Türkiyəli professor ən son arıqlama üsulundan danışdı: “Xəstə bir gün sonra evə buraxılır”
Bizi izləyin

Xüsusi

Türkiyəli professor ən son arıqlama üsulundan danışdı: “Xəstə bir gün sonra evə buraxılır”

İnkişaf edən müasir tibb bu gün imkan verir ki, obez xəstələri qısa müddət ərzində endoskopik müalicə yolu ilə sürətlə arıqlasın. Yeni metod sayəsində mədə üzərində hər hansı əməliyyat aparılmasına ehtiyac qalmır, xəstənin mədəsi bu üsulla kiçildilir və bir gündən sonra evə buraxılır.

Memorial Bahçelievler Xəstəxanasının professoru, həkim Erdem Akbal Publika.az-a yeni arıqlama üsulu haqqında ətraflı məlumat verib. Həkim bildirib ki, yeni üsul bir çox cəhətdən cərrahi yolla aparılan mədə əməliyyatlarından üstün və daha təhlükəsizdir.

- Erdem doktor, endoskopik yolla mədə kiçildilməsi nədir?

- Endoskopik (Endoscopic sleeve gastroplastica) yolla mədə kiçildilməsi əməliyyat deyil, çünki burada mədə kəsilmir, endoskopik müdaxilə yolu ilə kiçildilir. Normal bariatrik mədə əməliyyatında isə mədənin bir qismi laporaskopik yolla kəsilib çıxarılır.

- Bəs mədənin kiçildilməsi necə həyata keçirilir? Bu müdaxilə nə dərəcədə effektiv və təhlükəsizdir?

- Ağız içərisindən endoskopla girərək mədənin içini tikib büzürük. Eyni ilə cərrahların etdiyi kimi mədəni kiçildirik. Mədənin bu üsulla kiçildilməsi cərrahların apardığı əməliyyatlarla eyni dərəcədə effektivliyə malikdir. Ağırlaşma riski çox aşağı olduğundan ən rahat, ən təhlükəsiz, ən asan və ən müasir metodlardan biridir.

- Müalicənin normal bariatrik əməliyyatdan fərqli tərəfləri və üstünlükləri nələrdir?

- Hər ikisində də eyni uğur əldə edilir, amma yeni metod bir çox cəhətdən xəstələr üçün daha əlverişlidir. Əsas fərq odur ki, mədədə heç bir yeri kəsmirik. Mədə kəsildikdən sonra qanaxma, infeksiya riski kimi problemlər ortaya çıxır, hətta ölümlə nəticələnə bilər. Bu zaman mədənin uzanma və genişlənmə qabiliyyəti yox olduğundan əməliyyatlardan sonra xəstələrin çoxunda reflüks əmələ gəlir.

Yeni müalicədə vəziyyət tamam başqadır. Mədəni büzdüyümüz üçün onun genişlənmək qabiliyyəti yox olmur, eyni zamanda infeksiya yaranma ehtimalı minimumdur, demək olar ki, yox dərəcədədir. Digər mədə kiçiltmə əməliyyatlarında ağırlaşma riski 8-10%-dir. Onu da qeyd edim ki, həddən artıq kök xəstələrdə mədə əməliyyatlarından sonra ağırlaşma riski daha çoxdur, 20-30%. Bu üsulda isə ağırlaşma riski 1-2% təşkil edir, ən önəmlisi xəstə palatada 1 gündən çox saxlanılmır. Cərrahi yolla müqayisə etsək, endoskopik mədə müalicəsində xəstələrin ağrı çəkmə riski də qat-qat azdır.

- Mədənin endoskopik müalicə ilə kiçildilməsi tibbdə yeni müdaxilədir?

- Əslində bu cür tibbi müdaxilələr ilk dəfə 2013-cü ildə Amerikada aparılıb. Lakin geniş şəkildə tətbiqinə icazə verilmirdi, bu istiqamətdə tədqiqatlar davam etdirilirdi. Son 4-5 ildir Amerikada və Braziliyada tətbiq olunmağa başlayıb. Bir çox üstünlükləri sayəsində köklükdən əziyyət çəkən xəstələrin diqqətini cəlb edə bilib.

Türkiyədə yeni sayılır, ilk dəfə Memorial Klinikasında həyata keçirdik. Artıq uğurlu nəticələr əldə etmişik. Yeni üsulun Türkiyədə tezliklə böyük populyarlıq qazanacağını təxmin edirik. Yeni olmasına baxmayaraq, tələbat həddən artıq yüksəkdir. Bu müalicənin Azərbaycanda da həyata keçirilməsi nəzərdə tutulub. Türkiyənin məşhur Memorial Sağlıq Qrupu “Leyla Medical Center”lə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycana dəvət almışam. 3 aydan bir Azərbaycana gələrək pasiyentləri qəbul edəcəm.

- Endoskopik mədəkiçiltmə metodu hər xəstəyə edilə bilərmi? Çəki və yaş faktorunun rolu nə qədərdir?

- Bu üsul əsasən bədən kütlə indeksi 30-40% arasında olan xəstələr üçün faydalıdır. 40%-i aşan xəstələrə də edilə bilər, başlanğıcda xəstənin ümumi çəkisinin 20-25%-ni azaltmağı hədəfləyirik. 200 kq-lıq xəstəni bu üsul sayəsində 50 kq-a qədər arıqlatmaq mümkündür. Bu mənada çəkisi 100 kq olan xəstələrdə daha sürətli və istənilən nəticə əldə etmək mümkündür.

- Mədəbüzmə üsulundan sonra kök xəstələr üzərində bariatrik əməliyyat edilə bilər?

- Əlbəttə, həddən artıq kök xəstələrin mədəsini əvvəlcə endoskopik yolla kiçildərək çəkisini aşağa salmaq və bir müddət sonra yenidən mədə əməliyyatı keçirmək olar. Endoskopik müdaxilə bariatrik əməliyyatların keçirilməsinə mane ola bilməz.

Mədə büzülməsi 18 yaşdan sonra istənilən yaş qrupu üzərində həyata keçirilə bilər. Hətta gəzə bilməyən və ürək xəstəlikləri olan 80 yaşlı xəstəyə də etmək olar.

- Təxminən nə qədər müddət sonra xəstə arzuladığı çəkiyə düşür və haqqında danışdığımız prosedurdan sonra nələrə diqqət etmək tapşırılır?

- İlk 3 ay ərzində xəstələr sürətlə arıqlayır. Əməliyyatdan sonra xəstələr sulu və yumşaq qidalar qəbul etməlidir. Hər bir pasiyentə fərdi pəhriz proqramı təyin olunur. Çünki hər xəstənin qidalanma tərzi və xəstəlikləri dəyişkəndir. Bir il sonra ümumi çəkinin 20 faizi itirilir və bu müddət ərzində tam nəzarətdə saxlanılır. Bariatrik və bypass qastrik cərrahiyyəsində də belədir. Əgər 3 aydan sonra xəstə arıqlamaqda çətinlik çəkərsə, müalicəyə bəzi dərmanlar da əlavə edirik.

- Bu müalicə hormon pozğunluğu nəticəsində kökələn insanlara tətbiq edilir?

- Sözsüz ki, ilk növbədə xəstənin vəziyyəti dietoloq, endokrinoloq, kardioloq, psixoloq və digər mütəxəssislər tərəfindən dəyərləndirilir. Bunların nəticəsinə əsasən xəstəyə hansı prosedurun edilməsinə qərar verilir. Mədəni kəsmədiyimiz üçün edilə bilər, xoşagəlməz halların baş vermə ehtimalı çox aşağıdır. Mədəyə balon yerləşdirilməsi əməliyyatına bənzərliyi var. Endoskopik sleeve qastroplastikanın əsas avantajı odur ki, çəkinin daha sürətlə azalmasına səbəb olur və daha qalıcı olur.

Xüsusilə iradəli xəstələrdə daha effektiv nəticələr əldə edə bilirik. Çünki arıqlamaq istəyən xəstə həkimlərin məsləhətlərinə əməl edir, kənara çıxmır. Lakin xəstənin ciddi yemək pozğunluğu varsa, mədəni çıxarsaq belə, 3 ay sonra yenidən kökəlməyə başlayır. Bu prosesin mərkəzində biz yox, xəstənin iradəsi dayanır. Odur ki, müalicənin uğurlu alınmasına təsir edən başlıca amil xəstədəki motivasiyadır.

- Əməliyyatdan sonra əvvəlki çəkiyə qayıtmaq ehtimalı və riski varmı?

- Mədəni çıxarsaq belə, bu risk istisna edilmir. Xəstə mütəmadi olaraq bal, mürəbbə və ya yüksək kalorili məhsullar yeyərsə, təbii ki, istənilən nəticəni əldə edə bilməyəcək. Bu cür problemlərin yaranmasının qarşısını almaq məqsədilə xəstələrin sonrakı vəziyyəti dietoloq və psixoloqların da nəzarəti altında olur.

Bypass əməliyyatı olan və ya mədəsi kəsilərək kiçildilən xəstələr təkrar kökələrsə, onlarda edilə biləcək müdaxilə və seçimlər çox az olur. Amma yeni arıqlama metodunu digər əməliyyatları keçirən və yenidən kökələn insanlara da tətbiq etmək olar.

- Arıqlamaq istəyənlər üçün ən sağlam yol hansıdır?

- Sözsüz ki, ən sağlam yol bunlardır: az yemək, pəhriz saxlamaq, sağlam qidalanmaq və idman etmək. Tez həzm olunan karbohidratlardan, rəfinə edilmiş və fruktoza ehtiva edən məhsullardan uzaq durun. Bütün bunlara rəğmən xəstə heç bir effekt əldə edə bilmirsə, o zaman mədə əməliyyatlarına və tibbi yollara baş vurmaq lazım gəlir.

- Mədəni təbii yolla kiçiltmək mümkündürmü?

- Təəssüf ki, mədəni təbii yollarla kiçildən hər hansı üsul yoxdur. Sadəcə yuxarıda sadaladıqlarımı həyata keçirməklə iştah hormonlarının daha az ifraz olunmasını təmin edə bilərik. Xüsusilə idman iştah hormonlarının azalmasına və onu nəzarətdə saxlamağa kömək edir.

- Həzm sisteminin pozulmasının əsas səbəbləri kimi nələri göstərmək olar? Bu problemi necə aradan qaldırmaq olar?

- İnsanlar kökəldiyi zaman bel çevrəsində yağlar əmələ gəlməyə başlayır. Beldəki yağ hüceyrələri sitokinlər adlanan maddələr ifraz edir və insulin müqavimətinin artmasına səbəb olur. İnsulinin artması isə bədənin həzm sisteminə mənfi təsir edir, ürək xəstəliklərinin yaranmasına yol açır. Daim aclıq hissi yaradır, odur ki, xəstələr dayanmadan yemək ehtiyacı hiss edir. Bədən kütlə indeksi 35-i aşan xəstələr tibbi müdaxiləsiz arıqlaya bilmir. Bu səbəbdən də hər kəsə kalorili məhsullardan uzaqlaşmağı, sağlam qidalanmağı və kökəlməməyi tövsiyə edirəm. Əgər kökəlməyə başlamısınızsa, idmana başlayın, qidalanmanızı rejimə salın. Unutmayın ki, yüksək kalorili qidaların mədə və bağırsaq xərçəngi yaratmaq riski yüksəkdir.

Bu gün qaraciyər sirrozunun ən başlıca səbəbi qaraciyər yağlanmasıdır. Qaraciyər yağlanması gələcəkdə sirroza gətirib çıxara bilər.

- Koronavirusa yoluxan bəzi xəstələrin müalicəsinə həkimlər antibiotiklər daxil edir. Antibiotik nəticəsində pozulan bağırsaq mikroflorasını necə bərpa etmək olar?

- Koronavirusla obezlik arasında iki əlaqə var. Birincisi, obez xəstələr koronavirusu çox şiddətli keçirir, ölüm riski yüksəkdir. Yağlar daha çox sitokinlər ifraz etdiyi üçün ağciyərin daha sürətlə sıradan çıxmasına səbəb olur. İkincisi, obez xəstələrdə ağciyərlər öz funksiyasını daha zəif yerinə yetirir.

Bu xəstəlikdə istifadə edilən dərmanlar qastrit kimi mədə problemləri yarada bilər. Lakin koronavirusa yoluxan xəstələr bilməlidir ki, dərmanların təsiri keçicidir, köklük daha ciddi problemlərə gətirib çıxarır.

- Arıqlamaq istəyən insanlara verə biləcəyiniz ən dəyərli tövsiyə nə olardı?

- Çalışın kökəlməyin. Piylənmə uşaqlıqdan etibarən başlayan bir xəstəlikdir. Təəssüf ki, uşaqlıq dönəmində obez olanların böyük hissəsi yetkinlik dövründə də obez olur. Odur ki, uşaqlar üçün idman xüsusilə vacibdir. İdmanı həyat tərzinə çevirməsəniz, piylənmənin qarşısını ala bilməyəcəksiniz. Uşaqlarınızı kalorili, rəfinə edilmiş məhsullardan uzaq tutun.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm