Fransa mediası ermənilərin təbliğatını təmənnasız aparır - Aytən Muradova DANIŞDI
Bizi izləyin

Xüsusi

Fransa mediası ermənilərin təbliğatını təmənnasız aparır - Aytən Muradova DANIŞDI

Xarici ölkələrdə təhsil alıb Azərbaycana qayıdan istedadlı gənclərimizi həm Azərbaycanda, həm də Avropada işlə təmin etsək, ölkəmiz adına gərəkli addım atarıq.

Bu sözləri Publika.az-a müsahibəsində Fransada yaşayıb fəaliyyət göstərən diaspor fəalı, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova bildirib.

- Aytən xanım, uzun illərdir Fransada ölkəmizi layiqli təmsil edirsiniz. Müstəqilliyimizin ilk illərində Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin bünövrəsini quranlardansınız...

- Ümumiyyətlə, gördüyüm işlər barədə danışmağı sevmirəm. Amma son günlər hesabat vermək məcburiyyəti hiss edirəm. Xüsusən də Fransa kimi ölkədə baş tutan layihələrimiz haqda danışmalıyıq ki, soydaşlarımız arasında yanlış məlumat yayılmasın. 90-cı illərədək Rusiyada yaşayıb çalışmışam. Artıq yanvar hadisələri baş vermişdi, qarışıqlıq idi. SSRİ-nin süqut edəcəyini anlayırdıq. Mən də fransızlarla birgə çalışırdım. Qərara gəldim ki, fransız iş yoldaşlarımdan Fransaya köçməyin yolunu öyrənim. O vaxtlar Parisdə nadir hallarda azərbaycanlılara rast gəlmək mümkün idi. Dəqiq deyə bilərəm ki, ilk gələnlər sırasında olmuşam. Həmçinin olduqca çətin dövr idi.

- Həmin dövrdə də ölkəmiz müharibə şəraitində idi…

- Çox çətin illər idi. Sovet hakimiyyəti yenicə dağılmağa başlamışdı. Bir yandan Qarabağ müharibəsi, digər tərəfdən də dünya ermənilərinin yalanları… Azərbaycanın üzərində qara buludlar gəzirdi. Ermənilər Qarabağ savaşına xristian-müsəlman müharibəsi donu geyindirirdilər. Hətta heç unutmuram, “France 2” televiziya kanalının əməkdaşı Kristin Okrent bizi “Sovet rejimindən çıxmış münaqişəyə meyilli xalq” adlandırırdı. Azərbaycana qarşı münasibət ürəkaçan deyildi. Amma ümumi götürsək, media bu məsələyə indikindən daha vicdanlı yanaşırdı. Hətta bir dəfə məşhur “Le Figaro” qəzeti Qazaxın bombalara məruz qalmasından yazmışdı. Həmin dövrdə bizim Fransadakı böyüyümüz, xələfimiz Ramiz Abutalıbov idi. Ramiz müəllimin ətrafında toplaşıb Qarabağ haqda məlumatlar, kitablar çap etdirib yayırdıq. Vaxtaşırı fikir mübadiləsi aparırdıq.

Hətta “Le Monde” və “Le Figaro” qəzetləri bizim haqda qərəzsiz məqalələr də yazmışdılar.

- Ramiz Abutalıbov Fransada Azərbaycan həqiqətlərinin simvoludur…

- Mən milliyyətçiliyi, Vətən sevgisini Ramiz müəllimdən öyrənmişəm. O, əsl sovet tərbiyəsi almışdı. SSRİ hakimiyyəti dövründə doğulmuşdu. Amma azərbaycançılıq, vətənpərvərlik hissi hər şeydən üstündür. Bütün rəsmi görüşlərə Azərbaycandan bəhs edən əyani vəsaitlərlə gedirdi. Onun bu adəti mənə də sirayət edib. Həmişə özümlə ölkəm haqda məlumat toplusu gəzdirirəm.

- Aytən xanım, həm də milli musiqimizin Fransada əsas təbliğatçılarındansınız.

- Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sürətlə dəyişməyə başladı. Azərbaycan müstəqilliyini əldə etmiş güclü dövlətə çevrildi. Azərbaycanda Birinci Diaspor Qurultayı keçirilirdi. Fransadakı fövqəladə və səlahiyyətli səfirimiz Eleonora Hüseynova məni nümayəndə heyətinin başçısı qismində 25 nəfərlik nümayəndə heyətilə Bakıya göndərdi. Həmin səfərdə Hacıbəyli ailəsinin varisləri də bizimlə idi. Hətta ailə albomlarının bir neçə original fotolarını Ulu öndərə bağışlamışdılar. Mən bütün bu əlamətdar hadisələrin şahidi və iştirakçısı olmuşam. Elə həmin illərdə Alim Qasımovun Parisə səfəri nəzərdə tutulmuşdu. Ramiz müəllim bildirdi ki, tərcüməçiyə ehtiyac var. O vaxtdan özümü musiqinin mərkəzində tapdım. 10 il Alim Qasımovun Fransaya səfərlərini, konsert proqramlarını təşkil etdik. Hazırda Xalq artistləri Mansurov qardaşları ilə çalışıram.

- Necə düşünürsünüz, Fransada yaşayıb ölkəmizi düzgün şəkildə təbliğ etməyin xüsusi formulu var?

- Bəzi hallarda yerlipərəstlik etdiyimi deyirlər. Amma buna həyat təcrübəm imkan verir. İllər boyu bizə qarşı haqsızlığın şahidi olmuşuq. Elə İkinci Qarabağ müharibəsi dövründə müxtəlif ölkələrin mövqeyi buna sübutdur. Erməni mafiyası Azərbaycan haqda əsassız məlumatları, böhtanları yaymaq üçün bütün yollara əl atdı. Təəssüf ki, bu gün Fransa mediası da ermənilərin istəklərinə görə idarə olunur. Hətta deyərdim ki, Vətən müharibəsi dostlarımızı, düşmənlərimizi tanımağımız üçün əvəzsiz fürsət oldu.

Həm 44 gün ərzində, həm də tarixi zəfərimizdən sonra Fransadakı fövqəladə və səlahiyyətli səfirimiz Rəhman Mustafayevin ətrafında birləşdik. İşçi qrupları yaradıb təbliğata başladıq. Fransanın Prezidenti Emmanuel Makrona, UNESCO-nun sədrinə faktlara əsaslanmış məktublar ünvanladıq. Gecə-gündüz durmadan çalışdıq. Hətta erməni media orqanlarında “Azərbaycanlılar mütəşəkkil işləyir” adlı məqaləyə də rast gəldim. Səfirimiz Rəhman Mustafayev Fransada informasiya savaşında ləyaqətlə döyüşdü.

Təəssüf ki, xarici ölkələrdə yaşayan soydaşlarımız media mövzusunda hələ tam səriştəli deyil. Məsələn, Fransa mediası ermənilərin təbliğatını təmənnasız aparır. Bu yanlışları dəyişməyə borcluyuq. Dəfələrlə qrupumuzun üzvləri Günel Səfərova, Zaur Sadıxbəyli milliyyətçi ermənilərlə TV debatlarda iştirak ediblər. Türk qardaşlarımız, yəhudi dostlarımız da dəstəklərini əsirgəmirlər. Bilirsiniz, Prezident Makronun siyasi partiyasının yaradıcıları sırasında erməni də var. Fransanın müxtəlif şəhərlərinin merləri, deputatlar milliyyətcə ermənidir.

Düşünürəm ki, xarici ölkələrdə təhsil alıb Azərbaycana qayıdan istedadlı gənclərimizi geri çağırıb Avropada işlə təmin etsək, onların Fransanın ictimai, siyasi və mədəni həyatında aktiv iştirakına nail olsaq, ölkəmiz adına gərəkli addım atarıq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm