Xüsusi
Elə güc olmayacaq ki, bizimlə razılaşmasın... - Vaqif Bayatlı ilə Yeni il söhbətləri
Yeni ilin ilk müsahibəsini şair, tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərlə etdik. Onunla söhbətimiz bu dəfə də maraqlı alındı. Ürəyi dolu idi. Səhhətindən, yaradıcılığından, işğaldan yenicə azad olunan kəndindən danışdı. Çox uzatmadan keçək müsahibəyə...
Publika.az Vaqif Bayatlı ilə Yeni il söhbətlərini təqdim edir:
- Vaqif bəy, səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?
- Hazırda özümü çox pis hiss edirəm. Səhhətim yaxşı deyil. Demək olar ki, ayaq üstə güclə dururam. Nə isə... İlin əvvəlidir, çox bədbin danışmaq istəmirəm.
- 2020-ci ili başa vurduq. Ötən il sizin üçün nə ilə yadda qaldı?
- Təbii ki, torpaqlarımızın azad olunması ilə... İlk növbədə bunu qeyd etmək istərdim. Hamının yaddaşında nə ilə qalıbsa, mənim də yaddaşımda onlardır... Yola saldığımız ildə təzə şeirlər yazdım. Onlar yadıma düşür. Bir də çox insanı özümə daha da doğmalaşdırdım, özümə doğma gördüm. Getdikcə daha çox insan mənə doğmalaşdı. Həmin insanların bəzilərinin heç özlərinin də bundan xəbəri yoxdur.
- Səbəbi nə idi?
- Doğmalaşmanın səbəbi adətən olmur. Səbəbi Tanrıya inanış, yaradana doğru uçuşdur. Ən əsası isə Azərbaycan, türk dünyası uğrunda onların çalışmalarıdır.
- Qırx dörd günlük müharibə dönəmində sizin doğulduğunuz Böyük Mərcanlı da işğaldan azad edildi. Kəndinizə nə vaxt getməyi düşünürsünüz?
- Yəqin ki, imkan düşən kimi gedəcəyəm. Könlüm onsuz da oradadır. Özümü kəndimizdə hiss edirəm. Hələ ki, buraxmırlar. Gücüm çatan kimi gedəcəyəm. Cocuq Mərcanlı da bizim kəndin bir hissəsidir. Biz hamımız həmin kəndə “Cocuq” deyirik. Görürsünüz, necə əzizləmişik onu, əzizlənmə mənasını verən bir ad qoymuşuq. Heç bir xalqda belə əziz, gözəl ad yoxdur.
- Nəvələrinizin səsi gəlir deyəsən... Yola gedə bilirsinizmi onlarla?
- Nəvəm deyil, oğlumdur (gülür). Yaxşıdır, kefi yuxarıdır. Odərdir, Odər əslində “Azər” sözüdür. Ümid edirəm ki, o Azərbaycanı, eləcə də bütün türk dünyasını birləşdirəcək və bütün dünyanın imperatoru olacaq, inşallah.
- Vaqif müəllim, müalicənizlə bağlı Türkiyəyə gedəcəkdiniz. Bu dəfə niyə qaldı?..
- Hə, gedəcəkdim. Amma qaldı. Yollar bağlıdır. Allah qoysa, havalar düzəlsin, bir-iki aya gedəcəyəm. Allahın köməyi ilə əgər dünyada qalsam, gedib müalicəmi davam etdirəcəyəm.
- Çoxdandır kitablarınız çap olunmur. 2021-ci ildə sizdən yeni şeirlər kitabı gözləyəkmi?
- Vallah, dəqiq bilmirəm. Hələ ki, o haqda nəsə fikirləşmirəm. 2020-ci ili təzə yola salmışıq. Bəlkə də nəsə bir fantan oldu, təzə bir kitab yazdım. Onu bilmək olmur. Belə şeyləri proqramlaşdıra bilmirəm. Qəfil ola bilər ki, təzə bir kitab doğulsun. Yəni, sizin mənə gözlənilmədən zənginiz kimi... (gülür)
- Vaqif müəllim, son dönəmlər Turan Ordusunun qurulması ilə bağlı söz-söhbətlər gəzir. Vahid və sarsılmaz türk birliyi, Turan Ordusu sizcə, nə zaman qurula bilər?
- Heç ağlınıza gəlirdi ki, Türkiyə Ordusu ilə Azərbaycan Ordusu bir-birinə bu qədər yaxın olsun, birləşsin?! Amma bu oldu. Digər türk dövlətləri də bir-biri ilə birləşəcək. Orduları da bir olacaq. Bu, uzaqda deyil. Mən bunun baş verəcəyinə əminəm. Allahın köməyi ilə Turan Ordusunun yaranması yüz faiz olacaq. İnşallah, o günü mən də görmək istəyirəm.
- Yaxın onilliklərdə biz türk birliyini hansı formada və inkişaf səviyyəsində görə bilərik?
- Hazırda türk birliyi çox yüksək səviyyədə inkişaf edib. Burada Azərbaycan və Türkiyə arasındakı əlaqələri, eləcə də digər türk respublikalarının bizimlə və digər türk xalqları ilə münasibətlərini nəzərdə tuturam. Yaxın illərdə türk dünyası dünyanın ən inkişaf etmiş qütblərindən biri olacaq. İndinin özündə də dünya türk birliyi ilə razılaşır, hesablaşır. Bir müddətdən sonra türk birliyi dünyanın uzlaşdığı, hesablaşdığı yer olacaq. Mən bunu indidən görürəm. Elə indidən Türkiyə və Azərbaycanla uzlaşırlar. Özbəkistanla, Qazaxıstanla da bu uzlaşma baş verir. Baxın, iyirmi il bundan əvvəl biz nə vəziyyətdə idik, indi hansı durumdayıq?! Hamı bizimlə razılaşır və razılaşacaq. Yəni, dünyada elə bir güc olmayacaq ki, bizim gücümüzlə razılaşmasın.
- Son dönəmlər ədəbiyyatımızda – nə şeirdə, nə də nəsrdə - bu yaxınlaşma hiss olunmur... Bəlkə də mən görə bilmirəm... Sizcə, vəziyyət nə yerdədir?
- Əslində, sizin bu fikrinizlə razı deyiləm. Hər şeirimdə işləyirəm bu məsələni... Mən türk deyiləm?! (gülür) Hamı bu məsələyə toxunur. Mən bunu görürəm. Söhbətlərində də, yazılarında da bunu dilə gətirənlər çoxdur. Siz hələ gəncsiniz, diqqət yetirmirsiniz, türk birliyi məsələləri hamının yazılarında var.
- Bəs İrəvanın, Zəngəzurun yenidən Azərbaycanın nəzarətinə qayıdacağına inanırsınızmı?
- Əlbəttə, inanıram. Qədim Azərbaycan torpaqlarının hamısı qayıdacaq. Buna qətiyyən şübhəm yoxdur. Onun üçün biz güclü olmalıyıq. Türk dünyası bütün ağlını, gücünü, beynini bir araya toplamalıdır.
- Vaqif bəy, otuz ildir ki, müstəqilik. Bu illər ərzində nə əcəb bizim şair və yazıçılar dünya ədəbiyyatına çıxa bilmədi?
- Nə bilim, yəqin bizə fikir vermirlər. Poeziyadan danışırıqsa, Azərbaycan poeziyasını dünyanın ən köklü və güclü poeziyalarından biri sayıram. Götürsünlər elə mənim şeirlərimi, dünyanın bir çox dillərinə çap olunub, ingilis, fransız dillərinə... İndi etmirlərsə, cəhənnəmə etsinlər, zaman gələcək edəcəklər. Buna məcbur olacaqlar. Hər cəhətdən güclü olmalısan ki, səninlə razılaşsınlar, səninlə daha çox maraqlansınlar. Həm də avropalıların doxsan faizindən çoxu özlərinə vurğundur. Yenə deyirəm, bizim çox güclü poeziyamız var.
Tural Turan
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi