Xüsusi
Yaxın bir-iki ildə Qarabağda nələr olacaq: Türkiyə və Rusiya... - Etibar Məmmədov AÇIQLADI (VİDEO)
Video əlavə olunub.
xxx
Budəfəki həmsöhbətimiz Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri, siyasətçi Etibar Məmmədovdur. Onunla Ermənistandakı seçkilərdə Paşinyanın qələbəsindən, bundan sonra baş verə biləcək proseslər silsiləsindən, eləcə də Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışdıq.
Etibar Məmmədovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Etibar bəy, Nikol Paşinyan seçkilərdə qalib gəldi. Necə düşünürsünüz, bundan sonra 10 noyabr bəyannaməsində nəzərdə tutulan öhdəlikləri sürətli şəkildə yerinə yetirəcəkmi? Burada erməni silahlı dəstələrinin Xankəndidən çıxarılması, demarkasiya, dəhliz və sair kimi məsələlər var…
- Bu, Azərbaycanın tələbidir. Azərbaycan qalib tərəf kimi Ermənistanın qarşısında şərtlər qoyub. Birmənalı olaraq Qarabağ həmin silahlı qüvvələrdən təmizlənməlidir. Seçkidən əvvəl Nikol Paşinyana qarşı təzyiqlər var idi. O da bu məsələlərdə müəyyən tərəddüdlər edirdi. Artıq seçkilər başa çatıb. Seçkilərdən sonra bunlar neytrallaşıb. Fikrimcə, artıq Qarabağdan həmin qüvvələrin təmizlənməsi prosesi başlamalıdır və başlayacaq da… Qalib tərəfin digər şərtləri də bundan sonra yerinə yetiriləcək.
- Bir çoxları düşünürdü ki, Rusiya Paşinyanın seçkilərdə qalib gəlməsinə asanlıqla göz yummayacaq. Amma Kremldən İrəvana sərt təpkilər gəlmədi. Sizcə, səbəb nədir?
- Kim deyir ki, Rusiya Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün nəsə bir iş gördü?! Moskva bununla bağlı elə bir iş görmədi. Sadəcə olaraq Kreml Ermənistandakı maraqlarının qorunması üçün müəyyən addımlar atıb. Rusiya Nikol Paşinyana dolayısı ilə izah edirdi ki, bizim maraqlarımıza toxunmaq olmaz. Ona görə də Paşinyanın İrəvanda hakimiyyətdə qalması Moskvanın maraqlarına daban-dabana zidd deyil.
- Azərbaycan hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə öz suverenliyini təxminən nə vaxt bərpa edəcək? Sizcə, proses nə qədər çəkəcək?
- Mənim düşüncəmə görə, bu proses məskunlaşmanın sürətindən asılı olacaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mənimsənilməsindən, yəni məskunlaşmanın aparılması, orada infrastrukturun yaradılması və həmin ərazilərdə iqtisadiyyatın normal vəziyyətə düşməsindən asılıdır. Birinci növbəli vəzifə odur. Bundan sonrakı vəzifə tam mühasirədə qalan hissəni təcrid etmək və təmizləməkdən ibarət olmalıdır. Bundan sonrakı proseslər o qədər də çətin olmayacaq.
- Bəs məskunlaşma nə qədər çəkə bilər, 5-6 ilə qədər uzanacaqmı?
- Yox, 5-6 ilə qədər uzanmayacaq. İşğaldan azad olunan rayonlara görə bu müddət dəyişəcək. Çünki hər rayonun özünün coğrafi xüsusiyyətləri var. Eyni cür deyillər. Boşaldılan rayonlarda məskunlaşmanı sürətləndirmək üçün ilk növbədə yol məsələsi həll edilməlidir. Məsələn, Kəlbəcərdə yol infrastrukturu qurmadan, oraya birbaşa yollar çəkilmədən məskunlaşdırma aparmaq çətin olacaq. Ona görə də hazırda həmin yolların çəkilməsi prosesi gedir. Digər rayonlarda da minalardan təmizlənmə prosesi aparılmalıdır və bu proses də aparılmaqdadır. Fikrimcə, bu proses 1-2 il çəkəcək.
- Ermənistan mina xəritələrinin çox cüzi hissəsini verdi. Digər rayonların da mina xəritələrini ala biləcəyikmi? Bunun üçün bizim əlimizdə hansı təzyiq rıçaqları var?
- Təzyiq rıçaqları çoxdur, yavaş-yavaş onların hamısından istifadə olunacaq.
- Ermənistan Zəngəzur dəhlizini açmasa, Azərbaycan Laçın dəhlizini ermənilərin üzünə bağlaya bilərmi?
- Əvvəlcə digər sərhədlər formalaşdırılmalıdır. Delimitasiya prosesi getməlidir. Demarkasiya olunmalıdır. Yəni, Ermənistan həmin dövlət sərhədlərini müəyyənləşdirməklə, sərhədlərlə bağlı sazişə məcbur qalıb imza atmaqla faktiki olaraq Qarabağdan imtina etmiş olacaq. Hazırda birinci vəzifə Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədlərinin müəyyənləşdirilməsi və onun rəsmiləşdirilməsidir. Zəngəzur dəhlizi ilə bağlı məsələ də həmin sərhəd müəyyənləşdirilməsinin içərisində olmalıdır.
- Şuşa Bəyannaməsi haqqında da fikirlərinizi öyrənmək istərdik. Belə bir bəyannamənin imzalanmasını necə qiymətləndirirsiniz?
- Bununla bağlı mən öz fikirlərimi bir neçə dəfə bildirmişəm. Bu, çox əhəmiyyətli bir bəyannamədir. Şuşa Bəyannaməsi faktiki olaraq Türkiyə ilə Azərbaycan arasında qeyri-rəsmi konfederativ münasibətlərin formalaşmasının elanı deməkdir. Türkiyə Cümhuriyyəti, eləcə də Osmanlı dövləti o vaxt Azərbaycanın və digər türk, müsəlman xalqlarının ümid yeri olub. Bu ümidlərin doğrulması tarixi hadisələrin fonunda hər zaman gerçəkləşmirdi, bəzən ümidsizlik yaradırdı. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi bu ümidləri doğrultdu. Sonradan sovet işğalı uzun müddət bu ümidləri məyusluqlarla əvəz etmişdi. Azərbaycan öz müstəqilliyini 70 ildən sonra qazanarkən yenə də ümid yeri kimi Türkiyə Respublikasına baxırdı. Türkiyə də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Bu ümidləri doğrultdu. Sonrakı dönəmlərdə dünyadakı konyuktura imkan vermirdi ki, iki qardaş ölkə arasındakı əlaqələr iki qardaş xalqın istədiyi səviyyədə olsun. İlk növbədə hərbi müttəfiqliyi gözləyirdik. Çünki bu hərbi müttəfiqlik Azərbaycanı çətin durumdan çıxara, torpaqlarımızın işğaldan azad olunması prosesində bizə yardım edə bilərdi. Əvvəlki hazırlıq dövrü onunla nəticələndi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyəni öz arxasında hiss elədi. Türkiyəyə arxalanan Azərbaycan öz qəhrəman əsgərlərinin gücü sayəsində torpaqlarını işğaldan azad etdi. Şuşa Bəyannaməsi isə Azərbaycanın gələcək perspektivdə önünü açır. Bu, Azərbaycanın inkişafı, eləcə də Qafqazda Türkiyənin möhkəmlənməsi üçün ən ciddi sənəddir. Bu sənəd Turan birliyinin yaranmasına yönəlib.
- Sizcə, bu bəyannamə ilə Türkiyə bölgəyə tam şəkildə gələ bildimi? Rusiya ilə Türkiyənin buradakı maraqları toqquşmayacaq ki?
- Yox, onsuz da Türkiyə daha əvvəl bölgəyə gəlmişdi. Sadəcə olaraq Şuşa Bəyannaməsi ilə burada olmağını rəsmiləşdirir. Təbii ki, Rusiya bu regionda başqa dövlətin söz sahibi olmasını istəməyəcək. Ancaq Rusiyanın söz demək iqtidarı əvvəlki kimi deyil.
Tural Turan
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...