AŞPA-nın erməni oyunu: Sorosun əlaltılarının anti-türk canfəşanlığı... - Deputat DETALLARI AÇDI
Bizi izləyin

Xüsusi

AŞPA-nın erməni oyunu: Sorosun əlaltılarının anti-türk canfəşanlığı... - Deputat DETALLARI AÇDI

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası keçirilir. Sessiyada Ermənistan nümayəndə heyəti yenə həyasızlıqla məşğuldur. Azərbaycana qarşı qarayaxma kampaniyalarına başlayıblar. Ölkəmizə qarşı kəskin fikirlər səsləndirirlər. 62 erməni diversantının qaytarılması məsələsini də gündəliyə salıblar.

Bəs Azərbaycan nümayəndə heyəti ermənilərin və ermənipərəstlərin cavabını sessiyada necə verir. Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Asim Mollazadə ssessiyada yaşananlarla bağlı Publika.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Ermənilərin AŞPA-da növbəti həyasızlığının kökündə nə dayanır? Onların müharibədən sonra AŞPA kimi bir qurumda özlərini bu cür radikal şəkildə aparmalarına niyə qurumun rəhbərliyi "dur" demir?

- Ermənistanın AŞPA-dakı nümayəndə heyəti elə təsəvvür yaradır ki, onların Ermənistandakı seçki kampaniyasını öz ölkələrində deyil, məhz Avropa Şurasında aparmalıdırlar. Çox radikal və kobud şəkildə özlərini ifadə edirlər. Əslində Avropa Şurasının qəbul olunmuş şərtlərinə zidd şəkildə çıxışlar səsləndirirlər. Bütün bu məsələlərlə bağlı onların müvafiq dairələrdən dəstək alması da açıq şəkildə sezilir. Sanki Ermənistanda seçki kampaniyası keçirilmir, seçki kampaniyası Avropa Şurasında keçirilir. Üstəlik, çox çirkin və alçaq formada təbliğat aparırlar. Bununla bərabər, onları hər zaman dəstəkləyən lobbiçilər fəaliyyətə qoşulurlar.

- Söhbət nədən gedir?

- Əsasən bu gün Avropa Şurasında Ermənistandakı revanşist qüvvələri təmsil edən nümayəndələr ən kobud leksikondan istifadə edirlər. Onların əsas məqsədi 20 iyunda Ermənistanda baş tutacaq parlament seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasında özlərini reklam etməkdir. Mənə elə gəlir ki, burada bir məsələ də var. Fikrimcə, Ermənistana Avropa Şurasından dəstək verən bəzi avropalı deputatların bu ölkə ilə sıx bağlılıqları var.

- Necə bir bağlılıq?

- Bilirsiniz, hətta 30 illik işğal dövründə Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş ərazilərinə gedən deputatlar çıxış edirlər. Onlar Ermənistana öz dəstəklərini bildirirlər. Bunların arasında həm Fransanın, həm də digər ölkələrin nümayəndələri var. Eyni zamanda, AŞPA-da ermənilərlə ideologiyaları üst-üstə düşən deputatlar mövcuddur. Mənə elə gəlir ki, biz Azərbaycan nümayəndələri olaraq çox fəal çıxış edərək Ermənistanın bütün iddialarını darmadağın etdik. Əsl həqiqətləri Avropa Şurasında təmsil olunan nümayəndələrə çatdırdıq. Düşünürəm ki, Avropa Şurası mühüm beynəlxalq platformadır. O baxımdan ki, biz bu platformanın imkanlarından istifadə edərək həqiqətləri Qərbin, eləcə də bütün dünyanın diqqətinə çatdıra bilərik.

- Bəs biz ermənilərin və ermənipərəstlərin hücumlarının qarşılığında AŞPA-da nələr edə bilirik?

- Ermənistanı dəstəkləyən lobbi qruplar bu istiqamətdə böyük işlər aparır, müvafiq sənədlər hazırlayırlar. Azərbaycan nümayəndə heyəti mütəmadi olaraq həqiqətləri çatdıran çıxışlar edir. Bununla yanaşı, Ermənistanın minaların xəritəsini verməməsi, müharibəni davam etdirməsi barəsində çıxışlar edərək mövqeyimizi ifadə etdik. Müzakirələr hələ də davam edir, bir neçə komitə iclasları olacaq. Bu iclaslar zamanı mən də ermənilərin ənənəvi ideologiyası barədə danışdım. Öz mövqeyimizi tam aşkar şəkildə ifadə etməklə ermənilərin fitnələrinin qarşısını almağa çalışdıq.

- 2001-ci ildən bu quruma üzvük. Görünən odur ki, aparılan müzakirələr, qəbul olunan qərarlar heç bir əhəmiyyət kəsb etmir, kağız üzərində qalır. Bu cür davam edərsə, AŞPA ilə yollarımız ayrılıra bilərmi? Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bu qurum niyə kəskin qərarlar qəbul edə bilmir? Yoxsa erməni lobbisinin əsirinə çevrilib?

- Bu məsələlərlə bağlı Ermənistana əsas dəstək verən qüvvələr əsasən erməni lobbisi ilə bağlı sıx bağlılığı olan qüvvələrdir. Onlar hər zaman Ermənistanı dəstəkləyiblər. Bununla yanaşı, "səlib yürüşü" təfəkküründə olan bəzi siyasi qüvvələr, yaxud Türkiyə və Azərbaycana qarşı anti-türk təbliğatlarına dəstək olanlar bu prosesdə yaxından iştirak edirlər. Bütün bu çıxışlara qarşı Azərbaycan nümayəndə heyəti çox sərt şəkildə öz mövqelərini ortaya qoydu.

- Son sessiyada Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı kampaniya təşkil etmək cəhdi demək olar ki, iflasa uğradı. Ermənilərin bundan sonrakı hücumlarının qarşısını almaq üçün bizim nümayəndə heyətinin üzərinə hansı məsuliyyət düşür? Depuatlarımızın bu istiqamətdə gərgin əməyi barədə sizin də fikirlərinizi almaq istərdik...

- Mən Avropa Şurasını Azərbaycan üçün daha doğrusu, Azərbaycanın öz mövqeyinin, haqq səsinin bütün dünyaya çatdırılması istiqamətində zəruri bir platforma hesab edirəm. Biz bu qurumda fəaliyyətimizi davam etdirərək Avropa ictimaiyyətinə öz fikirlərimizi açıq şəkildə çatdırmalıyıq. Mən Sorosla əlaqələr məsələsinin burada önəmli faktor olmasını düşünmürəm. Çünki orada çox rəngarəng qüvvələr Ermənistanı dəstəkləyirlər. Ermənistanı dəstəkləyənlərin içərisində ən çox fəallıq göstərənlər elə sağ qüvvələrdir. Hər zaman erməni diasporunun güclü idologiyasını bölüşən qüvvələr də üstünlük təşkil edirlər. Burada siyasi korrupsiya məsələsini də istisna etmək olmaz. Daha doğrusu, erməni diasporunun güclü olduğu yerlərdə zəngin diaspor nümayəndələri bir çox Avropa siyasətçilərini öz sistemlərinə daxil ediblər. Həm öz parlamentlərində, həm də təmsil etdikləri beynəlxalq qurumlarda Ermənistanın fikrini dəstəkləyirlər. Anti-türk təbliğatlarında bundan istifadə edirlər.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm