Xüsusi
Hər günümüzə belə başlasaq... - Eldar Əliyevlə MÜSAHİBƏ
Dünyanın nəhəng səhnələri onun möhtəşəm rəqsləri ilə işıqlanır. Səfər etdiyi bütün ölkələrdə xüsusi sevgi və dərin ehtiramla qarşılanır.
Həmsöhbətimiz peşəkar xoreoqraf, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, xalqımızı uğurları ilə daim qürurlandıran həmvətənimiz Eldar Əliyevdir.
- Eldar bəy, bəlkə ilham mənbəyinizlə bizi tanış edəsiniz?
- Düşünürəm ki, ilham pərisini axtarmağın faydası yoxdur, onu gözləmək isə mənasızdır. Məncə, insan sadəcə özünü xoşbəxt etməyə çalışmalıdır. Axı bu çətin deyil. Məsələn, səhər yuxudan oyanmısan. Canın sağdır, pəncərədən baxıb parlaq günəşi, mavi səmanı görürsən. Dönüb doğmalarının təbəssümünü izləyirsən. Xoşbəxt olmaq üçün əsas səbəb bu deyilsə, bəs nədir?!
Hər günümüzə belə başlamalıyıq. Sualınızın cavabı da buradan doğur. Xoş əhval ən gözəl ilham mənbəyidir. Fikrimcə, xoşbəxt insan heç vaxt fantaziya kasadlığından əziyyət çəkə bilməz. Mən də özümü xoşbəxtlər sırasına daxil edirəm.
- Bəs rəqsdə ilham anlayışının formulu var?
- Rəqs zamanı gələn ilhamın poeziya, musiqi, yaxud incəsənətin digər janrlarından fərqləndiyini düşünmürəm. Ümumiyyətlə, bu, sənət adamının ən təbii halıdır. Yəni süni obraz deyil. Öz qəlibindəsən, özünsən və bu təbiiliyini publikaya ötürə bilirsən. Bu minvalla da müəllif və izləyici arasındakı mübhəm, eyni zamanda doğma ünsiyyət baş tutur. Tamaşaçı ilə rəqqasın enerjisi qızıl nöqtədə toqquşur. Zənnimcə, bütün sənətkarların ən böyük arzusu bu məqama yetişməkdir.
- Eyni harmoniyaya rəqs truppası ilə yaradıcı ünsiyyətdə nail ola bilirsiniz? Etiraf edim, iş prosesiniz mənə çox maraqlıdır.
- Rəhbərin truppası ilə münasibəti özü də incəsənətdir. Hətta deyərdim ən çətin və məsuliyyətli məqamıdır. Çünki truppa elə həssas orqanizmdir ki, istənilən yad təsirə reaksiya verir. Ümumiyyətlə, münasibətdə hər şeydən öncə peşəkarlıq üzərində qurulmuş qarşılıqlı hörmətə önəm verirəm. Yalnız bu halda xoreoqraf-rəqqas münasibətləri doğru məcraya yönəlir.
Peşəkar fəaliyyətimə yenicə başlayanda düşünürdüm ki, hamı məni mütləq çox sevməlidir. Truppa üzvlərindən arzuladığım sevgini görməyəndə isə çox kədərlənirdim. İllər bir-birini əvəzlədikcə, təcrübəm artdıqca anladım ki, rəhbərlə truppa üzvləri arasındakı münasibət peşəkarlıq, güvən üzərində qurulmalıdır. Bu cəhətlər varsa, həm şəxsi münasibətin, həm də peşəkar ünsiyyətin bünövrəsi sarsılmayacaq. Razılaşın ki, peşəkara sayğı duymamaq, ona etibarsız yanaşmaq mümkün deyil.
- Tamamilə razıyam. Eldar bəy, xoreoqrafiyada texnika toxunulmazlığı anlayışı var? Yəni texnika ilə improvizə nə dərəcədə düz mütənasibdir?
- Texnika ilə improvizə arasında müqayisə analizi aparmaq istəməzdim. Səbəbini izah edim. Xoreoqrafın öyrətdiyi, tapşırdığı texnika cizgiləri obrazın publikaya təsir gücünün yalnız bir hissəsidir. İmprovizə isə tapşırılmış material deyil, rəqqasın özünü ifadə vasitəsidir. Çünki o, rəqs hərəkətlərinə ilğım qataraq texniki elementləri dolğunlaşdırır. Lakin hər iki halda texnika obrazı tamamlamalıdır. Çünki sırf texniki bilikləri ilə səhnəyə çıxıb, obrazına hərarət qatmayan ifaçının çıxışı mənasızdır.
- Əminəm ki, uğur əldə etməyin formulu da texnika və improvizənin vəhdətinə bənzəyir. Uğurunuzun sirrini oxucularımızla bölüşməyinizi istərdim.
- Sirrim yoxdur. Ümumiyyətlə, düşünürəm ki, uğurumuzun təməli sevdiyimiz işlə məşğul olmağımız, bu yolda xidmət etməyimizdir. Dünyanın dörd bir yanında axtarışına çıxdığımız uğurun yeganə sirri budur. Mənimlə çalışan rəqqaslara daim bir tövsiyə verirəm. Məqsədiniz olmadan irəliləmək mümkün deyil. Təsəvvürünüzdəki həyat yolunuz boyu indi dayandığınız mərhələ və çatmaq istədiyiniz, can atdığınız xəyali nöqtə arasındakı məsafəni hesablamalısınız. Sonra isə uğura gedən yolda mənzil başına çatmaq üçün istiqaməti dəyişmədən, var gücünüzlə çalışmalısınız. Mənim uğurumun tərifi budur.
- Niyə məhz “1001 gecə” əsəri? Özü də əsərin baş rolu Şəhriyar orazını özünüz canlandırmısınız. Seçiminiz barədə danışmağınızı istərdim...
- Fikrət Əmirovun “Min bir gecə” baletinə yazdığı musiqiləri dinlədiyim gecə həmin əsərə aşiq oldum. Amerikalı truppaya rəhbərlik etdiyim ilk mövsümün proqramına daxil etməyə qərar verdim. Rəqqas kimi fəaliyyətimi davam etdiyim dövrdə bədii rəhbər vəzifəsinə təyin olunduğum üçün əsas kişi partiyasını öz öhdəmə götürdüm. Premyerada da məmnuniyyətlə ifa etdim.
- Əminəm ki, çətinliyiniz az olmadı.
- Əlbəttə, oldu. İlk dəfə idi ki, ikiaktlı baletdə xoreoqraf kimi çıxış edirdim. İkincisi tamaşanı həm səhnələşdirib, həm də özüm məşq edirdim. Üçüncüsü isə bu cür irihəcmli tamaşaya truppanı hazırlamaq təcrübəm az idi. Odur ki, ara-sıra obrazımı digər vəzifəmə qurban etməli olurdum. Bütün çətinliklərə rəğmən, baletimiz böyük maraqla qarşılandı. Lakin Şəhriyar obrazı o qədər çətin idi ki, premyeradan sonra ifaçılıq fəaliyyətimi dayandırıb, bədii rəhbər kimi davam etməyi qərara aldım.
- Ən çox səyahət edən sənətkarlarımız sırasındasınız. Səyahət ayinləriniz varmı?
- Səyahətlər həyatımın ayrılmaz parçasıdır. Odur ki, bir yerdə çox qalanda işlərimin yolunda getmədiyini düşünürəm. Xüsusi rituallarım yoxdur, amma səyahətin özü mənim üçün həyatımın nizamıdır.
- Eldar bəy, necə düşünürsünüz, sənət dəyər görmədən də mövcud ola bilər?
- Məncə, mümkün deyil. Sənətkarın yaratdığı obrazın, əsərin qayəsi tamaşaçı ilə dialoqa köklənib. İzləyicinin dəyəri olmadan bu dialoq monoloqla əvəzlənir. Beləcə bütün mənasını da itirir. Amma yenə də deyirəm, bu, mənim fikrimdir.
- Xoreoqraf müəyyən mənada hökmlü olmalıdırmı?
- Əminliklə razılaşıram. Xoreoqraf tamaşanı təsəvvüründə bütövlükdə canlandıran yeganə insandır. Odur ki, balet məşqləri zamanı dəmir intizama və truppanın xoreoqrafa tam təslimiyyətinə nail olmaq lazımdır. Lakin solo məşqlər zamanı vəziyyət bir az dəyişir. Doğrudur, quruluşu xoreoqraf verir. Lakin ifaçı da öz individuallığını qatmalıdır ki, izləyici zövq ala bilsin.
- Maraqlı, individual, eyni zamanda hər birimizin qavraya biləcəyi cavablarınız üçün minnətdaram.
- Mən təşəkkür edirəm!
Leyla Sarabi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA