Xüsusi
Siz bunun dərinliyinə varmırsınız, amma Nizami... - Norveçli yazıçı
Nizaminin qadın qəhrəmanları hətta bu günümüzdə də çoxlarının cəsarət etmədiyi addımlar atır, nəinki əks cinsə, hətta dünyaya meydan oxuyur.
Bu sözləri Publika.az-a müsahibəsində Norveçin tanınmış tədqiqatçısı, yazıçı Ragnhild Tori bildirib.
Xanım Tori ilə müsahibəni təqdim edirik.
- Əziz Ragnhild, sizi oxucularımıza necə təqdim edək?
- Düşünürəm ki, təqdimatım yazdığım kitab vasitəsilə daha uğurlu və yaddaqalan olacaq. Elə bu il 880 illik yubileyi qeyd edilən, nəinki Azərbaycanın, eləcə də dünya ədəbiyyatının klassiki sayılan Nizami haqda qələmə aldığım kitab həyatımın ən gözəl səhifələridir.
- Düşünürəm ki, bundan gözəl təqdimat ola bilməzdi.
- Bəs bir müddət Azərbaycanda yaşadığımı bilirsiniz?
- Məlumatlıyam. Amma özünüzdən eşitmək istərdim.
- 2005-ci ildə ilk dəfə Azərbaycana səfər etdim. Əslində, 6 aylıq gəlmişdim. Amma 9 il yaşadım.
- Az müddət deyil. Hansı şəhərimizdə məskunlaşmışdınız?
- Gözəl Gəncə şəhərində... Beynəlxalq məktəbin direktoru vəzifəsində çalışırdım. Azərbaycanda əziz dostlarım var. Hələ də ildə iki dəfə görüşlərinə gedirəm.
- "Nizami İli"ndə belə gözəl məlumat əldə etmək çox xoşdur.
- Elə Gəncəyə gəldiyim ilk günlər ərzində Nizami haqda eşitdim. Mənim üçün çox rəngarəng mövzu idi, odur ki, araşdırmağa qərar verdim. Bir də oyandım ki, artıq 9 ildir Nizaminin irsini araşdırmaqla məşğulam. Klassikinizdən bəhs edən çox dəyərli kitab yazdım. Məni xoşbəxt edən əsas məqamlardan biri də Azərbaycan Təhsil nazirinin təqdim etdiyi mükafat oldu. Nizami elə böyük poeziya nümayəndəsidir ki, tək Şərqdə deyil, Qərbdə də tanınıb, sevilir. Zənnimcə, o, mədəniyyətlər arasında körpü qurmağı bacaran nadir klassiklər sırasına daxildir. Həyatımın 3 ilini Nizaminin vətəni Gəncədə yaşamışam. Elə dahi şairin yaradıcılığı ilə də orada tanış olmuşam. Nizami yaradıcılığını Azərbaycan, rus və ingilis dillərində gözəl dizaynda nəşr etdirib müəllim kimi çalışdığım məktəbə səfirimiz gəlmişdi. Kitabla tanış olandan sonra dedi ki, mən də bu nəşrdən istəyirəm. Qonaqlarım üçün ideal hədiyyə ola bilər. Bu kitabdan istəyirəm deyib məni ruhlandırdı. Beləcə Nizami yaradıcılığına yeni nəfəs gəldi.
- Nizami yaradıcılığından bəhs edən elmi məqalələriniz çoxdur. Amma mən sizdən xahiş edəcəm ki, ən doğma, səmimi duyğularınızı bölüşəsiniz...
- Təsəvvür edin ki, 9 əsr öncə Yer üzündə müharibələrin tüğyan etdiyi dövrdə bu dünyada Nizami adlı dahi yaşayıb. Nə Norveçdə, nə İtaliyada, nə də başqa bir Avropa ölkəsində... Gəncə adlı şəhərin sakini olub. Gəncənin hüdudlarından bir addım kənara çıxmayıb, amma dünyaya sülh mesajları yollayıb. Yaxşı xatırlayıram, norveçli dostuma Nizami haqda məlumat verirdim. "Maraqlıdır, sanki əsərlərini Şekspirdən ruhlanaraq yaradıb" dedi. Nizaminin doğum tarixini ona göstərəndə çox heyrətləndi. Bəlkə də bu böyük şəxsiyyət sizin vətəninizdən olduğu üçün dərinliyinə varmırsınız. Amma yüzlərlə dünya klassiki öz ədəbi şedevrlərini Nizaminin zəngin irsinə borcludur.
- Hələ də qadınlara azadlıq istəyirik. Düşünürəm ki, əsrlər öncə Nizami bu vəzifənin öhdəsindən layiqincə gəlib.
- Nizaminin qadın qəhrəmanları hətta bu günümüzdə də çoxlarının cəsarət etmədiyi addımlar atır, nəinki əks cinsə, hətta dünyaya meydan oxuyur. Əslində, indiki dövrdə dünyamız Nizami humanizmi, azadlığı, ədaləti ilə idarə olunmalıdır. Dünya malından doymayan hökmdarların önünə qızıldan ziyafət süfrələri açılmalıdır. Görsünlər ki, bizimlə eyni planetdə aclıqdan, susuzluqdan ölən, güllələrə qurban gedən körpələr var.
- Nizami həm də saf sevgi, sarsılmaz duyğular deməkdir...
- Məncə, insanın bu dünyada ali missiyası sevməkdir. Yəni biz hamımız bu dünyaya sevmək üçün gəlirik. Bəzilərimiz, hətta deyərdim ki, çoxumuz bu gözəl duyğunu dadmadan gül kimi soluruq. Bu baxımdan “Leyli və Məcnun” ideal məhəbbət nümunəsidir. Bu əsərdə o qədər mükəmməl obraz var ki, hər birini araşdırmağa Nizaminin ömrü qədər zaman sərf etmək olar. Qeysin Leyliyə olan sevgisi elə təmiz və təbiidir ki, cəmiyyət bu duyğudan utanıb, ona dəli deməyə başlayır. Özündən uzaqlaşdırır. Məcnun meşədə yazdığı əlyazmalarını külə sovurub şəhərə səpələyir. Elə həmin qəlbi kor insanlar bu kağızları acgözlüklə açıb oxuyurlar. Məcnunun sevgisi pakdır. Elə meşədəki heyvanların qəlbi qədər safdır. Leyliyə toxunmadan da onu özündən çox sevməyi, özündən keçməyi bacarır. Məcnunun atasının, dostunun obrazları da olduqca müdrikdir. Mən Avropada keçdiyim mühazirələrdə əsl dostluq məfhumunu da bu əsərdən nümunə gətirirəm. İnanın, Nizami dünyası tək bir ilə, bir əsrə sığmır. Onu araşdırmaq, tədqiq etmək işıqlı gələcəyimiz üçün vacibdir.
Leyla Sarabi
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
ABŞ03:43
Tramp gitara satışına başladı
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO
-
Sosial00:30
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR