Deputat Qazaxın 7 kəndinin QAYTARILMASINDAN DANIŞDI: Bir də gördünüz ki, anidən...
Bizi izləyin

Xüsusi

Deputat Qazaxın 7 kəndinin QAYTARILMASINDAN DANIŞDI: Bir də gördünüz ki, anidən...

İşğalçı Ermənistanın Dilican vilayətinin qubernatoru Hayk Qalumyan Tovuzqala bölgəsində - Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Adıçəkilən sərəncam erməni mediasında əməlli-başlı səs-küyə səbəb olub.

Qalumyanın əmrinə əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilər təxliyə ediləcək. Bununla yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.

Bu da Azərbaycan və Ermənistan mediasında Qazaxın işğal altında olan kəndlərinin – eksklavlarının bizə qaytarılmasına hazırlıq getdiyi qənaətini yaradıb. Eyni zamanda, qubernatorun sərəncamının bu torpaqların müharibə ilə qaytırılması ehtimalına işarə olduğunu düşünənlər də var. Yəni, ermənilər yenidən təxribatlara əl ata bilərlər. Bu sərəncam da hər zaman “yeni ərazilər” iddiasında olanın İrəvanın növbəti təxribatlarına hazırlıq ola bilər.

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa Publika.az-a açıqlamasında işğal altındakı eksklavların döyüşlə geri qaytarılması ehtimalına inanmadığını dilə gətirib:

“İnanmıram ki, ermənilər müharibəyə hazırlığı bu formada aparsınlar. Bizdə məşhur bir lətifə var, kənddə görürlər ki, havada təyyarələr uçur. Hamı panikaya düşür ki, müharibə olacaq və ya dövlət başçısı harasa gedəcək. İnsanlar kənd ağsaqqalının yanına gəlirlər, ağsaqqal da deyir ki, mən xaricdə görmüşəm, yəqin ki, bu təyyarələrin uçması müharibə olar. Çünki dövlət başçıları gedəndə yanında motosikllar da gedir. Bəzən biz də təqribən buna oxşar nəticələri çox çıxarmağa çalışırıq. Amma əslində elə deyil”.

Deputatın fikrincə, çox güman ki, müəyyən danışıqların bəndləri üzrə nəzərdə tutulan ərazilərin qaytarılması istiqamətində addımların atılması önə çəkilə bilər:

“Çünki Azərbaycan Ermənistan sərhədinə yönəlik addımlar atmaq niyyətində deyil. Hər hansısa bir şəkildə, xüsusən Dilican, Tovuz, Qazax tərəfdən Ermənistan sərhədinə doğru bu və ya digər addımın atılmasına nə ehtiyac var?! Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Biz ancaq öz ərazilərimizi işğal edən qüvvələrin oradan çəkilməsini istəyirik. Ona görə də həmin eksklav ərazilərdə problemlərimiz mövcuddur. Təbii ki, Qazaxın işğal olunan kəndləri də Azərbaycana qaytarılmalıdır. Son danışıqlarda bu məsələlər müəyyən mənada nəzərdə tutulub. Arxa planda nə olduğunu bilmirəm. Çox güman ki, həmin kəndlərin qaytarılmasında addımlar atılacaq.

“Bəs bu kəndlərin qaytarılmasını biz nə vaxta gözləyək”, - sualına Böyük Quruluş Partiyasının sədrinin cavabı da ümumi konteksdə olub:

“Bunu söyləmək çətindir. Bu, Qarabağ savaşı kimi bir şeydir. Bir də görərsiniz ki, anidən bu razılıq oldu və məsələ öz həllini tapdı. Rusiyalı sülhməramlıların bizim ekslavlarda, yoxsa Ermənistanla düz sərhəddə dayanacağı haqqında fikir söyləyə bilmirəm. Çünki həmin coğrafiyada olmamışam və adıçəkilən coğrafiyanı dəqiqliklə təsvir etməkdə çətinlik çəkərəm. Çünki konkret ərazilər olmadığına görə xəritə üzərindən harada kimin duracağını təsvir etmək bir az mürəkkəb olar. Amma bu danışıqlardan asılı olan bir məsələdir. Hər halda biz öz maraqlarımızı qorumaq üçün bütün addımları atacağıq. Hələlik harada kimin duracağı məsələsi müəyyənləşməyib”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm