Xüsusi
Azərbaycanlı qızdan kitab yazan məşhur norveçli yazıçı: Həyatımın ən unudulmaz dövrü... - MÜSAHİBƏ
12 ildən sonra qərar verdim ki, azərbaycanlı qızın taleyindən bəhs edən kitab yazım.
Bu sözləri Publika.az-a özəl müsahibəsində norveçli ictimai xadim, yazıçı Terye Holmedal (Terje Holmedal) bildirib.
- Əziz Terye, müsahibə istəyimi geri çevirmədiyiniz üçün minnətdaram.
- Mən də sizin vasitənizlə Azərbaycanı salamlayıram. Azərbaycanlı oxucularla ünsiyyətdə olmaq mənim üçün böyük şərəfdir.
- Hazırkı həyatınızla bağlı danışaq?
- Vətənim Norveçdə yaşayıram. Artıq təqaüddəyəm. İxtisasca ibtidai sinif müəllimi olsam da, peşəm üzrə çalışmamışam. Daha çox sosial layihələrdə fəaliyyət göstərmişəm. Bir müddət hətta Banqladeşə köçüb, orada müxtəlif beynəlxalq layihələrə rəhbərlik edirdim. Oradakı gənclərin kasıblıqla və işsizliklə mübarizə kampaniyasını təşkil edirdim. Elə həmin şirkətin Norveçdəki şöbəsində də çalışmışam.
- Həyatınızın 3 ili Azərbaycanla bağlıdır.
- Bəli, 2006-cı ildə Azərbaycana köçdüm. 3 il ərzində ölkənizdə yaşadım. Kənd təsərrüfatı sahəsində sosial inkişaf və liderlik keyfiyyətlərinin formalaşdırılması layihələrinə rəhbərlik edirdim. Bir müddət isə əlil və yardıma möhtac uşaqlarla işlədim.
- Qərbdən Şərqə köç etmək çətin olmadı?
- Norveçdə sadə fermer ailəsində dünyaya gəlmişəm. Hələ o vaxtlar Şimal dənizi ölkəmizə neft kimi gəlir gətirmirdi. Lakin hər bir ailə öz güzəranı üçün çalışır, sosial həyatının inkişafına önəm verirdi. Valideynlərim də həmçinin kilsələrə gedir, xeyriyyə tədbirlərində iştirak edir, insanlara yardım etmək üçün əllərindən gələni əsirgəmirdilər.
Norveç Azəraycandan 4 dəfə böyük əraziyə malik olsa da, əhalisinin sayı 2 dəfə azdır. Norveç dağlarla əhatələnmiş, kənd təsərrüfatının geniş inkişaf etdiyi ölkədir. Yaşıl meşələr, ucsuz sahillər... yəni bu ölkədə darıxmaq imkansızdır.
Sizə maraqlı bir məqamı deyim. Azərbaycanda yaşadığım dövrdə qafqazlılarla ortaq cəhətlərimizin çox olduğunun fərqinə vardım. Xalqlarımızın yumor hissi, qonaqpərvərliyi, doğma olması.
Dünya şöhrətli həmvətənim Tur Heyerdal da əmin idi ki, bizim kökümüz eynidir. Bakıda yaşayandan sonra bu fakta əmin oldum.
- Həyat yoldaşınızla birgə vətənimizdə unudulmaz xatirələriniz var...
- Həyat yoldaşımla birgə Azərbaycanda yaşadığım 3 il həyatımın ən unudulmaz dövrüdür. Əvvəllər qısamüddətli səfərlərim olurdu. Hətta ilk səfərim 1995-ci ilə təsadüf edirdi. Həmin dövrdə ölkəniz sovet ittifaqının təsirindən yenicə qurtulmağa başlayırdı. İmkanlar çox məhdud idi. İllər sonra yenidən Azərbaycana qayıtdım. Həm həyat şəraiti, həm də insanların güzəranı kifayət qədər inkişaf etmişdi. Etiraf edirəm, xalqınızın əzmi ilə qürur duydum. Bu gün istənilən məclisdə ətrafım gözəl şəhərlər haqda danışanda onlara bir sual verirəm: Bakıda olmusunuz?
- Nə gözəl və təmənnasız sevgidir!
- Azərbaycanda ailəvi dostlarımız çoxdur. Hansı millətin nümayəndəsi olursan ol, səmimi sevgini mütləq hiss edirsən. Yaxşı xatırlayıram, bir dəfə maşınımı qadağan olunmuş ərazidə saxlayıb, işlərimin dalınca yollanmışdım. Təbii ki, polis əməkdaşları məni cərimələdilər. Bölməyə gəlib polislərlə salamlaşanda əməkdaşların biri məni tanıdı. Rəhbərinə dedi ki, o, bizim xalqımıza yardım etmək məqsədilə gəlib Azərbaycana. Əlimizdən gələni etməliyik ki, bizdən inciməsin. Həmin gün minimal məbləği ödəyib, maşınımı cərimə sahəsindən götürmüşdüm. Digər xatirələrim də belə həssas və sevgi doludur.
- “Mən bunu bacaracağam. Azərbaycan haqda hekayə” kitabınızı yazmaq üçün kimdən ilhamlandınız?
- Qarabağdan məcburi köçkün düşən çoxlu insan tanıyıram. Kitabımda da qeyd etdiyim kimi, bu ərazidə yaşayan insanlar olduqca savadlı və sənətsevər olurlar. Dəfələrlə bu fakta şahidlik etmişəm. O gözəl, istedadlı insanlardan biri də Lalə idi. Lalə bizim ailənin ən yaxın dostlarındandır. Bir gün norveçli jurnalistlə Lalənin müsahibəsini təşkil etdim. O, öz həyatını nəql etdikcə düşündüm ki, bu hekayəni kitaba çevirmək lazımdır. Nə az, nə çox 12 ildən - hətta təqaüdə çıxandan sonra bu arzumu gerçəkləşdirməyə qərar verdim. Laləyə zəng edib planımdan bəhs etdim. İnanın, çox xoşbəxt oldu. Beləliklə, Cəbrayılda doğulan Lalənin simasında məcburi köçkünlərin həyatından bəhs edən kitab ərsəyə gəldi.
- Kitabın süjet xətti marağımı cəlb etdi.
- Lalə çox çətin dövrdə, hərbi vəziyyətin gərgin olduğu illərdə dünyaya gəlmişdi. Ailəsi ağır vəziyyətli günlərdən sonra evindən qaçqın düşmək məcburiyyətində qalır. Məskunlaşmaq, yenidən həyata adaptə olmaq problemləri ucbatından Lalə 12 yaşından tez məktəbə gedə bilmir. Bu cəsur qız anasına və müəllimlərinə bildirir ki, yaşıdları ilə bir sinifdə oxuyacaq. Hər kəs bu fikrin absurd olduğunu desə də, güclü xarakterə malik qəhrəmanım bir cümlə ilə problemə nöqtə qoyur: Mən bacaracağam!
Lalənin universitet həyatı barədə də maraqlı məqamlar var. Kitabımda hətta Qara Yanvar faciəsindən də bəhs etmişəm.
- Bu gün Cəbrayıl da, Qarabağ da düşmən işğalından qurtulub. Əminəm ki, bu xəbər sizi də çox sevindirdi.
- Lalənin tarixi qələbənizdən sonrakı duyğuları barədə də ətraflı məlumat vermişəm. Təəssüf ki, pandemiya dövründən sonra Azərbaycana gələ bilməmişəm. Hesab edirəm ki, Qarabağ Azərbaycanın tarixi torpağı, öz ərazisidir. Məcburi köçkünlərin evlərinə dönməyi çox böyük xoşbəxtlikdir.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI