Xüsusi
Yalnız Vaqifin xatirəsini yad etmədik, həm də bütün dünyaya göstərdik ki... - Nigar Həsənzadə
“Söz” ədəbi-bədii yaradıcılıq layihəsinin rəhbəri, şair-publisist və əslən Şuşadan olan Nigar Həsənzadə Vaqif Poeziya Günlərinin bir çox hadisələrlə yadda qaldığını deyib.
Nigar xanım Publika.az-a müsahibəsində Şuşanın yaradıcılıq üçün inanılmaz bir şəhər olduğunu bildirib.
- Nigar xanım, ziyalılarımızın Şuşa səfərləri nağıla bənzəyir. Odur ki, nağıl qəhrəmanlarının təəssüratlarını onların öz dilindən eşitmək xüsusilə cəlbedicidir. Yolboyu sizi hansı hisslər müşayiət edirdi?
- Şuşa həqiqətən çoxdandır həsrətində olduğumuz bir nağıldır. Ancaq qəhrəman xalqımızın qələbəsi bütün dünyaya ədalətin var olduğunu göstərdi və sübut etdi ki, zalım gec-tez cəzalandırılacaq. Bu gün başımızı dik tutaraq başqasının mərhəmətini gözləmirik və kənardan verilən göstərişlərə əməl etmirik. Ürəyimizi dinləyirik, Allaha inanırıq, ən əsası müdrik, güclü və cəsarətli bir ölkə rəhbərinə güvənirik.
Bütün insanlar kimi müharibənin ilk günlərindən Şuşaya gedən yolu səbirsizliklə gözləyirdim. İnanırdım və bilirdim ki, ayaqlarım nə vaxtsa doğma Qarabağ torpağına dəyəcək, üzüm Şuşanın yaşıl otlarına toxunacaq və gözlərimi Cıdır düzündən ayırmadan günəşə baxa biləcəyəm. Və o gün gəldi... Xoşbəxt olduğumu demək keçirdiyim hissləri ifadə etməkdə acizdir.
Özüm üçün, ölkəm üçün, xalqım üçün, Prezidentim üçün qürur hissi keçirdim. Bu ağır müharibədə iştirak edən hər bir əsgərə qarşı qəlbimdə minnətdarlıq hissi doğurdu. Sevincimiz, rifahımız, torpağımız yolunda canlarını qurban verən şəhidlərimiz üçün Gövhər Ağa məscidində dua etdim. Günahsız qardaşların, bacıların, uşaqların və valideynlərin ölümünə səbəb olan qaniçən düşməndən intiqam almağı bacaran hər kəs üçün dua etdim...
Dostlarım, sənətçi yoldaşlarım və əziz şuşalılarla birlikdə avtobusla Şuşaya getmək mənə də qismət oldu. Yolboyu ağladıq, xalq mahnıları oxuduq və şeirlər dedik. Yanmış meşələrdən, viran olmuş kəndlərdən və çılpaq şəhərlərdən ötüb keçdik... Qanlı tarixin və insan əzablarının şahidi olduq... Zəfər yolu ilə mədəniyyətimizin incisi olan Şuşaya getdik.
- Hamımızın tez-tez istifadə etdiyi bir məsəl var - Torpağın və ya yerin də qulağı var. Nigar xanım, torpaqla sözün energetikası arasında bir əlaqə olduğuna inanırsınızmı?
- Əlbəttə, var. Enerji hər yerdə mövcuddur. Sözün doğulduğu və böyüdüyü yer ilə atmosfer arasındakı bu incə əlaqəyə həmişə çox diqqətlə yanaşıram. Şuşa əslində ruhunuzu hiss etdiyiniz və ruhun dərinliyinə enə bildiyiniz yerdir. Hər şairin, rəssamın, yaradıcı insanın qurduğu xəyalın özüdür... İstərdim ki, gələcəkdə Şuşada müəyyən müddət qalıb və yaratmaq istəyən insanlar üçün bir yaradıcılıq evi tikilsin.
- Xəyallarınızda canlandırdığınız Şuşa ilə gerçək Şuşa arasında fərq var idimi?
- Xeyr, xəyal etdiyim Şuşanın özü idi. O, gözəldir... Çiyinlərində və sinəsində ermənilərin buraxdığı yaraları olsa da, o, bizimdir! Bizi o qədər gözlədi ki, qoynunda alaq otları yetişdi, torpağı yaralarla örtüldü, amma o, bizimdir! Tezliklə onun nəcib üzünü yuyub, yeni bir don geyindirəcəyik və ona o qədər sevinc bəxş edəcəyik ki, yaraları sağalacaq, yanıqlar keçəcək və bu bağlar yenidən öz xalqını doyduracaq.
Bir qədər yuxu kimi idi. Əlimi o torpağa vurduqca uşaqlıq illərimə qayıdaraq mərhum nənəm Dilbər Həsənzadəni xatırladım. Sanki onunla söhbət edir və Şuşaya qayıtdığımızın hesabatını verirdim. Onun kimi narahat olan bütün ruhlar artıq şaddırlar. Ordumuzun, Prezidentimizin sayəsində şaddırlar.
- Bu səfərin əsas səbəbi sözsüz ki, Vaqif Poeziya Günlərinin keçirilməsidir. Şeir bayramına necə hazırlaşmışdınız?
- Şairin hədiyyəsi onun şeirləridir. Bu əlamətdar hadisə üçün oxumaq şərəfinə nail olduğum bir şeir yazdım.
- Ümumiyyətlə, Vaqif Poeziya Günlərinin Şuşada baş tutmasının ədəbiyyatımız üçün əhəmiyyəti nədir?
- Bu, bütün ölkənin mədəni və ədəbi həyatı üçün möhtəşəm bir hadisədir. Bu şeir bayramı ilə yalnız Molla Pənah Vaqifin xatirəsini ehtiramla yad etmədik, həm də bütün dünyaya sübut etdik ki, son söz bizimdir!
- Şuşa Azərbaycan mədəniyyətinin beşiyi kimi tanınır. Şəhərin yenidən mədəniyyət paytaxtına çevrilməsi istiqamətində hansı işlər görülməlidir? Yazıçı və şairlərin öhdəsinə düşən missiyaları necə sıralayardınız?
- Əlbəttə ki, artıq görülən və davam etdiriləcək işlərin miqyası çox böyükdür. İlk növbədə tam həyat Şuşaya qayıtmalıdır, yəni bunun üçün lazımi şərait yaradılmalıdır. Xəstəxanalar, məktəblər, mədəniyyət mərkəzləri və muzeylərsiz müasir insanın həyatını təsəvvür edə bilmərik, binaların inşa edilməsini gözləməliyik.
Yazıçılar hansı məsuliyyəti daşıyır soruşursunuzsa, əlbəttə ki, öhdəlikləri çoxdur. Hamıdan çox biz insanlara öz tariximizi və vətəni sevməyi öyrətməyə borcluyuq. Övladlarımıza ötürdüyümüz məlumatlara görə məsuliyyət daşımalıyıq. Övladlarımız düşmənlərini tanımalı və bizim nəsildən fərqli olaraq heç kimin onları yanlış yönləndirməsinə icazə verməməlidir.
- Prezident və birinci xanımla görüş necə keçdi? Onunla söhbət etmək imkanınız oldumu?
- Cənab Prezident və hörmətli Mehriban xanım hər zaman olduğu kimi, proqramın bütün iştirakçılarına qarşı diqqətli və mehriban davrandı. Bunu üzlərindəki səmimi gülüşlər və alqışlar təsdiqləyirdi. Proqramdan sonra Prezident və xanımını qonaqlar əhatəyə aldı, təbii ki, onları narahat edib qiymətli vaxtını əlindən almağı düşünmədim.
- Şuşada yaşayıb yaratmaq kimi bir istəyiniz varmı?
- Əlbəttə ki, ilham və yaradıcılıq üçün başqa bir aləmdir. Şuşa insanların daxilindəki yaradıcı potensialını oyatmağa qadirdir. Ümid edirəm ki, belə bir xoşbəxtliyə qovuşacam. Allah hər şeyi edəcək. Mən fatalistəm.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...