Xüsusi
Ordumuz düşmənə əsl ŞOK YAŞADACAQ - Türk GENERAL AÇIQLADI
Bir neçə gün öncə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıya gəlmişdi. O, Bakıda azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdü. Birgə mətbuat konfransında Müdafiə nazirimiz bildirdi ki, Azərbaycan Ordusunda "bir neçə yeni qurum - əməliyyat komando qurumları, briqadaları yaradılır".
Zakir Həsənov onu da əlavə etdi ki, gələcəklə bağlı böyük planlar var: "Azərbaycan Ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk".
Ekspertlər düşünür ki, nazir Zakir Həsənov yeni qurum dedikdə, dağ komando hərbi hissələrinin yaradılması haqqında danışıb.
Bəs bu qurum nəyə xidmət edəcək? Həmin birliklər hansı əməliyyat şəraitində istifadə olunacaq?
Suallarımızı Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Yücel Karauzla müzakirə etdik. General Publika.az-a müsahibəsində dedi ki, bu birliklərin yaradılması Azərbaycan Ordusuna bir sıra üstünlüklər qazandıracaq.
- Cənab general, Azərbaycan Ordusunda yeni yaradılan və nazir Zakir Həsənovun anonsunu verdiyi komando birliklərinin fəaliyyəti nələrdən ibarət olacaq? Ümumiyyətlə, komando birlikləri deyəndə nə başa düşülür? Onların digər birliklərdən fərqi nələrdir?
- Ümumiyyətlə, piyada birlikləri 3 qrupa ayrılır. Birinci növ piyada birlikləri klassik müharibə strategiyasını özündə əks etdirən hücum, müdafiə, geri çəkilmə funksiyaları, hərəkətləri icra edirlər. Bu qüvvələr ya hərbi-piyada avtomobilləri, ya da zirehli piyada minik vasitələri ilə bir bölgədən başqa birinə aparılırlar, daşınırlar. Onlar müəyyən çərçivəli, bir qədər də məhdud fəaliyyətləri yerinə yetirmək imkanlarına malikdirlər. Komando birlikləri isə xüsusən düşmən qüvvələrinin dərinliklərində fəaliyyət göstərirlər. Onlar dağlıq, yoxuş, qarlı ərazilərdə xidmət aparırlar. Komandolar hər cür hava və ərazi relyeflərində xidmət aparmaq qabiliyyətinə malikdirlər. Üçüncü növ piyada birlikləri isə "Special forces" dediyimiz xüsusi təyinatlılardır. Xüsusi təyinatlılar həm öz torpaqlarında, həm də düşmən ərazisində müəyyən olunmuş fəaliyyətləri icra edirlər. Onlar əllərindəki silah və təchizatlarla havadan, dənizdən və qurudan hər cür sızma, hücum, hədəf ələ keçirmək, məhv etmək kimi faəliyyətləri yerinə yetirirlər. Bu vaxta qədər Azərbaycan Ordusunda yalnız piyada birlikləri və xüsusi təyinatlı qüvvələr fəaliyyət göstərirdi. Çox az sayda da komando birlikləri var idi. İndi cənab Müdafiə naziri Zakir Həsənovun söylədiyi kimi, Qarabağ torpaqlarının işğaldan azad edilməsi ilə Qarabağ ərazisi və ordunun daha sonrakı dönəmlərdə bir sıra missiyalar yerinə yetirəcəyi bölgələr komando birliklərinin təşkil edilməsini labüd edir. Elə bu məqsədlə də Azərbaycan Ordusu normal piyada bölmələrini komando birliklərinə çevirəcək.
- Türkiyə Ordusunda da bu tipli birliklərin sayı çoxdurmu? Sizin ordunuz bu sistemə nə zaman keçib?
- Eyni proseduru Türkiyə Silahlı Qüvvələri bundan təqribən 7-8 il əvvəl həyata keçirdi. Normal şərtlər daxilində 4 ədəd komando briqadası olmalıdır. Amma bu gün Türkiyə Silahlı Qüvvələrində komando briqadasının say tərkibi 25-ə çatıb. Çünki Suriyada, Liviyada, İraqda hər cür taktiki əməliyyat və hər cür hava şəraitində əməliyyat icra edə biləcək komando birliklərinə ehtiyac var. Elə buna görə də türk ordusu 7-8 il əvvəl 4 komando tuqayını, briqadasının sayını 25-ə yüksəltdi.
- Komando birliklərini ənənəvi birliklərdən fərqləndirən hansı xüsusiyyətləridir? Ordumuza nə kimi üstünlüklər gətirəcək?
- Təbii ki, bu komando birliklərinin silah təchizatı, texniki imkanları, qabiliyyətləri ənənəvi piyada birliklərindən xeyli yüksəkdir. Onlar gecə və gündüz, hər cür hava şəraitində hərbi hava nəqliyyatları – vertolyotlarla, helikopterlərlə daşınaraq və ya havadan paraşütlərlə atılaraq çox sürətli şəkildə hər cür çətin təlimlərdən yüksək nəticələrlə çıxmış hərbçilərdən təşkil edilir. Elə buna görə də Azərbaycanın ənənəvi piyada birliklərinin normal komando bölmələrinə çevrilməsi dərinliklərdə, dağlarda, çay, çay vadilərində Azərbaycan Ordusunun əməliyyat və hərəkat qabiliyyətini artıracaq. Eləcə də bataqlıqlarda, çətin keçilən ərazi keçidlərində, düşmənin dərinliklərində gerçəkləşdiriləcək hava əməliyyatlarında sizin ordunuzun imkanlarını, qabiliyyətlərini daha da inkişaf etdirəcək.
- Bu yenilikləri, islahatları uğurlu saymaq olarmı?
- Azərbaycan Ordusunun gerçəkləşdirdiyi bu islahatlar qurum və orduya qazandırılacaq imkan, qabiliyyət baxımından çox böyük əhəmiyyətə malikdir. Çox uğurlu bir addımdır. Daha dəqiq desək, bütün bunlar indiki zamanın tələblərinə uyğun modernizasiya işləridir. Yəni Azərbaycan öz coğrafiyasının şərtlərinə uyğun olaraq, eləcə də indiki zamanın tələblərinə əsasən, öz ordusunu yenidən təşkilatlandırır. 44 günlük Qarabağ zəfərindən əvvəl Azərbaycan Ordusunun dünyadakı reytinq göstəricisi 54-cü yer idi. Mən inanıram ki, qazanılan şanlı zəfərdən sonra Azərbaycan Ordusunun reytinq göstəricisi 40-45-ci pillələrdə qərar tutacaq. Təbii ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Türk Ordusu modelinə keçməsi təqdirolunandır. Düşünürəm ki, Azərbaycan Ordusu müharibədən sonra öz xüsusi komando birliklərinin sayını artırmaqla yanaşı, xüsusi təyinatlı bölmələrinin sayını da artırmalıdır.
- Bunu sürətli şəkildə reallaşdırmaq mümkündürmü?
- Xeyr, bu proses addım-addım gedəcək. Çünki ənənəvi piyada birliklərinin komando birliklərinə çevrilməsi bir az vaxt alacaq. Ənənəvi piyada bölmələrinin xüsusi təyinatlı birliklərə çevrilməsi də zaman alacaq bir məsələdir. Düşünürəm ki, bundan sonrakı mərhələdə Azərbaycan komando birlikləri ilə yanaşı, xüsusi təyinatlı bölmələrinin sayını da artıracaq. Komando birliklərində xidmət aparacaq personalın yetişməsi təxminən 2 illik xüsusi kurslardan sonra reallaşacaq. Ən yaxşı, ən seçilən bir xüsusi təyinatlının yetişməsi isə 4-5 il vaxt alır. Çünki onlar hava, dəniz, quru təlimləri keçirlər və ən çətin sınaqlardan dözümlülük nümayiş etdirərək məharətlə çıxırlar. Beləliklə, mən Azərbaycan Ordusunun bundan sonra da uğurlarının artaraq davam edəcəyini düşünürəm.
- Bəs 44 günlük müharibədə düşmən üzərində qələbəmizi hansı amillər şərtləndirdi? İldırımsürətli qələbəni təmin edən amillər nələr idi?
- 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun çox uğurla həyata keçirdiyi işlərdən biri də Hərbi Hava Qüvvələrinin imkanlarından yerində və zamanında istifadə idi. İkincisi, “Bayraktar TB2”lər də daxil olmaqla, silahlı və silahsız pilotsuz uçuş aparatlarından çox yüksək səviyyədə istifadə edildi. Rabitə sistemləri müasirləşdirilmişdi. Azərbaycan bu istiqamətdə də düşmənin elektron hərbi imkanlarını məhdudlaşdırmışdı. Bir sözlə, düşmənin eletron hərbi imkanlarını “kor” etmişdi. Bundan başqa, Azərbaycan əsgərinin cəsarəti və qəhrəmanlığını, ordunun arsenalındakı modern imkanları da diqqətə almaq lazımdır. Azərbaycan Ordusu həm Şuşa, həm də Hadrut əməliyyatlarında bıçaq və tapançalarla, yüngül silahlarla silahlanmışdı. Bu əməliyyatlarda Azərbaycan əsgəri kürək-kürəyə verərək düşmənlə əlbəyaxa döyüşlərə atılmışdı. Hərbi komandanlıq sistemi çox uyğun şəkildə öz fəaliyyət planlarını icra edirdi. Bunun nəticəsində də hərbi aldatma taktikalarından məharətlə yararlanmaq imkanı əldə olundu. İlk olaraq Azərbaycan Ordusu guya əks-hücum əməliyyatına Ağdam bölgəsindən başlayacaq siluet yaratdı, düşmən də hazırlığını buna görə həyata keçirdi. Bütün qoşunlarını Ağdam istiqamətində cəmləşdirdi. Daha sonra Cəbrayıl və Füzuli xəttindən Şuşaya qədər uğurlu əməliyyat həyata keçirdi. Bu da çox uğurlu bir hərbi əməliyyat manevri, üsulu idi. Azərbaycan Ordusunun ən uğurlu üstünlüklərindən biri də həm konsepsiya, həm də təşkilatlanma baxımından bu əməliyyatlarda NATO ilə yanaşı, Varşava müqaviləsi Hərbi Paktının taktikalarından istifadə etməsi idi. Bu, Azərbaycan Ordusunun üstün tərəflərindən biridir. Bundan başqa, Azərbaycan başda Türkiyə olmaqla, İsrail, Rusiya, Ukrayna və Rusiyanın müasir silah sistemlərini bir-birinə uyğun şəkildə istifadə etdi. Bu da Azərbaycan Ordusunun uğurlu tərəflərindəndir. Ən əsası, 44 günlük zəfərdə Azərbaycan oğullarının 28 il analarının laylalarından eşitdikləri Qarabağ torpaqları uğrunda öz qanlarından keçmələri qələbəni daha da sürətləndirdi.
Tural Turan
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO