Azərbaycanlılar türk dünyasını "FƏTH EDƏCƏK": 40 min manat üçün mübarizə başlayır - VİDEO
Bizi izləyin

Xüsusi

Azərbaycanlılar türk dünyasını "FƏTH EDƏCƏK": 40 min manat üçün mübarizə başlayır - VİDEO

Bu gün “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın “Central Asia Got Talent“ (“Talant Mərkəzi Asiya”) müsabiqəsindəki iştirakı ilə əlaqədar mətbuat konfransı keçirilirdi.

Publika.az-ın əməkdaşları olaraq biz də adıçəkilən məkana yollandıq. Konfransdan öncə Xəzər TV-nin rəhbəri Murad Dadaşov yarışma və onun azərbaycanlı iştirakçıları ilə bağlı məlumat verdi. Xalq artisti Murad Dadaşov söylədi ki, bu müsabiqənin türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, ideyaların həyata keçirilməsinə, mədəni münasibətlərin yeni mərhələyə qədəm qoymasına töhfə verəcək:

“Yarışmanın mükafat fondu 100 milyon tənqədir. Bu da bizim pulla təxminən 40 min manat edir. Kastinqə gələnlərin böyük əksəriyyəti növbəti mərhələyə adlayıb. Hətta mənə dedilər ki, Azərbaycandan olan iştirakçılar bu yarışmaya daha ciddi yanaşıb. İştirakçı sayı da bunu sübut edir. Bütün istedadlı uşaqlara, iştirakçılara uğurlar arzulayıram. Bu ildən etibarən səsvermələr pulsuz olacaq. Hər iştirakçı yalnız 1 dəfə SMS vasitəsi ilə səs verə biləcək. Biz xarici ölkə iştirakçılarına, digər iştirakçı ölkələrin nümayəndələri isə bizim istedadlı müsabiqə iştirakçılarımıza səs verə biləcək”.

Daha sonra mətbuat üçün brifinq baş tutdu. Layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev, məşhur teleaparıcı, eyni zamanda layihənin də aparıcısı olacaq Leyla Quliyeva, münsiflər heyətində Azərbaycanı təmsil edəcək Oksana Rəsulova iştirak edirdilər. Onlar jurnalistlərin suallarını cavablandırdılar. “Talant Mərkəzi Asiya”nın azərbaycanlı münsifi, rəqqasə Oksana Rəsulova bildirdi ki, Qazaxıstana tək gedəcək, ailə üzvlərini aparmayacaq: “Buna səbəb pandemiya şərtləridir. Ona görə də övladımı Türküstan şəhərinə aparmayacam. Həm də səfər qısamüddətlidir. İki-üçgünlük gedirəm. İnanıram ki, Azərbaycanı uğurla təmsil edəcəyik”.

Foyedə isə iştirakçıların son məşqlərinin şahidi olduq. Fürsət bu fürsətdir – deyib, onlara yaxınlaşdıq. Final öncəsi həyəcan keçirib-keçirmədiklərini soruşduq.

Fərid İbrahimov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Özü belə deyir. Qubadlı, Cəbrayıl, Laçın istiqamətlərindəki döyüşlərdə iştirak etdiyini söyləyir:

“Şəhidlərin ruhu bizi bağışlasın, rəqqasam, bizim də peşəmiz budur. Müsabiqəyə qatılmaqda məqsədim ölkəmizi təmsil etməkdir. Bundan əvvəl də kastinqlərdə iştirak etmişəm, naliyyətlərim olub. İnanıram ki, bu dəfə uğur qazana biləcəyəm”.

Yarışmanın azyaşlı iştirakçılarından biri də Nuray Nəzərovadır. Çox həvəslə məşq edir: “Bu gün hind rəqsi edəcəyəm. Həyəcanlı deyiləm. Ümid edirəm ki, qalib olacağam. Bir çox yarışlardan uğurla qayıtmışam”.

Kənan Məmmədli isə yarışmaya gitarı ilə gəlib. Son məşqlərini edir, boğazını arıtlayır. Bu dəfə Elza İbrahimovanın bəstəsi ilə qatılacağını dilə gətirir: “Ötən günlərimi qaytaraydılar – ifasıyla münsiflərdən “hə” almağa çalışacağam. Ümid edirəm ki, qalib gəlib Türküstan şəhərində ölkəmizi təmsil edəcəm. Qalib gəlsəm, əla olar”.

Ellada Salmanovnın isə cəmi 13 yaşı var. Xareoqrafiya Akademiyasının yetirməsidir. Həm rəqs edəcək, həm oxuyacaq: “Bunlarla da kifayətlənməyəcəyəm. Əlavə olaraq gürcü rəqsini də ifa edəcəyəm. Bu vaxta qədər çox yarışlara qatılmışam”.

15 yaşlı Fidan İsmayılovanın böyük yarışlarla bağlı təcrübəsi yoxdur. O, özünü “Got Talent”də ilk dəfə sınayacağını söyləyib.

Eyyub Əliyevin 16 yaşı olsa da artıq tələbədir. O, “Gəl barışaq” parçası ilə münsiflərin diqqətini çəkməyə çalışacaq. Hazırda son hazırlıqlarını edir: “Həyəcan yoxdur. Tam sərbəstəm. Yarışmaya da hazıram”.

Həzrət (24 yaş): “Rubiklərlə müxtəlif nömrələr göstərəcəyəm. İnşallah, qalib olub Qazaxıstanda ölkəmizi layiqincə təmsil edərəm. Türkiyədə “Yetenek sizsiniz” yarışmasında finalçı olmuşam. Eyni zamanda, şəhidlərimizin fotolarını da kubik-rubiklə yığa bilirəm”.

Afaq Şikarova digərlərindən fərqli olaraq bir qədər inamsız görünür. Hind rəqsi edəcəyini söyləyir. Daha əvvəl yarışlara qatılıb, amma yüksək naliyyətli uğur qazana bilməyib. Özü belə söyləyir.

Bütün iştirakçılardan, finalçılardan qalibiyyət qoxusu gəlirdi. Onların hər birinə uğurlar arzuladıq. Ümid edirik ki, 5 dövlətin iştirakı ilə baş tutacaq yarışmada həmvətənlərimiz bizi uğurla təmsil edəcəklər.

Tural Turan,

Foto: Ceyhun Rəhimov,

Video: Röyal Adıgözəlov,

Montaj: Ramazan Vəliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm