Əsgərlərimizi pulsuz əməliyyat edən məşhur İTALİYALI HƏKİM MARAQLI FAKTLARI AÇDI: Ən kədərlisi... - ÖZƏL
Bizi izləyin

Xüsusi

Əsgərlərimizi pulsuz əməliyyat edən məşhur İTALİYALI HƏKİM MARAQLI FAKTLARI AÇDI: Ən kədərlisi... - ÖZƏL

Bir neçə gündür ki, sosial şəbəkələrdə yaralı qazilərimizi pulsuz müayinə və əməliyyat təklifi edən italiyalı həkim haqda elan paylaşılır.

Estetik cərrah, travmatoloq Alessandro Maranonun izinə düşüb direktoru olduğu Royal Estetik Klinikasına yollandıq.

Publika.az cərrah Alessandro Marano ilə müsahibəni təqdim edir:

- Doktor, neçə ildir Azərbaycandasınız?

- 2016-cı ildən Azərbaycanda yaşayıb, fəaliyyət göstərirəm. Amma ondan öncə bir neçə dəfə Bakıda olmuşdum. Əsasən Roma, Moskva və Parisdə ixtisaslaşmışam. Ümumiyyətlə, Azərbaycan mənim üçün yad ölkə deyil. Şübhəsiz, bütün dövlətlərin mənfi və müsbət tərəfləri var. Amma Azərbaycanda bu cəbhələr arasındakı qırmızı balansı tapmağı daha tez bacarırsan. Bakını çox sevirəm. Təmizliyinə, səliqəsinə vurğunam. Bir yandan da xalqlarımız arasındakı inanılmaz bənzərlik, istiqanlıq, dostsevərlik o qədər güclüdür ki, özümü evimdə hiss edirəm.

- Bəs Bakıya köçəndə tərəddüd etmədiniz? Axı istənilən Avropa ölkəsində də yaşayıb çalışa bilərdiniz...

- Azərbaycana köçməyə qərar verəndə dostlarım, ailəm bu ölkənin adını da bilmirdi. Əsas problem də budur. Avropa insanı dünyanın digər nöqtəsində nə baş verdiyindən məlumatsızdır. Çoxları elə düşünür ki, ölkəniz Rusiyanın kiçik bir hissəsidir. Hətta bəziləri sual verirdilər ki, Əfqanıstana gedirsən? Ölkənizin xəritədə yerini göstərirdim, məlumat verirdim. Azərbaycan inkişaf edən gənc ölkədir. İqtisadiyyatı durmadan irəliləyir. Bəli, bu gün böhran dünyanın bütün nöqtələrini bürüyüb. Lakin diqqət edin, bu ölkədə kriminal hadisələr çox azdır. Günün istənilən saatında küçədə rahat gəzə bilərsiniz. Çünki Prezidentindən tutmuş polisinədək hamı işini vicdanla görür. İtaliyada, Fransada, Braziliyada baş verən qlobal təhlükəli nümayişlər, dəhşətli hadisələr burada yaşanmır.

Avropa insanı bütün bunlardan məlumatsızdır. Düşünürlər ki, yazıq kasıb erməniləri azərbaycanlılar və türklər məhv etməyə çalışırlar. Hətta Azərbaycanın haqq savaşına din müharibəsi adı verən nadanlar tapıldı. Məlumat qıtlığı var. Heç kim anlamır ki, 30 il öncə öldürülən də, təhqir edilən də, evindən qovulan da azərbaycanlılar olub.

- Xüsusən də Fransada...

- Bəli, Fransa bu məsələdə açıq-aşkar qərəzli mövqe sərgiləyir. Bunun həm iqtisadi, həm də siyasi səbəbləri var. Ermənilərin sıx yaşadığı Marsel şəhəri ölkənin taleyində böyük rol oynayır. Çünki erməni milyonçuları Fransanın inkişafına yüklü sərmayə qoyurlar. Prezidenti, hakimiyyəti dəstəkləyirlər. Eyni durum ABŞ-da da təkrarlanır. Erməni pulu ölkələrin demokratiyasını kölgədə qoyur.

- Lakin ədalət bizim yanımızdadır...

- Azərbaycanın güclü ordusu və Prezidentinizin qüsursuz siyasəti müharibənin həllində böyük rol oynadı. 44 günlük ağır savaş boyu ən xırda detalları da izlədim. Ermənistan tərəfinin açıqlamaları o qədər savadsız və vəhşi xarakterli idi ki, hiddət doğururdu. İlham Əliyevin bütün çıxışları dərin savada, güclü məntiqə əsaslanırdı. Faktları çox gözəl vurğulayırdı: "Bizim ermənilərlə işimiz yoxdur. İstənilən anda müharibəni bitirə bilərik. Ölmək, qurban vermək istəmirlərsə, işğal etdikləri tarixi torpaqlarımızdan dərhal çıxsınlar".

- Estetik cərrahiyyə əsasən də qadınların sevdiyi sehrli çubuqdur.

- Doğrudur. Amma hər kəslə çalışıram. 12 illik peşə təcrübəm var. İtaliya, Fransa və ABŞ-da təhsil almışam. Əsasən estetik cərrahiyyələr gerçəkləşdirirəm. Lakin həm də travmatoloqam. Elanı da məhz buna görə yaydım. Qoy bilsinlər ki, burdayam. 4 ildir Bakıda yaşayıram. Bu ölkədə nəfəs alıram. Travmaların aradan qaldırılması, əməliyyatı sahəsində də böyük təcrübəm var.

- Qəbulunuza gələn qəhrəman əsgərlərimizdən danışın lütfən...

- Dünən qəbuluma 3 yaralı əsgər gəlmişdi. Hər üçünün vəziyyəti olduqca ağır idi. Yanlarında qranat partlayıb, minaya ayaq basıblar. Bu gün də xəstələr qəbul etdik. Sabah da gələcəklər. Ən kədərlisi də odur ki, çoxu rayonlardan gəlir. Bakıda bir neçə gecə qalmağa yerləri də olmur.

Bilirsiniz, sosial hesablarımda məni qəhrəman kimi qələmə verirlər. Bu, məni çox narahat edir. Axı təşəkkür etmək lazım deyil. Mən öz işimi görürəm. Hippokrat andına sadiq qalmalıyam. Azərbaycanın ağır günündə burada olmalıyam. Bu ölkə mənə çox şey bəxş edib. İndi də xırda borcumu ödəmək istəyirəm. Bu əsgərlər qəhrəmandır, vətənpərvərdir. Bütün bahalı dərmanlar, əməliyyatlarının xərcləri də onların şücaətinin yanında dəyərsizdir.

- Bəlkə də etinasız Avropadan gəldiyiniz üçün addımınız bizi bu qədər təsirləndirir. Doktor, yaralı qazilərimizi çətin durumda görəndə nə hisslər keçirirsiniz?

- Bədənlərində, simalarında o qədər ağır yaralar, itkilər var ki, bir daha əvvəlki halına qayıtmayacağını dəqiq bilirsən. Lakin mənim borcum vəziyyətlərini əlimdən gəldiyi qədər yaxşılaşdırmaqdır. Həm də mən həkiməm. Mövcud durumda soyuqqanlı davranmalıyam ki, nəticə ürəkaçan olsun. Cərrah emosiyası ilə deyil, biliyi, yaradıcılığı ilə çalışıb, xəstəyə kömək etməlidir. Mənim hazırkı borcum yaralı əsgərlərin həyat şərtlərini yüngülləşdirməkdir. Bu, reklam deyil. Sadəcə insanları maarifləndirmək üçün elan yaymaq məcburiyyətində idim. Kollektivimlə birgə yaralı əsgərləri bütün qəlbimizlə qəbul edirik. Onlar qəhrəmandırlar. Biz də qəhrəmanlar üçün hər şeyə hazırıq.

- Sevməsəniz də bütün qəlbimlə xeyirxah addımınızı alqışlayıram. Minnətdaram, Doktor!

- Yenə də deyirəm, buna gərək yoxdur. Mənə pula ehtiyacı olmayan bir nəfər göstərin. Hər kəs artıq pul qazanmağa can atır. Amma axı mən həkiməm. Avropada Hippokrat andı çox müqəddəsdir. Yeri gələndə pulu da, zənginliyi də andına qurban verməlisən. Avropa Azərbaycandan müsəlman ölkəsi olduğu üçün guya ehtiyat edir. İnanın, bütün dünyanı gəzmişəm. Azərbaycan qədər qonaqpərvər ölkə görməmişəm. Bu ölkədə buddistlər də, xristianlar da müsəlmanlar qədər azad və təhlükəsiz yaşayır. Əslində fironların, Ramzesin, hətta dinozavrların soyundan olduqlarını iddia edən psixopat ermənilərdən qorxmaq lazımdır. Onların yaddaşını hansı əcdadları yuyub, məhv edib bilmirəm. Amma gələcəkləri həqiqətən təhlükə altındadır. 30 ildir Azərbaycana qarşı törətdikləri terrora hamı göz yumur. Niyə? İlham Əliyev atasının siyasi yolunu böyük məharətlə davam etdirdi və Azərbaycan tarixi qələbəsini qazandı. Sevinirəm ki, İtaliya ilə Azərbaycan güclü müttəfiq, sarsılmaz tərəfdaş və bir-birinə çox bənzəyən iki doğma xalqdır.

Leyla Sarabi

Fotolar: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm