Azərbaycana vicdan borcumu ödəməyə çalışıram - Celil Gündoğdu
Bizi izləyin

Xüsusi

Azərbaycana vicdan borcumu ödəməyə çalışıram - Celil Gündoğdu

Fəaliyyətim boyu ata yurdum Azərbaycana vicdan borcumu ödəməyə çalışıram.

Bu sözləri Publika.az-a müsahibəsində Belçikanın tanınmış türk əsilli jurnalist və yazıçısı Celil Gündoğdu deyib.

- Celil bəy, Azərbaycanın haqq savaşında Belçika mediasında fəal mübarizə aparanlardan biri də siz oldunuz. Jurnalistika fəaliyyətiniz haqda danışmağınızı istərdim.

- Jurnalist fəaliyyətimə 1985-ci ildə başlamışam. “Hürriyət” qəzetinin müxbiri kimi çıxdığım 36 illik yolda zəngin həyat təcrübəsi toplamışam. Hazırda Belçikanın media sahəsində çalışıram. 1999-cu ildə baş verən zəlzələdən sonra Hollandiyaya köçdüm. “Euro Huzur”, “Değirmen” kimi türkdilli qəzetlərdə çalışdım. Onu da deyim ki, “Değirmen”in yaradıcısı mənəm. “Avrasiya”, “Yeni Avrupa”, “Belçika haber”, “Belçika Aydın Haber” və bir sıra digər jurnal və qəzetlərin, həmçinin veb-saytların yaradıcısıyam.

Bundan əlavə, özümü yazıçı kimi də sınamışam. “Avropadakı şəxsiyyətlərimiz”, “Belçikadakı öncül qadınlarımız”, “Belçikaya köçün 50 ili” adlı bioqrafik kitabların müəllifiyəm.

- Əminəm ki, Avropada belə çətin missiyanı reallaşdırmaq mürəkkəb və məsuliyyətlidir. Bu müddətdə yorulub ruhdan düşmüsünüz?

- Bu vaxta qədər 10-a yaxın əsəri öz maddi vəsaitim hesabına çap etdirmişəm. Bilirsiniz, işimi çox sevdiyim üçün yorulduğumu, tükəndiyimi xatırlamıram. Sadəcə, bəzən Avropa cəmiyyətində yaşayan türklərin öz dillərinə qarşı etinasızlığından yoruluram. Halbuki cəmiyyətdə vacib faktorlardan biri də dildir. Dilinə hakim olmayan mədəniyyətindən də xəbərsizdir. Biz Avropanın paytaxtında gecə-gündüz dünya dili sayılan türkcə ilə veriliş yayımlayarkən, insanlarımızın maraq göstərməməyinə çox üzülürəm. Türk dili bizim pasportumuzdur, dünyaya inteqrasiya yolunda vəsiqəmizdir. Hər şeyə rəğmən, kimliyimizin dili olan türkcəmizi yaşatmaqçün əlimdən gələni edəcəm. Bu mövzuda vicdanım rahatdır. Atalarımız gözəl deyib: “Bir əlin nəsi var, iki əlin səsi var”. Odur ki, türkdilli mətbuat orqanlarına xüsusi həssaslıq və dəstək göstərməliyik.

- 44 günlük Vətən müharibəsində də, digər illərdə də Azərbaycanı Avropada layiqli təmsil etmisiniz. Tarixi qələbəmiz sizdə hansı təəssüratlar oyatdı?

- Ürəkdən deyirəm ki, ömrüm Azərbaycanın haqq davasına dəstək verməklə keçib. Atalarım, babalarım Qafqazdan gəlib Türkiyədə məskunlaşıblar. Türk və Azərbaycan övladı kimi bu mövzuya daim öz töhfəmi vermişəm. Həm peşəmlə, həm də insanlığımla illərdir, türk dünyasının qlobal problemlərini Avropada işıqlandırıram. Özümü Azərbaycan diasporunun könüllüsü sayıram. Çünki 20 ildir Qarabağ məsələsini Avropada müdafiə edirəm. Həmd olsun ki, Ali Baş Komandan İlham Əliyevin şücaəti nəticəsində Qarabağ azadlığa qovuşdu. Azərbaycanın şanlı Ordusunu bu müəzzəm haqq savaşında izləmək mənə qürur yaşatdı. Bütün tədbirlərimizi işıqlandırmağa çalışırıq. Dəfələrlə fransız, flamand və ingiliscə hazırladığımız xəbərlərlə avropalıları ermənilərin əsl siması ilə üzləşdirməyə çalışmışıq. Çox şadam ki, Avropa ölkələrində yaşayan türkləri qismən ətrafımıza toplamağa nail olmuşuq. Ata yurdum Azərbaycana vəfa borcumu ödəməyə çalışıram. Avropa azərbaycanlıları ilə daim ünsiyyətdəyəm. Prezident İlham Əliyev başda olmaqla əziz azərbaycanlılara salam göndərirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm