Xüsusi
Koronavirusa yoluxmaq ürək xəstələrində hansı riskləri artırır? - MÜSAHİBƏ
Kardioloq Gülanə Ağayevanın sözlərinə görə, ürək-damar xəstəlikləri olan insanlar koronavirusu daha ağır keçirir və bu infeksiya onlar üçün xüsusilə təhlükəlidir.
Həkim Publika.az-a müsahibəsində qeyd edib ki, ürək xəstələrini bu infeksiyanın ağırlaşmalarından qorumağın tək yolu peyvəndlənmədir.
- Doktor, ürək çatışmazlığı nədir və əsas simptomları nələrdir?
- Ürəyin bədənin digər orqanlarına lazım olan miqdarda qanı pompalaya bilməməsi və bu səbəbdən orqanizmdə baş verən ciddi dəyişikliklər toplusu ürək çatışmazlığı adlanır. Bədəndə maye toplanması nəticəsində yaranan ödemlər və təngənəfəslik ürək çatışmazlığının əsas əlamətləridir. Ürək çatışmazlığından əziyyət çəkən xəstələrdə ən çox görülən simptomlar bunlardır: təngənəfəslik, halsızlıq, tez yorulma, günlük fiziki aktivliyin azalması, ürəkdöyünmə, sinə ağrısı, başgicəllənmə, ürəkbulanma, öskürək və sidik ifrazının azalması. Bunlardan başqa, əksər xəstələrdə xüsusən ayaqlarda ödem və şişkinliyə rast gəlinir. Bu tip xəstələr yatarkən adətən yarımoturaq vəziyyət alır və bir neçə yastıq istifadə etmək məcburiyyətində qalır.
- Ürək çatışmazlığının səbəbləri nələrdir?
- Ürək çatışmazlığının bir çox səbəbi var. Ən çox yayılmış səbəblərdən biri keçirilmiş miokard infarktı və nəticədə ürək əzələlərinin fəaliyyətini itirməsidir.
Bundan əlavə, qapaq xəstəlikləri, anadangəlmə ürək qüsurları və genetik xəstəliklər, aritmiyalar, keçirilmiş bəzi infeksion xəstəliklər də ürək çatışmazlığının əsas səbəblərindən hesab olunur.
Xüsusi olaraq qeyd edim ki, gənclərdə yaranan ürək çatışmazlığının əsas səbəbləri spirtli içki və bəzi zərərli maddələrə olan asılılıqdır. Eyni zamanda siqaret istifadəsi də ürək-damar xəstəliklərinin risk faktorlarından olub dolayısı ilə ürək çatışmazlığına gətirib çıxara bilir.
- Ürək çatışmazlığı necə müalicə olunur?
- Ürək çatışmazlığı diaqnozu qoyulan xəstələr xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanada və ya ev şəraitində müalicə oluna bilər. Düzgün təyin edilmiş dərman müalicəsi, qidalanma pəhrizi və həyat tərzində əsaslı dəyişikliklər müalicənin əsasını təşkil edir.
Sağlam insanın gündəlik qəbul etdiyi maye və duz miqdarı ürək çatışmazlığı xəstələri üçün riskli hesab olunur. Odur ki, bu xəstələrə maye və duz qəbulunda məhdudiyyətlər qoyulur və ödem baxımından çəki monitorinqi tövsiyə olunur. Bundan əlavə, qrip peyvəndi kimi vacib olan peyvəndlərin olunması da həkim tərəfindən tövsiyə olunur.
Simptomları azaldıcı müalicədən başqa, xəstənin ürək çatışmazlığının səbəbi ürək-damar xəstəlikləri, ritm problemləri və ya qapaq problemlərindən qaynaqlandıqda bu xəstəliklərin müalicəsinə yönəlik müdaxilələr aparılır və səbəb aradan qaldırılmağa çalışılır. Lazım gələrsə, ritm problemini aradan qaldırmaq və ürək fəaliyyətini tənzimləmək üçün müxtəlif cihazlar istifadə edilir. Müəyyən mərhələdə xəstələrə qısamüddətli və ya uzunmüddətli ürək dəstək cihazları, süni ürək cihazları yerləşdirilir. Son mərhələdə isə ürək transplantasiyası tətbiq olunur.
Ürək çatışmazlığından əziyyət çəkənlər xəstəliyin ağırlıq dərəcəsinə uyğun müalicə aldığı təqdirdə həyat keyfiyyətləri yaxşılaşır və simptomların yenidən yaranmaması təmin olunur.
- Həkim, bəs ürək çatışmazlığı olan xəstələr koronavirusu necə keçirir?
- Bu qrup xəstələr koronavirus kimi infeksion xəstəliklərə yoluxduqda digər sağlam insanlara nisbətən xəstəliyi daha ağır keçirir və ağırlaşmalara daha çox rast gəlinir. İnfeksion xəstəlik ürək çatışmazlığı simptomlarını şiddətləndirir və bəzən də simptomlar bənzər olduğundan gözdən qaçır. Bu səbəbdən bütün insanlara olduğu kimi, bu xəstəlikdən əziyyət çəkənlərə də peyvəndləmə tövsiyə olunur.
Aytən Məftun
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var