Teatrımızın Ziyası: “Uşaqlığımı şəhidlərimizin sayəsində bu gün səhnədə yaşayıram” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Teatrımızın Ziyası: “Uşaqlığımı şəhidlərimizin sayəsində bu gün səhnədə yaşayıram” - MÜSAHİBƏ

Akademik Milli Dram Teatrının və Yuğ Teatrının tanınmış aktyoru Ziya Ağa uzun fasilədən sonra M Teatrının bədii rəhbəri, Xalq artisti Vidadi Həsənovun hazırladığı yeni tamaşa ilə teatrsevərlərin görüşünə gəlməyə hazırlaşır. Ekranlarda tez-tez görünməyi sevməsə də, tamaşa öncəsi aktyorla söhbət etmək imkanımız oldu.

Publika.az aktyorla müsahibəni təqdim edir:

- Yayda bir qayda olaraq teatrlar tətilə gedir, siz isə bu yaxınlarda açılışı olan M Teatrında yeni tamaşaya hazırlaşırsınız. Gəlin elə hazırlıqlardan danışaq.

- M.Teatr 2016-cı ildən fəaliyyət göstərir. Bu yaxınlarda yeni məkanının-səhnəsinin açılışı oldu... Artıq repertuarımızı bərpa etməyə və yeni tamaşalarımızı qurmağa başlamışıq. Bunu da qeyd edim ki, açılışımız teatrın bədii rəhbəri xalq artisti Vidadi Həsənovun səhnələşdirdiyi və quruluş verdiyi Oqtay Mehdiyevin ifasında “Vidalaşmadan getməyin” tamaşası ilə baş tutdu. Hazırda sevgi ilə hazırlaşdığımız daha bir yeni tamaşamızın məşqləri sürətlə davam edir. Bu tamaşada məni, Oksana Rəsulova və Etibar İbadullayevi görəcəksiniz. Bu ayın sonu tamaşaçılarımızın qarşısına qürurla çıxmağı düşünürük. Həmçinin paralel olaraq daha bir tamaşanın məşqlərinə başlayırıq. "Hər şey yaxşı olacaq... Hər şey yaxşı olmalıdır..."

- Film və Tamaşa: bunların həyatınızda yeri və hansı sizə nələri öyrətdi?

- Sevməyi, nifrət etməyi, xəyanəti, sədaqəti, yaşamağı, ölməyi... O qədər şeyi...

Hərdən çıxıb səhnədə bir saatlıq Eşq yaşayırsan, birini sevirsən, bağlanırsan, onunla birgə var olmağın nə olduğunu başa düşürsən, sonra səhnədən düşürsən və səhnədə yaşadığın o oyun, o eşq həyatda sənə bəs edir...

Hərdən səhnənin düz mərkəzindən bütün dünyaya hökm edirsən... Bu da sənə bəs edir... Anlayasan ki, səhnədən düşəndən sonra nəinki dünyaya, heç özünə belə hökm edə bilmirsən!

Hərdən səhnədə zikr edirsən, onunla söhbət edirsən, haqqın yolunu tapmağa çalışırsan, ona doğru cəhd edirsən. Bu da sənə bəs edir... Bir də görürsən səhnədə elə bir hadisənin mərkəzinə düşürsən ki, deyirsən İlahi... Nəysə... Hərdən də Şekspirin qəhrəmanına çevrilib sevirsən, qısqanırsan, öldürürsən. Bir də ayılırsan ki, ömürlük dustaq Əhmədə bəraət qazandırmısan...

Hərdən səhnənin mərkəzindəsən, hər tərəf qaranlıqdı, işıq yalnız sənin üzərindədir. Monoloqa başlayıb “Yaxşı! Sən get, o getsin, mən gedim, bəs bu millətin dar günündə yanında kim qalsın, kim canından keçsin?!” - deyirsən. İşıqlar yanır, alqış edən tamaşaçılara-millətinə baxırsan və onları əvvəlkindən daha çox sevməyə başlayırsan və anlayırsan ki, onlar üçün yaşamağa dəyər! Bütün qəlbinlə, ruhunla dediyin həmin bircə cümlə millətini sevməyə bəs edir...

Böyük səhnədən dayanıb Sofoklun, Axundzadənin, Nəsiminin, Şekspirin düşüncələrini, dərdlərini, sevgilərini, xoşbəxtliyini öz bəxtin, dərdin, öz fikrin kimi bütün dünya ilə dolu-dolu bölüşürsən. Ayılırsan ki, nə öz bəxtini, nə də öz dərdini yaşamağa vaxtın olub. Ayılırsan ki, böyük olmağa vaxtın olmayıb. Ayılırsan ki, nəyin düz, nəyin səhv olduğunu çoxdan unutmusan. İtirmisən... Özünü, düzünü, sözünü, eşqini...

- Gələcək həyatınızı krossvord kimi çözməyə çalışırsınız, yoxsa cavabını bilmək istəmədiyiniz bir tapmacadır?

- “Həyatda təsadüf yoxdur, varsa da inanmıram. Çünki fatalistəm. Nə olmalıdırsa, necə olmalıdırsa, elə də olur”. Mənim üçün bu həyatda, hər şey zərurətdir, hara getdiyimi bilirəm. Çünki O, hər zaman mənim ruhumdadır, onunla danışmamış bir addım belə atmıram. Yekə səslənsə də deyəcəm, hara getdiyimi yaxşı bilirəm. Onunla yanaşı gedirik. Həyat imkan versə, bu gün düz düşündüyümü, yoxsa səfehlədiyimi illər sonra açıqlayaram...

- Taleyinizə və ya qərarlarınıza həmişə sahib çıxırsınız, yoxsa, kənar qüvvələrin təsiri olmadan ötüşə bilmirsiniz?

- Qəribədir, ətrafımda olan insanlar hər zaman elə düşünürlər ki, mənə təsir və ya idarə edə bilirlər. Buna görə qətiyyən narahat olmuram. Hətta bu hissi onlara verdiyimə görə özümü yaxşı hiss edirəm. Bu yaxınlarda belə bir qənaətə gəlmişəm ki, uğursuzluğunun fərqindəsənsə hər şey yaxşıdır, uğurunun uğur olduğuna özün qərar vermisənsə, deməli, ayıqsan. Nəinki uğurun, uğursuzluğunun fərqində deyilsənsə, onu sevə bilmirsənsə, deməli, hələ də korsan, görə bilmirsən. Biz insanlar çox zaman “bulanıq məntiq”i unuduruq, anlamırıq ki, bəzən uğur olaraq qərarlaşdırdığımız məqamdan imtina etmək daha bulanıq və böyük uğurun açarıdır.

- “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanmış “İsgəndərə yeni namə” tamaşasında baş qəhrəmanı canlandırmısınız. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənir. Nizami bu poemanı yazarkən qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndəri öz əsərinə qəhrəman seçmiş, onun haqqında müxtəlif mənbələrdən material toplamış, onları öz həyat idealına, istək və arzularına uyğun şəkildə işləyib möhtəşəm bir sənət əsəri yaradıb. İsgəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir. Yəqin belə bir tarixi qəhrəmanı oynamaq çox aktyorun arzusudur. Bu tamaşa ilə “Dünyaya meydan oxumaqdan” həzz aldınız?

- “Dünyaya meydan oxumaq” insana necə də möhtəşəm hisslər bəxş edir, elə deyilmi? İkibaşlı sualdır... Birinci başına cavab versəm təvazökarlıqdan uzaq olar (Gülürük). Odur ki, ikinci başına keçək. İlk sualla bağlı söhbətimizdə dediyim kimi, tamaşa aktyora mütləq nəyisə dərk etməyə, anlamağa, qavramağa kömək edir. Bu tamaşada anladığım məqam o oldu ki, sən dünyaya hökm edə bilərsən, özünü peyğəmbər də saya bilərsən, hətta Allahlıq iddiasına düşərsən, amma özünə, nəfsinə hökm edə bilmirsənsə, adi bir insan da ola bilməzsən. “İnsan Tanrı deyil!”

- Məşhur sərkərdə deyirdi ki, “Əgər İskəndər olmasaydım, Diogen olardım”. Bəs siz Ziya Ağa olmasaydınız və ya seçiminiz olsaydı, kimin ruhunda möcvud olmaq istərdiniz?

- İskəndərin niyə Diogen olmaq istədiyini araşdırsaq, görərik ki, özünün tam əksi olmaq istəyi, arzusu çox faciəvidir. Bilirsiniz bu nə deməkdir? Təsəvvür edin ki, bu günə kimi səhv yaşamısınız, hər bir addım, seçim və doğrularınız yanlış imiş. Hətta yanlışlarınızın özü də yanlış imiş, ümumiyyətlə, həyatınızın səhv olduğuna qərar vermisiniz. Bu, qorxuncdur, dəhşətlidir. Bu dünyadan həyatımla, əməllərimlə, qərarlarımla, doğrularımla, yalnışlarımla, dərdlərimlə, kədərimlə sevərək, sevilərək sağollaşmaq istəyirəm. Ziya olmaq, elə Ziya kimi də gülümsünüb gözlərimi yummaq istəyirəm.

- Yenə İsgəndərə istinad edəcəm. Onun belə bir sitatı var: “Ən ağır müharibə həyat yoldaşım Olivia ilə oldu”. Sizin ən ağır müharibələriniz kimlə olub?

- Mənim ən ağır müharibəm özüm ilə olub, indi də özümlə müharibədəyəm, ümid edirəm ki, həyatımın sonuna kimi bu müharibə davam edər və son notlar çalınanda bitər. Ya “mən” qalib gələcəyəm, ya da mən... Kaş mən qalib gələm...

- Sizcə, aktyorun gücü, qüdrəti nə zaman bəlli olur və ya nədədir?

- Aktyorun gücü-qüdrəti olmur ki, aktyor balaca uşaqdır. Görmürsünüz oynayırıq? (Gülürük) Aktyorun gərək ruhu təmiz olsun, hər şeyə rəğmən oynaya bilsin. Otello olduğuna, Edip, Nəsimi, İsgəndər olduğuna balaca uşaq kimi inansın. Aktyor böyüməkdən, güclü, qüdrətli olmaqdan qorxsun... Sevinirəm ki, böyüməyə vaxtım yoxdur.

- Çinlilər deyir ki, əgər sözün sükutu bəzəməyəcəksə, danışma. Müşahidələrimizə görə, özünəqapanmağı sevən aktyorsunuz. Maraqlıdır, sizin sükutunuzu bəzəyən biri var?

- Müşahidənizə görə təşəkkür edirəm. Hərdən olur, hərdən olmur.

- “Öhdəsindən gələ bilmədim” dediyiniz hadisəni bizimlə bölüşə bilərsinizmi?

- Bütün oynadığım tamaşalar. Kaş sizə beynimdə, təxəyyülümdə oynadığım həmin tamaşaları göstərə biləydim.

- Birinci Qarabağ müharibəsindən sonra ailəniz ağır günlər keçirib. Sözsüz ki, Vətənini sevən hər kəs kimi baş verənlər sizi də yaralayıb. Şükürlər olsun ki, bu gün Şuşa, Kəlbəcər, Qubadlı və digər rayonlarımız kimi Ağdam da azaddır. Ziya bəy, zamanla uşaqlıq travmalarının sağaldığını hiss edirsiniz? Səhv etmirəmsə, Şuşada artıq olmusunuz. Keçirdiyiniz duyğulardan danışın.

- Bir müsahibəmdə uşaqlığımdan danışmışdım. O hadisələr, o günlər hər məqamı ilə mənimdir. Bu günləri isə hələki tam dərk edə bilmirəm. Ona görə boğazdan yuxarı danışmaq istəmirəm. Bu məqam ilə bağlı deyə biləcəyim yeganə şey bayaqdan bəri danışdıqlarım hamısı boş şeydir. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə şəfa versin, canlarını sağ etsin. Onlar var olduqları üçün mən bu gün səhnədə oynaya bilirəm. Məhz onların sayəsində bu gün səhnədə azad şəkildə yaşaya bilmədiyim uşaqlığımı yaşaya bilirəm...

- Daxili dünyanızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik, Ziya bəy.

- Mən sizə təşəkkür edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm