Ermənilərin Azərbaycan əsgərlərinə hücumu və Əliyevin hesabı - Ağar AÇIQLADI
Bizi izləyin

Xüsusi

Ermənilərin Azərbaycan əsgərlərinə hücumu və Əliyevin hesabı - Ağar AÇIQLADI

Bu cür təxribatların yaratdığı nəticələri sübut kimi götürərək Azərbaycan dövləti Qarabağda anti-terror əməliyyatlarına başlaya bilər. Çünki bu, üçtərəfli razılaşmada əks olunub və anti-terror əməliyyatlarını başlatmaq Azərbaycanın haqqıdır.

Bu sözləri Publika.az-a müsahibəsində terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

Müsahibəni təqdim edirik:

- Abdullah bəy, Qarabağda olan erməni silahlıları ard-arda Şuşanı atəşə tutdular. Digər tərəfdən isə Naxçıvan da ermənilərin hücumuna məruz qaldı. Ermənistanın bu cür təxribatlara əl atmaqda məqsədi nədir?

- Bunun bir çox səbəbləri var. İlk olaraq Ermənistan hələ də Qarabağ savaşında məğlubiyyətini qəbul edə bilmir. Digər tərəfdən isə Azərbaycanda olan diplomatlar Şuşaya səfər etdilər. Onların Şuşaya səfəri təmsil etdikləri ölkələrin Şuşa zəfərini qəbul etməsi, Azərbaycanın qələbəsini təsdiq etməsi anlamına gəlir. Bununla bağlı digər ölkələr onlara nota verməyə, anlamsız şeyləri imzalamağa çalışdılar. Bu baxımdan onların öz daxillərində bir öhdəlik formalaşdı. Bunun isə keçmişdə olan hansısa bir strategiya ilə davamlılığını təmin etmək istəyirlər. Belə bir niyyətlərinin olduğunu da aydın görürük. Digər tərəfdən, bu iş təkcə Ermənistan tərəfindən həyata keçirilməyib. Bu prosesdə Ermənistan yalnız deyil. Belə bir ehtimal var. Çünki nəticədə bu cür sabitliyi pozulmağa çalışılan ortamlarda hakimlik roluna bürünmüşlərin yeri möhkəmlənir. Yəni buna dair bir strategiya müəyyənləşdirilir. Biz bununla bağlı saxta ssenari ilə qarşı-qarşıyayıq. Bu, sadəcə ehtimaldır. Yəni keçmişdə belə olub, təxmin edirəm ki, bu dəfə də belədir. Nəticədə Ermənistan silahlıları bu fəaliyyəti gerçəkləşdirir. Amma Ermənistan son dərəcə təhrikedici addımlarını davam etdirir və bu şəkildə Rusiyanın arxasında gizlənir. Bu, isə bir reallıqdır.

- Azərbaycan dövlətinin hədəfi tarixi torpaqlara qayıdışdır. Ötən gün İlham Əliyev çıxışında bildirdi ki, Göyçəyə, İrəvana, Zəngəzura qayıtmalıyıq. Prezident vurğuladı ki, əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var və Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Sizin Zəngəzur məsələsi ilə bağlı fikirləriniz nədir?

- Bu dəqiqə Ermənistanın Ermənistan torpağı olaraq iddia etdikləri ərazi Azərbaycana aiddir. Oralar türk torpağıdır. Biz bunun fərqindəyik. Digər tərəfdən isə geosiyasi prosesləri də izləyirik. Bununla bağlı bizim də özümüzə uyğun planlarımız var. Eyni zamanda məsələ güc, təxribat, manipulyasiya məsələsidir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvdür. Bu razılaşma çərçivəsində onların Azərbaycanı təhrik edib müxtəlif oyunların içərisinə sürükləməyə çalışdıqlarını da hər zaman gördük. İndi də müharibədə və müharibədən öncə olduğu kimi soyuqqanlı davranmaq lazımdır. Digər tərəfdən isə beynəlxalq hüquq var. Bununla yanaşı, qanunlar çərçivəsində özünümüdafiə və buna bağlı olaraq da haqlı müdafiə olunmaq hüququmuz var. Bunların hamısı Azərbaycanın əlində olan imkanlardır. Ortada manipulyasiyanın olduğu isə aydındır. Ancaq bu manipulyasiyanı Ermənistan təkbaşınamı edir, yoxsa onun arxasında dayanan gizli qüvvələrmi var, bunların hamısı ola bilər. Lakin bununla əlaqədar müzakirələr aparmaq, mübahisəyə girmək doğru olmaz. Amma nəticədə ortada olan bir həqiqət var. Hazırda rus sülhməramlıların nəzarətində olan Qarabağdakı torpaqlar da Azərbaycana məxsusdur. Zəngəzur dəhlizinin şərqindəki və qərbindəki torpaqlar, yəni Şərqi Zəngəzur və Qərbi Zəngəzur əraziləri də Azərbaycanın tarixi torpağıdır. Sadəcə, zaman lazımdır. Bu məsələyə bu istiqamətdə baxmaq lazımdır. Necə ki, Qarabağ unudulmadı, bu ərazilər də unudulmayacaq və unudulmamalıdır da. Ağıllı dövətlər sonunda məğlub olacaqları, ağır zərər görəcəkləri bir savaşın içərisinə girməzlər. Onlar qazanacaqları savaşa daxil olarlar. Hər kəsin bir hesabı var. Azərbaycan dövlətinin də, cənab İlham Əliyevin də bir hesabı var. Proseslərə bu yöndə qiymət vermək lazımdır.

- 10 noyabr razılaşmasının 4-cü bəndində qeyd edilir ki, erməni qoşunlarının çıxarılması icra edilməli, ya da Azərbaycan anti-terror əməliyyatını gündəmə gətirməlidir. Sizcə, indiki məqamda Azərbaycan Qarabağda anti-terror əməliyyatlarına başlaya bilərmi?

- Əlbəttə, Azərbaycanın belə bir haqqı var. Bu cür təxribatların yaratdığı nəticələri sübut kimi götürərək Azərbaycan dövləti Qarabağda anti-terror əməliyyatlarına başlaya bilər. Çünki bu, üçtərəfli razılaşmada əks olunub və anti-terror əməliyyatlarını başlatmaq Azərbaycanın haqqıdır. Digər tərəfdən isə Azərbaycan bunun sonradan çıxa biləcək nəticələrini qabaqcadan hesablaya bilmək qabiliyyətinə malikdir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm