Xüsusi
Bu arzuma Azərbaycanda çatmaq istərdim - Karakılıçla MÜSAHİBƏ
Bir gün kitab mağazasına girmişdim. Portağal rəngli kitab rastıma çıxdı. Adı “Hophopnamə” idi. Düzü, məndə bir az uşaqsayağı təsir oyatdı. Amma rəngi gözümü ovsunlamışdı. Almağa qərar verdim.
Bu sözləri Publika.az">Publika.az-a müsahibəsində Yunus Emre İnstitutunun Azərbaycan üzrə rəhbəri Selçuk Karakılıç bildirib.
- Selçuk bəy, Azərbaycan ədəbiyyatına olan məhəbbətinizdən xəbərdaram. Bu sevginin lap körpə vaxtlarına qayıtmağınızı istərdim.
- Ədəbiyyat fakültəsi məzunuyam. 2001-ci ildə Niğde Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil almağa başladım. 3-cü kursda bizə Türk dünyası ədəbiyyatı tədris olunurdu. Bir sıra türkdilli xalqların diksiyasını, yazıçı və şairlərinin yaradıcılığını öyrənirdik. Seçim öz istəyimizə bağlı idi. Mənsə sevərək Azərbaycan dili və ədəbiyyatını seçdim. Bilirsiniz, insanın taleyi özü-özlüyündən yazılır. Bir gün kitab mağazasına girmişdim. Portağal rəngli kitab rastıma çıxdı. Adı “Hophopnamə” idi. Düzü, məndə bir az uşaqsayağı təsir oyatdı. Amma rəngi gözümü ovsunlamışdı. Almağa qərar verdim. Evdə açıb maraqla oxudum.
- Mirzə Ələkbər Sabir...
- Bəli. Sabir sevgim də buradan yarandı. Yaşadığı dövrün qarmaqarışıqlığını çox gözəl dillə izah edən, müsəlmanlar arasındakı iğtişaşlardan bəhs edən Sabirin “harda müsəlman görürəm, qorxuram” misrası yaddaşıma həkk olundu. Beləcə Azərbaycan ədəbiyyatına məhəbbətim baş qaldırdı. Yavuz Bülent Bakülerin “Azərbaycan ürəyimdə şah damardır” şeiri, onun Azərbaycan xatirələri məni özünə çəkməyə başladı. O gündən bəri Azərbaycan mənim qəlbimdədir. İşimlə bağlı ölkənizə köçəndə də yadlıq duyğusundan uzaq idim. Çox sevirəm ölkənizi. Burada heç nə mənə fərqli gəlmir. İnsan ürəkdən sevəndə qarşı tərəfin qüsurlarını görmür. Sevdiyi qadının və ya kişinin ancaq müsbət tərəflərini qabardır. Mənim üçün də Azərbaycan, Bakı elədir.
Azərbaycan mənim ürəyimdə şah damardır.
Şimdi Azərbaycanda fəsli bahardır.
Türküləri başdan-başa efkardır.
Yardır, diyardır, Azərbaycan ürəyimdə şah damardır.
- “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsində birinci yerə layiq görüləndə də bu misraları səsləndirdiniz.
- Doğrudur. Orada da eyni sözləri demişdim. Biz bir-birimizi yaxından tanımaq məcburiyyətindəyik. Bəli, əsgərlərimiz Vətəni qoruyan qardaşlarımız, adsız və ən əziz qəhrəmanlarımızdır. Amma eyni zamanda bu qəhrəmanlarımızın nədən, nə və kim uğrunda öldüyünü, öldürdüyünü bilməyə məcburuq. Sırf bunu bizə öyrədən mənəvi qəhrəmanlarımız da var. Nizami, Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi insanlar əllərinə daş alıb kiməsə atmayıb, kimsəni incitməyib. Onların mənəvi dünyası da bu həyat tərzinə yad olub. Amma sadaladığım aydınlar olmasaydılar, biz köksüz, ruhsuz makinəyə bənzəyərdik. Ədəbiyyat, sənət bizə insan olduğumuzu öyrədən, mədəniyyət, nəzakət sahibinə çevirən möcüzədir. 880 il öncə doğulmuş Nizami dühasını hər dəfə oxuduqca dərk edirik ki, o, bizimlə yaşayır, bizdən sonra da yaşayacaq. Qəhrəmanların yaşı yoxdur. Millətlər öz qəhrəmanları ilə eyni yaşdadırlar. Odur ki, şairlərimizin, yazarlarımızın, söz-fikir adamlarımızın əsl dəyərini verməyi bacarmalıyıq. Adətən pul ödədiyimiz məhsulun markasına baxırıq. Halbuki bir xalqın ən dəyərli markası, brendi onun mütəfəkkirləridir. Türk xalqlarının ən böyük dəyərlərindən biri də məhz Nizamidir.
- Məktubunuz o qədər səmimi, doğma idi ki, təsirlənməmək mümkün deyildi.
- Mənim yazım tək Nizamiyə məktub deyildi. Gənclərimizin diqqətini fərqli istiqamətə yönəltmək istədim. Bir insanın adının önündə böyük kəlməsini istifadə etməklə o, böyümür. Onu böyük edən bizə qoyduğu mirasdır. Həmin mənəvi mirası gənclərimizə öz üslubumda təqdim etmək istədim.
- Azərbaycan üzrə rəhbərlik etdiyiniz Yunus Emre İnstitutu haqda bizə geniş məlumat verməyinizi istərdim.
- Yunus Emre də Nizami ilə təxmini yaxın çağda yaşayıb. Təmiz, saf türk dilində ən gözəl, nəfis nümunələr yaradıb. Hər kəs onu anlayır. Biz də dünyanın 70 ölkəsində fəaliyyət göstərəcək təşkilat qurarkən bütün bu məqamları nəzərə aldıq. Biz bu ölkələrdə türkcəni tədris edirik, insanlara türk mədəniyyətini, dilini, siyasi yolunu aşılayırıq. Fəaliyyət göstərdiyimiz ölkələrin ali tədris ocaqları ilə əməkdaşlıq edirik. 2012-ci ildən Azərbaycanın nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetinin tərkibində fəaliyyətə başladıq. Hər iki ölkənin müxtəlif sahədən olan nümayəndələrini qarşı tərəfə, həmçinin dünya ictimaiyyətinə daha yaxından tanıtmağı qərara aldıq. Məsələn, türk seriallarında Azərbaycan musiqiləri səsləndirərək hər iki sahə üçün maraqlı töhfə vermiş oluruq. Bu qəbildən olan bir sıra nümunələrimiz var. Hər birində qarşı tərəfin mədəniyyətinə təmas etməli, daha zərif vəhdətlər yaratmalıyıq.
Təəssüf ki, pandemiya bəzi planlarımızı gecikdirdi, amma biz yenidən iş başındayıq. İkiqat böyük məsuliyyət və enerjiylə çalışırıq.
- Maraqlı bir məqam var. Siz də daxil olmaqla 70 ölkədə yaşayan nümayəndələriniz sanki mədəni səfirlərdir. Bəs səfirlər kimi xidmət dövrünüz varmı?
- Bəli, bir nümayəndə 4 il ərzində ezam olunduğu ölkədə xidmət göstərir. Lakin bir məqam var ki, məsələn, Fransaya göndəriləcək nümayəndə bu ölkənin dilinə, dininə, mədəniyyətinə hakim olmalıdır. 4 il sonra isə digər ölkəyə göndərilirsiniz. Lakin yaşadığınız dövlətin mədəniyyəti ilə uğurlu dialoq qura bildinizsə, yenidən 4 il ərzində orada xidmətinizi davam etdirə bilərsiniz. Yunus Emre İnstitutu 12 ildir ki, fəaliyyət göstərir. Bu günədək bəlkə də 100 mindən çox əcnəbiyə türk dili öyrətmişik. Mədəniyyətlər arasında körpü qurmuşuk. Məsələn, mən Qarabağımızın işğaldan azad olunmağına mərhələ-mərhələ şahidlik etmişəm. Bundan dərin doğmalıq, böyük xoşbəxtlik yoxdur.
- Tamamilə doğrudur. Bir az da çağdaş türk ədəbiyyatından bəhs etməyinizi istərdim. Peşəkar kimi fikrinizi öyrənmək maraqlıdır.
- Son dövrdə yeni və fərqli yazarlarımız meydana çıxdı. Bizdə şeirlər çox yazılsa da, hekayə və romanlarımız xüsusilə nəşr olunur. Haqqında iradlar səslənsə də, Orxan Pamuk çox tanınmış roman yazarıdır. Elə götürək, hər iki xalqın çox sevdiyi Nazim Hikməti.
- Onu Azərbaycanda sevməyən yoxdur.
- Doğrudur. Beşir Ayvazoğlunun adını çəkmək istərdim. Türk ədəbiyyatının önəmli adlarının həyat hekayələrini nəfis şəkildə qələmə alır. Bunu həm çox dəqiq, həm də qüsursuz edir. Bəxtiyar Aslan, İhsan Oktay Anar və digərləri də var ki, hər birinin öz üslubu, janrı və üstünlükləri var. Sevinirəm ki, türk şair və yazıçıları son 10 ildə dünya ədəbiyyatına təmas etməyə nail oldular. Əsərlərimiz bir sıra əcnəbi dillərdə nəşr olunmağa başlayıb. Türk ədəbiyyatının bu uğuru hər birimiz üçün qürurdur. Düşünürəm ki, ədəbiyyat şübhələrə son qoymaq, qarşındakını qəbul edib sevmək üçün çox vacib təbliğat növüdür.
- Selçuk bəy, söhbətimizin əvvəlində müəllim olmaq arzunuzdan danışdınız. Bu diləyinizi Azərbaycanda gerçəkləşdirmək fikriniz var?
- İnsan sevdiyi, xoşbəxt olduğu yerdə bütün arzularına çatmaq istəyir. Bu, mənim ən böyük arzularımdan biridir. Anlayaraq öyrədə bilmək özü böyük şansdır. Bir məsələni qarşındakına izah edə bilməzsən. Odur ki, qəlbimi oxudunuz. Bəli, Azərbaycanın hansısa ali təhsil ocağında tələbələrimlə bir damın altında sənətdən, mədəniyyətdən danışmaq istərdim.
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
ABŞ03:43
Tramp gitara satışına başladı
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO