Məşhur şairin Laçın yarası - “Kənddən ayaqyalın çıxmışdılar”
Bizi izləyin

Xüsusi

Məşhur şairin Laçın yarası - “Kənddən ayaqyalın çıxmışdılar”

1993-1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət edən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri kimi həmin ölkələrdə Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ münaqişəsi ilə əlaqədar qrant layihələri həyata keçirən, hazırda Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini işləyən tanınmış şair, publisist Nazim Əhmədli Laçın sevincini bölüşüb.

Publika.az Nazim Əhmədli ilə müsahibəni təqdim edir:

- Nazim bəy, ata-baba yurdunuz, Azəraycanın ayrılmaz hissəsi olan Laçının qaytarılması böyük tarixi hadisədir. Hansı hissləri keçirirsiniz?

- Laçın işğal olunanda Bakıda idim, amma bütün qohum-əqrəbamız orada yaşayırdı. Laçında böyüyüb, boya-başa çatmışam, orta məktəbi orda bitirmişəm. Gözümüz aydın olsun, Laçın artıq bizdədir, çox sevinirəm.

- Laçında sonuncu dəfə nə zaman olmusunuz?

- 1991-ci ildə uşaqlarımla birlikdə ata ocağına getmişdim. Erməni hücumları şiddətlənmişdi, kəndimiz Ermənistanla həmsərhəd idi. Onda mən Bakıda yaşayırdım, amma qohumlarım özü ilə heç nə gətirə bilməmişdi. Sadəcə paltar almışdılar, amma elə adamlar var idi ki, kənddən ayaqyalın çıxmışdı. Laçınlılara heç vaxt da verməmişdilər, hamısı güllənin altında şəhəri tərk etmək məcburiyyətində qalmışdı. Qohumlarımızın çoxu bizə gəlmişdi, Bakıda yaşasaq da, özümüzü onlar kimi çarəsiz hiss edirdik. Bu günə qədər məcburi köçkün idik, şükürlər olsun ki, bu damğa üstümüzdən alındı.

Kəndimizdə vəziyyətin nə yerdə olduğunu bilmirəm, ancaq videolarda və peyk vasitəsilə görmək imkanı olub. Ata evimiz indiyə qədər qalmışdı, bəlkə də çıxmazdan əvvəl ermənilər onu da yandırıblar. İşğaldan azad olunan digər rayonlarımızla müqayisədə Laçın daha yaxşı vəziyyətdə qalsa da, noyabrın 10-da bəyannamə imzalanandan bəri əllərinə keçəni aparırdılar, elektrik stansiyalarının sökülməsi də istisna deyil, bir sözlə, kəndlərimiz talan olunub, dağıdılıb. Bütün bunlar erməni xislətini bir daha ortaya qoyur, barbardırlar, onlara başqa nə ad vermək olar?

- Laçının sülh yolu ilə qaytarılmasını, Rusiya sülhməramlılarının gəlişini necə qiymətləndirirsiniz?

- Rusiya sülhməramlıların gəlişi pis olmadı, ona görə ki, bu erməni vəhşilərinin şəhərdən çıxarılmasına onlar nəzarət edir. İnanıram ki, Rusiya sülhməramlıları missiyalarını başa vurandan sonra Laçını tərk edəcək. Əminəm ki, daha gözəl günlər hələ qarşıdadır, Azərbaycanın zəngin torpaqları Ali Baş Komandanın rəhbərliyi və güclü ordumuzun qəhrəmanlığı sayəsində alındı. Ölkənin iqtisadiyyatı dirçələcək və daha güclü dövlətə çevriləcəyik. Qeyri-neft sektorunda inkişaf daha da böyüyəcək, xalqımızın bu yarası sağaldı. Odur ki, xalqımızın gələcəyinə çox böyük inamla yanaşıram.

- Laçının əsas üstünlükləri nədən ibarətdir?

- Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Bol su ehtiyatlarına malik olan rayondur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var. Laçın əsl kurort zonasıdır, gələcəkdə onun turizm imkanlarından geniş şəkildə istifadə olunacaq. Azərbaycanın 200 illik tarixi ərzində belə bir qələbə olmayıb, ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Bu qələbə bizi göylərə qaldırdı və bütün dünya Azərbaycan Ordusunun nümayiş etdirdiyi hərb texnikasına heyran qaldı. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, döyüşdə iştirak edən hərbçi və zabitlərimizə isə can sağlığı versin.

- Yaradıcılığınızın əsas hissəsini vətən yarası, Laçın sevgisi təşkil edir.

- 14 kitabım çıxıb, bütün şeirlərim Laçın və Qarabağ ağrısına vəsf olunub. Yuxularımdan çıxmırdı, demək olar ki, bütün yuxularımda Laçını görürdüm, xəyallarımda o diyarı addım-addım gəzib dolaşırdım. Müharibə başlayandan bütün yaradıcılığımı dayandırdım, ancaq müharibə xəbərlərini izləyirdim. Şükürlər olsun ki, müharibə gözlədiyimizdən tez, daha az itki ilə, Ermənistanın kapitulyasiyası və Azərbaycanın böyük qələbəsi ilə başa çatdı.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm