Tahir Kərimlini ölümlə təhdid edən hansı qurumdur? - “Əjdaha”nın sirləri açıldı
Bizi izləyin

Xüsusi

Tahir Kərimlini ölümlə təhdid edən hansı qurumdur? - “Əjdaha”nın sirləri açıldı

Milli Məclisin deputatı Tahir Kərimlinin Publika.az-a müsahibəsi:

- Bahalaşma ilə bağlı mediada açıqlamanız olub. Məsələ ilə bağlı seçiciləriniz nə deyir?

- Mən Ağsuda və İsmayıllıda seçicilərimlə xeyli görüşlər keçirmişəm. Birmənalı şəkildə bahalaşma ilə əlaqədar hamının fikri eynidir. İnsanlar bahalaşmadan çox narahatdır. Hesab edirəm ki, bu, böyük bir bəladır, amma önləmək olar. Məsələn, gömrük siyasətində dəyişiklik, ölkədaxili iqtisadi tənzimləmə, ticarət, idxal-ixrac məsələlərində, istehsalda, aqrar sahədə islahatlara getməklə Azərbaycanı optimal vəziyyətə gətirmək olar. Seçicilərimlə görüşdə bu məsələləri müakirə edirik. Onlar da deyir ki, siz Milli Məclisdə məsələ qaldırdığınız halda, nəticəsi olmursa, deməli bu, irəlidən hesablanmış məsələdir. Mən özüm də şəxsi təsərrüfatımda, yaxınlarımın ailələrində hiss edirəm ki, bütün sahələrdə bahalaşma mövcuddur. Buna beynəlxalq ticari və iqtisadi durumun da təsiri var. Amma qeyd etdiyim kimi, bu, Azərbaycanda tənzimlənməsi mümkün olan məsələdir.

- Təhdid olunduğunuzla bağlı Publika-a açıqlama vermişdiniz, hətta demişdiniz ki, təhdid edən şəxsin ünvanı da bəllidir. Araşdırmalar nə yerdədir, həmin şəxs saxlanılıb?

- Bəli, həmin şəxsin ünvanı bəllidir, Moskvada yaşayır. Qapımın önünə qoyulan fiqurdan hər kəsin xəbəri var, amma bu barədə danışmaq istəmirəm. Məsələnin mahiyyətini anlamadan mənə qarşı mənfi formada istifadə olunur. Cənab Prezidentin ad günündə bir az fərqli çıxış edib bildirmişdim ki, Cənab Prezident, Azərbaycanın inkişafının qarşısını alan, o cümlədən, bahalaşma, inhisarçılıq yaradanlar yeddibaşlı əjdaha kimidir. Siz bu əjdahaların başını kəsin. Simurq quşunun lələyini yandıranda yanınızda olduğu tək, xalqımız da yanınızda olacaq. Ona görə də həmin əjdaha fiqurunu qapıma atıb, məni ölümlə təhdid etdilər. Daha sonra isə əleyhimə kampaniya apardılar. Həmin insanın adı, ünvanı bəllidir, lakin onun əlaqələri tapılmır ki, sifarişçinin kim olduğu bilinsin. Çünki tənqid etdiyimiz ünvan çoxdur. Son zamanlar uşaq pulunun verilməməsi ilə bağlı əmək nazirliyini, BNA, AQTA kimi bir sıra qurumların fəaliyyətini sərt tənqid etmişəm. Ona görə məsələ ilə bağlı araşdırmamız tam yekunlaşmayıb, son nəticəyə gələ bilməmişik.

- Sizcə, təhdidin arxasında kimlər dayana bilər? Ölkə daxilindən, yoxsa xarici kəşfiyyat?

- Həmin şəxs Moskvada yaşayır, lakin düşünürəm ki, o, Azərbaycandan idarə olunur və ölkədəki inhisarçılarla əlaqəlidir. Mənim onlarla bağlı məsələni cənab Prezident səviyyəsində qaldırmağım onları narahat edib. Burada əsas məqam da ondan ibarətdir ki, bu məsələ hər hansı müsahibədə, açıqlamada deyil, məhz Milli Məclisdə qaldırılıb. Ona görə də məsələyə ciddi yanaşdılar.

- Oyuncağın içinə baxdınız, hansısa yad cisim var idi?

- Yox. Bu yaxınlarda partiyadakı kabinetdə də axtarış apardıq. Bəlkə həmin oyuncaqda da nəsə olub, lakin sübut edə biləcəyimiz yad cisimə rastlaşmadıq.

- Ayaz Mütəllibovla dost idiniz. Dünyasını dəyişdikdən sonra ailəsini ziyarət edirsiniz?

- Əslində, Ayaz Mütəllibovla dost olmamışam. Əksinə, ona qarşı çox kəskin çıxışlar etmişəm. Sadəcə olaraq, Azərbaycanın ilk prezidenti olduğuna və müstəqilliyimizi qazandığımıza, Azərbaycan BMT-yə məhz onun dövründə daxil olduğuna görə ehtiramımı ifadə etmək üçün dəfninə getdim. Çıxış etmək istəmirdim ki, fikirləşdim deyəcəklər, vaxtilə əleyhinə danışıb, indi də çıxış edir. Lakin təklif olduğuna görə çıxış etdim. Təəssüf ki, daha sonra ailəsi ilə hər hansı təmaslarım olmayıb.

- Bir açıqlamanız da var idi, bildirmişdiniz ki, mən deputat olana qədər qardaşlarım işsiz olub, indi necə, işləyirlər?

-Yox, işləmirlər. Kimlərdənsə şəxsi məsələlərə görə xahiş etmək xarakterimə uyğun deyil. Qardaşlarımın, yeznələrimin hər birinin sovet dövründə yaxşı dolanışığı olub. Amma Milli Azadlıq Hərəkatından sonra müstəqillik dövründə hamısı pis vəziyyətə qaldı. Məsələn, 10 bacım oğlu var, heç biri vəzifədə deyil. Sadəcə oğlum inspektordur. Yerdə qalan qohum-əqrabamın heç biri işləmir. Hər şeyi qurban edirəm Azərbaycanın dövlət müstəqilliyinə. Çünki istəyim bu idi, eybi yoxdur, dözərik.

- İsmayıllı Məhkəməsinin sədri olduğunuz zaman Qorbaçova qiyabi ölüm hökmü çıxarmısınız. Amma o, bugünədək cəzasız qalıb. Sizcə, 20 Yanvar faciəsinin baiskarı kimi Azərbaycan bu şəxs barəsində hansı addımları atmalıdır?

- Mən hakiməm. Mənim vəzifəm qərar verməkdir. Verilən qərarın icrası isə digərlərinin vəzifəsidir. O zamanlar bu qeyri-adi bir hadisə idi. İndi buna asan, bəlkə bir qədər qeyri-ciddi baxanlar da var. Amma həmin vaxt mən barmağımı kəsib, qanımı sürtdüm Qorbaçovun gözlərinə və ona məhkəmənin ölüm hökmünü elan etdim. Bundan sonra vəzifədən uzaqlaşdırıldım, uzun illər təqib şəraitində yaşadım. Ailəm, qohumlarım çox əzab-əziyyətlər çəkdi. İsmayıllı camaatı evimin kənarında keşik çəkirdi, sağ olsunlar məni və ailəmi qorudular. Çox yüksək vəzifəli şəxslər qaynatama demişdi ki, qızını, nəvələrini çıxar o evdən. Tahiri öldürəcəklər, uşaqlara, xanıma heç nə olmasın. Yəni, ailəmin dağılmaq məsələsi də var idi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm