Xüsusi
"İTV Xəbər"in məşhur aparıcısı efirdə yaşadığı dəhşəti danışdı: "Nə baş verdiyini salamlaşdığım an dedilər"
"İTV Xəbər"in tanınmış aparıcısı Nərmin Salmanova qeyd edib ki, hər zaman ürəyinin səsini dinləyir və bu qərarından peşman deyil. Onun ən böyük mübarizəsi isə özü ilədir və hər keçən gün özünün daha yaxşı versiyası olmağa çalışır.
Publika.az aparıcı ilə müsahibəni təqdim edir.
- Nə zaman anladınız ki, aldığınız təhsili bir kənara qoyub olmalı olduğunuz yerin axtarışlarına çıxmalısınız?
- Deməzdim ki, təhsilimlə işim fərqli istiqamətlərdir. Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə magistr dərəcəm mənə aparıcısı olduğum "İTV Xəbər"in əsas buraxılış aparıcısı kimi siyasi və iqtisadi mövzulara rahatlıqla varmağa kömək edir. 2 il müddətində həmçinin siyasi analitik veriliş olan “Diqqət Mərkəzi”nin aparıcısı idim, burada da məhz təhsilim və maraq dairəm mənə mövzuların içində olmağımı təmin edirdi. İşimdə uğurlu olmağımı məhz təhsilimlə işim arasındakı əlaqəyə bağlayıram.
Bank sahəsində 3,5 illik təcrübəm var və sahəmi dəyişmək o zamankı şərtlər altında baş vermişdi. Magistr təhsilimi keyfiyyətli şəkildə almaq üçün daha sürüşkən qrafikə ehtiyacım var idi. "CBC Sport" telekanalında aparıcı seçimlərinin başladığı xəbərini gördüm. İdmana, xüsusilə də futbola hələ uşaq vaxtlarımdan böyük marağım var idi və olduqca məlumatlı idim. O həddə futbol fanatı idim ki, yeniyetmə vaxtlarımda dəftərlərim var idi, müxtəlif statistikalarla, beynəlxalq yarışlarda oyunların hesabları ilə və s. Həm də hobbim olduğuna görə idman kanalında kastinqdə iştirak etmək, bu sahədə olmaq qərarına gəldim. O zaman bu qərara görə çox tərəddüd edirdim, hətta universitetdə müəllimlərimlə də müzakirələr aparırdım. Bir müəllim “ürəyinə qulaq as, doğru qərarı o deyəcək” dedi. Əslində, mənim üçün olduqca romantik cavab idi, lakin məhz belə də etdim. Ürəyimə qulaq asdım və indiyə qədər bu qərarımdan peşman deyiləm.
- Hazırda aid olduğunuz yerdəsiniz?
- İnsan arzuları tükənməzdir. Amma həmişə bu arzuların fonunda öz potensialını düzgün qiymətləndirməlisən. Ona görə də insan özünü mümkün sahələrdə sınamalıdır.
- Həyatla ən böyük mübarizələriniz nə olub və hansısa tabuları qırmısınızmı?
- Gəlin, məsələyə belə yanaşaq. 30 il əvvəl iki xanımın restoranda əyləşib yemək yeməsi qəbul olunmurdusa, maşın sürməsinə qəribə baxılırdısa, bu gün vəziyyət fərqlidir. Cəmiyyət daim dəyişir, bəzi yerlərdə bu, daha sürətlə baş verir, ayrı yerlərdə yavaş. Buna dünyadakı proseslər təsir göstərir və dəyişiklik qaçılmazdır.
Mənim isə ən böyük mübarizəm özümlədir. Özümün daha yaxşı versiyası olmaq üçün çalışıram.
- Xanım aparıcılar efirdən hər hansı xəbəri oxuyarkən bəzən təsirlənirlər və göz yaşlarını saxlaya bilmirlər. Kişilərdə isə bu, nəzərə çarpmır. Sizi efirdə həyəcanlandıran hadisəni bizimlə bölüşə bilərsiniz?
- Adətən efirə çıxarkən artıq baş vermiş hadisədən məlumatlı oluruq və bütün emosiyaları efirdən əvvəl yaşamış oluruq. Şəhid xəbərləri, bədbəxt hadisələrlə bağlı xəbərləri çatdırmaq olduqca ağrılıdır. Lakin efirdə olarkən yaşadığım ən dəhşətli hadisəni sizə danışacağam.
Bərdəni raketlə vurublar! Canlı bağlantıdasan! Təcili olaraq xəbərlərin xüsusi buraxılışı üçün studiyaya gəlmişəm, nə baş verdiyini bilmirəm. "İTV Xəbər"in "şapkası" bitib, kadrdayam, danışmalıyam və həmin anda qulağıma deyilən bu sözlərlə efirə başlamalıyam. Yəni nə baş verdiyini salamlaşdığım anda mənə dedilər. Giriş verib sözü ötürürəm hadisə yerində olan müxbirə və o, ətraflı məlumat verməyə başlayır, azı 5 nəfərin ermənilərin raket atəşi nəticəsində dünyasını dəyişdiyini deyir. Ərazidəki qan gölməçələri binaya daxil olduqca daha qorxulu mənzərələrlə dəyişirdi. Yanğınsöndürənlərin və təcili tibbi yardım maşınlarının sirenləri, gərginlik və dəhşət doğuran kadrlar məni də öz ağırlığı ilə əzdi. İnsanların hansı anları yaşadığı, doğmalarını, əzizlərini itirdiyi, necə qorxu keçirdiyi fikri bir neçə saniyədə bütün bədənimi iflic etdi. Əsirdim, ağlayırdım. Hər zaman özümü cilovlamağı bacarmağımla fəxr edən mən kadr arxasında olan kimi özümü emosiyalarıma həvalə etməyə cürət tapdım. Bu anda telekanalın baş redaktoru studiyaya daxil olub, məni güclü olmağa çağırır, sakitləşdirirdi, efir üçün bunu etməyə məcbur idim. Kadr mənə keçəndə bunu təbii ki, bildirmədim. Haqqım da yox idi. Başına raket yağanların yaşadıqları yanında bu nə idi ki?!
Aydın məsələ idi ki, düşmən özü qorxurdu, döyüş meydanında bacarmırdı deyə hirsini dinc əhalidən çıxırdı. Xalqımızın mübarizliyini, ordumuzun qələbə ruhunu sarsıtmaq istəmişdi. Bacarmadı...
- Xəbər verilişlərinin standart və dəyişməz qayda-qanunları var. Bu sərtlik, ciddilik və rəsmiyyət sizi sıxmır ki?
- Xeyr, sıxmır. Çünki nə qədər şux, şən və zarafatcıl olsam da, işimə gələndə istər kadrarxası olsun, istərsə də efirdə olduqca ciddi, dəqiq və tələbkar oluram. Yəni efirdəki mən, elə həyatda iş saatında olan mənəm, sadəcə əynimdəki pencək kimi üzərimə geyindiyim obraz deyil.
- 2021-ci il sizin üçün necə keçdi? Şaxta baba gerçək olsaydı, ondan arzunuz nə olardı?
- Uzun müddət sağlamlığımdakı problemlə mübarizə aparırdım. Antibiotiklərin təsiri olaraq həkimlərin səhv müalicəsinin fəsadı. Ölkə xaricində belə müalicə edə bilmirdilər, çünki funksional pozuntu sayılırdı və psixoloji amillərlə əlaqələndirilirdi. Xarici mənbələrdən oxuduğum məlumatlar sayəsində özüm-özümü müalicə edə bildim və indi istədiyim hər şeyi yeyə bilirəm deyə xoşbəxtəm. Baxmayaraq ki, birdən-birə 8 kilo kökəlmişdim. Amma mənə olar, illərlə istədiyimi yemirdim, pəhrizdə idim. Artıq özünü toparlamaq zamanıdır.
- Uğur insana verilən ilahi bir nemətdir, ya onu özümüz qazanmalıyıq?
- Həyatda tanıdığım ensiklopedik savadlı, mədəni, qısası, böyük uğurlar qazanacaq potensialda olan insanlar var. Lakin uğur tamam ayrı şeydir. Bunların heç birinə sahib olmayan, lakin uğurun daima üzərində olduğu adamlar görmüşük. Uğur və bəxti sən yaratmırsan. O, ya alnına yazılıb, ya da yox. İnsan isə mübarizə aparmaqla, sağlam ambisiyaları ilə uğuru yaxınlaşdıra bilər.
- "İctimai TV"də işlədiyiniz Xəbərlər departamentində qarşınıza qoyulan tələblər və qadağalar nələrdir?
- Qadağalarla üzləşməmişəm. Addımlarını necə atacağını bilən adama qadağalar qoymağa ehtiyac olmur.
- Sizin senzuranız nədir?
- Senzura mühitə, məkana və əhatədəki insanların şüuruna görə dəyişir.
- Məşhurluğunuz, yoxsa gözəlliyiniz daha çox köməyinizə çatır?
- Özümü gözəl və məşhur hesab etmirəm. Köməyimə çatan savadımdır. Hər ötən gün daha məlumatlı, bilikli olmağa çalışıram. Təkcə televiziyada deyil, bütün sahələrdə məhz savadlı insanlara ehtiyac var.
- Sevgi və evlilik sizin üçün nə ifadə edir?
- Sevgi və evlilik harmoniyadır, həyata birgə davam etməkdir, dostluqdur, hər şeyi paylaşmaqdır, məsuliyyəti birgə daşımaqdır. İstirahəti birgə keçirməyi arzulamaqdır. Nələrdəsə fərqli olmaqdır, həm də bu fərqliliklərinizi qəbul etməkdir.
- Nərmin Salmanovanın görünməyən tərəfləri nədir?
- Görünməyən tərəfim yoxdur. Efirdən işimin tələbinə görə şəxsi keyfiyyətlər aydın sezilmirsə, sosial şəbəkələr belə bir imkanı yaradır. Fikirlərimi, mövqeyimi, bəzən narahatlıqlarımı büruzə verirəm. Lakin son dövrlər özümə daha çox vaxt ayırmağa çalışdığım üçün sosial şəbəkələrdən də uzaqlaşmışam. Mütəmadi baş verən ruh halıdır. Mən buna "rəqəmsal detoks" deyirəm.
- İnsanları hansı xüsusiyyətlərinə görə dəyərləndirir, seçir və onlarla dost olursunuz?
- Səmimiliyə görə. Mənim üçün əsas olan budur. Səslənməsi adi görünən bu sözün olduqca ağır çəkisi var. Çox az adam özünə tamamilə səmimi deyə bilər. Hansısa məqsəd ummadan mənəvi olaraq insanla yaxınlıq hiss etmək, düşüncələrini səmimi formada, don geydirmədən ifadə etməyi bacarmaq. Bundan başqa, dostuna hər an kömək etməyə hazır olmaq, dəstəkləməyə can atmaq. Əsl dostluq da elə budur. İnsanlar çox vaxt dostluğu ən yaxşı halda əylənmək, deyib-gülmək kimi başa düşürlər. Çox vaxt isə dostluqda bir tərəf digərindən və ya ikisi də bir-birindən daima hansısa mənfəət əldə etmək istəyir: nüfuzundan istifadə edib yanında görünməyə can atır, özü üçün nələrsə umur. Belə dırnaqarası dostluqlar tərəflərdən biri istəyinə çatanda və ya çatmayacağını anlayanda bitir.
- Sizcə, bu gün biz nəyin qiymətini bilmirik?
- Əlimizdə olanların. Bir şeyi itirəndə onun dəyəri gözümüzdə qalxır. Sahib olduqlarımız bizə adi görünür. Ona görə də kainatda yüksək mənəvi dəyərlərə malik, texnoloji baxımdan inkişaf etmiş, daha üst sivilizasiyaların, mükəmməl varlıqların mövcudluğuna inanıram. Mən axı perfeksionistəm.
Aytən Məftun
Foto: Ceyhun Rəhimov
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO