Xüsusi
Erməni terroru davam edir: Bu şəxslər məsuliyyətə cəlb oluna bilər
"Sərhədlərimiz müəyyən edildikdən və 10 noyabr 2020-ci il razılaşmasının şərtləri tam yerinə yetirildikdən sonra, Azərbaycana dəymiş ziyanın ödənilməsi və Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq məhkəmədə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini həll etməklə minaların basdırılmasından təzyiq üsulu kimi istifadə edilməsi məsələsi Ermənistan dövlətinə verilən ittihamın bir hissəsi olacaq".
Bu sözləri Publika.az-a müsahibəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.
- İsaxan müəllim, minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi ilə bağlı beynəlxalq hüquq və konvensiyalara əsasən, məsuliyyətə cəlbedilmə necə aparılmalıdır?
- Minalardan istifadə məsələlərini tənzimləyən bir sıra beynəlxalq sənəd var. Bu sənədlərdə göstərilir ki, hansı hallarda minalardan istifadə etmək olar, hansı hallarda isə istifadə etmək olmaz. Hətta beynəlxalq konvensiyalarda nəzərdə tutulur ki, minalardan istifadə edilərkən basdırılmış yerləri bəlli edən işarələr işlədilməlidir. Və ya hasara alınmalı, onun üzərində müəyyən tanıdıcı işarələrdən istifadə edilməlidir. Əgər bunlara əməl olunmursa, heç şübhəsiz ki, bu, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir. Ümumiyyətlə, minalardan istifadə edilməsi məsələləri beynəlxalq hüquq normalarında qadağan edilmiş məsələlərdən biridir. Hətta bir sıra beynəlxalq normalarda bu gün Ermənistanın istifadə etdiyi qəbildən olan minalardan istifadə etmək qadağan edilib. Həm də Ermənistan bu minaların istehsalçısı deyil. Onu dəstəkləyən dövlətlər tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq bu minalar onlara ötürülüb. Halbuki, beynəlxalq hüquq normalarının tənzimlədiyi münasibətlər baxımından Ermənistanın bu gün Azərbaycana qarşı istifadə etdiyi minaların başqa dövlətə ötürülməsi, onun yayılması məsələləri qadağan edilib. Ancaq bu gün Ermənistan sözügedən minalardan istifadə edir. Sual olunur: Ermənistanı hansı qüvvələr bu minalarla təmin edir? Cavabı sadədir, onlar bunu müxtəlif qanunsuz yollarla əldə ediblər. Bu, həm də minaları Ermənistana təqdim edən dövlət tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
- Bu, həm də terrorizmin təzahürüdür və mina terrorunun erməni terrorizminin yeni forması olduğunu bir daha sübut edir.
- Bu gün minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməməsi, verdiklərinin isə qeyri-dəqiq olması ən azı 3 beynəlxalq hüquq normasının, 3 beynəlxalq konvensiyanın tələblərinə ziddir. Xəritələrin Azərbaycana təqdim edilməməsi, ondan təzyiq vasitəsi kimi istifadə olunması və ayrı-ayrı hallarda minaya düşmüş dinc əhalimizin həyatdan məhrum edilməsi Ermənistanın indiyədək azərbaycanlılara qarşı həyata keçirdiyi terror siyasətinin davamıdır. Ermənistan terrorçu dövlət kimi beynəlxalq aləmdə tanınmasının sübutlarından biri kimi artıq bu gün də çıxış edir.
- Ermənistan bizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib. Erməni hökuməti onlarda dəqiq xəritənin olduğunu etiraf etsə də, vermir və bunu siyasi şantaj predmetinə çevirir. Bununla bağlı hansı addımlar atıla bilər?
- Cənab Prezident çıxışları zamanı dəfələrlə bildirib ki, Ermənistan hökumətinin bizə təqdim etdiyi xəritələrin maksimum 25 faizi reallığı əks etdirir. Ermənistan çox gözəl başa düşür ki, məğlub bir dövlətdir. Ancaq onlarda hələ də revanşist fikirlər var və ayrı-ayrı hallarda bu fikirlər təzahür olunur. Başa düşürlər ki, onlar revanşist fikirlərdən istifadə edərkən yenə məğlub duruma düşəcəklər, onların xeyli sayda canlı qüvvəsini əsir götürəcəyik. Düşünürlər ki, gələcəkdə minalanmış xəritələrin yenə hər hansı bir hissəsini Azərbaycan dövlətinə təqdim etməklə Azərbaycan Respublikasının ərazisində təcavüzkar siyasəti həyata keçirən insanların Ermənistana təhvil verilməsinin bir vasitəsi kimi istifadə etsinlər. Məqsəd bundan ibarətdir. Digər tərəfdən, bu və ya digər formada bu gün Ermənistan işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinə öz töhfəsini verən xarici dövlətləri də müəyyən təsir vasitəsi kimi istifadə edir. Göstərirlər ki, dinc azərbaycanlıların başına gələn olay işğaldan azad olunan ərazilərin bərpası ilə məşğul olan zaman sizin də başınıza gələ bilər. Bu, nəinki təkcə Azərbaycana təsir vasitəsidir, eyni zamanda Qarabağın yenidən qurulmasında və bərpasında öz töhfəsini vermək istəyən xarici dövlətlərə də təzyiqdir. Ancaq bunun heç bir əhəmiyyəti olmayacaq. Dünya artıq Ermənistanın necə bir dövlət olduğunu başa düşür. Bir sıra dövlətlər işğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi üçün vəsait ayırırlar. Bu, çox böyük göstəricidir. Azərbaycan dövlətinə, onun beynəlxalq imicinə olan xoş münasibətin nəticəsidir ki, ermənipərəst ölkələr istisna olmaqla əksər ölkələr Azərbaycanı beynəlxalq humanitar hüquqa hörmət edən dövlət kimi tanıyırlar. Azərbaycan Qarabağda ədalətli müharibə apardı və torpaqlarını öz gücü hesabına işğaldan azad etdi. Baxmayaraq ki, Ermənistanı həm Avropa İttifaqında, həm də MDB məkanında dünya siyasətinə təsir edən bir sıra dövlətlər dəstəkləyirdilər. Bu dəstək nəticə vermədi, Ermənistan Azərbaycanın yürütdüyü uğurlu siyasət və məğlubedilməz ordumuzun qarşısında çökdü.
- Ermənistanın mina terroru, eyni zamanda xəritələrin təqdim edilməməsi ilə bağlı hansı beynəlxalq məhkəmələrə müraciət edə bilərik?
- Biz Avropa İnsan Hüquqları Məhkəməsinə qoşulmuşuq. Hüququmuz var ki, həmin məhkəməyə müraciət edək, sözügedən xəritələrin verilməməsi ilə bağlı iddia qaldıraq. Bu məhkəmənin də qərarı bütün ölkələr üçün məcburidir. Nəinki xəritələrin verilməsinin Ermənistana məcbur edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qərar çıxara bilər, hətta bizim qoyduğumuz iddianın mahiyyətindən asılı olaraq Ermənistan hərbi-siyasi hakimiyyəti ilə yanaşı, Ermənistan dövlətinin özünə qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər. Digər tərəfdən, Azərbaycan və Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin, yəni Roma Paktının üzvü deyil. Lakin bu o demək deyil ki, Beynəlxalq Cinayət Məhkəməsi təcavüzkarın cinayət məsuliyyətinə cəlb edilməsi işindən kənarda qala bilər. Çünki Təhlükəsizlik Şurası qeyd etsə ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi, bunun nəticəsində dinc əhalinin həlak olması gələcəkdə beynəlxalq sülhə təhlükə yarada, iki dövlət arasında yenidən müharibəyə səbəb ola bilər, o zaman TŞ Beynəlxalq Cinayət Məhkəməsinin prokurorundan konkret məsələ üzrə araşdırma aparılmasını tələb edə bilər. Sözügedən məhkəmənin araşdırmasının nəticəsindən asılı olaraq prokuror xəritələrin Azərbaycana verilməməsində günahı olan hərbi-siyasi rəhbərliyin məsuliyyət məsələsini həll edə bilər.
- Beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin parlamentlərinin, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumların Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna qarşı sərgilədikləri münasibəti necə dəyərləndirmək olar?
- Zaman-zaman Azərbaycana bir sıra ölkələrin dəstəyinin şahidi olmuşuq. Bu dəstək indi də davam edir. Ancaq bununla yanaşı, haqq səsimizi görməzdən gəlib Ermənistanı dəstəkləyən dövlətlər də var. Bu vaxta kimi Ermənistanın yanında olaraq onlar nə əldə etdilər ki?! Onlar sadəcə Ermənistanı acı bir məğlubiyyətlə təltif etdilər. ATƏT-in Minsk qrupunun 3 böyük ölkəsi 30 ilə yaxın müddət ərzində Qarabağ münaqişəsinin dinc yoldan başqa həlli yolu yoxdur deyərək müxtəlif vasitələrdən istifadə etdi, bizə psixoloji təsir göstərməyə çalışdılar. Ancaq bu illərin hər günü, hər dəqiqəsi bizim müharibəyə hazırlığımız üçün bir zaman idi. Heç vaxt yaddan çıxarmadıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolu həm də hərbi-siyasi yoldur. Cənab Prezidentin bu siyasəti Qarabağda bizim qələbəmizi təmin edən ən güclü amil oldu. Bizim haqq işimizə, Ermənistanın yürütdüyü terror siyasətinə laqeyd qalan dövlətlərin nə dərəcədə demokratik, hüquqi olması sual doğurur. Bu cür haqsızlığa səs çıxarmırlarsa, deməli, orada qondarma demokratiya mövcuddur. Eyni zamanda bu cür ölkələr beynəlxalq humanitar hüquqa hörmətsizlik nümayiş etdirirlər. Vaxt olacaq ki, bu laqeyd yanaşma gələcəkdə onların özlərinə qarşı ittiham kimi səsləndiriləcək. Bu, təkcə Azərbaycan tərəfindən deyil, digər dövlətlər tərəfindən də olacaq.
Akqabay Mıradov
-
Dünya21:30
5,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sağlamlıq20:30
Bu qidalar depressiya riskini AZALDIR
-
Magazin220:12
Sevil Vəliyevadan ŞOK QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO
-
Elm və təhsil20:00
Müəllim qəbulda əsəbiləşdiyi üçün ölüb? - AÇIQLAMA
-
Magazin119:48
Özge Arzu Əliyeva ilə bir arada - FOTO/VİDEO
-
Kriminal19:24
Mənsurə Cavid qətlə yetirildi - FOTO
-
İdman17:30
Ulduz futbolçu həyat yoldaşına xəyanət edirmiş: 4 qadınla istirahət edərkən görüntüləndi - FOTOFAKT
-
Ekologiya17:10
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ: noyabrın 13-dək...