaddaşınızda necə qalıb?
- Ulu öndərlə ilk dəfə tanış olanda mən 3 il idi ki, mexanizator işləyirdim, 20 yaşlı gənc qız idim. Dedilər ki, Mərkəzi Komitənin birinci katibi sahəyə gəlir. Çiskinli hava idi və pambıq yığmaq qeyri-mümkün idi. Hava yağışlı olanda maşın pambıq yığa bilmirdi. İş yoldaşlarımla birgə həyəcanla yolun kənarında Heydər Əliyevi gözləyirdim. Ölkə rəhbəri ilə görüşəcəyim üçün çox həyəcanlı idim. O, gəldi və hər birimizlə görüşdü, problemlərimizin olub-olmadığını soruşdu. Məni kombinezonlu görüb dedi ki, sən də maşınla pambıq yığırsan? Utana-utana dedim ki, bəli, cənab Heydər Əliyev. Dedi yığa bilərsənmi indi? Mexanizator iş yoldaşım dedi ki, cənab Əliyev, bu gün yağış yağdığı üçün pambıq yığmaq mümkün deyil. Ulu öndər dedi ki, bəs necə baxım mən bu prosesə? Tez mən dilləndim və dedim ki, mən yığa bilərəm. Maşına çıxdım və başladım yığmağa. Çox həyəcan keçirirdim ki, birdən nəsə səhv olar. Ancaq hər şey yaxşı oldu və pambığı yığıb düşdüm aşağı. Ulu öndər mənə dedi ki, afərin sənə, kişilərdən sən cəsarətli çıxdın. Kişi iş yoldaşın dedi yığmaq olmaz, ancaq sən bacardın. O mənim əməyimə yüksək qiymət verirdi, hər mövsüm tarlamıza gəlirdi. Məni görməmiş getmirdi. Bir dəfə yadımdadır, yenə Heydər Əliyev Bərdəyə gəlməli olur, ancaq nədənsə rayon rəhbərliyi məni protokola daxil etdirmir. Məni istəməyənlər də var idi, deyirdilər ki, məgər hər dəfə Tərlanın sahəsi ilə getməlidir ki, Heydər Əliyev? Ulu öndər rayona gələrkən bizimlə qonşu kənddən keçən zaman mənimlə maraqlanır, deyir ki, bəs Tərlan niyə yoxdur, onun kəndi buraya yaxındırmı? Deyirlər ki, elə bizimlə qonşu kənddəndir, təsərrüfatı da bizə yaxındır. Özünüz də bilirsiniz, hər bir səfər öncəsi qarşılama mərasimi üçün xüsusi hazırlıq işləri görülərdi. Mən də təssərrüfatda, öz işlərimlə məşğul idim. Heç nəyə hazırlaşmamışdım. Üstüm-başım tozlu vəziyyətdə maşında işləyirdim. Ancaq həmişə Heydər Əliyev gələndə təmiz geyimlər geyinərdim. Bir də gördük ki, rayonumuzun milis şöbəsinin rəisi gəldi və dedi ki, hazırlaşın, Heydər Əliyev bura gəlir. Hamımızı həyəcan götürdü, nə edəcəyimizi bilmirdik. Əslində, mənim üçün adi gəlirdi. Çünki Heydər Əliyevlə çox görüşmüşdük, onun sadəliyini bilirdim. Dedilər ki, gül, çiçək, qarşılamaq üçün heç nə yoxdur. Dedim bizim kəndlə gəlir, gəlin onu duz və çörəklə qarşılayaq. Mən tez özümə nahar etmək üçün gətirdiyim lavaşı, duzu bir padnosa süfrə salıb yığdım və Heydər Əliyevi qarşılayarkən təqdim etdim. O, gəldi və hər kəslə səmimi şəkildə görüşdü, o cümlədən, mənimlə də. Padnosa çox diqqətlə baxırdı, çünki onu hər dəfə qarşılayanda fərqli çörək bişirirdik. Dedim ki, kəndimizə, təsərrüfatımıza gəlmisiniz, heç olmasa, sizi duz-çörəklə qarşılayaq. Heydər Əliyev dedi ki, bu sənin öz çörəyindir? Dedim ki, nənəm bişirib. Nənəmin olduğunu bilirdi, onu həmişə soruşardı. Lavaşdan götürdü və dedi ki, bu lavaş mənə Naxçıvanı xatırlatdı. Lavaşı duza batırıb yedi. Dedi Ordubad pendiri də olsaydı, çox yaxşı olardı. Mən də Ordubad pendiri olmasa da, Bərdə pendirimiz var deyə cavab verdim. Tez o pendirdən Heydər Əliyevə verdim. Pendiri görüb gülümsədi və lavaşla pendiri çox iştahla yeyirdi. Dedi ki, bu sənin halal çörəyindir, bunu yeməmək olarmı?! Görüşəndə əlimi uzada bilmədim, arxaya çəkdim. Dedi nə üçün elə edirsən? Dedim ki, əlim tozludur, silməmişəm. Dedi ki, ver əlini mənə və əli ilə mənim tozlu əlimi sildi. Mənə dedi ki, bu əlin çörəyini yeyirik biz. Sənin kimi zəhmətkeş, əli qabarlı, əli mazutlu insanların çörəyini yeyirik. Üzüm, kirpiklərim toz içində idi. Amma o mənim alnımdan öpdü.
"Heydər Əliyev qızı Sevil Əliyevaya məni övladlığa götürdüyünü deyib"
- İstərdim Heydər Əliyevlə bağlı, xüsusən də onunla görüşlərdən yadınızda qalan daha bir maraqlı hadisəni danışasınız…
- Biz həmişə Moskvaya gedəndə Zərifə xanım Əliyeva bizlə görüşərdi. Biz yenə Moskvaya səfər etdik və Zərifə xanım bütün əmək qadınları ilə salamlaşdı. Ancaq o mənim üzümdən öpdü və yanımda dayandı. İclas başlamamışdan öncə Heydər Əliyev də gəldi və bizimlə görüşdü. Şamama xanım Zərifə Əliyevaya yaxınlaşıb soruşdu ki, siz bizim hər birimizlə əl ilə görüşdünüz, ancaq Tərlan xanımı öpdünüz. Bəs bizlə niyə o cür görüşmədiniz? Zərifə xanım dedi ki, Heydər Əliyev hamınızı bir əmək qadını kimi çox istəyir, ancaq Tərlanı xüsusi istəyir. Zərifə Əliyeva bir əhvalat danışdı: “Bir gün Heydər Əliyev Bərdədən Tərlanla görüşdən gəlirdi. Qızım Sevil dedi ki, ay ata, üzünü də görmürük, səhər çıxırsan, gecə yarısı gəlirsən. Ancaq televiziyadan gördüm ki, mexanizator qızın üzündən öpürsən. Paxıllığım tutur ki, sən yad qızları öpürsən, amma biz sənin üzünü də görmürük. Heydər Əliyev Sevilə dedi ki, sən mən Heydərin qızısan, amma o, həm Azərbaycanın qızıdır, həm də mən onu övladlığa götürmüşəm. O, mənim mənəvi qızımdır. Onun kirpiklərindən də toz sallanır, o, elə bir çətin peşə seçib ki, əsl zəhmət adamıdır, tozla, torpaqla, mazutla çörək yeyir. Əgər sən onu görsən, deyərsən ki, onu haqqına çox istəyirsən”. Zərifə xanım deyirdi ki, əmək adamları ilə çəkilən şəkilləri Heydər Əliyev heç vaxt evə gətirmirdi, Tərlanla görüşdən olan şəkilləri iş stolunun üstünə qoyurdu. Zərifə xanım qadınlara dedi ki, mən Heydər Əliyevin münasibətilə Tərlana yanaşıram. Əgər o, onu qızlığa götürübsə, Tərlan da mənim qızım hesab olunur. Ona görə mən sizin hamınızı istəsəm də, Tərlanı Heydər kimi öpdüm.
Ardı var...
Akqabay Mıradov,
Foto: Pərviz Həşimi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...