Xüsusi
Ən sürətli şəkildə buna başlamalıyıq - Tural Abbaslıdan SƏRT SÖZLƏR
20 iyun seçkilərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla böyük sülh müqaviləsini imzalamaq üçün tələsəcək. Zəngəzur dəhlizi daha tez bir müddətdə açılacaq. Amma tam əksi oldu. Ermənilər sərhəddə və içəridə - rusiyalı sülhməramlıların kölgəsində gizlənərək tez-tez atəşkəsi pozmağa cəhd göstərirlər.
Baş verənlərlə və digər proseslərlə bağlı Ağ Partiya başqanı Tural Abbaslının fikirlərini öyrənmək istədik.
Tural Abbaslının Publika.az-a müsahibəsini təqdim edirik.
- Tural bəy, bir çoxları hesab edirdi ki, 20 iyun seçkilərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla böyük sülh müqaviləsini imzalamaq üçün tələsəcək. Zəngəzur dəhlizi daha tez bir müddətdə açılacaq. Amma əksi oldu. Hər iki məsələ yubadılır. Nə baş verir? İrəvan indi nə istəyir?
- Əslində cəmiyyətdə belə bir fikir var idi ki, əgər qalib gələrsə, 20 iyun seçkilərindən sonra Nikol Paşinyan daha cəsarətli olacaq. Fikirləşirdilər ki, müharibədə məğlub olmuş Paşinyanın xalqdan alacağı dəstək onun kursunun doğru olduğunun göstəricisinə çevriləcək. O da bu gücə istinad edib rəqiblərinin, keçmiş Koçaryan-Sarkisyan cütlüyünün və həmin düşərgənin digər təmsilçiləri üzərinə daha qətiyyətlə gedəcək. Seçkilərdən əvvəl tərəddüd etdiyi addımları rahatlıqla atacağını düşünürdülər. Sözün düzü, heç vaxt məndə belə bir rəy olmayıb. Çünki Ermənistan elə bir ölkədir ki, oranı yalnız bir iqtidar idarə etmir. Hər hansı bir qərar verməzdən öncə həmin qüvvələrlə razılaşdırmaq lazımdır. Mütləq şəkildə konsensus əldə edilməlidir. Bu qüvvələr sırasına hazırda Rusiya, Fransa və başqaları daxildir. Hətta həmin qüvvələr sırasına erməni lobbisini də daxil etmək istərdim. Bu qüvvələr içərisində Ermənistan elitasının müxtəlif klanları da yer alır. Bütün bu qüvvələrin maraqlarını uzlaşdırmaq, bir konsensusa gətirmək çətindir. Hələ diaspor ermənilərindən, lobbidən yığılan milyonlarla puldan söhbət gedirsə, düşünmürdüm ki, Ermənistan Azərbaycanla böyük sülh müqaviləsini rahatlıqla imzalayacaq. Əslində gözlənilən də oldu.
- Gözlənilən nə idi? Sülh müqaviləsini yubatmaq?
- Bəli. Əslində Nikol Paşinyan erməni tarixinə neqativ anlamda düşdüyünü bilir. Amma o, Azərbaycanla sülh müqaviləsi imzalasa, Azərbaycanın ərazi bütövlüyünü tanımış olacaq. Beləliklə, ermənilərin Qarabağ torpaqlarına iddiasının üzərindən birdəfəlik xətt çəkəcək. Düşünürəm ki, Paşinyan ən azından bu məsələdə dirəniş göstərəcək. Eyni zamanda, sülh müqaviləsi imzalanarsa, Qazaxın 7, Naxçıvanın 1 kəndi də geri qaytarılmalıdır. Paşinyan bununla yeni ərazilər verən bir lider kimi tarixdə qalmaq istəmir. Bundan qaynaqlanan səbəblərə görə dirəniş göstərir. Çalışır ki, bu dirənişə həm ABŞ-ı, həm Fransanı, həm də Rusiyanı qoşsun.
-Sizcə, Minsk qrupunun həmsədrlərinin post-müharibə planlarına nələr daxildir?
- Onlar da ATƏT-in Minsk qrupunun prosesə qayıtmasını istəyirlər. Status məsələsinin yenidən gündəmə gəlməsinə çalışırlar. Rusiya da regionda qalmaq üçün konfliktin bitməsində maraqlı deyil. Dolayısı ilə Azərbaycan və Türkiyədən başqa burada daimi, qalıcı sülh müqaviləsinin imzalanmasında kimsə maraqlı görünmür. Odur ki, Ermənistanla Azərbaycan arasındakı böyük sülh müqaviləsinin imzalanması prosesi uzanır və uzanacaq da...
- Son həftələr Ermənistan həm dövlət sərhədində, həm də içəridə - Şuşa və Xocavənd istiqamətində atəşkəsi pozmağa cəhd göstərir. Ermənilərin bu təxribatları Azərbaycanın separatçılara qarşı anti-terror əməliyyatları keçirməsini labüdləşdirə bilərmi?
- Düşünürəm ki, Azərbaycan heç zaman anti-terror əməliyyatı planını kənara qoymayıb. Hər zaman bu məsələ masanın üzərindədir. Bu məsələ ilə bağlı həm siyasi, həm də hərbi baxımdan müxtəlif fikirlər var. Təşkilati, texniki baxımından bu istiqamətdə həmişə hazırlıqlar davam edir. Yəni, bu variant heç zaman istisna olunmayıb. Bu gün də hətta, hər gün üçün yüzdə əlli faiz həmin ehtimal qalır. Fikrimcə, bu müddət ərzində Azərbaycan çalışır ki, ermənilərin sülhpərvər olmadığını bütün dünyaya göstərsin. Onların sülh istəmədiyini və onlara sərf edən üçtərəfli bəyannaməyə əməl etmədiklərini faktlaşdırmaqla məşğuldur. Bunları bir araya gətirib həmin faktları cəmləşdirdikdən sonra beynəlxalq arenada mümkün anti-terror əməliyyatına legitimlik qazandırmağa çalışır. Fikrimcə, hakimiyyət bu anti-terror əməliyyatlarına legitimlik qazandığını düşündüyü anda anti-terror əməliyyatı keçirəcək. Çünki bilirsiniz, 44 günlük müharibədə demək olar ki, bütün dünya bizim üzərimizə gəldi və demək olar ki, tək qaldıq. Türkiyə və Pakistandan başqa haqlı müharibəmizi dünyaya izah edə bilmədik. Azərbaycan odur ki, Rusiyanın burada sülhməramlı deyil, maraqlı tərəf olduğunu və işinin öhdəsindən gəlmədiyini rəsmiləşdirir, sənədləşdirir. Müxtəlif vasitələrlə beynəlxalq tribunalara çatdırmağa çalışır. Mən belə düşünürəm. Çünki bundan başqa məntiqi yol yoxdur. Əgər Azərbaycan Xarici İşlər Nazirliyi bu işi də görə bilmirsə, deməli, bu adda bir qurum da olmamalıdır (gülür). Yəni, sabah anti-terror əməliyyatlarını başlamaq üçün əsas olsun. Rusiya sabah deməsin ki, mən burada idim, atəşkəsi sən pozdun, mənim də əsgərlərim yaralandı və yaxud ermənilər sabah dünyaya car çəkə bilməsin ki, biz sülh istəyirik, Azərbaycan qırğın, müharibə tərəfdarıdır fikrini işlətməsinlər. Ona görə də bu məsələlər aktlaşdırılmalıdır, sənədləşdirilməlidir. Təbii ki, ermənilər öz məğlubiyyətlərini birmənalı olaraq qəbul etmək istəmirlər. Fakt odur ki, ruslar sülhü müdafiə etmirlər. Sülhməramlılıq missiyasından başqa nə iş varsa, onları yerinə yetirirlər. Ruslar ermənilər üçün yol çəkirlər, amma oradan çıxarmalı olduqları qanunsuz silahlı birləşmələri çıxarmırlar. Biz ermənilərin təxribatlarını ən sürətli formada sənədləşdirib dünya ictimaiyyətinin diqqətinə çatdırdıqdan sonra ən sürətli şəkildə anti-terror əməliyyatlarına başlamalıyıq.
- Tural bəy, ötən gün şəhidimiz - leytenant Əliyev Samir Əliheydər oğlunun adının əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən salınan parkın və inşa edilən bulağın açılış mərasimi olub. Mərasimdə icra başçısı Əziz Əzizov, müavinləri və şəhidin ailə üzvləri iştirak edirdi. Eyni zamanda, mərasimdə şəhidimizi ad günü qeyd edildi və oradakı bir kadr ciddi tənqidlərə səbəb oldu. Belə ki, hazırlanmış tortun üzərinə şəhidimizin şəkli vurulmuşdu və ana əlində bıçaq tortu kəsməli idi. Necə düşünürsünüz, şəhidin şəkli olan torta bıçaq çəkmək doğrudurmu? Bu kimi adətlər yığışdırılmalıdırmı?
- Təssüflə qeyd etməliyik ki, biz birinci Qarabağ müharibəsindən sonra ağır günlər yaşadığımıza görə şəhid və şəhidliyə yanaşmamız, şəhid və şəhid ailələrinin protokolu məsələsində natamamlıqlar var. Nə adət-ənənə baxımından tam formalaşıb, nə də dövlət ərkanı baxımından şəhid, şəhid ailəsi və dövlət münasibətlərinin formalaşması tam başa çatmayıb. Fikir verirsiniz, hər icra başçısı, hər məmur özünün anladığı, başa düşdüyü kimi mərasimləri keçirir. Bu məsələdə mən nə iqtidarı, nə də ailəni qınamaq istəyirəm. Çünki hər kəs istəyir ki, yaxşı olsun, şəhidin adına, ünvanına layiq işlər görməyə çalışır. Hər kəs istəyir ki, şəhidlərimiz unudulmasın. Hamı çalışır ki, şəhidlərimizə layiq olduğu diqqət və hörməti göstərsin. Bunu kim necə bacarırsa, elə edir. Fikrimcə, bunlar rəsmi şəkildə protokollaşdırılmalı, dövlət-şəhid ailələri, dövlət-qazi münasibətləri qaydaya salınmalıdır. Şəhidlərin doğum və şəhadətə ucalma günləri, eləcə də onların övladlarının əlamətdar günləri qaydalar toplusu halına gətirilməlidir. Yoxsa bəzi hallarda cəmiyyət tərəfindən doğru qəbul olunmayan, bəzən doğru qəbul edilən, rəğbət görən addımları pərakəndə şəkildə görəcəyik. Bunların hamısı adətlər və rəsmi protokol formasında tənzimlənməlidir. Ötəngünkü hadisəyə çox toxunmadım, çox da qınamadım. Çünki mənim üçün niyyət daha önəmlidir. Orada niyyət şəhidə hörmət, onun adının anılması, onun unudulmadığını göstərmək idi. İndi kim necə bacarırsa, elə edir. Bu dəfə də bir qədər uğursuz alınmışdı. Hər halda əsas olan niyyətdir.
Tural Turan
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!












.jpg)


.jpg)



.jpg)

















