Bu yanlışa aydınlıq gətirmək üçün... - Türkiyənin Norveçdəki səfiri ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Bu yanlışa aydınlıq gətirmək üçün... - Türkiyənin Norveçdəki səfiri ilə MÜSAHİBƏ

Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.

Publika.az xəbər verir ki, əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir.

Tədbir bir çox ölkələrin ictimai, siyasi xadimlərini, səfirlərini bir araya toplayır. Sərgini maraqla izləyənlər sırasında qardaş Türkiyə Cümhuriyyətinin Norveçdəki fövqəladə və səlahiyyətli səfiri Fazlı Çorman da var.

Fazıl Çormanla özəl müsahibəni təqdim edirik.

- Cənab Səfir, qardaş ölkəmiz Türkiyə ilə Azərbaycanmın doğmalığı artıq bütün dünyaya bəllidir. Sərgini izlədinizmi?

- Doğrudur. Azərbaycan bizim doğma qardaş bacılarımızın, dostlarımızın yaşadığı məmləkətdir. Eyni kökdən gəlirik, eyni mədəniyyəti, dili, dini paylaşırıq. Ən əsası isə Azərbaycan tarix boyu Asiya və Avropa arasında körpü quran ölkə olub. İnkişaf etmiş ölkələr üçün əhəmiyyətli əməkdaşdır. Elə bugünkü sərgi də fikrimi sübuta yetirir.

- Necə düşünürsünüz, bu sərgi ölkələr arası mədəni münasibətlərə təsir edəcəkmi?

- Əlbəttə. Sərgi Norveç, Finlandiya, İslandiya, Danimarka və digər şimal ölkələrinin türkdilli xalqların regionu, Mərkəzi Asiya ölkələri, Pakistan, Əfqanıstan və digər dövlətlərlə tarixi əlaqələrini, bənzərliklərini bizə daha gözəl üslubda izah edir. Bu əlaqələri əfsanələr, rəvayətlər hətta konkret faktlara dayanan mənbələrdən oxuyub öyrənirik. Bu baxımdan böyük alim Tur Heyerdalın əməyini xüsusi vurğulamalıyıq. Çünki onun Azərbaycana, Bakıya və ölkənizin digər tarixi regionlarına səfərindən sonra bu xalqların tarixi kökündəki qohumluq, əsrlərə dayanan əlaqələri bizə daha yaxşı məlum oldu.

- Cənsb Səfir, regionumuzu Avropa ölkələrində tanıtmaq üçün hansı tədbirlər görə bilərik?

- Bu sahədə çox işlər görə bilərik. Bir-birimizin mədəniyyətini daha gözəl şəkildə, elə bu sərgi miqyasında təqdim edə bilərik. Təəssüf ki, regionumuzdakı dövlətlər haqda Norveç mediasında mənfi fikir yüklü məqalələrin dərc olunduğu dövrdə Azərbaycan kimi sülhsevər, çox mədəniyyətli ölkənin digər yöndən tanıdılmaq imkanı məhdudlaşıb. Odur ki, sırf bu yanlışa aydınlıq gətirmək üçün öncə mədəniyyətimizi olduğu kimi təqdim etməliyik.

- Əminəm ki, Azərbaycanda olmusunuz.

- Əlbəttə, Azərbaycana səfərimi çox gözəl xatırlayıram. Xüsusən də paytaxt Bakıda gözəl zaman keçirmişdim. Çox sevindirici məqamdır ki, ölkəniz 30 ildir, düşmən tapdağında olan torpaqlarını azad etdi. Növbəti səfərlərimdə Qarabağa da getmək istəyirəm. Bakının gözəlliyindən, tolerant insanlarından, təzadlı memarlığında, qonaqpərvərliyindən nə qədər danışsam, yenə də azdır. Dediyim kimi, şərqlə qərbin, şimalla cənubun, Avropa ilə Asiyanın vəhdətidir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm