İrəvan sülh müqaviləsini imzalayacaq? - Elman Məmmədov AÇIQLADI
Bizi izləyin

Xüsusi

İrəvan sülh müqaviləsini imzalayacaq? - Elman Məmmədov AÇIQLADI

Son günlər Ermənistan Azərbaycanla sərhəddə təxribatları ard-arda sıralayır. Nəticədə öz çanağı öz başında çatladı, 3 əsgəri məhv edildi, 3 əsgəri də yaralandı. Azərbaycan Ordusunun da iki əsgəri xəsarət aldı.

Bəs İrəvan dövlət sərhədində bu cür addımlarla nəyə nail olmaq istəyir?

Ermənistanın təxribatları ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Elman müəllim, Azərbaycanla sərhəddə nələr baş verir? Ermənilər niyə imkan vermirlər ki, biz öz sərhəd infrastrukturumuzu yaradaq. Son günlərin təxribatları nədən xəbər verir?

- 1918-20-ci illərdən götürəndə Azərbaycan müstəqil dövlət kimi Ermənistanla və digər dövlətlərlə öz sərhədlərini özü qoruyur və müəyyən edir. 30 il ərzində bizim ərazilərimiz düşmənin - ermənilərin işğalı altında idi. Biz indi Ermənistanla sərhədlərimizə çıxmışıq. Müvafiq sənədlər, xəritələr əsasında öz ərazimizi, sərhədlərimizi müəyyən edirik. Öz sərhədlərimizin təhlükəsizliyini qoruyuruq. Ermənilər isə vaxtaşırı təxribatlara əl atırlar. Onların təxribatlarının arası səngimir. Ermənilər iddia edirlər ki, guya Azərbaycan hərbçiləri onların ərazisinə daxil olub. Guya biz onların ərazi bütövlüyünü pozuruq. Bu, tamamilə şər-böhtandır, iftiradır. Çünki müvafiq sənədlər, xəritələr var. Hər şey ortalıqdadır.

- Bəs ermənilər niyə belə bir iddia irəli sürürlər?

- Bu təxribatçı iddialar elə-belə deyil, məqsədlidir. Həmişə demişəm, yenə də təkrar edirəm ki, Ermənistan bir dövlət deyil, təşkilatdır. Özü də məqsədli şəkildə yaradılmış bir qurumdur. Onu yaradanlar qarşılarına məqsəd qoymuşdular ki, müsəlman-türk dünyasını parçalasınlar. Həmin qüvvələr uzun illər məqsədlərinə nail oldular. Bu gün də həmin proses gedir. Üzdə bizə dost deyib ermənilərə fitva verib onları müdafiə edən qüvvələr var. Qərbdəki qüvvələr də təbii ki, bəllidir.

- Həmin qüvvələr kimlərdir və məqsədləri nədir?

- Bu illər ərzində, eləcə də indi Fransa ermənilərdən daha çox ermənilik edir. Həm Fransa prezidenti, həm də ATƏT-in Minsk qrupu vasitəsi ilə təzyiqlər etməyə çalışıb. Fransadakı erməni diasporu da maliyyə yardımı ayırır, onları fitvalayır. Bunların hamısı göz qabağındadır. Heç Amerika Birləşmiş Ştatları da onlardan geri qalmır. Onlar regionda münaqişə ocaqlarının səngiməsini və dayanıqlı sülhün olmasını istəmirlər. Onlar yenə də münaqişə ocağını körükləyirlər. Yenə də gərginliyi artırmaq niyyəti güdürlər. Yəni Ermənistandan bir alət, vasitə kimi istifadə edib hərb yolu ilə təxribatlar törətməyə istiqamətləndirirlər. İnandırırlar ki, siz təxribatlar törədin, biz də müxtəlif beynəlxalq qurumlarda sizin haqlı olduğunuzu siyasi üsullarla müdafiə edəcəyik. Ermənilərə bu ümidi verib ortalığa salıblar. 100 ildən bir qədər əvvəl – Birinci Dünya müharibəsi dövründə də onlara bu ümidlər verilmişdi. Onda Fransa, Rusiya qoşunlarının tərkibində 40-50 minlik erməni legionları var idi. Onda da bunlara vəd vermişdilər ki, sizə Türkiyə ərazisində dövlət yaradacağıq. Axırının nə olduğunu tarix göstərdi. Fakt ortadadır. Ermənilər elə başa düşür ki, həmin fitva verən dövlətlər onları çox istəyir, onlara yaxşılıq edirlər, həqiqətdə belə deyil. Onlar axırıncı erməni məhv olana qədər bu əməllərindən əl çəkməyəcəklər. Yəni həmin qüvvələr ermənilərdən öz çirkin məqsədləri üçün bu yollarla istifadə edirlər. Bununla Azərbaycana təzyiq göstərməyə çalışırlar. Regionda vəziyyəti gərginləşdirmək niyyəti güdürlər.

- Bəs ermənilər 44 günlük müharibənin nəticələrindən dərs çıxarmadılarmı?

- Bəli, onlar bu müharibənin nəticələrini bir daha düşünməlidirlər. Onlar fikirləşməlidir ki, Azərbaycan 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. Bu gün güclü Azərbaycan dövləti və ordusu var. Ordumuz öz təhlükəsizliyini qorumağa qadirdir. Əgər belə getsə, cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, dəmir yumruq yenə də onların başlarında çatlayacaq. Ermənilər bizi təhrik və məcbur edir ki, siz qayıdın öz doğma torpaqlarınıza. Onların əməli axırda buna gətirib çıxaracaq. Cənab Prezidentimiz bu yaxınlarda iqtisadi rayonların yaradılması ilə bağlı sərəncam imzaladı. Şərqi Zəngəzur iqtisadi zonası yaradıldı. Belə getsə, Qərbi Zəngəzur iqtisadi zonasını da yaradacağıq. Belə getsə, Göyçəni də, qədim İrəvan xanlığını da biz nəzarətə götürməli olacağıq ki, öz təhlükəsizliyimizi təmin edək. Dünya təcrübəsində də belə şeylər var. Bu gün Yaxın Şərq ərazisinə baxaq. Götürək Türkiyəni, vaxtaşırı İraq və Suriya ərazisinə daxil olaraq özünə təhlükə yaradan qüvvələrə qarşı əməliyyatlar keçirir. Terrorçuları məhv edir. Rusiya da öz sərhədlərini bu kimi yollarla qoruyur. Başqa dövlətlərdə də belə təcrübələr var. Əgər ermənilər də vaxtaşırı bu cür təxribatlar törətməyə davam etsələr, təbii ki, biz də bütün gücümüzdən istifadə edəcəyik. Bizə qarşı bu təxribat nöqtələrini məhv etmək üçün həmin ərazilərə daxil olmaq məcburiyyətində qalacağıq. Ermənilər axırda vəziyyəti məhz buna gətirib çıxaracaqlar. Bu cür halların olmaması üçün böyük sülh müqaviləsi bağlanmalıdır. Ölkə başçısı da bildirib ki, biz Ermənistana öz şərtlərimizi bildirmişik. Biz istəyirik ki, Ermənistanla böyük sülh sazişi imzalansın. Regionda sülh yaransın. Regionda əməkdaşlıq olsun.

- Ermənistan buna gedəcəkmi? İrəvan sülh müqaviləsini imzalamağa hazırdırmı?

- Bilirsiniz, Ermənistanda cəmiyyətdə və siyasətdə müəyyən qədər sağlam düşüncəyə malik qruplaşmalar mövcuddur. Az da olsa var. Ancaq bu gün təpkilər və xaricdən onlara qarşı edilən təzyiqlər qarşısında həmin qruplaşmalar səslərini çıxara bilmirlər. Çünki həmin qüvvələrin Ermənistandakı fəaliyyəti sıfır səviyyəsindədir. Əgər Ermənistan müstəqil dövlət kimi yaşamaq istəyirsə, gərək buna gedə... Kənardan verilən şirin vədlərə inanmaya. Çünki inanıb və başına gələnləri görüb. 44 günlük müharibə bunu sübut edib. İndi Ermənistanın iqtisadiyyatı sıfır səviyyəsindədir. İrəvan indi nə edəcək?! Ermənistanın bütün iqtisadiyyatı xarici dövlətlərdən asılıdır. Eləcə də ordusunun bütün təminatı xarici dövlətlərdən asılı durumdadır. Ermənistan xarici dövlətlərdən gələn ianələr hesabına yaşayır. Onlar bu güclə, bu vəziyyətlə Azərbaycana qarşı çıxmaq istəyir. Əgər bu baş verərsə, Ermənistanın öz-özünü intihara sürükləməsi demək olacaq. Yəni Azərbaycan qarşısında özünü məhv edəcək. Ermənistan bunları düşünməlidir. Təəssüf ki, ermənilər bu cür düşünmək istəmirlər. Onlar yenə də ərazi və düşmənçilik iddialarındadır. Özlərini tərbiyəsiz uşaq kimi aparırlar. İki gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə yalvardı ki, sərhədlərimiz təhlükə qarşısındadır, bizə tez kömək edin. Ermənistan ərazisində yerləşən Rusiyaya məxsus ikinci ordu hərəkətə keçdi. Sərhədlərin qorunması istiqamətində fəaliyyət göstərməyə başladı. Şoyqunun vasitəçiliyi ilə atəşin dayandırılmasına çalışdılar. Yaxşı, sən nə qədər ona-buna yalvarıb özünü qorudacaqsan?! Yalvarmamaq, sakit yaşamaq üçün Ermənistan bu cür təxribatçı hərəkətlərindən əl çəkməlidir. Sülh sazişini imzalamalıdır. Ermənistana dəstək olan qüvvələr və Ermənistanın özü axırda bizi məcbur edəcək ki, 120-150 il bundan əvvəl bizə məxsus olan torpaqlarımıza qayıtmaq haqqında düşünək...

- Son həftələrdə Qarabağdakı erməni yaraqlıları da rusiyalı sülhməramlıların kölgəsində gizlənərək təxribatçı hərəkətlər edirlər. Şuşa və Xocavənd istiqamətlərində atəşkəsi pozublar. Azərbaycan bunun qarşısını almaq üçün anti-terror əməliyyatlarına başlaya bilərmi?

- Baxın, yenə də Ermənistanı silahlandırır, onu gücləndirirlər. Bu ölkə Azərbaycanla sərhəddə təxribatlar törədir. Biz belə məqamlarda arxamızdan zərbə ala bilərik. Çünki Azərbaycan ərazisində Ermənistan ordusuna və silahlı separatçılara məxsus 10 mindən çox silahlı dəstələr mövcuddur. Həmin silahlı birləşmələr bu gün bizə dost, əməkdaş deyən Rusiya sülhməramlılarının himayəsi və təminatı altındadır. Onların bütün təminatı Laçın dəhlizindən gəlir. Ora da sülhməramlıların nəzarətindədir. Onların silah-sursatı, ərzağı və yanacağı da Laçın dəhlizindən gəlir. Deməli, sülhməramlılar həmin dəstələrə şərait yaradırlar ki, onlar orada dirçəlsinlər. Əgər sabah Ermənistan 3-cü Qarabağ müharibəsini başlamaq fikrinə düşsə, onlar bizim daxilimizdən bizə zərbə vurmaq üçün hərəkətə keçəcəklər. Bax, bunun üçün biz bu məqamı gözləmədən, ləngimədən, gecikmədən, heç kimdən soruşmadan, heç kimin məsləhətinə qulaq asmadan hərəkətə keçməliyik. 30 il yalançı məsləhətlərə qulaq asdıq və başımızın altına “sülh yastığı” qoyuldu. Gördük ki, bizi aldadırmışlar. Biz də öz konstitusion hüquqlarımızdan istifadə edərək, eyni zamanda beynəlxalq hüquqa söykənərək öz ərazimizdə təcili olaraq anti-terror əməliyyatlarına başlamalıyıq. Ərazilərimizi düşmənin silahlı qüvvələrindən və separatçılardan təmizləməliyik ki, arxayın olaq. Yəni sərhəddəki təxribatlara rahat şəkildə cavab verə bilək. Əks təqdirdə erməni separatçıları daxildən “fəaliyyətə” keçə bilərlər, necə ki, 120 il bundan əvvəl Türkiyəyə qarşı baş verən hadisələrdə həmin erməniləri öyrətdilər, ermənilər daxildə üsyan qaldırdılar və Türkiyəni daxildən parçalamaq istəyirdilər. Bizim üçün də belə bir ssenari hazırlaya bilərlər. Ona görə də biz ləngimədən ərazimizdəki separatçıları və onlara məxsus silahlı birləşmələri təmizləmək üçün anti-terror əməliyyatlarına başlamalıyıq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm