• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Ərdoğan-Bayden müzakirəsi: regionda nələr dəyişəcək? - Politoloq DETALLARI AÇDI

  • Xüsusi
  • 1 Noyabr 2021 13:53
  • 1 071 Baxış
Ərdoğan-Bayden müzakirəsi: regionda nələr dəyişəcək? - Politoloq DETALLARI AÇDI

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden G-20 zirvəsi çərçivəsində Romada təkbətək görüş keçirdi. Görüş bir saatdan çox çəkdi. Prezidentlər Cənubi Qafqazdakı vəziyyəti də müzakirə etdiklərini açıqladılar. Eyni zamanda “3+3” formatı da müzakirə olundu.

Bəs bu görüş regiondakı vəziyyətə hansı formada təsir göstərəcək? Bayden-Ərdoğan görüşü ümumiyyətlə, regionda baş verən hansı proseslərin axarını dəyişmək gücündədir?

Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində bildirib ki, Cənubi Qafqazda hadisələrin inkişafında Amerika Birləşmiş Ştatlarından daha çox Türkiyənin rolu böyükdür. Ekspertin fikrincə, eyni zamanda regiondakı digər oyunçular da nəzərə alınmalıdır.

İlqar Vəlizadə ilə müsahibəni təqdim edirik:

- İlqar bəy, Ərdoğan-Bayden görüşündən sonra nələr dəyişəcək? 3+3 formatına yaşıl işıq yandırılacaqmı?

- Ərdoğanla Bayden arasındakı bu görüşdən və danışıqlardan sonra Cənubi Qafqazda heç nə dəyişməyəcək. Ümumiyyətlə, bir danışıqla proseslər dəyişmir. Bunun da səbəbləri var. Yeri gəlmişkən, onu da deyim ki, Cənubi Qafqazdakı proseslər nə bu gün başlayıb, nə də dünən. Bu proseslər uzunmüddətli xarakter daşıyır. Onu da demək lazımdır ki, proseslərin müəyyən kökləri var. Ona görə də bu görüşlər Cənubi Qafqazda proseslərin dəyişməsindən daha çox, onların təhlilinə, hansı xarakter daşıdığına köklənib. Bayden və Ərdoğan arasında baş tutan görüş də daha çox buna hesablanıb. Yəni bu ölkələr arasındakı münasibətlər mövcud proseslər çərçivəsində necə tənzimlənəcək – sualına cavab verə bilər. Əlbəttə, Cənubi Qafqaz məsələsində, eləcə də proseslərin inkişafında Türkiyə və Amerika Birləşmiş Ştatları müəyyən rol oynayır. Hətta deyərdim ki, Cənubi Qafqazda hadisələrin inkişafında Amerikadan daha çox Türkiyənin rolu böyükdür.

- Bəs indi tərəflər nəyə çalışırlar?

- İndi tərəflər danışıqlarda ona çalışırlar ki, regionda cərəyan edən tendensiyaları eyni zamanda NATO-nun strategiyasına uyğunlaşdırsınlar. Burada söhbət ümumi strategiyaya uyğunlaşdırmadan gedir. Xüsusən də burada prosesləri Amerika Birləşmiş Ştatlarının xarici siyasət strategiyasına uyğunlaşdırmaq məsələsi var. Hər halda Amerikanın istəyi bundan ibarətdir. Türkiyə və ABŞ-ın birgə istəyi isə son prosesləri NATO-nun xarici strategiyasına müəyyən dərəcədə uyğunlaşdırmağa çalışmaqdır. Bu görüşdən hər hansı nəticə gözləmək düzgün olmazdı. Çünki regionda digər oyunçular da var. Həmin dövlətlər də regiondakı bəzi məsələlərdə əsas rol oynayırlar. Yəni digər oyunçular da mütləq nəzərə alınır.

- Ərdoğan Baydenlə görüşdən sonra jurnalistlərə açıqlamasında “3+3” formatından danışdı. Bildirdi ki, Rusiya və Gürcüstan arasındakı məsələ öz həllini taparsa, bu, bizim xeyrimizə olacaq. Bu format işləyəcəkmi? Maneələr aradan qalxacaqmı?

- Açığını demək lazımdır, Amerika Birləşmiş Ştatları “3+3” formatını bəyənmir. ABŞ-ın müdafiə naziri regiona səfər edərkən bunu açıq şəkildə bildirmişdi. Birləşmiş Ştatların bu formata mənfi münasibətinin səbəblərindən biri də odur ki, Gürcüstan və Rusiya arasındakı münasibətlər əslində yox dərəcəsindədir. Ortadakı şərtlər də bəllidir. Şərtlərə görə, Rusiya Abxaziyanı və Osetiyanı Gürcüstana təhvil verməlidir. Vəziyyət təxminən bu cürdür. Biz bilirik ki, Moskva heç vaxt buna getməyəcək. Şərtləri yerinə yetirməyəcək. Hər halda, yaxın illərdə bunu etməyəcək. Rusiyanın şərtləri yerinə yetirməyəcəyi təqdirdə, çətin ki, Amerika Birləşmiş Ştatları öz strategiyasını dəyişsin. Burada Türkiyənin təklifi daha çox ritorik mahiyyət daşıyır.

- Nəyə görə?

- Ona görə ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda daha çox öz oyununu oynamaq niyyətindədir. Ümumiyyətlə, son vaxtlar Amerika və Rusiya arasındakı gərginlik daha da çoxalıb. Ona görə də indiki məqamda Birləşmiş Ştatların Rusiya Federasiyasına güzəştə gedəcəyi elə də inandırıcı görünmür.

- Türkiyənin Ukraynaya “Bayraktar” PUA-larını satması Ankara-Moskva münasibətlərini bundan sonrakı mərhələdə gərginləşdirə bilərmi? Artıq Ukraynanın Donbas cəbhəsində bu PUA-ların istifadəsi Moskvada da müəyyən narahatlıqlar yaradıb...

- Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ötən gün Moskvanın bu narahatlığı ilə bağlı Ankaranın mövqeyini ifadə etdi. Çavuşoğlu rusiyalı jurnalistin sualına cavab olaraq bildirdi ki, “Bayraktar”lar və ya digər təyinatlı silahlar kimə satılırsa, artıq həmin silahlar “milli mənsubiyyətindən” məhrum olur. Yəni “Bayraktar” Ukraynaya satılıbsa, həmin silah Ukraynanındır, Türkiyənin deyil. Yəni burada birbaşa və ya dolayı yolla Türkiyəni günahlandırmaq düzgün olmaz. Ona qalsa, Rusiya istehsalı olan bəzi silahlar da Türkiyəyə qarşı istifadə edilir. Ankara bunu Moskvanın qəsdən etdiyini düşünmür. Çünki silah bazarı açıqdır. Bu silah bazarlarında müxtəlif oyunçular var. Hər kəs öz maraqlarını, məqsədlərini güdür. Amma bu o demək deyil ki, siyasi məqsədlər iqtisadi məqsədlərə bərabərdir. Çavuşoğlunun sözündən başa düşülən o idi ki, Türkiyə həmin silahların Rusiyaya qarşı istifadə olunacağını düşünməyib. Yəni Rusiyaya qarşı istifadə olunsun deyə, Türkiyə Ukraynaya “Bayraktar” satmayıb. Çünki “Bayraktar”lar müdafiə xarakterli silahlardır. Bütün hallarda görünən odur ki, Rusiya Türkiyə ilə münasibətləri pozmaq niyyətində deyil.

- Bəs Moskva?

- Elə Rusiya da Türkiyə ilə münasibətləri pozmaq haqqında düşünmür və ya buna tələsmir. Çünki bu münasibətlərin pozulması bir çox yerlərdə böhran vəziyyətinə gətirib çıxara bilər. Bu da nə Rusiyanın, nə də Türkiyənin xeyrinədir. Bütün bunlara baxmayaraq, Ankara və Moskva arasında rəqabət mövcuddur. Bu rəqabət həm də silah satışı ilə bağlıdır. Amma bu rəqabətdən heç bir tərəf əl çəkməyəcək. Tərəflər bu rəqabəti diplomatik yollarla maksimum dərəcədə tənzimləməyə çalışacaqlar. Hər halda, hazırkı vəziyyət onu göstərir.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR