İlham Əliyevin evinə getdiyi Oktay Həziyev maraqlı faktları açdı: Prezident dedi ki...
Bizi izləyin

Xüsusi

İlham Əliyevin evinə getdiyi Oktay Həziyev maraqlı faktları açdı: Prezident dedi ki...

Sabah Prezident İlham Əliyevin yubileyidir – 60 yaşı tamam olur. Ölkə başçısı ilə bağlı xatirələri olanlar çoxdur: siyasətçilər, sənət adamları, fərqli-fərqli sahələrin insanları...

Prezidentlə sadə insanların da xatirələri çoxdur. Hətta dövlət başçısı ilə dəfələrlə görüşən sıravi, zəhmətkeş insanlar da var.

Cocuq Mərcanlı sakini, Birinci dərəcəli “Əmək” ordenli Oktay Həziyev ölkə rəhbəri ilə 3 dəfə görüşüb. Prezidentin yubileyi ərəfəsində Oktay bəyin ölkə başçısı ilə olan xatirələrini bölüşməsini xahiş etdik.

Cocuq Mərcanlı kənd icmasının rəhbəri, hazırda işi ilə əlaqədar Şuşada yaşayan Oktay Həziyev Publika.az-a müsahibəsində söylədi ki, ölkə başçısı Cəbrayılın təməli atılarkən ona ən xoş sözləri deyib.

- Oktay müəllim, sabah ölkə başçısı İlham Əliyevin 60 illik yubileyidir. Prezident ilk dəfə məhz sizi Birinci dərəcəli “Əmək” ordeni ilə təltif edib. O, sizin evinizdə qonaq olub. Ölkə başçısı ilə xatirələrinizi bölüşməyinizi istərdik...

- İlk olaraq, ölkə başçısını doğum günü – 60 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Allah onu xalqımıza, millətimizə çox görməsin. Cənab Prezident mənim üçün ən ali insandır. Modern Azərbaycan dövlətinin qurucusudur. O, təkcə mənim üçün yox, elə hamı üçün əziz insandır. Cənab Prezidentlə ilk dəfə 2017-ci ildə şəxsən tanış olduq, görüşdük. Ölkə başçısı ilk dəfə 14 iyunda Cocuq Mərcanlı kəndinə gəlib. Bizim ailənin qonağı olub. Bu, Aprel döyüşlərindən sonra baş vermişdi. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının ilk “Əmək qəhrəmanı” adını, ordenini mənə verib. Həmin ordeni şəxsən mənə öz evimdə təqdim etdi. Bundan sonra 2018-ci ildəki altıncı qurultayda Prezidentin namizədliyinin irəli sürülməsi mənə nəsib olub. Cənab Prezidentlə ikinci görüşümüz də məhz Bakı şəhərində, həmin qurultayda baş tutub. Üçüncü görüşümüz isə bizim üçün ən dəyərli bir gündə gerçəkləşib.

- Yəqin ki, Vətən müharibəsindəki qələbədən sonra...

- Bəli, 44 günlük Vətən müharibəsindəki şanlı qələbədən sonra, bu ilin 4 oktyabrında dövlət başçısı Cəbrayıl rayonuna səfərə gəldi. Orada Cəbrayıl rayonunun təməlini şəxsən qoydu. Mənim də həmin vaxt cənab Prezidentin qarşısında çıxışım oldu. Onun ən yüksək layiq olduğu dəyərləri ölkə başçımızın diqqətinə çatdırmışam.

- Prezident evinizdə olarkən daha çox nələrdən danışdınız?

- Cənab Prezident üçün o vaxt ən önəmli məsələ, onun ən böyük arzusu Qarabağ torpaqlarının işğaldan azad olunması idi. Çox səmimi bir söhbət oldu. Söylədi ki, Cocuq Mərcanlıda quruculuq işləri hələ ki, başlanğıcdır. Bildirdi ki, torpaqlarımız son qarışına kimi azad ediləcək. Bu gün hər kəs görür və bilir ki, torpaqlarımız o kişinin, onun dəmir yumruğunun, Azərbaycanın şanlı və qəhrəman əsgərlərinin sayəsində işğaldan azad olunub. Prezidentimiz çox gözəl, alicənab keyfiyyətlərə malikdir. Mən özüm də 44 günlük müharibədə iştirak etmişəm. Hazırda Şuşa şəhərində işğaldan azad olunmuş ərazilərin qəza-bərpa xidmətinin rəhbəriyəm.

- Oktay müəllim, Şuşada işlər nə yerdədir?

- Hər şey ən yüksək səviyyədədir. Mən Azərbaycan Ordusu ilə Şuşa şəhərinə girən ilk adamam. Biz oraya gələndə gördük ki, mənfur düşmənlərimiz bütün su xətlərini dağıdıb. Həmin qəza-bərpa qrupuna mən rəhbərlik etmişəm. Artıq ikinci ildir ki, mən Şuşa şəhərində yaşayıram. Orada xidmət göstərirəm. O cümlədən, işğaldan azad olunmuş Qarabağ torpaqlarının bütün ərazisində xidmət aparırıq.

- Şuşada nə kimi yeniliklər var?

- Şuşada əsas yenilik odur ki, şəhərin özündə hazırlıqlar, yenidənqurma işləri ən yüksək səviyyədə görülür. Bu ilin martında cənab Prezident tərəfindən bütün görüləcək işlərin təməlləri atılıb, tapşırıqlar verilib. “Azərsu”nun qarşısında duran əsas məsələlərdən biri də Şuşa şəhərində su məsələsinin dayanıqlı olmasıdır. Bu məqsədlə yeni su xətləri çəkmişik. Artıq tamamlama işləri gedir. “Azərişıq” və “Azəristiliktəchizat” şəhərdaxili xidmətlərini aparıb. Gələn ilin martında Şuşa şəhərinin bərpası işlərinə yenidən start veriləcək. Çünki qış mövsümü soyuq keçir. Buna görə də sürətlə getmir. Martdan isə işlər yenidən sürətlənəcək. Hazırda da işlər gedir. İndi bir sıra şirkətlər Şuşadakı tarixi binaların bərpası ilə məşğuldur.

- Bəs keçmiş məcburi köçkünlər Şuşaya nə zaman qayıdacaq?

- İnşallah, binalar tamamlanan kimi... Şuşa şəhərində 26 yaşayış evinin artıq təməlləri qoyulub. Binalar yaşamaq üçün hazır olandan sonra şuşalıları buraya köçürəcəklər.

- Qayıdaq Cəbrayılın təməlqoyma mərasiminə. Orada Prezident sizin haqqınızda da xoş fikirlər səsləndirib. Başqa nə dedi sizə?

- Dedi ki, Oktay Həziyev o insanlardandır ki, heç nəyə baxmadan, heç nədən qorxmadan, təkbaşına, öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb. Cənab Prezident söylədi ki, mən bundan sonrakı dövrlərdə xəbər tutdum, o vaxt Cocuq Mərcanlının ətrafı minalardan təmizlənəndən sonra Əli müəllim mənə bildirdi ki, orada bir ailə var, yaşayır, heç yerə getməyib. Prezident mənim həmin dövrdə Cocuq Mərcanlıda böyük təsərrüfatla məşğul olduğumu da insanların diqqətinə çatdırdı. Ordumuza köməklik etdiyimi, ərzaq göndərdiyimi də dedi. Öz əlimizin zəhmətini ordumuzla bölüşdüyümü də qeyd elədi, çox sağ olsun. Bütün bunlar mənim haqqımda cənab Prezident tərəfindən deyilmiş ən yüksək sözlərdir. O vaxt “Əmək” ordeni təzəcə təsis olunmuşdu. Prezident orada da söylədi, namizədlər olsa da, birinci ordeni mənə verdi. 4 oktyabrda Cəbrayıla gələrkən söylədi ki, Azərbaycan Oktay kimi insanların üzərində dayanır və mənə təşəkkür etdi. Bütün bunlar mənim üçün çox böyük dəyərdir və hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bütün bunlar möhtərəm Prezidentimizin mənə, ailəmə olan diqqətidir. Çox sadə, səmimi, alicənab bir insandır. Evimdə ordeni mənə təqdim edərkən ölkəmizin başçısı məni qucaqladı, öpdü. Allah onun canını sağ eləsin. Mən o kişini çox istəyirəm. Çox qeyrətli, dəyanətli bir kişidir. Bir daha cənab Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edirəm. Allah ona uzun ömür bəxş eləsin.

- Ölkə başçısının Cocuq Mərcanlıya ilk səfərini necə xatırlayırsınız?

- Aprel döyüşlərindən sonra müdafiə naziri ölkə başçısına nə qədər ərazilərin azad olunduğunu çatdırmışdı. Prezident də işğaldan azad olunan Lələtəpəyə gəlmişdi. Ora da bizim kəndimizin ərazisidir. Soruşmuşdu ki, o görünən kənd hansıdır, bildirilmişdi ki, Cocuq Mərcanlıdır. Prezident soruşub ki, orada nə etmək olar, camaatı köçürmək olarmı?! Deyiblər ki, orada bir nəfər yaşayır. Ölkə başçısı da bildirib ki, həmin şəxs orada yaşayırsa, deməli, hamı yaşaya bilər. Daha sonra qaçqın və məcburi köçkünlərin rəhbəri Əli Həsənovu bizim kəndə göndərmişdi. O da gəlib ailəmizlə tanış oldu. Əvvəllər də onu yaxşı tanıyırdıq, bizim qonşu kənddən idi. Gəlib fikirlərimizi öyrəndi. Sonra da yaşadığımız dövrdə Cocuq Mərcanlıda nələr etdiyimizi cənab Prezidentin diqqətinə çatdırmışdı. Bundan sonra Cocuq Mərcanlının bərpası başlandı. Birinci mərhələdə 50, daha sonra 100 ev təhvil verildi. Prezident 14 iyunda da Cocuq Mərcanlıya gələrək bizim ailənin qonağı oldu. Çay içdi, söhbət elədi.

- Bəs sizə nə hədiyyə etdi?

- Onun gəlişi bizim üçün ən böyük hədiyyə idi. Cocuq Mərcanlıda bir ev hədiyyə etdi. Bundan başqa, uzun illər kənddə öz tikdiyim yaşayış yeri mənim adıma deyildi, müvəqqəti yaşayış üçün bir ev tikmişdim. Ölkə başçısı həmin yerin də sənədləşdirilməsi üçün tapşırıq vermişdi. Onu da mənim özümə hədiyyə elədi. İndi də kəndimizin icma rəhbəriyəm. Hazırda Şuşadayam və xidmətimi davam etdirirəm.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm