Xüsusi
"O, Bakının ruhunu çox gözəl anlayıb" - Tanınmış ifaçı ilə ÖZƏL SÖHBƏT
O, musiqisi ilə daşa can verir. Əsas peşəsi hüquqşünas olsa da, musiqinin notlarında yaşamağı üstün tutur. Braziliyanın tanınmış caz ifaçısı, heykəltaraş və aktyor Edqar Duvivyer...
Publika.az-ın həmsöhbəti bu günlərdə ölkəmizdə konsert proqramı ilə çıxış edən Edqar Duvivyerdir.
- Edqar, sonsuz sənət enerjinizin qaynağını axtarıram...
(gülür)
- Hər iki valideynim heykəltaraş idi. Çox işıqlı emalatxanaları vardı. Ora mənim evim idi. Körpəliyim də, uşaqlığım da orada keçib. Təbii ki, bu həvəs məndən də yan ötmədi. Primitiv heykəllər hazırlamağa başladım. Anam həmçinin peşəkar piano ifaçısı idi. Atam üçün ifa edərdi. Atam isə Baxın əsərlərini müasir janrda aranjiman etməyi sevirdi. Saksafonda, klarnetdə ifa edirdi. Mən yeniyetmə ikən ailəvi musiqi qrupumuzu yaratmağa qərar verdik. Beləcə, məşhurlaşmağa başladıq. Braziliyanın nüfuzlu televiziya kanallarından dəvətlər gəlməyə başladı. Amma bildiyiniz kimi, sənət insanlarının hər zaman maddi çətinliyi olur. Xüsusən də Braziliya kimi ölkədə incəsənətlə məşğul olmaq kasıblığa məhkumluq deməkdir. Atam onun taleyini yaşamağımı istəmirdi. Odur ki, sənətə meylimi görüb, məni başqa sahəyə yönəltməyə qərar verdi.
- Hansı sahəni seçdilər?
- Hüquqşünas olmağıma qərar verdilər. Bəli, təhsilimi tamamlayıb peşəm üzrə çalışdım. Amma cəmi 1 il... Sonra musiqi yenə məni ardınca səsləməyə başladı. Amerikaya üz tutub Bruklin Universitetinə daxil oldum. Bostonda bir müddət caz ifaçısı kimi fəaliyyət göstərdim. Amma Braziliyaya dönmək istəyirdim. Geri qayıtdım, teatr tamaşaları, filmlər üçün musiqilər bəstələməyə başladım. Çünki bu, mənim olmaq istədiyim yer idi. Qlobal televiziya layihələrinin bir hissəsinə çevrildim. Elə həmin dönəmdə atam xəstələndi. Onun əsərlərini tamamlamağa kömək etməyə başladım. 2001-ci ildə atam dünyasını dəyişdi. Üzərimdə böyük məsuliyyət, atama qarşı borc hiss edirdim. Onun yarımçıq əsərlərinin üzərində həm sevgi, həm də zövqlə çalışırdım. Bir gün heykəltaraş olduğumun fərqinə vardım. Sifarişlərimin sayı günbəgün artmağa başladı. Fransadan, Afrika ölkələrindən mənə müraciət edirdilər ki, sərgilər keçirim. Amma bu yöndə yaradıcılığım musiqimə heç vaxt mane olmadı, nə də önünə keçə bildi.
- Bəlkə də musiqisiz daşlara da can verə bilməzdiniz.
- Caz musiqinin ən dərin nöqtəsidir. Sən o dərinliyə baş vurursansa, gördüyün işinə də, şəhərinə də, insanlara da, dünyaya da daha dərin eşqlə vurulursan.
- Ölkəmizə necə aşiq oldunuz?
- Muğam Mərkəzinin aurasını çox bəyəndim. Musiqinin səslənməsi, insanların ötürdüyü o möhtəşəm enerji məni yenilədi. Bir də Heydər Əliyev Mərkəzinin dizaynını çox bəyəndim. Zaha Hadid Bakının ruhunu çox gözəl anlayıb. Musiqi ilə Bakı küləyinin vəhdətindən gözəl məkan yaradıb. Bilirsiniz, incəsənətin hansı tərəfini sevirəm? Bir dildə danışmayan, dünyanın müxtəlif nöqtələrində yaşayan insanları birləşdirir. Necə ki, məşhur tarzən Sahib Paşazadə ilə mənim duetimin vəhdəti kimi. Ümumiyyətlə, siz çox istedadlı xalqsınız. Cazı amerikalı kimi, klassikanı avropalı kimi, etno musiqinizi özünüz kimi mükəmməl ifa edə bilərsiniz. Kifayət qədər mühafizəkar və dünyaya açıqsınız. Ləzzətli yeməyiniz, xalçalarınız kimi rənglisiniz.
- Uşaqlığımızın sabun köpüyü ölkəsi Braziliya haqda danışın mənə...
- Böyük ölkədir. İqlimi çox mülayimdir. Bəzən bir az soyuq olur. Amma meşələrimiz, çaylarımız, təbiətimiz əsrarəngizdir, günəşlidir. Braziliyanın özünəxas xarakteri var. Sakit, zərərsiz, eyni zamanda maraqlı insana bənzəyir. Atlantik okeanı təbiətimizi bir az çılğınlaşdırır, amma bu da ölkəmizə çox yaraşır. Amma təəssüf ki, kasıbçılıq da baş alıb gedir. Xüsusən də Afrikadan gələn mühacirlərin güzəranı ağırdır. İnkişaf etmiş ölkələr Braziliya ilə demək olar ki, həmsərhəddir. Amerika mədəniyyətinə qaynayıb qarışmışıq. Ölkəmizdə kifayət qədər təhsilli insan var. Bəli, Braziliya müxtəlif millətli böyük ölkədir. Ümid edirəm ki, tezliklə hamının güzəranı eyni səviyyədə zəngin olmasa da, nisbətən stabilləşəcək.
Leyla Sarabi
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI