Xüsusi
Bu, mənim üçün xüsusi kövrək məqam idi - Türkiyənin Norveçdəki konsulu ilə MÜSAHİBƏ
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Publika.az xəbər verir ki, tədbir Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir.
Sərgi haqda dəyərli fikirlərini bölüşənlər sırasında qardaş Türkiyənin Norveçdəki konsulu Aytaç Özkütük də var.
Aytaç Özkütüklə müsahibəni təqdim edirik.
- Dəyərli Aytaç bəy, çox gözəl azərbaycanca danışdığınızı bilirik. İstəyirsinizsə, söhbətimizə Azərbaycan türkcəsində davam edək?
- İki ildən çoxdur ki, Norveçdə yaşayıram. Odur ki, Azərbaycan dilini müəyyən qədər unutmuşam. Amma danışmağa cəhd edəcəyəm.
- Çox gözəl. Öncə sərgi haqda fikirlərinizi bilmək istərdim.
- Bu sərgidə iştirak etmək mənim üçün qürur qaynağıdır. Xüsusən də Azərbaycanda yaşayıb, sonra Norveçə köçən biri kimi bu gözəl ölkənin elementləri ilə bəzənmiş köşədə görüşməyimizdən ikiqat məmnunam. Sanki qardaş Azərbaycanda yaşadığım unudulmaz illərə bir daha geri döndüm. Xatırladım ki, Türkiyənin Naxçıvanda fəaliyyət göstərən Baş Konsulluğunda konsul müavini kimi çalışmışam.
- Qardaş ölkəmizin dəstəyini daim hiss edirik. Hətta səfər edəndə də özümüzü yad ölkədə hiss etmirik. Uzun müddət ölkəmizdə yaşadığınız üçün əminəm ki, Azərbaycana daha yaxından bələdsiniz.
- Azərbaycanla Türkiyə qardaşdır. Bu doğmalığımızı bütün dünya görür, hiss edir. Dilimiz, dinimiz, mətbəximiz, hətta duğularımız, dəyərlərimiz eynidir. Tarixi keçmişimiz çox qədim köklərə dayanır. Ortaqlığımız o qədər gözəldir ki, ifadə etmək üçün sözlər acizdir. Azərbaycanı abidələri ilə də, məişəti ilə də tanıdığım üçün qardaş ölkənin dəyərləri haqda xırdalıqlara varmağa başlasam, zamanımız çatmayacaq.
- O zaman Naxçıvan xatirələrinizi bölüşək. Çünki mən gözəl bölgəmizdə heç vaxt olmamışam.
- Naxçıvana vəzifəyə göndərildiyimi eşidəndə çox sevindim. Həm vəzifə borcumu qardaş ölkədə yerinə yetirəcəyəm, həm də evimə çox yaxın olacağam deyə düşündüm. Bildiyiniz kimi, İğdır şəhərimiz Naxçıvanla sərhəddir. Xüsusən də İğdırda Azərbaycan kökənli ailələrin sayı çoxdur. İğdırdan Naxçıvana ilk addımımı atan kimi Ümummili lider Heydər Əliyevin fotoşəklini və Azərbaycan bayrağını gördüm. Həsrət, ümid körpüsünün bir yanında Türkiyə, digərində isə Azərbaycan bayraqlarının dalğalandığını görmək mənim üçün xüsusi kövrək məqam idi. Naxçıvana hələ səfər etməyən hər kəsi bu gözəl bölgəyə dəvət edirəm. Ümumiyyətlə, Azərbaycanın bütün şəhərləri, rayonları gözəldir. Naxçıvan Muxtar Respublikası isə gəzməli, görməli, yaşamaq üçün olduqca əlverişli regiondur. Bildiyiniz kimi, Naxçıvan həm Ulu öndərimiz Mustafa Kamal Atatürk, həm də Ümummili lider Heydər Əliyev üçün çox önəmli, əhəmiyyətli məkan olub.
- Sərgidə ən çox marağınızı çəkən elementlər hansılar oldu?
- Qobustanla bağlı eksponatlar diqqətimi çəkdi. Çünki bununla bağlı da xatirəm var. Bakıya ilk səfərimdə Qobustanda da olmaq istəmişdim. Lakin idarə etdiyim avtomobildə problem yarandığı üçün yolun yarısından geri qayıtmağa məcbur olmuşdum. Bunun peşmançılığını yaşamışdım. Ümid edirəm, növbəti səfərim baş tutacaq. Tur Heyerdalın adını da dəfələrlə eşitmişdim. Çünki Azərbaycandan sonra Norveçdəki konsulluğumuza göndəriləndə hər kəs mənə “Sən Tur Heyerdalın davamçısısan. Norveçlə Azərbaycan arasında ikinci dəfə körpü qurmağa gedirsən” deyirdi. Kralın təsviri əks olunmuş xalça da çox gözəl idi. Ümumiyyətlə, xalça mənim üçün mədəniyyətin özünəməxsus, ən dəyərli növlərindəndir. Bakıdakı, həmçinin Naxçıvan Muxtar Respublikasındakı xalça muzeylərinin adlarını xüsusi qeyd etməliyəm. Düşünürəm ki, bu məkanlar hər iki qardaş ölkənin əvəzsiz dəyəridir. Bu sərgini özəl edən əsas məqamlardan biri də odur ki, tək Azərbaycan-Norveç deyil, Azərbaycan-Türkiyə-Norveç triosunun münasibətləri əks olunur. Sanki iki qardaş ölkənin Norveçdəki təqdimatında idim.
Ölkələrimiz arasında nəinki qardaşlıq, strateji iqtisadi əməkdaşlıq da durmadan möhkəmlənir. Bu, ölkə rəhbərliyi səviyyəsində də davam edir. Təbii ki, qürur duyuruq.
- Norveçdə yaşayan azərbaycanlıların da dediyi kimi, bu ölkədə Azərbaycan səfirliyi olmasa da, Türkiyə səfirliyinin əməkdaşları öz dəstəklərini, qayğılarını daim nümayiş etdiriblər.
- Bəli. Bizim digər şərəfli vəzifəmiz də Azərbaycanın diplomatik təmsilçiliyini yerinə yetirməkdir. Bu gün Norveçdə nəinki Türkiyə dövlətini, eləcə də Azərbaycanı təmsil edirik. Atatürkün dediyi kimi də “sizin sevinciniz bizim sevincimiz, kədəriniz bizim kədərimizdir. Odur ki, Azərbaycanla Norveç arasında diplomatik münasibətlərin inkişafında əməyimiz keçdiyi üçün qürur duyuruq.
- Pandemiyadan sonra sizi ikinci Vətəninizdə gözləyirik.
- İllərlə Azərbaycanın Bakı, Şəki, Gəncə şəhərlərini, Naxçıvanın müxtəlif rayonlarını, ümumiyyətlə bir çox bölgələrini gəzmişəm. Amma bugünədək Qarabağda olmamışdım. Pandemiya bitər-bitməz Qarabağa, mədəniyyətin paytaxtı Şuşaya səfər edəcəyəm. Qarabağın azadlığı məni ən azı sizin qədər xoşbəxt edir. Çünki türk diplomatam, Azərbaycanın havasını udmuşam. Başqa cür ola da bilməz. Erməni işğalı, həmçinin müharibə dövründə də Qarabağın Azərbaycan torpağı olduğunu təbliğ etmişik. Əlimizdən gələn mənəvi, diplomatik dəstəyi göstərməyə çalışmışıq. Bu dəstək, birlik hər zaman davam edəcək.
- Cənab Özkütük, sonda saytımızın oxucularına nə demək istərdiniz?
- Naxçıvanda çalışdığım dövrdən etibarən yenilikləri Publika.az saytından izləmişəm. Saytınız vasitəsilə azərbaycanlı bacı və qardaşlarımıza salam, sevgi göndərirəm.
Leyla Sarabi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO