Özünü müharibənin alovuna atan “Qara qartal”ın İGİDLİK DASTANI
Bizi izləyin

Xüsusi

Özünü müharibənin alovuna atan “Qara qartal”ın İGİDLİK DASTANI

İkinci Qarabağ müharibəsi Azərbaycanın həm də qürur mübarizəsi idi. İtirilmiş qürurumuzun geri qaytarılmasında qəhrəmancasına döyüşən və şəhid olan igid oğullarımızdan biri “Qara qartal” ləqəbli snayper Röyal Mədətovdur. Özünə qəhrəmanlığın ən uca zirvəsindən başqa tale yolu yaraşdırmayan qəhrəmanımıza bu ləqəb ona görə verilmişdi ki, düşmənin gözünə görünmədən onları görə, ölmədən öldürə bilmək şücaətinə malik idi.

Dosye:

Xüsusi Təyinatlı Qüvvələrin giziri, qəhrəmanımız Mədətov Röyal 14 may 1992-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. Orta təhsilini 1998-2009-cu illərdə A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində alıb. Röyal 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qəbul olunub, kursu müvəffəqiyyətlə başa vurduqdan sonra “N” saylı hərbi hissədə xidmətə başlayıb. Qəhrəmanımız 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə snayper kimi iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb. Bu döyüşlərdə iki yerindən - qolundan və kürəyindən qəlpə yarası almasına baxmayaraq, orduda qalıb xidmət göstərməyə davam edib. Aprel döyüşlərində iştiraka görə kiçik gizir rütbəsi alıb. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ən gərgin cəbhələrində vuruşub. Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlının işğaldan azad olunmasında şücaət göstərib. İkinci Qarabağ döyüşlərində oktyabrın əvvəllərində ikinci dəfə yaralansa da, xəstəxanada cəmi 3 gün qala bilib və qartal yenidən öz yuvasına - əsgərlərinin yanına qayıdıb.

Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmanlıq, igidlik və şücaət göstərdiyinə görə Mədətov Röyal ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Röyal Mədətov haqqında xatirələrini Publika.az-la bölüşən bacısı Günay Mədətova deyir ki, zaman Mədətovlar ailəsi üçün onu itirdikləri gündən bəri dayanıb:

Qartal qanadı

“Qəlbimizin yarısı qürurla doludur, yarısı isə həsrətlə... Müharibənin başlamasından bir il ötür, amma gözümüz hələ də yoldadır... Həm ailəmizin, həm də məktəbin sevimlisi olmağı bacarmışdı. Qartalımız çox mehriban, çox danışan, çox gülən şən bir insan idi.

Ən böyük marağı idmana idi, güləşlə məşğul olurdu. Müxtəlif müsabiqələrdə mükafatlar qazanıb. Bilirdik ki, heç bir yarışdan əliboş qayıtmayacaq. Sevinə-sevinə gəlib deyərdi ki, yenə medalla gəlmişəm. Bizdən gizlətmişdi ki, müharibəyə gedəcək. Ümumiyyətlə, işindən söz açmağı xoşlamırdı, hərbi məxfiliyi qoruyurdu, vətənə sədaqət andına sadiq idi. Sentyabrın 25-də zəng edib dedi ki, təlimlərə gedirik, zəng çatmasa, mənə görə narahat olmayın. Biz fikir çəkməyək deyə heç bir sıxıntısını hiss etdirməzdi. Əslində, işi çox ağır idi, bununla belə zarafatlarından qalmırdı. Sonuncu dəfə onu deyib-gülərək yola saldıq. Son görüş qəlbimizi hər zaman sızladacaq. Deyilməmiş o qədər söz, ötürülməyən o qədər böyük sevgi qaldı ki, bu nisgil azalana oxşamır. Qardaşım böyük qəhrəmandır, nəinki ordumuzun, həm də ailəmizin qartalı və qoruyucusu idi. Əminəm ki, ruhunun qanadları sığalını ailəmizin üstündən çəkməyib”.

Övlad arzusu

Şəhid bacısı qardaşının yarım qalmış arzularından da söz açıb:

“3 il idi ki, evli idi, amma övladı olmurdu. Ən böyük arzusu ata olmaq idi. Oğlan və ya qız, fərq qoymurdu. Uşağım olsa, ona çox yaxşı atalıq edərəm deyirdi”.

Dörd ildən sonra öz arzusuna çatdı...

Vətən uğrunda canını fəda edən “Qara qartal” Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub:

“Qardaşım Şuşa şəhərinin Qırmızı Bazar istiqamətində şəhid olub. Birinci dəfə yaralanandan sonra elə bilirdik ki, Füzulidəki hospitalda yatır. Amma 3 gün sonra bizə heç nə demədən yenidən döyüşə yollanıb. Bundan təkcə qardaşım Talehin xəbəri olub, anamı ona tapşırıb, mənsizliyi ona hiss etdirmə deyib. Aprel döyüşlərindən qayıdandan sonra “Dostlarım şəhid oldu, mənə isə şəhidlik qismət olmadı” deyirdi. Dörd ildən sonra öz arzusuna çatdı... Amma onsuzluğa öyrəşə bilmirik... Son dəfə oktyabrın 10-da səsini eşitdim, çox az danışdıq...

Röyal hərbidə “Qara qartal” adını qazanmışdı. Gözündən heç nə yayınmazdı, qartal kimi yırtıcı, cəsarətli və qorxmaz idi. Silah yoldaşları deyirdi ki, düşmənlə mübarizədə Röyal qartal kimi amansız davranırdı, çox çevik və bacarıqlı idi. Qartal heç kimin əli çatmayan zirvələrdə gəzir, qardaşımda bir qartal gücü var idi. Azadlığımız uğrunda ən təhlükəli yerlərdə qartal kimi süzdü və azadlığımız uğrunda da səmaya qanad açdı. Qartala yaraşan ölümü seçdi, əbədi həyata qovuşdu. Dostları arasında gözündə qorxu olmayan oğlan kimi də çağırılırdı”.

Yaralı olsa da, xəstəxanadan qaçıb döyüşə atılır

Çiyin-çiyinə döyüşdüyü komandiri Röyal Mədətovun qəhrəmanlığından danışanda heyrətini gizlədə bilmir:

“Həmişə sinəsini qabağa verərdi, təlimatçı idi, qoymazdı ki, əsgərləri yanında getsin. Birinci özü tək gedərdi. Həm yoldaşlıqda, həm də xidmətdə əvəzolunmaz insanlardan biri idi. Allah ona rəhmət eləsin. Cəbrayıldan başlayıb, Füzuli və Qırmızı Bazar istiqamətinə qədər bütün əməliyyatlarda iştirak edib, fövqəladə gücü olan bir qəhrəman kimi ad qazanıb. Vətən müharibəsində döyüşün taleyini dəyişən qartallardan idi, bu insanın gözündə həqiqətən də qorxu olmayıb. Yaralanmasına baxmayaraq, döyüş bölgəsindən onlarla yaralını çıxarmışdı. Bir müddət sonra ağrıya dözə bilmədi, müalicə üçün xəstəxanaya yollandı. Bir neçə gün sonra hospitaldan qaçıb özünü yenidən döyüşün ən qızğın nöqtələrinə atmışdı. Şəhər əməliyyatlarında həm təcrübəsi yaxşı idi, həm də hərbi savadı vardı. Füzuli rayonunun alınmasında çox böyük əməyi olub. Röyal Mədətov düşmənin üç maşın kolonunu partladıb, xeyli sayda hərbçisini məhv edib. Bu əməliyyatlarda Füzuli alınandan bir gün sonra Şuşa əməliyyatlarının hazırlıqlarına başlamışdıq. Şuşanın Qırmızı Bazar yüksəkliyində düşmənin qəfil yaranmış pusqusuna qarşı atışmada şəhid oldu”.

Biz geri dönməyəcəyini bilsək də, 30 illik həsrəti bitirmək üçün yola çıxan şəhidimizin xatirəsini ehtiramla anır və ailəsinə Allahdan səbir arzu edirik.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm