Xüsusi
Müşfiq Hətəmovun 27 illik Ağdam ağrısı - Bir kənddə 35 nəfər bu dərdə dözmədi
Əslən Ağdamdan olan Əməkdar incəsənət xadimi, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov ata-baba yurdu ilə bağlı xatirələrini Publika.az-la bölüşüb. Kino xadimi bildirib ki, universitetə hazırlığını Ağdam Dövlət Dram Teatrında keçib.
- Müşfiq bəy, Ağdamın azad olunması xəbərini eşidəndə duyğularınız nirvananın hansı qatlarında idi?
- Ruhum Ağdamda yaranıb, orada böyüyüb, boya-başa çatmışam. Həyatımda bu qədər xoşbəxt olduğum bir gün yadıma gəlmir. Bu xoşbəxtliyin çəkisi də, həcmi də, təsir qüvvəsi də müqayisə olunmaz idi. Qələbə bizə çox lazım idi... Əslində, bu, tək torpaqlarımızın azad olunması deyil, həm də millət olaraq yenidən yarandığımız bir tarixin başlanğıcı oldu. Ermənilər çox xain düşməndir, sadəcə Qarabağı deyil, bütün Azərbaycan torpaqlarını ələ keçirməyə çalışırdılar. Bakıya, Gəncəyə adlar qoymuşdular. Azərbaycan Ordusu nəinki bu bəlanın qarşısını aldı, eyni zamanda tarixi ədaləti bərpa etdi. Artıq həsrətlə Kəlbəcər və Laçının da işğaldan azad olunacağı günü gözləyirəm.
- Tarixi hadisənin canlı şahidi olacağınıza inanırdınız?
- Həmişə inanmışam, həmişə gözləmişəm, amma son dövrlərdə içimdə bir qorxu baş qaldırmışdı, vaxtın uzanması məni çox sıxırdı. Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə apardığı bu mübarizə yolu mənim üçün təsəvvürəgəlməz bir xoşbəxtlik oldu. Əsgər və zabitlərimiz dinc əhalini öldürmədən, ermənilər kimi heç bir mədəni abidələri dağıtmadan müharibə aparmaq və qalib gəlmək qabiliyyətində olduğunu sübut etdi.
- Ağdamın işğal edildiyi və oradan çıxdığınız günü necə xatırlayırsınız?
- Ağdam erməni işğalçıları tərəfindən alınanda kənddə idik. Çox ağır günlər idi, təkcə öz ailəmin deyil, bütün qarabağlıların nələr çəkdiyini gördüm... Kəndimizdə bir ildə adətən 3-4 nəfər adam öz əcəli ilə rəhmətə gedərdi, amma Ağdam alınanda bir kənddə 35 nəfər bu dərdə dözmədi.
Ağdamı tanıyan hər kəs bilir ki, hər qarışında tarixi abidələr və məbədlər var idi. Təəssüf ki, onların hamısı erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib. Mədəniyyət abidələrinin dağıdılmasını dünyaya çatdırmalıyıq və bərpası üçün çoxlu işlər görməliyik. Bizə məxsus olan dəyərlərin nədən ibarət olduğunu bütün dünya görməlidir. Qarabağın bizim üçün niyə bu qədər müqəddəs olduğunu dünyaya çatdırmalıyıq.
- Evinizin açarlarını hələ də saxlamısınızmı?
- 2008-ci ilə qədər anam onları saxlamışdı. 2008-ci ildən sonra "Google"dan xəritə ilə evimizə və həyətimizə baxanda gördük ki, dağıdılıb, hər yer viran qalıb.
- Ağdama köçüb orada yaşamaq haqqında nə düşünürsünüz?
- Bu barədə layihələr hazırlayıram, məmnuniyyətlə qayıdaram. Çox ürəyimdən keçir ki, Qarabağda, ya da Ağdamda böyük layihə həyata keçirim. Bu yaxınlarda Ağdamı görməyə gedəcəyəm.
- Mədəniyyət xadimi olaraq Ağdam Dövlət Dram Teatrının dağıdılmasına münasibətinizi bilmək istərdik.
- İnstituta o teatrda hazırlaşmışam. Teatrın dağılmış binasını çoxdan görmüşdüm, yeni xəbər deyil. Əlbəttə ki, çox məyus olmuşdum. Ağdamda Xurşidbanu Natəvanın, Pənah Əli, İbrahim, Mehdiqulu xanın və Qarabağın o vaxtkı elitasının nümayəndlərinin dəfn olunduğu Ağdam İmarəti deyilən bir müqəddəs yer var. Çox istərdim ki, Çörək muzeyi, Ağdam teatrı ilə yanaşı bu imarət də bərpa edilsin. Ona görə ki, torpaqlar bizə bu sərkərdələrin mirası idi.
- Kino xadiminə müharibə filmlərinin çəkilməsi barədə sual verməsəm, təbii ki, olmaz. İgid əsgər və zabitlərimizin qəhrəmanlığını əks etdirən film, layihələr hazırlanırmı?
- Bizə miras qalan dəyərləri film və televiziya proqramlarında müasir dövrün tələblərinə uyğun olaraq dünyaya çatdırmalıyıq. Onda dünyaya da agah olacaq ki, haqlı və haqsız kimdir. Pandemiya ilə əlaqədar olaraq konfranslar edə bilmirik. İnşallah, bu yaxınlarda bu istiqamətdə müzakirələrimiz olacaq və layihələrin hazırlanmasına başlanılacaq.
Aytən Məftun
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar