Baba Vəziroğlunun qızı: Məni erməni ilə eyni otağa saldılar və... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Baba Vəziroğlunun qızı: Məni erməni ilə eyni otağa saldılar və... - MÜSAHİBƏ

O, dünyanı gəzə-gəzə ölkəmizi tanıdıb. Perudan, Myanmara, Yaponiyaya qədər dünyanın 55 ölkəsində olub. Haqq səsimizi dünyada tanıdıb. 11 ildir Azərbaycanda yaşamır.

Həmsöhbətimiz dünyanın modern səyyahlarından və xaricdəki ən fəal diaspor nümayəndələrimizdən olan Minay Məsimovadır. O, xaricdə olarkən başına gələn əhvalatlardan, ermənilərlə münasibətindən, 43 yaşa qədər evlənməməsinin səbəblərindən, Şuşa təəssüratlarından danışıb.

Publika.az şair Baba Vəzioğlunun qızı Minay Məsimova ilə müsahibəni təqdim edir:

- Minay xanım, Baba Vəziroğlu kimi mühafizəkar bir atanın ailəsində böyümüsünüz, onun tərbiyəsini almısınız. Buna baxmayaraq, dünyanı gəzməyə icazə ala bilmisiniz. Bəs o stereotipləri necə qırdınız? Evdən kənara çıxmağa, hətta dünyanı gəzməyə Baba müəllimi necə razı sala bildiniz?

- Bilirsiniz, Baba müəllim tək deyil ki... Ailədə həm də ana var. Doğrudan da siz Baba Vəziroğlunu çox düzgün təsvir elədiniz (gülür). Baba müəllim od olanda, anam su olub. Anamın xasiyyəti daha yumşaq, loyaldır. Anam universiteti bitirdikdən sonra işləməyə başlamışdı. O da ölkə xaricində səfərlərdə olmuşdu. O baxımdan ana hisslərini daha açıq şəkildə ifadə edən, ata isə daha çox qapalı idi. Ata bütün gün televiziyada, verilişlərdə, tədbirlərdə olurdu. Baba müəllimi bir yerə çağırmasalar, o heç evdən bayıra çıxmaz. Öz kitabları, yazı-pozu işləri ilə məşğul olar... Anam isə bir qədər başqadır: hələ uşaq olarkən anam bizi muzeylərə, teatrlara aparardı. Biz bacım Günay xanımla bir evdə böyümüşük. Yalnız atamızın təsiri altında qalmadıq, anamızın da xarakterindən nələrisə əxz elədik. Təbii ki, bir insan kimi formalaşmağımızda atamızın da tərbiyəsinin çox böyük qatqıları olub. Eyni zamanda, hər ikisinin – həm atamın, həm də anamın böyük rolu olub – desəm, yanılmaram. Hətta uşaqlıqda atam məni oğlan uşağı kimi böyütmüşdü. Çünki evdə iki qız idik. Mənə evdə oğlan uşağı rolu düşmüşdü. Həm də balaca idim deyə, daha ərköyün idim. Ona görə də atam məni çox rahat şəkildə axşam saat doqquzda və ya onda dükana göndərə bilərdi. Bunu misal üçün çəkirəm. İndi sevinirəm, yaxşı ki məni elə böyüdüb – deyə düşünürəm. Bu, gələcəkdə mənə dünyanı gəzərkən, səyahət edərkən çox böyük kömək oldu. Özümə inamın, özgürlüyümün təməlləri atamın sayəsində hələ uşaqlıq olarkən atılıb. Məhz onun məni mağazaya, dükana göndərdiyi dönəmlərdə...

src="/storage/files/upload/6b4b72794300fa2aa2f821fa238d92a4c564d9d8.jpg" style="width: 796px; height: 530.667px;" class="fr-fic fr-dib">

- Bacınız Günay xanım deyirdi ki, atanız hələ uşaq olanda rus dilində araşdırma xarakterli mətnləri gətirirdi və tələbkarlıqla onları oxuyub Baba müəllimə danışmağınızı istəyirmiş. İndi 5 dil bilirsiniz. Poliqlot olmağınız atanızın tələbkarlığıdır, yoxsa özünüzə qarşı da bu tələbkarlığınız var?

- Mənə elə gəlir ki, Azərbaycanda biz xoşbəxt insanlarıq, iki dildə böyüyürük. Söhbət Azərbaycan və rus dillərindən gedir. Bu iki dil çox fərqlidir. Beyin bu dillərin quruluşuna uşaqlıqdan öyrəşdiyi üçün sonradan başqa dilləri mənimsəmək daha da asanlaşır. Biz həmişə şəhərin mərkəzində yaşamışıq. Baxın, sovetlər dönəmində mərkəzdə kimlər yaşayırdı, ermənilər. Həmişə ən yaxşı evdə onlar məskunlaşıblar. Belə baxanda bizim qonşuluğumuzda da nə qədər erməni, rus, yəhudi var idi. Onlarla ünsiyyətdə olmaq üçün rus dilini bilmək lazım idi, rus dili evdə bədii, küçədə isə daha çox jarqon dili idi. Mən oğlan uşağı kimi böyüdüyüm üçün həyətdə daha çox vaxt keçirirdim. Başqa dillərdə ünsiyyət, başqa millətlərin nümayəndələri ilə dil tapa bilmək həm də uşaqlığımdan gəlir. Bütün bunların 5 dil öyrənməyimdə rolu böyük oldu.

src="/storage/files/upload/a00fa3ac8ed15de67d02387a6db5bb3c5387c45a.jpg" style="width: 791px; height: 527.333px;" class="fr-fic fr-dib">

- Özünüzü başqalarına Minay Məsimova kimi təqdim edirsiniz, yoxsa Baba Vəziroğlunun qızı Minay kimi?

- Uşaqlıqda mən atamla çox yerlərə gedirdim. Ona da daha çox oxşayırdım. Hamı başa düşürdü ki, mən Babanın qızıyam. Atam o zamanlar Yazıçılar İttifaqında işləyirdi. Mən onun iş yerinə çox tez-tez gedirdim. Ora mənim çox xoşuma gəlirdi. Çünki orada Süleyman Rüstəmdən tutmuş Balaş Azəroğluna, Rəşid Behbudova qədər bir çoxları ilə tanış olmuşam. O vaxt mən balaca uşaq idim, o cür böyük, korifey insanlarla tanış olmaq mənə qismət olmuşdu. Onlar məni adımla çağırmırdılar, mənim bir adım var idi – “Babanın qızı”. Bir dəfə balaca olanda öz-özümə dedim ki, eybi yox, vaxt gələcək, atama deyəcəklər ki, siz Minayın atasısınız? (gülür). Doğrudur, sonralar buna nail ola bildim. Mən heç vaxt atamın adından istifadə eləməyi xoşlamamışam. Sosial şəbəkələrimdəki hesablarımda insanlar illər sonra bildilər ki, mən Baba müəllimin qızıyam. Bəlkə də sadəlöhv, təvazökar davranmışam, yəni atamın adından istifadə eləməmişəm. Hətta istəmişəm ki, atama “siz Minayın atasısınız?” – desinlər və atamda da mənimlə fəxr etsin.

src="/storage/files/upload/81729b7faede01144008bf5a4dda44ff8ebb2f92.jpg" style="width: 766px; height: 511.486px;" class="fr-fic fr-dib">

- İxtisasınız nədir?

- Qərb Universitetində bakalavr təhsili almışam. Fərqli xtisaslar üzrə təhsili almışam, politologiya oxumuşam. Eyni zamanda, Amerikada bəslənmə ilə bağlı təhsilimi inkişaf etdirmişəm. Eləcə də enerji terapiyası ilə bağlı təhsilim var. Turizm sahəsindən 16 illik təcrübəm var. Ölkəm üçün hansı sahədə daha faydalı olaramsa, o sahədə də xidmət edərəm.

- Sizin evdən xaricə getmək ənənənizin əsası 11 il əvvəl qoyulub, yoxsa, daha əvvəl də ölkələri gəzirdiniz?

- Bilirsiniz, mən 11 ildir Azərbaycanda yaşamıram. Amma ilk dəfə 90-cı illərdə getmişəm. 1995-ci ildə ABŞ-da təhsil almışam. İlk dəfə o zaman getmişəm. Mən Hüseyn Cavid adına 132 nömrəli məktəbdə təhsil almışam. Məktəbimiz ərəb dili təmayüllü idi. İkincisi sinifdən ərəb, dördüncü sinifdən ingilis dili öyrənirdik. Mənim hər iki dilə həvəsim var idi. Hər gün dəftərlərimi, kitablarımı açıb özümlə məşğul olurdum. Hətta müəllim yanına da getməmişəm. Bir dəfə bizim məktəbdən Küveytə tələbə göndərmək istədilər. Mən də ərəb dilini bilən ən yaxşılardan idim. Ərəb dili müəllimim əslində Küveytə göndərilənlərin siyahısına mənim adımı saldı. 1993, ya da 1994-cü il idi. Atam isə dedi ki, hara gedirsən, nə Küveyt, nə xarici ölkə... Mən səni heç yerə göndərmirəm (gülür). O zaman Küveyt məsələsi beləcə bağlandı. Sonra Amerikaya getmək, orada təhsil almaq məsələsi gəldi. Atanın mühafizəkar tərəfi yenə də özünü göstərdi. Amerikada təkbaşına nə edəcəksən, yox, olmaz – dedi. O vaxt Amerika dövlətinin Azərbaycana etdiyi təhsil yardımı proqramı – SSA təzəcə fəaliyyətə başlamışdı. Evdən imtahana da getməyə qoymamışdılar. Ata məni azad ruhlu böyütmüşdü. Ondan sonrakı il düşündüm ki, gedim həmin imtahanlara, bəlkə heç daxil ola bilməyəcəyəm. Həmin imtahanlara getdim, sınaqların hamısından keçdim. Sonra da evə gəlib dedim ki, bilirsiniz nə var, mən həmin imtahanların hamısından uğurla keçmişəm və bu, hamıya qismət olmur. Çünki bu şansdan ancaq 50 nəfər yararlana biləcək. Ona görə də icazə verin, gedim Amerikada oxuyum.

src="/storage/files/upload/8ee65e31bd79c204dd97156a1ff3d586dc6c6e4c.jpg" style="width: 768px; height: 512px;" class="fr-fic fr-dib">

- Yəni evdəkiləri razı sala bildiniz?

- Hə. 16 yaşım var idi. Atam özü də yaxşı bilirdi ki, onun, anamın bizə verdiyi tərbiyənin bünövrəsi çox möhkəmdir. Amerikada olmur, Ayda, Marsda olsun, öz uşaqlarına hansı tərbiyəni verdiklərini yaxşı başa düşürdülər, ona görə də razılaşdılar. Yəni, həmin tərbiyədən, haşiyədən kənara çıxmayacağımı, özümü necə aparacağımı bilirdilər. Doğrudan da atam bizi uşaqlıqda hərbi rejimdə böyütmüşdü (gülür).

- Myanmarda, Peruda yaşamısınız... Seçimizin həmişə eqzotik ölkələr olub? Həmin ölkələrdə nə qədər yaşamısınız?

- Peruda 6 ay yaşamışam. Orada ispan dilini daha da mükəmməlləşdirdim. İspan dilini hazırda təmiz bilirəm.

- Dilləri həmin ölkələrdə yaşayaraq öyrənirsiniz, yoxsa..?

- Amerikada, Kaliforniyada məktəbdə oxuyarkən – çox istəmişdim və orada təhsil almaq mənim üçün böyük şans idi – cənub tərəfdə idim. Orada meksikalılar çoxdur. Ona görə də ətrafda hamı ispan dilində danışırdı. Mən də həmişə çalışmışam ki, hamı ilə rahat şəkildə ünsiyyət qura bilim. Amerikalılar elə deyillər. Onlar ancaq ingilis dilinə üstünlük verirlər və bilirlər ki, bu dili bilməklə dünyanın istənilən ölkəsinə gedə bilərlər və onlara başqa dil lazım deyil. Amma mən belə insan deyiləm. Hardayamsa, gərək oranın dilini bilim. Ona görə də heç vaxt Almaniyada yaşamaq istəməmişəm, çünki alman dilini xoşlamıram. Kaliforniyada oxuyarkən məktəbdə ispan dilini öyrəndim. Hətta fransız dili var idi, onu da seçmişdim. Sonra mənə dedilər ki, ta ağ eləmə, sən buraya ingilis dilini öyrənməyə gəlmisən və dərslərini də ingilis dilində oxuyasan. İspan dilini öyrən, amma fransızca sənin üçün çox çətin olacaq – dedilər. Fransız dilini öyrənməyə qoymadılar, yoxsa onu da öyrənərdim. Sonra Azərbaycana qayıtdım və gördüm ki, ispan dilini artıq itirməyə başlamışam. 1996-cı il idi. Amerikadan təzə qayıtmışdım. İspan dilini bilən bizdə təzə-təzə çoxalıb. O zaman indiki imkanlar yox idi. Qərb Universitetində müəllimimiz var idi, Yevgeniya xanım, mən və Amerikada mənimlə birgə oxuyan yoldaşım ondan dərslər almağa başladıq. Biz onun evinə gedirdik, bizim ispan dilinin qrammatikası ilə bağlı bilgilərimizi əməlli-başlı yoluna qoydu. Çünki Amerikada ancaq danışmağı öyrədirlər, qrammatikaya o qədər də önəm verilmir.

src="/storage/files/upload/9adf7463703e84624c08a3a29cab33bb2a0e6875.jpg" style="width: 783px; height: 521.569px;" class="fr-fic fr-dib">

- Bu qədər ölkələri gəzirsiniz, bəs onun maliyyə tərəflərini necə qarşılayırsınız?

- Mən özümə çox asan dost tapıram. Bəxtim gətirib ki, dünyanın hər yerində dostum var. Amerikada oxuyarkən tələbə mübadiləsi ilə gələnlərlə dostlaşdım. Məsələn, Fransadan dostlaşdığım qızın evinə getdim. 5 həftə Fransada qaldım. Mən də onları Azərbaycana çağırırdım. Peruya necə getdim? Əvvəlcə oradan olan yaxın rəfiqəm gəldi, 2 həftə bizdə, Azərbaycanda qaldı. Sonra o mənə dedi ki, sən də Peruya gəl. Ünsiyyətdə olmağı xoşlayıram deyə, özümə tez dost tapıram. Həm də Azərbaycankı “Rotaracat” klubun qurucu üzvlərindən biriyəm. “Rotaracat” – tələbə klubları dünyanın hər yerində var. “Rotaracat” “Rotary” klubunun daha gənc versiyasıdır. “Rotaracat”da 18-30 yaş arası insanlar, “Rotary”da daha böyük yaşlı insanlar olur. Məsələn, Brazilyaya, Argentinaya getməmişdən əvvəl yazmışdım ki, mən Azərbaycan “rotaracat”ıyam, gəlirəm. Argentinadan az cavab gəldi, amma Brazilyanın hər yerindən yazdılar ki, gəl, bizdə qal. Braziliyalılar belə insanlardır... Mən onların, onlar da burada mənim evimdə qalırlar. Hətta bir ara anam deyirdi ki, bizim evimiz oteldir. O vaxt turist səhifələri var idi, Azərbaycan və Bakı haqqında məlumat səhifələrində birinci yeri tuturdum. Oradakı məlumatlara görə... O vaxt Bakıda “Rodisson” və “Hyatt” otelləri var idi, onlar da çox bahalı idi. Hostellər yox idi. Azərbaycana gəlmək istəyənlər, az büdcə ilə səyahət etmək niyyəti olanların hamısı mənə yazırdılar. Onlar da gəlib bizdə qalırdılar.

- Minay xanım, deyirsiniz ki, insanlarla daha tez ünsiyyətə girə bilirsiniz, bəs ermənilərlə necə, ünsiyyətə girmək asandırmı?

- Bu, bir az çətin məsələdir. Mən “Koç” Universitetində də oxumuşam. Orada Ermənistan nümayəndələri də var idi. Daha çox onlar bizimlə, Azərbaycan qrupu ilə ünsiyyətə can atırdılar, nəinki biz. Hətta 16 yaşımda Amerikaya gedəndə elə oldu ki, məni erməni qızla bir otağa saldılar. Mən gedib dedim ki, bu qızla bir otaqda qalmaq istəmirəm. Doğrudur, Krosnadardan gəlmişdi, Rusiyanı təmsil edirdi, amma yenə də erməni idi. 1995-ci ildə olub bu hadisə... Dedilər ki, biz Amerikadayıq, burada demokratiyadır, sənə bu otaq verilib və sən orada qalacaqsan. Mənim üçün ən vacib məsələ kiminsə milliyətindən öncə insan olmasıdır. Sonra düşündüm ki, çıxış yolu yoxdur, qarşımdakı ermənidən öncə bir insandır, əlimdən gəldiyi qədər təmkinli olacağam və özümü özüm kimi aparacağam. Mən Minayam, o da Anjela olmağında qalsın. Sonradan erməni qız gördü ki, mən ona kin bəsləmirəm, mənfi münasibət göstərmirəm. Sonra aramız bir qədər yaxşılaşdı. Çünki bu qız Rusiyadan gəlmişdi. Amma Ermənistandan gələn qrup elə deyildi. Dərslərdə xəritə çəkərkən aramızda çoxlu mübahisələr olurdu. Onlar bizdən, bizdə onlardan uzaq dururduq ki, ara qızışmasın. Yəni, orada başqa respublikalardan da adamlar var idi, kimsə kiminsə tərəfini tutmaq məcburiyyətində qalmasın. Yenə də münasibətləri saxlaya bildik.

src="/storage/files/upload/e4baa3ba6a31cd4624ed442199a720768030424b.jpg" style="width: 788px; height: 525.738px;" class="fr-fic fr-dib">

- Ermənistana səfər məsələniz də olub, amma alınmayıb...

- 1990-cı ilin sonları idi. Bizim ABŞ-dakı Məzunlar Assosasiyası hər yerdə görüş keçirirdi. Bu regiondakı görüşlər çox vaxt Gürcüstanda reallaşırdı ki, azərbaycanlılara və ermənilərə həmin görüşdə iştirak etmək asan olsun. O vaxt Gürcüstanda vəziyyət pis idi. Saatlarla işıqlar sönürdü. Su olmurdu. Doğrudan da o vaxt Azərbaycanda həm siyasi, həm iqtisadi baxımdan vəziyyət çox yaxşı idi. Erməniləri buraya gətirmək isə bir qədər çətin idi. Birdən-birə qərar verildi ki, görüşü İrəvanda keçirsinlər. Bu görüş dövlətlər səviyyəsində olan bir şey idi. Biz Ermənistana getsəydik, təhlükəsizliyimizə də zəmanət verirdilər. Mən görüşün İrəvanda olmasına sevindim. Çünki səyahəti sevən bir insanam. Mənim üçün həmişə fərqli ölkələri, yerləri görmək maraqlıdır. Digər tərəfdən, mənə maraqlı idi ki, siyasətdən kənar bir ortamda görəsən, ermənilərlə ünsiyyət necə ola bilər?! Həm də İrəvan bizim tariximizin bir parçasıdır. İrəvan xanlığının mərkəzidir. Orada öz torpağımızdır, nə olsun ki, indi orada kimlərsə yaşayır. Düşündüm ki, ölkəmin tarixinin hər ucunu-bucağını görüm. Fikirləşirdim ki, bəlkə də bu bir şansdır və bir daha İrəvana gedib çıxa bilməyəcəm. Ona görə də arzum, istəyim var idi ki, İrəvana səyahət edim. Amma İrəvan səfərimiz baş tutmadı. Hətta anam da dua edirdi ki, bu səfər baş tutmasın (gülür). Çünki anam bu səfərdən çox narahat idi.

- Artıq müharibə bitib. Görünən odur ki, hər şey normallaşmaya doğru gedir. Gələcəkdə yenə də İrəvana getmək istəyərsinizmi? Ümumiyyətlə, sizi orada qarşılayacaq erməni rəfiqələriniz varmı?

- Yox, rəfiqələrim yoxdur. Çalışıram ki, ayrıseçkilik salmayım. Dünyanın bir çox yerlərində yaşamışam. Qarşıma hər cür insan çıxıb. Hər millətin yaxşısı da, pisi də var. Son 11 ildir Türkiyədə yaşayırdım, orada erməni çoxdur. Uzun illərdir ki, orada yaşayırlar. Onların arasında biri mənim müdirim idi. İnanırsınız, o vaxt Qarabağ məsələsində bizə daha çox dəstək göstərirdilər, nəinki Ermənistana. Deyirdilər ki, diaspor ermənilərinin bizim burada nə yaşadığınmızdan, nə çəkdiyimizdən xəbərləri yoxdur. Söyləyirdilər ki, bizim işimizə qarışmasınlar, icazə versinlər öz məsələmizi özümüz həll edək. Doğrudan da Türkiyədəki ermənilərin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Mən bunu öz gözlərimlə görmüşəm, onlar artıq türkləşmiş ermənilər idi, hətta öz dillərini belə bilmirdilər. Ancaq ermənilərin xislətləri elədir ki, müəyyən mərhələlərdə özünü mütləq büruzə verir. “Koç” Universitetindəki proqramda bir nəfər var idi, həmişə bizimlə ünsiyyətə can atırdı. Azərbaycan dilini, türk dilini çox gözəl bilirdi. Elə bilirdik ki, Türkiyədə yaşayan ermənilərdəndir. Hətta son ana qədər erməni olduğunu bəlli etməmişdi. Son məqamda bildik ki, həmin şəxs Ermənistandan gəlib. Biz deyirik ki, ayrıseçkilik olmasın, hamımız insanıq, bir sıra hallarda bu, onlar üçün keçərli olmur.

src="/storage/files/upload/aff86085bd93972b1b497f02286b8866627960d8.jpg" style="width: 799px; height: 533.372px;" class="fr-fic fr-dib">

- Bu yaxınlarda Şuşada oldunuz. Təəssüratlarınızı almaq istərdik. Hansı hisslər keçirdiniz ilk ayaq basanda? Yəqin ki, ilk dəfə olurdunuz Şuşada?

- İndiyə qədər heç vaxt Şuşada olmamışdım, birinci dəfə idi. Sovetlər dönəmində "putyovkalar" olurdu, ildə bir dəfə harasa gedirdin, ya da qohumlar olan rayonlara üz tuturdun. Biz daha çox ana tərəfdən qohumlarımız olan Lənkərana, ya da İsmayıllıya, Göyçaya yollanırdıq. Zaqatalaya da gedirdik, çünki atanın dostu orada icra başçısı idi. Hələ uşaq olanda bilirdim ki, Azərbaycan nə qədər balaca olsa da, çox gözəl yerləri var. Hamısını görmək maraqlı idi. Sonra müharibə başladı, Şuşaya getmək qismət olmadı. Müharibə dövrünü, 1988-ci illəri çox yaxşı xatırlayıram. Qonşuluğumuzdakı ermənilər də çıxıb getdilər. Qayıdım, Şuşa səfərinə. Azərbaycanın bütün rayonlarında olmuşdum, hətta Naxçıvana qədər gedib gəzmişdim. Amma həmişə içimdə bir narahatlıq var idi ki, görəsən, mən Qarabağı görəcəyəmmi?! Şuşanın bizim üçün yeri başqadır, oxuduğumuz kitablarda, dinlədiyimiz musiqilərdə... Üzeyir Hacıbəyovdan tutmuş, Bülbülə qədər Şuşa özü bir tarixdir. “Üzeyir ömrü” filminə həsrətlə baxırdıq. Açığı, düşünmürdüm ki, nə vaxtsa oranı görmək mənə qismət olacaq. Dünyanı gəzirdik, söhbət Qarabağ məsələsinə gələndə başımız aşağı idi. Müharibənin başladığı ilk günlərdə yenə də inamsızlıq var idi, yenə də Rusiyadan zəng gələcək və savaş dayanacaqmı? – deyə düşünürdük. Hər an gözləyirdim ki, dayanacağımızı deyəcəklər. Bir neçə gün keçdi, gördüm ki, yox, hələ də davam edir. İçimdə bir ümid cücərməyə başladı. Bilirdik ki, biz emənilərdən güclüyük, çox güclü ordumuz var. Əlimizin altında hər şey var, bizə heç kim mane olmasa biz qalib gələcəyik – bunu bilirdim. Amma “kiminsə mane olması” arzularımıza kölgə salırdı. Şuşanın alınması xəbərini qürbətdə eşitdik. İnsan qürbətdə daha çox vətənə bağlı olur. İstanbulda idim, Amsterdamda yaşayan bakılı bir rəfiqəm var idi, o gəlmişdi. Alaniyaya getdik. Gördük ki, hər yerdə Azərbaycan bayrağı var. Qürur hissi məni bürüdü. Şuşa alınan gün biz Azərbaycan bayrağı axtarıb tapdıq və paraşütlə onu qaldırdıq, həmin gün Azərbaycan bayrağı Şuşa üçün Alaniyada dalğalandı. Sonra bir kafeyə getdik və ən bahalı şampanskini sifariş verdik. Kafedə oturanların hamısına dedik ki, qonağımızsınız, Şuşanın alınmasını qeyd edirik. Orada xaricilər də, türklər də var idi, bizə baxdılar ki, şərabı götürsünlər ya yox... Çünki bahalı şərab idi. Biz də ofisiantı çağırdıq, hər kəsin staolunun üzərinə bakalları düzdülər və həmin insanlarla Şuşanın alınmasını qeyd elədik. İçimizdə bir hiss var idi ki, kaş həmin an Vətəndə olardıq. Bu qələbəni xalqımızla qeyd edərdik. Türkiyə də qardaş dövlətdir, elə vətəndəki kimi qeyd edə bildik. Şuşaya ilk addımımı atanda isə dərindən nəfəs aldım. Orada nəfəs ala bilmək, həmin anı yaşamaq deməkdir. Orada nəfəs alıramsa, demək, oradayam, həmin anı yaşaya bilirəm. Mən yaşayıram, torpaq da onu yaşayır, birgə yaşayırıq. Torpaq da nəfəs alırdı. Cıdır düzündə oturub meditasiya elədim. Oranın enerjisi o qədər güclüdür ki, fikirləşdim ki, özümü buraxsam, külək bu dəqiqə məni aparacaq. Havası çox təmizdir. Şuşa tamamilə fərqli bir yerdir. Mən bunu indi başa düşürəm. Şuşanın verdiyi enerji də möcüzəvidir. Günəşin ilk çıxıb son batdığı yerdir sanki... Şuşanın torpağına hopub onun bir parçası olmaq istəyirdim. İndiyə qədər belə bir şey hiss eləməmişdim.

- Şuşadan Xankəndi necə görünürdü?

- Baxdıq... İçimdə bir hiss var idi ki, bura da mənim torpağımdır, mən niyə oraya gedə bilmirəm. Mən niyə qorxmalıyam ki, oradan snayper baxır?! Niyə rahat hərəkət edə bilməyim? – kimi içimdə hisslər var idi. İnanıram ki, çox qısa zamanda Xankəndinə də gedəcəyik. Xankəndi artıq bir addımlığımızdadır. Bura qədər gəlmişiksə, məncə, burdan sonrası daha asandır. Hətta müharibə dövründə türkiyəli dostlarımız deyirdilər ki, bizi aparsalar, biz də Qarabağ üçün savaşarıq. Hətta mən düşünürəm və gözləyirəm ki, Şuşada bir sağlamlıq mərkəzi açım. Söhbət ruhun və bədənin sağlamlığından gedir. Müharibədən çıxmış, yaxınlarını itirmiş insanlara böyük dəstək lazımdır. Əgər desələr ki, turizm sahəsi ilə bağlı köməyinizə ehtiyacımız var, ora da gedə bilərəm. Amma məncə, insanlarımızın psixoloji dəstəyə daha çox ehtiyacı var. Mənim arzum var, elə bir yer yaradaq ki, insanlar təkcə bədənini deyil, ruhunu da dinləndirə bilsinlər. Onlar üçün mənəvi dəstək verən bir yer olmalıdır – deyə düşünürəm. Bu, çox vacibdir.

- 43 yaşındasınız və deyəsən hələ də ağ atlı şahzadəniz gəlib çıxmayıb...

- Əvvəllər deyirdim ki, hələ tezdir. Görüləcək işlərim çoxdur – deyə düşünürdüm. Dünyanı gəzmək istəyirdim. Məncə, insan ilk olaraq böyüməli və özünü tanımalıdır ki, sonra da başqasını tanımağa imkanı olsun. Dünyanı gəzib tanımaqla yolda, gəzərkən həm də özümü daha yaxından tanıyırdım. Mən hazır olmaq istəyirdim. Mənim üçün ailə qurmaq əsas şərt deyil, əsas şərt “evlənək, uşaq olsun” deyil, evlənək, “cütlük olaraq bu dünyaya xeyrimiz dəysin” – olmalıdır. Ona görə də gərək insan özünü tanısın və başqalarını daha rahat tanıya bilsin və gözəl şəxsiyyət kimi inkişaf eləsin.

- Yəqin ki, planlarınızda evlənmək var?

- Qismət olarsa... (gülür). Təbii ki, bu iş qismət deyil. Bir məsəl var, tələbə hazır olanda müəllim də gəlir. Mən özümü nə vaxt hazır hiss etsəm, yəqin ki, o zaman müəllim də gələcək (qəşş edib gülür).

- Olubmu ki, səyahət vaxtı kimsə sizə evlilik təklifi etsin?

- Amerikada olub. Bir müddət orada yaşamışam. Bilirsiniz, Amerika çox uzaqdır. Hamı ilə rahat dil tapa bilsəm də, Amerikada qalmaq istəməmişəm. Sırf ona görə də həmin evlilik təklifini geri çevirdim. Hətta “green card” udub geri verənlərdənəm. Çox insanın buna görə məndən zəhləsi gedir, çünki mənə görə şanslarını itirdilər. Baxın, Peruda yaşamışam və oradakı insanlar xasiyyətcə bizə yaxındırlar, nəinki amerikalılar... Perunun meyvəsi, təbiəti, insanları bizə çox yaxındır. Şimali Amerikanın enerjisi heç zaman məni tutmadı. Hətta mən Amerika-Azərbaycan Ticarət Palatasında işləmişəm. Çox yaxşı işlərim olub, Kaliforniyada, Floridada yaşamışam. Orada vəziyyətim pis olmayıb. Amerikalılar dünyadan xəbərsizdirlər. Onların cəmi 1 faizində xarici pasport var. Ailələrdə qalmışam, dünyadan bixəbərdirlər.

- Bəs Azərbaycanı necə tanıyırlar?

- Azərbaycan haqqında heç nə bilmirlər. Deyirsən ki, Türkiyənin, Rusiyanın yanındayıq, onda təyin edə bilirlər, Brazilyada Azərbaycanı daha çox tanıyırlar, nəinki Amerikada... Hətta mən Amerika-Azərbaycan Ticarət Palatasında çalışarkən Ağ Evdə işləyən bir insanla tanış olmuşdum, mən ona Azərbaycandan olduğumu dedim. Üzərimdə Londondakı “Big Ben” olan bir köynək var idi. Mənə dedi ki, Azərbaycanın paytaxtı buradır?! Bunu mənə Vaşinqtonda yaşayan və Ağ Evdə işləyən şəxs dedi. Orada bütün səfirliklər var. Hətta “Massachusetts Avenue”da bir az gəzsələr, bütün ölkələrin bayraqlarını görəcəklər, ölkələr haqqında məlumat alacaqlar. Bu da ABŞ-ın paytaxtında olan insanlar... Əlbəttə orada dünyanı dərk edən, ağıllı insanlar da var idi. Onlar azlıq təşkil edə bilərlər, amma intellektual insanlar da var.

- Azərbaycanı xarici ölkələrdə hansı şəraitdə təmsil etmisiniz?

- Mən həmişə gəzmək üçün eqzotik yerlər seçmişəm. Ona görə də məndən əvvəl oradakı insanlar heç bir azərbaycanlı ilə rastlaşmayıblar... Məni tanıyanlar elə bilirdilər ki, Azərbaycanda hamı beş dil bilir. Onlar mənim vasitəmlə Azərbaycanı tanıyırdılar. İlk dəfə Myanmara gedəndə Azərbaycan pasportunun hər tərəfinə baxdılar, çünki ölkəmizi orada tanımırdılar. Hansı ki, özü 70 il dünyaya bağlı qalıb. Mən oraya gedəndə küçədə səkilər yox idi, vatsap işləmirdi. Mobil telefonu əlindən alırdılar, bir də ölkədən çıxanda qaytarırdılar. Brazilyada, Paraqvayda mənə görə Azərbaycanın ya adını eşidirdilər, ya da tanıyırdılar. Hətta Peruda qaldığım ailəyə Azərbaycan yeməkləri bişirmişdim. Dünyanın 55 ölkəsində olmuşam. Amerikada da çox işlər görmüşük.

- Hobbiniz varmı?

- Gəzdiyim yerlərdən heykəllər toplayıram. Əvvəllər maqnitlər alırdım, ev dəyişdikcə, problemlər yaşayırdım (gülür). Bir də hər ölkədən gəldikcə, həmin ölkələrdən cibimdə pullar qalır. O gün İstanbuldakı iş yerimdə bir gombul zərf tapdım, içində də gəzdiyim ölkələrdən pullar... İsraildən qayıdanda 170 şekelim qalmışdı. Baxım ki, 700 lirədən artıqdır. Düşündüm ki, az pul deyil, mən bunu niyə xərcləməmişəm?! (gülür). Ümumiyyətlə, harada yaşamağımdan, işləməyimdən asılı olmayaraq, Azərbaycanı layiqincə təbliğ etməyə çalışacağam.

P.S. Yeri gəlmişkən, dünən Minayın atasının, Azərbaycanda bir çoxlarının sevimli şairi Baba Vəziroğlunun doğum günüdür. Redaksiyamız adından həm Baba müəllimi, həm də onun səyyah qızı Minay Məsimovanı səmimi qəlbdən təbrik edirik!

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm