"Taliban" Əfqanıstanı ələ keçirdi, BÖYÜK TƏHLÜKƏ - SENSASİON DETALLAR
Bizi izləyin

Xüsusi

"Taliban" Əfqanıstanı ələ keçirdi, BÖYÜK TƏHLÜKƏ - SENSASİON DETALLAR

Dünən axşam saatlarında Əfqanıstanın rəngi dəyişdi. Bir çoxlarına görə yaşıla, bəzilərinə görə qaraya büründü. Düz 20 ildən sonra "Taliban" qruplaşması sürətli və səssiz şəkildə hakimiyyəti ələ keçirdi. Başıbəlalı ölkədə hakimül-mütləq oldu. Legitim hakimiyyət olan Əşrəf Qəni iqtidarı isə döyüşmədi, bəzi şəhərləri müqavimətsiz "Taliban" silahlılarına təhvil verdi.

20 il ərzində ABŞ Əfqanıstanda idi, niyə geri çəkildi? Hər kəsi indi bu sual düşündürür. Niyə Qəni iqtidarı döyüşsüz təslim oldu və geri çəkildi? Suallar çoxdur və bunlara indi hamı cavab axtarır. Bilinən odur ki, Əfqanıstan dünəndən etibarən "Taliban" saatı ilə işləyir. Bundan sonra nələrin baş verəcəyi indi hər kəsin səbrsizliklə gözlədiyi məqamlardandır.

Bütün bu suallara politoloq Tofiq Abbasovla cavab tapmağa çalışdıq.

Tofiq Abbasov Publika.az-a müsahibəsində bildirib ki, hazırda Əfqanıstanda vəziyyət düşündüyümüzdən də mürəkkəbdir.

- Hazırda Əfqanıstanda nə baş verir?

- İndi bu suala bütün dünyanın beyin mərkəzləri cavab tapmağa çalışır. Siz çətin sual verirsiniz (gülür). Bəzi qüvvələr istəyir ki, Əfqanıstan onların yedəyində getsin. Həqiqətən də əfqan xalqının özü mübariz xalqdır. Sizə bir fakt deyim, ötən əsrin əvvəllərində ingilislər Əfqanıstanı işğal etmək istəyəndə o zaman dinindən və dilindən asılı olmayaraq xalqlar ayağa qalxdılar. İngilislərə qarşı mübarizəni uddular və onları Əfqanıstandan çıxara bildilər. Hətta həmin dövrdə əfqanlar istifadə etdikləri silahlardan indi də onlar istifadə edirlər. Hər evdə həmin silahlardan var. İndi də o silahlardan atəş açılır. Söhbət tüfənglərdən, tapançalardan gedir. Müharibə şəraitində yaşamaq, savaş, döyüş əzmində olmaq onların alınlarına yazılıb. Bu, əfqan xalqının həyatının tərkib hissəsidir. İndi baş verən odur ki, Əfqanıstana uzanan xarici əllər öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər. Onlara elə gəlir ki, əfqan xalqı bacarıqsızdır. Ona görə də əfqanlara kömək etməyə çalışırlar ki, ondan yeni bir formada istifadə etsinlər. Quruculuq işlərinə qatılsınlar. Əslində bu müdaxilələrin hamısı daxili çəkişmələri stimullaşdırır. Millətlərarası və dini zəmində olan ixtilafların güclənməsinə qulluq edir. Hazırda Əfqanıstanı faktiki olaraq terror çəlləyinə çevirmək istəyən qüvvələr var. Çox təssüf ki, islam dövlətini şərq koalisiyası deyilən qüvvə dağıtdı. İranın xüsusi təyinatlıları, Hizbullahın döyüşçüləri, Bəşər Əsədin qvardiyası, iraqın könüllüləri... Bunların hamısı birləşib islam dövlətinin qarşısını aldılar və həmin qüvvəni darmadağın etdilər. Ancaq islam dövlətinin fəalları, qalıqları göyə sovrulmadı, əksinə, onların hamısı gəlib Əfqanıstana çıxdılar. Biz burada Qərbin daha bir planının şahidi oluruq.

- Söhbət hansı plandan gedir?

- Qərbin xüsusi xidmət orqanları, burada Amerika Birləşmiş Ştatları xüsusilə öndə gedir, onlar Əfqanıstanı islam terrorunun özünəməxsus dayaq nöqtəsinə çevrilməsini istəyirlər.

- Buna səbəb nədir?

- Çünki Əfqanıstan özünəxsus bir coğrafiyada yerləşir. Çox mühüm və həssas coğrafiya sayılır. Əfqanıstanın Çinlə, Pakistanla, İranla, Özbəkistanla, Tacikistanla, Türkmənistanla sərhədləri var. MDB məkanını da nəzərə alsaq demək olar ki, Rusiya ilə də sərhədləri var. Ona görə də bu bölgədə daim dağıdıcı potensialı ifraz edən bir mərkəz lazımdır. Hazırda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qüvvəsi eyforiyanı yaşayır. Çünki hakimiyyəti ələ keçiriblər. Ancaq bu qüvvə yekdil qüvvə deyil. Onun tərkibində də müəyyən qruplaşmalar və ixtilaflar var. Yəni, "Taliban"ın tərkibində də müxtəlif dövlətlərin əlindən su içən dəstələr mövcuddur. Bir azdan pay bölgüsü başlayacaq. Hökumətdə hansı vəzifələrin kimə məxsus olması, icra orqanlarına rəhbər təyinatları başlayanda bu zəmində "Taliban" daxilində yeni çəkişmələr və ixtilaflar olacaq. Bir yandan onlar köhnə hakimiyyətin nümayəndələrini təqib edəcəklər, digər tərəfdən köhnə hakimiyyətin nümayəndələri ilə məsələni bitirəndən sonra öz aralarındakı məsələləri çürütməyə çalışacaqlar.

- Bəs Amerika niyə birdən-birə Əfqanıstandan geri çəkildi? Səbəb nə idi?

- Birincisi, Amerika geri çəkilmədi. Amerika geri çəkildiyini demədi. Prezident Bayden də bildirdi ki, biz 5000 nəfərlik silahlı dəstəmizi oraya göndəririk. Guya ki, onlar bu yolla Əfqanıstandakı vətəndaşlarını, diplomatlarını qoruyacaqlar. Amerika İraqdan da geri çəkilmədi. ABŞ heç vaxt İraqdan geri çəkilmir. Geri çəkilsə də, həmin ərazini "minalayıb" geri çəkilir, orada dağıdıcı missiyaların özəklərini yaradır. Sonra özünü kənara çəkilmiş kimi göstərir. Bayden özü sərəncam imzalayıb və 5000 nəfəri təzədən göndərir. ABŞ deyirdi ki, biz bu illər ərzində yüzlərlə, minlərlə polis, ordu, jandarma ordu hazırladıqlarını deyirdilər. 20 il ərzində ABŞ Əfqanıstanda milyonlarla pul xərclədilər. Hanı bəs həmin adamlar, niyə "Taliban"a qarşı vuruşmadılar?! ABŞ və onun müttəfiqləri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri bunlara sponsorluq edirlər. Həmin qüvvələri daim bir-birinə vuruşdururlar ki, bu bölgədə daima qeyri-sabitlik olsun. Digər tərəfdən, Əfqanıstan elə həssas nöqtədə yerləşir və elə dövlətlərlə həmsərhəddir ki, ABŞ-ın Əfqanıstanın qonşuları ilə haqq-hesabı var. Çinlə problemlər mövcuddur. Elə Pakistanla da hazırda Birləşmiş Ştatların arası dəyib. İran və Rusiyanı da buraya əlavə edirəm. Hələ mən Tacikistanı, Türkmənistanı, Özbəkistanı demirəm. Nisbətən, az-çox sabit vəziyyət Türkmənistan istiqamətindədir. Özbəkistan və Tacikistanla həssaslıq çox yüksəkdir. Böyük dövlətlərin həmişə bir şakəri olub, əllərinin altında olan qüvvələri bir-birinə qarşı vuruşdursunlar, hər ikisinə maliyyə yardımı eləsinlər. Onlara silah satsınlar. Bu vasitə ilə orada öz maraqlarını təmin edə bilsinlər.

- "Taliban"ın sürətli və səssiz hakimiyyət fəthinə Çin və İran da göz yumdu. Səssiz qaldı. Tehranın dizinin dibində sünni məzhəbindən olanlar xilafət qururlar və cənub qonşumuz buna susur. Səbəb nədir? Çin də həmçinin... Bundan sonra Pekin və Tehranın Kabildəki dəyişikliyə münasibəti necə olacaq?

- Fikrimcə, Pekin və Tehran gözləyəcək ki, Kabil onlara qarşı hansı münasibəti sərgiləyəcək. Çin də, İran da özünəməxsus bir dövlətdir. İran uzun illərdir ki, risk və təhdidlərlə düşünülmüş şəkildə mübarizə aparır. Ona görə də gözləmə mövqeyi tutacaqlar ki, rəsmi "Taliban" dövləti onlara qarşı necə müraciət edəcək. Hələ Əşrəf Qəni hakimiyyətdə olanda İran Məzari-Şərifdəki konsulluğunu Kabilə köçürdü. Hələ o zaman Kabilin nə zaman ələ keçiriləcəyi bəlli deyildi. Bu dövlətlər öz işlərini ehtiyatlı tuturlar. Çalışırlar ki, əlavə problem yaratmasınlar. Çin və Pakistan da Taliblərin nə edəcəyini gözləyəcəklər.

- Əşrəf Qəni niyə döyüşmədən hakimiyyəti taliblərə təhvil verib getdi. Birdən-birə əfqan dövləti uzun illər mübarizə apardığı əfqan hökuməti hakimiyyətin qapısını taliblərin üzünə açdı?

- Amerikalılar 300 minlik ordunu hər şeylə təmin etmişdilər. Onlara silah-sursatla və hər növ elektron avadanlıq vermişdilər. Onlar da "Taliban"ın tərəfinə keçdilər. Son ana qədər ABŞ Əşrəf Qəninin başının altına yastıq qoyurdu ki, sənin kifayət qədər ordun var və sən hakimiyyətdə qalacaqsan. Bir yandan bunu deyirdilər, digər tərəfdən "Taliban"a kömək edirdilər. Biz burada bir nüansın da şahidi olduq. Yadınızdadırsa, ABŞ İraqda islam dövləti ilə mübarizə aparmaq üçün külli miqdarda pullar xərclədilər. Dedilər ki, islam dövlətini zərərsizləşdirmək üçün ordu hazırlayırlar. Amma islam dövlətinin hücumları başlayanda ortaya 5-10 nəfər çıxdı. Onlar da mübarizə aparmadılar, qaçdılar. Konqresdə də skandal oldu ki, bəs siz bu vaxta qədər kimləri hazırlamısınız?! Hanı bu insanlar?! Amerika eyni ssenarini orada da, burada da təkrarladı. Sonra məlum oldu ki, Pentaqonun vasitəsilə pullar yeyilib, burada siyasi xadimlərin də əli var. Amerika bu məsələni ört-basdır etməyə çalışdı, amma dünya çapında biabır oldu. ABŞ Əfqanıstanda da bu ssenarini təkrarlamaqla iki-üç başlı oyun oynadığını göstərdi. Qəniyə dedi ki, qorxma, sənin arxanda dayanmışam, o biri yandan da düşmənini qidalandırdı ki, get onu yıx...

- "Taliban"ın hakimiyyətə gəlməsi Çindən Böyük Britaniyaya qədər uzanacaq "Bir kəmər - bir yol" layihəsinə hər hansı bir mənfi təsir göstərəcəkmi?

- Mütləq şəkildə həmin layihə üçün qırmızı siqnal deməkdir. Artıq "Taliban" ABŞ-ın, Səudiyyə Ərəbistanının əlindən su içir. Birləşmiş Ştatları ən çox qorxudan layihələrdən biri bu layihədir. Ona görə də həmin layihənin qarşısını almaq üçün bölgənin özünü də qeyri-stabilliyə qərq etməyə çalışacaqlar. "Bir kəmər-bir yol" beynəlxalq layihəyə çevrilmişdi. Üç qitəni birləşdirirdi - Avropa, Asiya və Afrika. ABŞ-ın Çinlə də bağlı planları var. Uyğurları hərəkətə gətirməyə çalışacaqlar. Vahan dəhlizi ilə terror təşkilatlarını, radikal ünsürləri Çinin ərazisinə daxil etməyi planlaşdıracaqlar. Beləliklə Sincan Uyğur Muxtar Vilayətində milliyətçi qüvvələri hərəkətə gətirəcəklər. Əsas odur ki, həmin komponentlər düşmən ölkələrin ərazisinə daxil olsunlar. Burada həm Rusiya, həm də İran, Pakistan var. Pakistan üçün ABŞ-ın böyük Puştunistan planları mövcuddur. Puştinistanı yaratmaqla Pakistanın da ərazisini parçalamaq istəyirlər. İranın da ərazisini parçalamaq planları mövcuddur. Ona görə də "Taliban" məsələsi özündə bir çox nüansları ehtiva edir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm